"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə
7 may 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Mübariz Örənin "Cümə gününə hazırlıq" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar "Kulis”dən getdi

Şərif Ağayar:

"Mübariz Örən sənətkardır. Mən onun hekayələrini təhlil gözü ilə yox, sadəcə zövq alaraq oxuyuram.

Həm də dönüb-dönüb yenə oxumağa ehtiyac duyuram. Çünki belə mətnlər çox yazılmır. Hətta Mübariz özü də çox yazmır. Görünür, elə bu cür yaxşıdır".

İlham Əziz:

"Elias Kanetti “Ədəbiyyat üzərinə” kitabında ədəbiyyatı “Allahın yadından çıxanlar” ifadəsi ilə səciyyələndirir. Bu sözə inanmayan adamlar heç vaxt böyük mətnlərə iddialı ola bilməzlər.

Mübariz Örənin “Cümə gününə hazırlıq” hekayəsini böyük zövqlə oxudum. Azərbaycan dilinin gözəlliyi, axıcılığı adamı valeh edir. Ümumiyyətlə, Mübarizin hekayələri yüksək ustalıq və sənətkarlıq nümunələridir.

Hekayədə indi və keçmiş bir-birinə elə ilmələnir ki, zaman bizə vahid nəsnə kimi görünür, onu biri-birindən ayırmağa adamın ürəyi gəlmir.

Detalı mikriskop altına alıb böyüdür, onun yaddaşda ilişib qalan hissələrini bərpa edir, bizi heç vaxt yaşamadığımız, görmədiyimiz dünyaya atır.

Onun rahat, melodik təhkiyəsi, sakit, sanballı davranışı, sürətin nəfəsimizi kəsdiyi zamanda bizi mətnə fokuslayır.

Bu hekayədə yüngül keçid problemi də hiss etdim. O da düzələn məsələdi. Sənətkara sevgilərlə."

Qəribə qəbir - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli:

"Qatarla bağlı xeyli gözəl hekayələr var. İsi Məlikzadənin “Qatarda”sını isə eksklüziv sayıram. Yüz-iki yüz kilometrə qədər yaxın məsafələr istisna, həmyaşıdlarıma və yaşlı nəsilə tanış olan dədə-baba qatarları ilə uzaq səfərə çıxmağı sevməyən adamlara həmişə təəccüb və təəssüf etmişəm.

Bu vaqonların içində sinfinə görə sonuncu kateqoriyadan sayılan “platskart”ı daha çox sevmişəm. Burda hər şey, sakinləri belə daha əlçatan olurdu. Ancaq, yaxınlarda Ağstafadan Bakıya yeni, müasir tipli qatarla gəldim. Bir sözlə: Fiasko!

Həqiqətin belə bir bəsit zərbəsindən az qala gözüm qaralsın: O qatarlar tarixə qovuşdu. Onları bundan sonra “Dəmiryol Muzeyi”ndə görə bilərəm.

Mübarizin hekayəsi həm də o qatarlara hüznlü bir elegiya oldu. “Böyük Torpağın” relyeftik xəritəsi də daxil, qatarın içindən onun çölündəki həyata, hətta, iki fərqli həyata yaxşı panoram verə bilib.

Həm qəhrəmanın xatırladığı 90-cı illər, həm də indiki Rusiya. Hər iki müharibənin (qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi və davam edən Rusiya-Ukrayna müharibəsi) fonunda mexaniki olaraq azərbaycanlı kişisinin standartlarını təyin edib.

Hər iki təhkiyəçinin-bunları danışan üçüncü şəxslə onun qəhrəmanının eyni leksikonda danışmağı xaricində hekayədə elə bir qüsur görmədim. Ümumiyyətlə, Mübarizin təhkiyəsi, üslubu mənim üçün müzakirə predmeti olmayıb. Yüngül qəzalar isə çox vaxt qaçılmaz olur."

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Mübariz bəy yaxşı hekayə ustasıdır. Bu, artıq hamı tərəfindən qəbul olunub. Təəssürat buraxan, ab-havanı hiss elətdirən, xarakterləri yaxşı açılan bir hekayədir.

Eyni qatarda, eyni istiqamətdə, eyni adamın müxtəlif zamanlardakı səyahəti, hər iki zamanın müqayisəsi, ötən zaman ərzində baş verən dəyişikliklərin təsviri, qəhrəmanın hissləri – bunlar hamısı maraqlı idi.

Qəhrəmanın qatarla bağlı pis bir xatirəsi var. Hansı ki tamam yad bir qadınla bağlıdır. Amma o pis əhvalatda özünü də hardasa “günahkar” bildiyindən, yada düşən əhvalatın mənfi təəssüratından qurtula bilməyib, yolçuluğunu yarıda buraxır.

