Kulis.az Baba Yaşaroğlunun şeirlərini təqdim edir.
Gülümsə
Gülümsə,
Təbəssümünlə dol içimə
Sev, sevə bildiyin qədər
Nə bacarırsansa sev
Başqasına pay vermə, yadlaşmasın
Sevdiyinə öyrət bildiklərini
Sən...
Sərçə yuvasının titrək nəfəsi,
Barı, kirpiklərini toxundur
Yasəmən qoxulu dar küçələrdə
Sevmək utanmaqdır
Ağacların gövdəsində öyrəndiyin
Hərflər qədər, işarələr qədər gülümsə
Nə də olsa, yarası qalsa da özü xatirədir
Bəlkə də o, sirli qutularda,
qabıqdan bağlamalı
Sənə bir hədiyyədir
Gülümsə,
Hər bahar bir çiçəklə başlayar
Sonra gülüstan olar
Öz bəstəsi qədər nəğməkar və həzindir
sənin kövrəkliyinlə örtülmüş
utancaq səsin
gülərkən dodaqlarında itmək istəyən
bir damla zərifliyi qədər incəsən
duru gözlüm...
gecələr sənindir gündüzlər qədər
üfüqlərində xəyal qur gerçəklər kimi
yaşat yaşatmaq istədiyin nə varsa
...hətta albalı çiçəklərindən tac toxu özünə
bəzən şah ol, bəzən sultan ol,
sonra da zövq al,
bəzən qumluqda öpüşən uşaqlar kimi
gəl, ahəngini mənimsəyək dünyanın
yağış yağsın üstümüzə,
amma yükünü soruşmayaq buludların
səs etməsin deyə...
bəlkə də sevmək gülümsəməkdir
Sevda küçəsi 2: Leyla
adın elə həzin
elə mübarək səslənirdi ki
sanki ovuclarımdan oxumuşdum
bu beş hərflik və dillərdən düşməyən
sirri ilə, sehri ilə könül oxşayan
bir ömürlük dastanı
elə əzbərləmişdim ki
üzünün bənzərsiz cizgilərini
heç vaxt tanıya bilmədiyim qoxunu
və bəyəndiyin hər nə varsa
əzbərləmişdim...
mən görəndə, səhər vaxtı idi
Günəş yenicə boylanırdı dan yerindən
yenicə isitməyə başlamışdı torpağı
seyrək çəmənliklərin şehi qurumamışdı hələ
şəhər yenicə oyanırdı
mən bağça qapınızın önündəydim
səssizcə sənə kilidlənmişdim
bir işarə ilə xəbər etmək istədim
amma çəkingənliyim o gün də mənlə idi
dünyanın səkkizinci möcüzəsinə baxırdım elə bil
saçların çiyinlərində sonlanmışdı
o an dünyaya sığdıra bilmədiyim
bəlkə də bir neçə dəfə sınıxmış
ya da heç tanınmamış, kəşf olunmamış ürəyinə
anidən sığınmaq istəmişdim
elə arzulamışdım ki
kitablardan oxuduğun Məcnunun
başqa dünyalardan belə görünən
ucsuz-bucaqsız, quru səhralardakı yalvarışları
qovuşmaq arzuları belə bir heç
bağışlasın məni...
bilmirəm, bəlkə də
nəzir-niyazla doğulacaq bir söz
sarı qırmızılı yarpaqlarla
bəlkə də bitməyəcək bir payız
dar günlərimdə...
hərdən tüstüsünə boğulacağım
amma istisinə də qızınacağım
Yanvar ocaqları qədər arzulamışdım
hələ ətrafında sevərək bəslədiyin
bir ovuc qan alacaq qədər ucu kəskin
bu qədər tikana rəğmən səni
qoxlamadan sevməyi də arzulamışdım
elə yaşamışdım ki
hislərimə tel-tel toxunsan belə
hərdən məktəbli uşaqlar kimi
bir günlük də olsa küsməyəcəkdim
hətta inciməyəcəkdim
sənin özündənrazı və şıltaq
hərdənsə heç də adil olmayan
yad dildə qınanılası davranışlarından
gəlsən də, gəlmək istəməsən də
yorğun olsam da dolaşacaqdım
şəhərin qarmaqarışıq və heç də
aydınlanmayan küçələrində
müdrik və səfil biri kimi...
