Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə
31 iyul 2025
# 12:37

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA-ya müsahibə verib.

Kulis.az həmin müsahibəni təqdim edir.

- Türkiyə-Azərbaycan münasibətləri ilə əlaqədar qarşınızdakı əsas prioritetlər hansılardır?

- Türkiyə və Azərbaycan münasibətləri yaxın tarixin ən yüksək, ən mükəmməl səviyyəsindədir. Bu əlaqələrin təməlində türk-oğuz boyundan gələn, eyni dildə danışan bir millətin iki üzvü olmağımız, qardaşlığımız dayanır. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri əslində bir həqiqətin ifadəsidir. Qurucu liderimiz Atatürk də hələ 1920-ci illərdə deyib ki, “Azərbaycan bizim qardaşımız, kədəri kədərimiz, sevinci sevincimizdir”.

Nəhayət, Azərbaycanın müstəqillik əldə etdiyi son 35 ildə hər iki ölkə bütün kritik anlarda hər zaman bir-birinin yanında olub, bir-birinə kömək edib.

Azərbaycan Ordusunun böyük qəhrəmanlıq göstərdiyi İkinci Qarabağ savaşında da Türkiyə həm siyasi, həm də mənəvi cəhətdən Azərbaycanın yanında idi, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev həmrəy oldular. Sonrakı bütün proseslərdə də liderlərimiz birlikdə hərəkət etdilər. Xüsusilə 2023-cü il 6 fevralda Türkiyədə dağıdıcı zəlzələ zamanı həm dövlət, həm də xalq səviyyəsində azərbaycanlı qardaşlarımızın bizim yanımızda olduğunu xalqımız çox yaxşı bilir. Kahramanmaraşda Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan məhəlləsi”nin açılışında insanlarımızın əllərində həm Azərbaycan, həm də Türkiyə bayraqları var idi. Hər kəs Kahramanmaraşda xalqımızın Azərbaycan Prezidentini nə qədər səmimiyyətlə qarşıladığının şahidi oldu.

Azərbaycan bizim ən etibarlı, ən sabit, heç bir problemimiz olmayan yeganə qonşumuzdur

Türkiyə və Azərbaycan həm də eyni coğrafiyanı paylaşır. Türkiyənin 8 qonşusu var, onlardan biri də Naxçıvanla sərhəd olduğumuz Azərbaycandır. Azərbaycan bizim ən etibarlı, ən sabit, beynəlxalq aləmdə birlikdə hərəkət edə bildiyimiz və heç bir problemimiz olmayan yeganə qonşumuzdur. Tarixi-mədəni reallıq bir yana, regiondakı geosiyasi maraqlarımız bizi bir yerdə hərəkət etməyə vadar edir. Beynəlxalq münasibətlər sistemində də yenidən formalaşma, canlanma var. Əvvəlki beynəlxalq güclər qloballaşma prosesində zəifləyir. Artıq regional məsələlərə Londondan, Vaşinqtondan baxmaq, həll etmək mümkün deyil, regional problemlərin regional liderlər tərəfindən həll edilməli olduğunu anlayırıq. Məsələn, Qarabağ məsələsinin həll edilməsi buna nümunədir. Hazırda Zəngəzur dəhlizinin açılması, Suriyadakı problemlərin həlli mövzusunda da ölkələr Türkiyə ilə birlikdə hərəkət edərlərsə, nəticə əldə edə bilərlər.

Yaxın gələcəkdə Türkiyə və Azərbaycan əlaqələrində xüsusilə Türk Dövlətləri Təşkilatına inteqrasiya prosesinin sürətləndirilməsi, ticari və iqtisadi əlaqələrin genişləndirilməsi, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh razılaşmasının imzalanması və regional kommunikasiyaların açılması bizim ən ümdə arzumuzdur. Digər tərəfdən, azad edilmiş ərazilərdə infrastrukturun və hava limanlarının yaradılmasına sərmayələrin qoyulması, keçmiş sakinlərinin yenidən həmin ərazilərə qayıtmasını şərtləndirən bərpa və yenidənqurma prosesi ilə bağlı fəaliyyət təməl strateji hədəflərdir.

Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi ən strateji qazancımızdır

- Bu gün Azərbaycan üçün əsas vəzifə azad edilmiş ərazilərin bərpası, insanların yurdlarına qayıtmasıdır. Azad olunmuş ərazilərə səfərlərinizdən hansı təəssüratlarla qayıtmısınz?

- Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi ən strateji qazancımızdır və bizi ən çox sevindirən də budur. Bizim nəsil üçün ötən 30 il ərzində, tələbəlik illərimizdən etibarən Azərbaycan torpaqlarının işğalı, qardaşlarımızın qaçqın düşməsi bir yara kimi qalmışdı. İndi Türkiyədə yaşayan hər kəs Qarabağın azadlığa qovuşmasından məmnundur, hər il bunu qeyd edirik. İkincisi, o torpaqların bərpası, yenidən qurulması, dirçəldilməsi xüsusi səy tələb edir. O torpaqlara hər səfərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın bərpası istiqamətində böyük işlər görüldüyünü müşahidə edirik. Hər dəfə Qarabağa gedəndə açılan yeni yolları, tunelləri, tikilən və istifadəyə verilən yeni hava limanlarını, yeni infrastruktur layihələrini görürük. Laçın Beynəlxalq Hava Limanı 28 mayda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə açıldı, bu, tarixi bir an idi. Bu hava limanının böyük simvolik mənası var. Çünki həmin ərazilərin Azərbaycanın idarəetməsində olması qədər oranın inkişaf etdirilməsi, dirçəlişi də əhəmiyyətlidir. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də belə tarixi tədbirlərdən idi. Xankəndiyə 3-4 ay əvvəl gedəndə köhnə binaları görmüşdümsə, son səfərdə artıq yeni binaları, infrastrukturlu gördüm. Xankəndidə yollar yenilənib, Konqres Mərkəzi inşa edilib, universitet qurulub, iş yerləri açılıb, Xankəndi müasir şəhər görünüşü qazanıb. Şuşada da tarixi məscidlər bərpa edilib, Ağdamda sənaye müəssisələrinin yaradılmasına başlanılıb, kənd təsərrüfatı ilə bağlı çox gözəl irəliləyişlər var. Hər dəfə o torpaqlara gedəndə mədəniyyətin, normal həyatın yenidən inşa edildiyi bir Qarabağ görürəm.

Qarabağ turizmi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi ilə bölgənin ən əsas mərkəzlərindən biri olacaq

- Türkiyə şirkətləri azad olunmuş ərazilərdə infrastruktur və digər layihələrdə aktiv iştirak edirlər. Türkiyə şirkətlərinin azad olunmuş daha hansı yeni layihələr həyata keçirməsi nəzərdə tutulur?

- Azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakımız bir diplomat kimi məni qürurlandırır. Qarabağda böyük tunelləri, yolları tikən, hava limanlarının inşasına yardım edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. Qarabağ turizmi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi ilə bölgənin ən əsas mərkəzlərindən biri olacaq. Bu gün görülən işlərə baxanda 10 il sonra bunun reallıq olacağına inanırıq.

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq

- Türkiyənin Şuşada konsulluğunun açılması nə vaxta gözlənilir?

- Şuşa bizim üçün çox mühüm mədəni mərkəzdir, xüsusilə Türk dünyası baxımından da simvolik əhəmiyyətə malikdir. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Şuşa 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının “Turizm paytaxtı” elan edilib.

Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq.

“Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”

İkinci Qarabağ savaşından dərhal sonra - 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı. Mən də səfərdə iştirak edirdim və Şuşa Bəyannaməsinin hansı siyasi atmosferdə, necə imzalanmasının şahidlərindən biriyəm. Azərbaycan və Türkiyə ilk dəfə olaraq bir-birinin təhlükəsizliyini qarşılıqlı təmin edəcək bir sənədə imza atıb, bununla bağlı qarşılıqlı öhdəlik götürülüb. Hər iki ölkənin parlamentləri Bəyannaməni ratifikasiya edib. Ötən həftə də Şuşa Bəyannaməsinin davamı olaraq İstanbuldakı İDEF-2025 sərgisi çərçivəsində Türkiyə və Azərbaycan müdafiə nazirləri bu sahədə əməkdaşlığı daha da konkretləşdirən "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalayıb.

