“Arzuların ardınca”-xərçəng xəstələrinin basmaqəlib sevgisi

“Arzuların ardınca”-xərçəng xəstələrinin basmaqəlib sevgisi
20 may 2015
# 08:00

Alman yazıcısı Günter Qrassın “Tənəkə təbil” romanının təsiri altında Mirmehdi Ağaoğlu ədəbiyyatımız, sənətimiz haqda acı gerçəyi dedi: “Avropalıların 50-60-cı illərdə keçdiklərini biz indi keçirik. Onları oxuyanda görürsən ki, ədəbiyyatımız da, kinomuz da nə qədər balacadır”.

Məsələn, “Tənəkə təbil”in üstünlüyü, əhəmiyyətli ədəbi nümunəyə çevrilməsinin səbəbi nədir? İlk növbədə bir Qərb müəllifinin İkinci Dünya Müharibəsinə son dərəcə orijinal yanaşmasında. Kiçik uşağın gözü ilə böyüklərin qüsurlarına, təbiətinə, davranışlarına nəzər salırıq. Balaca Oskarın nəzəri həm də sanki bir Tanrı nəzəridir, müşahidəsidir.

…Uzun müddətdir ki, sosial şəbəkələrdə piarı gedən, gənc rejissor Ramil Ağasıyevin “Arzuların ardınca” filmini izləyəndə Mirmehdinin yuxarıdakı fikrini yenidən xatırladım. Yəni bizim sənətlə bağlı düşüncə tərzimizdə, yanaşmamızda ciddi problemlər, qüsurlar mövcuddur.

“Arzuların ardınca” Ramilin debüt filmidir. Ramil hələ çox gənc olduğundan yazımda uzun və sərt tənqidlər etmək istəmirəm. Amma düşünürəm ki, bəzi məqamları demək vacibdir.

Öncə melodram janrında lentə alınmış filmin süjetini qısaca anladım.

İki gəncə Kamilə və Arzuya xərçəng diaqnozu qoyulur. Onlar təsadüfən xəstəxanada qarşılaşır, tanış olurlar. Sonra təbii ki, bir-birinə aşiq olur, sayılı günlər qalan ömürlərinin bir anını boşa vermədən arzularını yetirməyə çalışırlar…

Əvvəla onu deyim ki, belə bir ağır mövzunun altına girən rejissor filmi həyəcansız, ekrandan tamaşaçıya ağrı ötürməyən, insan faciələri ilə manipulyasiya edərək duyğu sümürən bayağı teleproqram yüngüllüyü, qaramatlığı ilə çəkib.

İnsan faciəsinə fərqli, alternativ baxış təklif olunmur. Hərçənd, bunu Ramildən gözləyirdim. Çünki bildiyim qədərilə çox film izləyir, mütaliə edir. Amma görünür, bu, yetərli deyilmiş.

Arzuları ilə həyata tutunan, amma gerçəyi də qəbul edən gənclərin son günləri tragik-romantik, son dərəcə səthi təsvir edilib. Başqa cür desək, təsvirlərdə bədii həll yoxdur. Dialoqlar, kadraraxsı mətn uğursuzdur, adama toxunmur, sıradandır. Belə bəsit duyğusal mətnləri uğursuz sevgi yaşayan 17 -18 yaşlılar Facebook statuslarında çox yazır. Onlara “Kulis+”da çap olunan da gənclərin şeirlərində də rast gəlmək olar.

Hava-su qədər vacib olan materialın psixoloji detalları, obrazların psixoloji portretləri işlənməyib. Ona görə də əhvalatın yükü yoxdur, təsvirlərdə qan, göz yaşı, üzlərdə kədər görürük, fəqət ağrını, yaşantını, atmosferi hiss etmirik.

Bütün bunlar sadəcə dekorativ olaraq qalır. Və bu dekorativlik bilərəkdən edilmir. Bunu rejissorun həyat və kino təcrübəsinin azlığına bağlamaq istərdim.

Filmin əvvəlində verilmiş, melodram janrında klişeyə çevrilmiş tanışlıq səhnəsindən (Qadın və kişi təsadüfən toqquşur, əllərindən kitab, kağız və ya çanta yerə düşür. Beləcə bir ehtiyatsızlıqla tanışlığın, sevginin əsası qoyulur) artıq xilas olmaq, başqa variantlar təklif etmək lazımdır.

Romantikanın əsas detallarından biri kimi kişinin sevdiyi qadının ayaqları altını gül ləçəkləri ilə döşəməsi artıq çeynənmiş, əhəmiyyətsizləşən, təsir qüvvəsini itirmiş səhnələrdən də həmçinin. Ya bunlardan xilas olmaq, ya da bu basmaqəlib səhnələri yeniləmək, onlara yeni nəfəs vermək zəruridir.

Filmin əsas qayəsi ölüm ayağında olan insanların son istəklərini yerinə yetirilməsində də entuziazm əskikliyi var.

Rejissor faciəvi taleyi klişelərdən gen-bol istifadə edərək sıradan, adi əhvalat kimi nəql edir.

Çox ümid edirəm ki, Ramilin növbəti filmi seyrçini həyəcanlandıracaq və biz vaxtın tez keçməsini arzulamadan onu zövqlə, birnəfəsə izləyəcəyik.

Sevda Sultanova

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?

Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?

17:00 19 sentyabr 2024
Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu

Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu

16:00 19 sentyabr 2024
100 milyon dollarlıq serial - Tezliklə

100 milyon dollarlıq serial - Tezliklə

12:45 18 sentyabr 2024
Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat

Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat

11:09 18 sentyabr 2024
Real hadisələrə əsaslanan 10 qorxu filmi

Real hadisələrə əsaslanan 10 qorxu filmi

17:00 17 sentyabr 2024
Rejissor vəfat etdi

Rejissor vəfat etdi

16:00 17 sentyabr 2024
#
#
# # #