Kulis.az mərhum yazıçı Mövlud Mövluda şair dostlarının həsr etdiyi şeriləri təqdim edir.
Beləmi gələllər Qazağa, Mövlud
Bəxtiyar Hidayət
Bə Qazağa gələcəydin bayramqabağı
Süfrəmizin əvəzinə
Torpağımız açıldı qonağa, Mövlud
Beləmi gələllər Qazağa, Mövlud.
Bu gen dünya başına
Darıydı səbrin kimi
Yadındamı mən Üzeyiri ağlayanda
Demişdin məni də belə ağlayarsanmı
Ondan da betər ağladım səni
Soyudumu ürəyin
Torpağın kimi, qəbrin kimi
Kaş yara çıxaydı bu dilə, dodağa, Mövlud
Beləmi gələllər Qazağa, Mövlud
Sənin kitabını yumaq yerinə
Getdim cəsədini yumağa, Mövlud
Bükülüb dönmüşəm yumağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud
Doğmaların qucaqladı məni
İyini məndən alırmış kimi
Mən sənə büründüm, sən ağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud
Düşmədin yarpaq kimi
Enmədin bayraq kimi
Ürəyim çat verdi
Çırpıldığın torpaq kimi
Həmişə gözümdə
O atıldığın ucalıqda qalacaqsan
Sanki hesab ödəyirmiş kimi
Yenə düşdün hamımızdan qabağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud
Göyə bir Mövlud düşdü...
Şəhriyar del Gerani
Uzağı -
yolların, dənizlərin, adamların uzağı.
Aşağı -
günəşlərdən, küləklərdən, yağışlardan aşağı.
Uşağı -
şəhərlərin, kəndlərin, küçələrin uşağı.
Bir gecənin qəfilində
yoxa çıxdı
bir şəhərin tifili.
Yoxa çıxdı kişmişi gülüşlü,
sevdalı-işıqlı,
böyük həqiqətlərin nadinc səfili...
Yoxa çıxdı yuxarı.
Yuxarı -
yalanlardan, zamanlardan, binalardan yuxarı...
Mövlud üçün ağı
Elnur Astanbəyli
Gedən balam, dön bəri bax,
Bircə söz deyim, elə get...
Saçlarını qəşəng dara,
Köynəyini ütülə get...
Taleyin sənnən qəsdi nə?!
Belə ki, durdu qəsdinə -
Zalım dərdlərin üstünə
Bıçağını itilə get...
Həncəridi təzə yerin, -
İstidi, soyuqdu, sərin?
Darıxsan ya Əli Kərim,
Ya Eldar Baxışgilə get...
Mövludum üçün
Ehtiram İlham
Bu qəsdin, qərəzin nəydi –
Bağrımı didəcəm,oğlum
Gedəndə səni axtarıb,
Qoynunda yatacam, oğlum.
Ta bu boyda dostu tapsan –
“Bir əclaf oğlu əclafsan”.
…Sən bir əfsanəsən, gapsan,
Ölüncə ötəcəm, oğlum.
Yonun hayana getməli,
Varıb hayanda itməli?..
Akif Səməd, Şaiq Vəli
Yolunda bitəcəm, oğlum.
Bilsən, bu görüşü asan,
Məni özün qarşılarsan.
Goyun 17-ci qatından
Yanına gedəcəm, oğlum.
De ki, zarafatdı, Mövlud
Oğuz Ayvaz
əzab çəkirəm aşkım
deyərdin anana,
kimin günahkar olduğunu soruşardın
gecənin bir yarısı
əli qoynunda səni gözləyən anana...
hər şey toxunardı sənə
hər şey...
filmlər, kitablar, insanlar
bir atın sınmış ayağı üçün
ağlayardın günlərlə
taleyin ümidinə atılmış
arabanı qucaqlayıb hönkürərdin
mövcud olduğum üçün
üzr istəyirəm
deyib araq şüşələrinin
arxasında gizlənərdin
kəkələyərdin hərdən
hərdən qəfil gülərdin
dərddən güldüyünü anlamazdı heç kim
sən hamının əvəzinə böyüdün
geridə qalan adamlar balaca qaldı
həm qoca idin sən, həm də uşaq
böyük adamlarla
böyük söhbətlər edərdin
uşaqlara qoşulub çərpələng uçurardın hərdən
Tanrını panoramalı
kişiyə bənzədərdin
hamı ilə dost olardın birdən,
bir anda da küsərdin hamıdan
uşaqlara baxıb kövrələrdin
uşaq olardın onlarla
gözünün qabağında canlanardı
atanın ananın başını dəmir darvazaya döyməyi
susardın o an, çox susardın
bu haqda çox susardın...
sən gedəndən insanlar
çox ağlayır, Mövlud
17 mərtəbəli binalara baxıb ağlayır
nifrət edirlər hündür mərtəbələrə
söyürlər, qışqırırlar, Mövlud...
sən gedəndən yurdsuz qalıb qucaqlar
bütün qucaqların ünvanı sən...
sən gedəndən anam da yuxularıma gəlib biləsən
qaranlıqda səsi gəlir bircə
səni soruşur deyəsən.
sən hər gözümü bağlayanda,
uçan Mövlud
arada anamın yanına get
sənə yemək versin, çay versin
bir az danlasın səni
niyə belə etdin deyə
sən də onun əllərindən öp,
de ki, zarafatdı,
bir azdan qayıdacam...