- Anlaşma Memorandumunun imzalanması hansı zərurətdən qaynaqlanıb?

- "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun imzalanması tarixi hadisədir. Xüsusilə hər iki ölkənin müstəqilliyini, təhlükəsizliyini üçüncü tərəflərə münasibətdə qoruyan çox strateji bir sənəddir.

- Bu ilin sonuna qədər Azərbaycan və Türkiyə ordularının birlikdə, o cümlədən digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərinin keçirilməsi planlaşdırılıbmı?

- Birgə təlimlərin təşkili, müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində əməkdaşlıq gündəlik iş rejiminə çevrilib. Birgə təlimlər hərbi qüvvələrin modernləşdirilməsi və həssas durumlarda əməkdaşlığın koordinasiyası baxımından xüsusilə vacibdir. Amma burada ən mühüm olan siyasi iradədir. Hər iki ölkənin prezidentlərinin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin güclü, qərarlı liderlikləri hər sahədə əməkdaşlığımızın təməlini yaradır. Siyasi qərar varsa, imkanlar və resurslar da tapılır.

Zəngəzur Dəhlizinə tək Şərq və Qərb deyil, Şimal və Cənub perspektivindən də baxmaq lazımdır

- Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verər. Bu aspektdə Ermənistanın hələ də bu məsələylə bağlı konstruktiv mövqe ortaya qoymamasını necə qiymətləndirirsiniz? Bir diplomat kimi Zəngəzur Dəhlizinin yaxın illərdə açılmasını mümkün sayırsınızmı?

- Zəngəzur Dəhlizinin uyğun və yaxın bir zamanda açılması ehtimalını yüksək hesab edirəm. Çünki Zəngəzur Dəhlizi yalnız Türkiyənin və Azərbaycanın milli maraqlarına xidmət etmir. Əgər beynəlxalq və regional səviyyədə inteqrasiya prosesi sürətlənəcəksə, Orta Dəhlizdə Çindən başlayıb Londona qədər uzanacaq quru yolları və dəmir yolu xətlərinin, önəmli neft və qaz kəmərlərinin daha sürətli və qısa keçidi ancaq Zəngəzur Dəhlizinin açılması ilə mümkün olacaq. Zəngəzur Dəhlizinə tək Şərq və Qərb deyil, eyni zamanda Şimal və Cənub perspektivindən də baxmaq lazımdır. İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşlərində hər zaman 3+3 formatı müzakirə edilirdi. Yəni bölgədə yalnız Azərbaycan, Ermənistan və Gürcüstan deyil, Türkiyə, İran, Rusiya da bu formata daxil edildi ki, hər kəsin marağında olan bir həll ortaya qoyulsun. Hazırda zaman-zaman müəyyən müzakirələr olsa da, inanıram ki, xüsusilə Azərbaycanla Ermənistan arasında mümkün daimi sülh sazişinin imzalanmasının reallaşması ilə Zəngəzur Dəhlizi qarşıdakı 1-2 il ərzində açılacaq. Xüsusilə Orta Dəhlizin effektivliyinin təmin edilməsi və Şərq-Qərb istiqamətində ticarətinin həcminin artırılması baxımından bunun mümkün olacağına inanıram, bunu gözləyirəm. Amma bir diplomat olaraq Zəngəzur Dəhlizinin açılacağı tarixi söyləməm mümkün deyil. Çünki bunu heç kim bilmir, çox aktorlu bir oyundur.

