Kulis.az Şəlalə Göytürkün “Vor zakonla söhbət” adlı rep-şeirini təqdim edir.
Ayrılmaq-
yenidən başlamaq əfsanəsi
yolsuzluğa yol almaq
sıfır nöqtəsinə qayıtmaq bəhanəsi...
Ayrılmaq-
bu tozlu yataqdan, nəm çarpayıdan
siqaret qoxulu otaqdan...
Ayrılmaq-
razborkalardan
bankdan, kartdan, manatdan
insanın qəpiyə dəyməyən dəyərindən...
Ayrılmaq-
çılğın söyüşlərdən
həyasız gülüşlərdən
çapqın baxışlardan
tel.nömrələri yazılan
kağız parçalarından...
can alverçilərindən
ruh ovçularından...
sönər kibrit alovutək
qəlbimdəki nifrət
yanaram bu ayrılıqlara için-için
həzin-həzin...
hüznlü keçər yazlarım-qışlarım
kimsə tutmaz xəbər
axar içimə göz yaşlarım...
Mən yaşam deyilən qarabasmalara
öyrətdim kəndimi
yaşamadım fəqət
həyatın üstündən keçdim
fırtına kimi!
Dünyanın acısı, xəyanəti,
dərinlərə gömdürülən həqiqəti
basqın edərkən üstümə,
dözüm fəlsəfəsi öyrətmə mənə
Vor Zakon!
Bəlkə
öz gücünlə haqlısan sən
oysa, gizlənmə gözlərimdən!
Söylə mənə, arzularını dustaq edib
səhərəcən tək içdinmi?
güzgülərlə danışdınmı?
kədərinlə sevişdinmi heç?
Küçədə dilənən qızcığazın
kirli saçlarını oxşayıb
“gözəl günlər görəcəyiz”-deyə
yalan söylədinmi?
Ruhun darmadağın, vücudun yorğun
sevdiyinin param-parça köynəyini
qucaqlayıb-qoxlayıb uyudunmu hər gecə?
Öpüb-oxşadınmı səni nifrinləyən kəsləri?
Kaç kərə silkələdin paslı qəfəsləri?
kaç kərə öz ayağınla dar ağacına qalxdın,
xeyir-şər, insanlıq piramidasından
kəndini sonsuzluğa buraxdın?
Var gücünlə boynumu qədərə əyirsən
“tanrı üsyankarı sevməz!”-deyirsən
Rəqibini sevən tiran gördünmü heç?
Qul olmağı öyrədir müqəddəs kitablar
Hardasa, ulu məkanlarda
tanrının havasına
züy tutur mələklər
aşağılarda
tiranın çaldığına oynayır insanlar!
Sən seçilmədin-seçmədin!
Sən qəfəsindən qaçmadın!
Sən inandın xülyalara!
Sən vuruldun dünyalara!
Sən öyrəşdin şirinlərə-acılara!
Əlin çatmaz bundan fazla ucalara!
Anlat mənə
kəndini sürükləyə bilməyənlər
milyonları nasıl sürüklər?
anlat mənə, içində dalğa titrəşməyən
nasıl fırtına qoparar?
Təkrar-təkrar ötüb keçdikcə qatarlar
rəngi solar vaqonların
sərnişinlər də mənzil başına yetişməz
milyon ildə heç nə dəyişməz, bu köhnə vağzalda!
Sənsə hələ farklı yaşam həsrətiylə
bəklərsin sabahları...
Kim durduracaq bu nəticəsiz oyunları?
Kim başladı əvvəlləri, kim bitirəcək sonları?
Anlat bakalım, Vor Zakon!
Mən özümdən qorxarım, sən özgələrindən!
Mən kəndimi yakarım, sən özgələrini!
Mən özümlə savaşarım, sən başqalarıyla!
Mən içimdə kütləni əritirim,
sən çoxluqda kayb olarsın!
Mən ruhumu səmalara, dənizlərə buraxarım,
sən bir saunaya yerləşirsin!
Anlat mənə, nə demək, qorxudan sevmək?
nasılmış azad doğulmaq
nasılmış qul kimi ölmək?
Daş öpməklə qəlbindəki daşlar
əriyəcəkmi sanırsan?
Yanılırsan, inan, çox yanılırsan!
Yalvarma,
eşitməz səni daşdan yapılan saraylar!
Kimsə anlamaz kimsəni
tayına ulaşmaz taylar!
Ruh sıxılar sol-sağından
bezər, qaçar otağından,
sorma ömür dustağından
nasıl keçər illər-aylar...
Amma sən,
baş vurma dərinə, qapanma özünə,
heç düşmə ruhdan,
üzmə ümidini sabahdan!
Hələ çox dərdimiz var yaşanmalı,
Daşınmalı,
sabaha daşınmalı!
Bitəcək bir zaman kader denilən şey,
azad olacaq hamı zindandan
ağ günlər görəcək insan...
Ötəcək bütün acılar
güləcək həyata insanlar
“gözəl günlər görəcəyiz”
Vor Zakon,
sən inancına inan!
iyun, 2011