sadəcə gülümsəməyə alışmışdım
bu günlərdə, deyəsən
ya mən bu səmtə tərsəm
istəmədən gün uzunu dar gəlirəm
...cərimələnirəm
ya da sənə aparan asfalt yollar
bilərəkdən qısa-qısa, tərs çəkilib
xəbər verən küləklərim görməsə də
yaşadığın ünvan düzdür
amma mən bilmirəm
elə yazmışdım ki
adını göy üzündən oxunası
azman hərflərlə hecalamışdım
əsil duyğularımı sarı qumlu sahil boyu
yorulmadan, yazmışdım
bir mənə xas, inad olsun deyə
hətta Qarayazıda, Ceyrançöldə
susuz boz torpaqlarda boyanmışdım
yamyaşıl Hunna dərəsində belə
görünməz addımlara...
bəlkə də geriyə baxdıqca
səni yaşamaq üçün
bitməsini istəmədiyim günlərdə
yarımçıq yuxularımda belə
adını daş divarlı hasarlara...
dərin-dərin qazımışdım
utanaraq dəli dolu xəyallarla
hərdən çılpaq ümidlərə sarılaraq
bəzən 91 desibel hayqıraraq
saatlarca səni sayıqlamışdım
bax, indi normal səslə, ixtisarla
istəklərimi kimə danışmaq istəsəm
sətir-sətir onlara tükənmək istəsəm
heç kəs mənasını yoza bilmir
gör ki, heç kim məni mənə danışa bilmir
olsun...
yarıgerçək şəhər yuxularında
hər gün tammetrajlı film kimi
sevə-sevə izlədiyim
bütün həyatım anlam qazansın deyə
reallaşmasını istədiyim
bir də eşq vardı...
öz aramızda, yaşaya biləcəyimiz bir eşq
zamanla tamamlanmaqdan başqa
heç nə istəməyən bir eşq
toxuna biləcəyin, oxşaya biləcəyin
tanıdığın bir könüldə
naxış kimi min bir rənglə göz oxşayan
bir də, sevərkən sevdirəcəyin bir eşq
elə sevmişdim ki
nə danışa bilirdim bildiklərimi
nə də bilmədiklərimi öyrət deyə
...susa bilmirdim
yaşayaraq yaşatmaq istəmişdim
bütün varlığımla sahiblənmək
səni yalnız özümlə, birdəfəlik
bölüşmək istəmişdim
bir gün elə qucaqlamışdım ki
dağlardan enmiş səhər mehi kimi
qolların boynuma sarılmışdı
dodaqların qupquru və soyuq
nəfəsində xəfif bir titrəyiş vardı
əllərində isə neçə illik həsrətin
ayna qırıqları
“bir günahımı sil, Tanrı”
deyə səmaya bağırmışdım
səsim gedib çatacaqdımı
bəlkə indidən eşidəcəkdi
bilmirəm...
nəyə layiq olduğumu belə
o an unutmuşdum sanki
sadəcə bu qədər yaxınlaşmışkən
hüzur şəfəqləri ilə zəngin sevginə
heç olmasa 40 günlük yoluxdurmadan
uzaqlaşmağını istəməmişdim
bir gün pıçıldamaq istəmişdim ki
arada bir vaxtın olsa
sadiqliyin, sədaqətin abidəsinə bax
bax ki, hər gün bir gün daha böyüyür
mən də “Leyla” deyə
bir əsrlik dul kimi
avaz-avaz oxuyuram
ucalsın deyə...