Öncə iki müstəqil dövlət olaraq Azərbaycan və Ermənistanın buna qərar verməsi lazımdır. Savaşın qalibi kimi Azərbaycanın haqlı olaraq bəyan etdiyi, 2020-ci ildəki anlaşmada da ifadə edildiyi kimi bu dəhlizin açılması lazımdır. Amma bunun zamanı və şərtlərinin nə olacağı hər iki tərəfin müstəqil dövlət olaraq razılaşmasından asılıdır. Türkiyə olaraq biz regionda sülh və sabitlik baxımından bu dəhlizin açılmasını, daimi sülh sazişinin imzalanmasını dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında normallaşma ilə regionda 30 ildən çox davam edən gərginliyə son qoyulacaq, Türk dünyasından keçəcək dəhlizin açılması asanlaşacaq. Bu bizim milli maraqlarımıza uyğundur, eyni zamanda hər kəsin xeyrinədir. Ona görə də biz bunu dəstəkləyirik.

Türkiyə-Ermənistan normallaşma prosesi

- Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə paralel Türkiyə və Ermənistan arasında da normallaşma prosesi davam edir. Bu proses hansı mərhələdədir? Müzakirələrdə Zəngəzur Dəhlizi də varmı?

- Əslində, bu prosesə bütöv baxmaq lazımdır, iki normallaşma prosesi bir-birinə paralel aparılır. Türkiyə-Ermənistan normallaşma prosesi ilə əlaqədar 2022-ci ildə xüsusi nümayəndələr təyin edilib. Məlumdur ki, Azərbaycan torpaqlanın işğalı ilə əlaqədar 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, bu vəziyyətdən ən çox əziyyət çəkən erməni xalqıdır. Ermənistan şərqdən və qərbdən Azərbaycan və Türkiyə ilə həmsərhəddir və bu sərhədlər bağlıdır. Hamı bu sülhdən qazanacaq, amma daha çox Ermənistan fayda götürəcək. Biz normallaşma prosesinin sürətlənməsini istəyirik. Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər. Bu normallaşma prosesinin necə inkişaf etməsindən asılı olacaq.

- Zəngəzur Dəhliz Türk Dövlətləri Təşkilatı üçün hansı strateji imkanlar yarada bilər?

- Geosiyasi baxımdan Türk dövlətlərinin əlaqələrinin kəsildiyi yer Zəngəzur Dəhlizidir. Biz Azərbaycanla ancaq Gürcüstan və İran üzərindən əlaqə qura bilirik. Zəngəzur Dəhlizi açılarsa, 1-2 il ərzində quru və dəmiryolu ilə Ankaradan və İstanbuldan Bakıya, oradan da dəniz yolu ilə Mərkəzi Asiya ölkələrinə getmək xalqımızın arzusudur. Əlbəttə ki, İran da bizim dostumuz, qardaş ölkədir, Gürcüstan da dost ölkəmizdir. Hər iki ölkənin Azərbaycan və Türkiyə ilə yaxşı münasibətləri var. Amma niyə biz öz torpaqlarımızdan quru və dəmiryolları ilə birbaşa əlaqələrdən istifadə etməyək?! Bu, xüsusilə ticarət dövriyyəsinin artması, Orta Dəhlizin imkanlarının genişlənməsi və dünya miqyasında Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin artması baxımından da önəmlidir.

Türk dünyasının birbaşa keçid edə biləcəyi dəhlizə ehtiyacı var ki, bu da Zəngəzur Dəhlizidir. 1937-ci ildən bu yana ilk dəfə Türkiyənin Azərbaycan və türk dünyası ilə birbaşa birləşdirilməsi həyata keçiriləcək.

Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə, inteqrasiyaya da cəsarət verdi

- Azərbaycanın Türk dünyasının birliyi və inkişafına yönəlmiş səylərini necə qiymətləndirirsiniz?

- Azərbaycan hər zaman Türk dünyasının ən mühüm həlqələrindən biri olub. Ortaq gələcək təsəvvürünü və bir gün Türk dünyasının birlikdə hərəkət etməsi xəyalını hətta sovet dövründə də itirməyən xalqlardan biri Azərbaycan xalqı olub. 1960-70-ci illərdə belə Azərbaycan ziyalıları, şairləri, mütəfəkkirləri və yazıçıları vasitəsilə bu xəyal hər zaman yaşadılıb və Azərbaycanda bu mövzunun gündəmdə saxlanılması 1990-cı ildən sonra, yəni müstəqillik dövründə həm Türkiyədə, həm də Mərkəzi Asiya ölkələrində bu düşüncənin formalaşmasına səbəb oldu. Xüsusilə 2020-ci ildən, yəni Qarabağın azadlığa qovuşmasından sonra Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri bu xəyalı konkret layihələrə çevirən ümumi idealları əks etdirir. 2021-ci ilin iyun ayında Şuşa Bəyannaməsi imzalandı, həmin il noyabrın 12-də İstanbulda Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildi, TDT ilə bağlı fikir artıq tətbiq mərhələsinə keçdi. Niyə daha əvvəl deyil, məhz o tarixdə deyə soruşsanız, düşünürəm ki, bu, Qarabağ Zəfərinin nəticəsi idi. Bu mənada da Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə, inteqrasiyaya da cəsarət verdi. Mən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin bu məsələdəki qərarlılığının digərlərini də razı salmaqda mühüm rol oynadığını yaxşı bilirəm.

Türkiyə-Azərbaycan münasibətlərinin Yaxın Şərqə təsiri

- Türkiyə və Azərbaycan birlikdə dünyada və regiondakı yeni çağırışlara cavab verməyə nə dərəcədə hazırdır? Bunun üçün birlikdə daha hansı addımlar atılmalıdır?

- Qloballaşmada keçid dövrü yaşanır, 1945-ci illərdən qurulan sistemlər artıq öz mövcudluğunu sual altında qoyub. Gələcək 10 ildə yeni dünya təsəvvürü ortaya çıxacaq. Alimlər, ekspertlər, siyasətçilər bildirir ki, təkqütblü dünyadan çoxqütblü dünyaya və ya çoxmərkəzli bir dünyaya doğru keçid edəcəyik. Mən də bir aliməm və bu mövzuları illərdir müzakirə edirik. Amma hara gedəcəyimizi heç kim bilmir. Gələcəyin qeyri-müəyyən olduğu, keçmişə etibar edə bilməyəcəyimiz bir tarixi şəraitdə xalqlarımızın müstəqilliyini, dövlətlərimizin gələcəyini və inkişafını, firavanlığımızı artırmaq üçün edə biləcəyimiz yeganə şey ən yaxın dostlarımızla həmrəy davranmaqdır. Yalnız bunu etməklə, mövcud beynəlxalq sistemin yaşadığı böyük xaosdan ən az təsirlənə, yalnız bu yolla biz dövlətlərimizin və xalqlarımızın iqtisadi, mədəni, siyasi və strateji dayanıqlığını artıra bilərik. Heç bir ölkə bunu iki qonşu, iki qardaş xalq olaraq Türkiyə və Azərbaycan qədər yaxşı edə bilmir. Ona görə də liderlərimiz arasında sıx əlaqə və xalqlarımızın ortaq layihələrə dəstəyi son dərəcə vacibdir. Əgər biz buna nail olsaq, əmin olun ki, regionlarımızda sabitliyə, sülhə, inkişafa, firavanlığa daha da böyük töhfələr verəcəyik. Bizim üçün ən vacibi Türkiyə və Azərbaycan arasında bu dostluğu, qardaşlığı hər mənada gücləndirməkdir. Əgər biz güclənsək, bu, Mərkəzi Asiyadakı digər qardaşlarımızı da ruhlandıracaq və ümid mənbəyi olacaq. Digər tərəfdən, Türkiyə-Azərbaycan münasibətlərinin təsirini Suriyadan İraqa qədər uzanan xətt boyunca hətta Yaxın Şərqdə də görəcəyik. Məsələn, bu həftə Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinə başlanılacaq. Bu kimi konkret əməkdaşlıqlar ölkələrimizin beynəlxalq arenada gücünü artıracaq.

- Azərbaycanın Yaxın Şərqdə münaqişələrin həlli yönündə səylərini, təşəbbüslərini necə dəyərləndirirsiniz? Məsələn, Suriyada Türkiyə və İsrail arasında hərbi qarşıdurma ehtimalını aradan qaldırmaq üçün müəyyən mexanizmin formalaşdırılması üçün Bakıda görüş keçirilib, Azərbaycan İsrail-Suriya görüşünün keçirildiyi məkan olub...

- Türkiyə və Azərbaycan hər mənada bir-birini dəstəkləyir. Bu həm yaxşı, həm də çətin anlarda belədir. Suriyada yeni hökumət formalaşıb. Bu hökumətin daimi, sabit olması və Suriyanı kənar müdaxilələrdən qoruması son dərəcə vacibdir. Türkiyə, ABŞ başda olmaqla Qərb dövlətləri ilə bu vəziyyəti yaxından izləyir. Bununla belə, Azərbaycan kimi qardaş ölkənin müəyyən kritik məsələlərdə bizimlə birlikdə digər qonşu dövlətlərlə əməkdaşlıq etməsini yüksək qiymətləndiririk.

Azərbaycanda keçirilən görüşlərdə bəzi kritik strateji müzakirələr aparılıb. Bu, yüksək konstruktiv siyasi addım və siyasi əməkdaşlıq kimi qiymətləndirilməlidir. Bu mənada biz Azərbaycanın və Türkiyənin gələcəyinin, o cümlədən həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda regionunda təhlükəsizliyin vahid, bütöv olduğunu görürük.

- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının nə zaman keçirilməsi nəzərdə tutulub? Strateji Əməkdaşlıq Şurasının gündəliyində hansı əsas məsələlər olacaq?

- Yekun tarix hələ dəqiqləşməyib, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının bu ilin son aylarında, çox güman ki, dekabrda Bakıda keçirilməsi planlaşdırılır. Lakin bu, dövlət başçılarımızın və bu prosesi idarə edən aidiyyəti qurumların işidir.

Azərbaycanla Türkiyə arasında malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasında çətinliklər

- Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində hansı tədbirlər həyata keçirilir? Yaxın gələcəkdə bununla bağlı daha hansı addımlar atılacaq?

- Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6,5-7 milyard dollar təşkil edir. Bu, yaxşı olsa da, kifayət deyil. Prezidentlərimiz ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Ancaq bunun üçün atılmalı addımlar və görüləsi işlər var, bəzi çətinliklərin öhdəsindən gəlməliyik. Orta Dəhlizin açılması bunu daha da sürətləndirə bilər, çünki daşınma xərcləri azalacaq. Bu, ortamüddətli perspektivdə bizim üçün son dərəcə vacibdir. Amma daha geniş prizmadan baxsaq, Azərbaycanın Rusiyanın da daxil olduğu Müstəqil Dövlətlər Birliyi ilə gömrük sahəsində razılaşmaları, Türkiyənin isə Avropa İttifaqı ilə də gömrük sahəsində əməkdaşlıq müqavilələri var. Buna görə də Azərbaycan və Türkiyə arasında malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasıyla bağlı çətinliklərimiz var. Ona görə də biz perefensial (imtiyazlı-red.) ticarət sazişi vasitəsilə mal dövriyyəsi və satışı artırmağa çalışırıq, bu sahədə siyahılar üzərində iş davam edir. Malların sayı 30-dan 81-ə qaldırılıb, amma preferensial ticarət rejiminin tətbiq olunduğu malların siyahısının genişləndirilməsi lazımdır. Bunun üçün dövlətlər arasında başqa addımların atılması də gərəkli ola bilər. Bunun başqa diplomatik aspektləri də ola bilər. Amma sonda bunun baş verəcəyinə şübhəm yoxdur. Azad ticarət müqaviləsi olmasa belə, preferensial ticarət rejiminin tətbiq olunduğu malların sayının artırılmasına ehtiyac var. Əgər Zəngəzur Dəhlizi açılsa, Türkiyədə istehsal olunan malları Azərbaycanda da istehsal edərək Orta Asiyaya birgə sata bilərik. Önümüzdə çox böyük imkanların, fürsətlərin olduğunu düşünürəm. Belə radikal, belə möhtəşəm, nəhəng addımları problemsiz aşmaq olmaz. Ancaq gələcəyimiz parlaqdır, bunu edə bilərik, birlikdə çalışmalıyıq. Bunun üçün də bir-birimizi dəstəkləməyə, bu qardaşlığa, bu dostluğa hər sahədə sahib çıxmağa davam edəcəyik.

Azərbaycanın çox güclü mediası var

- Yeri gəlmişkən, Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb. Şuşa Bəyannaməsində beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi və s. məsələlər qarşıda əsas məqsəd kimi qoyulmuşdu. Bu istiqamətdə hansı işlər görülüb?

- Genişmiqyaslı əməkdaşlıq və inteqrasiya haqqında düşünürsünüzsə, regionda ictimaiyyətin dəstəyini təmin etməlisiniz. Buna görə də media, akademik dairələr və mədəniyyət mütəxəssislərinin də bu əlaqələrin mahiyyətini daha yaxşı başa düşmələrini təmin etmək üçün səy göstərməlisiniz. Mən buna görə Azərbaycan mətbuatına minnətdaram. Son dərəcə canlı və dinamik mətbuatınız var. Bu il 150 illik yubileyinizi qeyd edirsiniz. Sizin vasitənizlə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan mətbuatını 150 illik yubileyi münasibəti ilə təbrik etmək və Azərbaycan mediasının çox güclü olduğunu vurğulamaq istəyirəm. Medianın və media sahəsində əməkdaşlığın əhəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı daha aydın şəkildə görüldü və daha sonra Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradıldı. Hər il müxtəlif proqramlar çərçivəsində bu sahədə əməkdaşlıq davam etdirilir. Amma düşünürəm ki, bu sahədə mübadilə proqramlarının həyata keçirilməsi, Azərbaycanda Türkiyənin, Türkiyədə Azərbaycanın tarixini, həssaslıqlarını, mədəniyyətini yaxşı bilən jurnalistlərin yetişdirilməsi üçün müəyyən səylər göstərilməlidir.

Hazırda Türkiyədə 40 minə yaxın azərbaycanlı, Azərbaycanda 5 min türkiyəli tələbə təhsil alır

- Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hansı tövsiyələriniz var?

- Azərbaycana səfir təyin edilməzdən öncə Türkiyədə beynəlxalq yönümlü məktəblərlə məşğul olan Maarif Dərnəyinin rəhbəri idim. Təhsil strateji sahədir. 1990-cı illərdən bu yana Türkiyədən Azərbaycana gələrək təhsil almış çoxlu sayda vətəndaşımız var. Eyni zamanda on minlərlə qardaşımız Azərbaycandan Türkiyəyə gedib təhsil alıb. Bu gün biz onları Azərbaycan mətbuatından tutmuş xəstəxanalara qədər Azərbaycanda həyatın hər bir sahəsində görürük. Hazırda Türkiyənin universitetlərində 40 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Həmçinin Azərbaycanda təxminən 5000 türkiyəli tələbə oxuyur. Bakıda Türkiyənin özəl məktəbləri var. Yeni Türkiyə-Azərbaycan Universiteti yaradılıb, keçən il təxminən ilk 90 tələbəsini qəbul etdi. Xüsusilə mühəndislik üzrə ixtisaslar açılıb ki, insanlarımız lazımi texniki bacarıqlara yiyələnsinlər.

Ziyalılar, alimlər, akademiklər, mədəniyyət xadimləri, media mənsubları arasında qarşılıqlı əlaqələrin artması bizə bir-birimizi daha yaxından tanımağa imkan verəcək. Həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də beynəlxalq miqyasda uzunmüddətli əməkdaşlığımız davamlı olacaq. Buna görə də təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir.

- Müsahibə üçün çox təşəkkür edirik, cənab səfir.

- Bu imkanı yaratdığınız üçün mən təşəkkür edirəm.

Firuzə Vahid

Foto - Rüfət Mustafayev

# 197 dəfə oxunub

Oxşar xəbərlər

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

15:30 18 iyul 2025
Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

15:03 16 iyul 2025
# # #