Şərq kişisinə xas “qeyrət hissi” o zamanlardan bəri qəhrəmanı narahat etməkdədir, görünür. Onunla eyni kupedə gedən qadının başına gətirilən hadisə, həmin hadisədə özü iştirakçı olmasa da, rolunun olmağı və seyrçi qalmağı, göz yummağını hələ də özünə bağışlaya bilməyib. Özünə yaraşdıra bilməyib.

Qadının rus, onu zorlayanların ukraynalılar olmağı təsadüfi seçilibmi, bilmirəm. Ola da bilər, olmaya da. Fonda müharibə gedir, qəhrəman isə bu hadisəni xatırlayır. Rus-ukrayna müharibəsinə çoxlu işarələr var.

Qəhrəmanın xatirəsindəki qadının içib “özünü buraxmağı” “rus qadınıdır, onlar belədir”kimi şablonlaşmış düşüncəni yada salır. Və bu yanaşma artıq qıcıq oyadır. Azərbaycanlıların səhv məntiqinə görə, guya rus kişiləri içki düşgünüdür, qadınları, qızları da “gəzəyən”.

Hekayədəki Vera Vasilyevna obrazına da münasibət belədir. Yaşadığı şəhərdə vəzifəcə ikinci adam olan, ziyalı, oxumuş, işgüzar qadınla azərbaycanlı müəllifin münasibəti qəribə gəlmədi. Üstəlik, günahını da harda "yuyur?"

Erməni taksi sürücüsü ilə ortaq tanıdığı olan bakılı Vera xalanı “kişi kimi qadın idi” deyə təqdim edir. O da Vera, bu da Vera. Biri elə, biri belə. Rusdur, amma bakılı rusdur, deməli, bakılı rusdursa, “kişi kimi qadın”dır.

Rusların da qafqazlılara şablonlaşmış münasibəti bizim ədəbiyyatda geniş yer alıb. Hekayələrimizdə rusların haqqımızda “ qafqazlıdır, deməli, vəhşidir” düşüncəsində olmaqları artıq klişeləşib.

İkinci səfərdəki ana-balanın qəhrəmanımıza münasibətində müəllif bu yayğın fikrə tənqidi yanaşmağa çalışıb. Amma özü də “önyarğılı” olmaqdan yayına bilməyib. Veralara münasibətini çıxmaq şərtilə, hekayəni çox bəyəndim. Adam hekayə ustasıdır. Nə deyim? Təbrik edirəm!"



Yazıçı Vüqar Van kimdir? – Dosye

Vüqar Van:

"“Cümə gününə hazırlıq” hekayəsini bəyəndim. İstər vizuallıq, istər detallarla işləmək, istər keçidlər, istər dil, mövzu, struktur, hər şey yerli-yerində və gözəldir. Müəllif tamamilə rahat və arxayındır.

Qatarda hekayə yazmaq həm çətindir, həm də asan. Çətindir ona görə ki, “qatar” ədəbiyyatda çox işlənən və kifayət qədər yaxşı nümunələri olan metaforadır. Nümunə çox olduğu üçün gərək təkrara yol verməyəsən. Asandır ona görə ki, qatar proza faktından daha çox poeziya faktıdır. Atmosfer və poetiklik üçün çox əziyyət çəkməyə ehtiyac qalmır.

Düşündüm ki, görəsən, bu hekayə qatarda yox, başqa bir məkanda baş verə bilərdimi? Cavabım budur ki, xeyr, baş verə bilməzdi. “Cümə gününə hazırlıq” hekayəsi məhz qatarda baş verməliydi. Çünki hekayədə həm fiziki, həm mənəvi səfər baş verir.

Hekayədə bəyənmədiyim bir məsələ oldu. Başdan-ayağa gözəl cümlələr, gözəl təsvirlər bir müddətdən sonra məni yordu. O qədər gözəl təsvir oxudum ki, hər şey birdən adiləşdi. Bir az nəfəs dərmək üçün bəzi hissələrdə tempi salıb, poetizmi azaltmaq olardı. Belə".

Kulis.az

Fərhad Amur:

"Mübariz Örən usta qələm adamıdır. Şəxsi qənaətimə görə bu hekayəsi də müasir Azərbaycan nəsrinin ən gözəl nümunələrindəndir. Bədii potensialı yüksək hekayədir.

Zövqlə oxudum. Yəqin ki, öz təcrübəsindən yola çıxaraq uzaq, ucsuz-bucaqsız Rusiya çöllərini, həyatı axışına buraxmış rus insanları arasında keçən uzun yolçuluğu dürüstcə, peşəkarcasına qələmə ala bilib.

Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb".

# 177 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər