İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras
7 may 2026
# 18:30

Kulis.az Afaq Arasın "İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs" yazısını təqdim edir.

“Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...”

Qulu Ağsəs poeziyasının bu səmimi etirafı əslində müasir insanın varlıq faciəsini, özgələşməsini və daxili tənhalığını bir misraya sığdıran estetik təcəssümdür. Onun yaradıcılığını Əli Kərimin psixoloji dərinliyi və intellektual kədəri ilə eyni müstəvidə təhlil etdikdə, Azərbaycan şeirinin klassik dərddən modern ağrıya doğru keçdiyi yolu aydın görmək olur. Şair mənəvi yükü texnoloji dövrün gündəlik detallarına qədər endirir, lakin onun təsir gücünü daha da kəskinləşdirir.

“Mənə elə gəlir, bu dünya boyda
Bir daxili sarsıntıdır ömrüm...” (Ə.Kərim)

Əgər Əli Kərim poeziyası insan ruhunun görünməyən qatlarını fəlsəfi bir sarsıntı ilə üzə çıxarırdısa, Qulu Ağsəs həmin ruhu rəqəmsal dünyanın küyü, siqaret tüstüsü və müharibənin soyuq reallıqları arasından keçirərək oxucuya təqdim edir. Yatmamışdan öncə sosial media hekayələrinə baxan, barmağı “WhatsApp” tətbiqinə dəyən müasir insanın yorğunluğu əslində klassik fəlsəfi sükutun yerini alan yeni bir mənəvi zədələnmənin təzahürüdür. Bu zahiri rəqəmsallığın arxasında hələ də o köhnə, sönməyən ağrı gizlənir.

“Baxmaqdan ağı qarışdı
gözümün qarasına,
Tez uzandım... Siqnal girdi
yuxumun arasına...”

Qulu Ağsəs Əli Kərimin “sarsıntı” adlandırdığı o metafizik halın fiziki və texnoloji ifadəsini yaradır. Ağsəs poeziyasında sosial faciənin təsviri “insan taleyi” mövzusunu tamamilə naturalist bir nöqtəyə daşıyır. Sələfləri mənəvi borc və taleyin ağırlığından yazarkən ruhu hədəf alırdısa, Qulu Ağsəs ağrını rəqəmlərlə və cisimlərlə, həm də bir “rentgen” dəqiqliyi ilə təsvir edir. Şəhid atasının dodaqları arasındakı o yarımçıq təbəssümü, otuz iki dişdən əskik qalan hər boşluğu bir taleyin qırılmış aynası kimi vəsf etmək – poeziyanın hüdudlarını aşan ruhun göynəyən sükutudur.

“Hardasan?
– Deyirsən:
– Yanındayam da... Adamın yanında adam olar da,
Kəsik ayaqların ağrısı yox!”

Mina partlayışından sonra iyirmi il ayaq ağrısı çəkən minaaxtaranın kəsik ayaqlarını cismani bir çarəsizliklə isidərək təsəlli tapması təsviri, səmimiyyətin müasir dövrdə çatdığı ən sarsıdıcı reallıqlardan biridir. Bu, Əli Kərimin “Pillələr” şeirindəki o intellektual dramın ən sərt və cismani formasıdır.

“Mən xoşbəxt olardım bu dünya boyda,
Bir qızın dərdiylə ölsəydim əgər...” (Ə.Kərim)

Əli Kərimin bu klassik və fədakar sevgi anlayışı Qulu Ağsəsdə modern bir ironiya ilə əvəzlənir. O, sevgini ilahiləşdirməkdən imtina edərək, onu gündəlik həyatın, bəzən isə insanın daxili ətalətinin bir hissəsi kimi təqdim edir:

“...səni sevməkdən də vacib
işlərim var əlimdə,
amma yenə səni sevirəm...
tənbələm dəə!”

Bu etiraf klassik sevgi dərkini sarsıdır. Sevgidə “üçüncü yox, ikinci adamın artıq olması” qənaəti postmodern insanın duyğu inikasıdır; o, hələ də sevir, lakin bu sevgini artıq “şeirdəki artıq sözlər” kimi qəbul edir. Şairin metaforik sistemi paradokslar üzərində qurulub. Övladlarına “Tezol”, “Təkər” və “Su” adlarını vermək arzusu, zamanın sürətinə və həyatın quraqlığına qarşı durmaq cəhdidir.

“Şeir sirdi, adam,
sirri bağırmazlar –
ulduzlardan utan.”

Ulduzlar uzaqdır, soyuqdur və tənha parlayırlar. Şair demək istəyir ki, böyük həqiqətlər uzaqlarda və yüksəkliklərdə, sükutun içində gizlənir. Qulu Ağsəsin bu misrası “az danışmağın, öz danışmağın” poeziyada tətbiqidir. O, bizə xatırladır ki, poeziya bir sərgi deyil, bir duadır. Dua isə ulduzların şahidliyində, sükutun içində, pıçıltı ilə deyilir.

Bu, Azərbaycan poeziyasının meydanlardan otaqlara, kütlədən fərdə, bağırtıdan “Ağ səs”ə (səssizliyin səsinə) qayıdışıdır. Beləliklə, Qulu Ağsəs Əli Kərimin qoyduğu “insan ruhunun dərinliyi” ənənəsini müasir dövrün absurdluğu ilə birləşdirir. O, dünyanı eynək vasitəsilə kiçildəcək qədər ironik, lakin “Cənnətin qapısını döyən, demək, orda deyil” deyəcək qədər metafizikdir. Bu yaradıcılıq sükutun, həqiqətin və modern insanın parçalanmış ruhunun uca səsi – “Ağ səs”idir.

# 784 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər