Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri

Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
27 yanvar 2021
# 16:46

Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

bizim keçmişimiz əl-ələ gəzir,
qarşımda öpüşür niyə bilmirəm.
amma yaxınlaşıb onlara bir-bir
bu sənsən, bu mənəm deyə bilmirəm

yolda rəqs edirlər, olmaz belə də,
ya onlar dəlidi, ya dəliyik biz.
sən demə hardasa varıq hələ də,
sən demə hardasa sevgiliyik biz.

qızın gözlərində yer kürəsiyəm,
oğlanın gözünde yad planetsən.
bir anda dağılıb töküləsiyəm,
bir santim o yana, bu yana getsən.

qızın hörükləri oğlana çətir,
oğlanın əlləri qız üçün əlcək.
bizim keçmişimiz heç nəyi bilmir,
bilmir ki başına nələr gələcək.

bizim keçmişimiz kim olduğunu
nə zaman biləcək… ah bu suallar...
vallah yaxınlaşıb onlara bunu
deməyə qorxuram ki ayrılarlar...

***

(Şərif Ağ və sinifyoldaşım Pərvin Mehdiyev üçün)

insan da vətəndi, demişdim axı,
vətənə çevrilir sevirsən kimi.
adamlar yurdunu dəyişdi axı,
şəhərlər adını dəyişən kimi.

bir də görürsən ki günün bir günü
hərəsi bir şəhər oldu adamlar.
təpəyə çevrilib, zirvəyə dönüb,
küçədi adamlar, yoldu adamlar.

insan da vətəndi – əzizlədiyin,
vətən də qayıdır, vətən də gəlir.
bir ömür boyunca yol gözlədiyin
axırda ümidin itəndə gəlir.

sevgi həm də durub yol gözləməkdi,
təzə bir xəritə açın mənimçün
Kəlbəcər elə bil Pərvin deməkdi,
necə ki Şərifdi Laçın mənimçün.

***

ayaqlarım quru olanda yağışı sevirəm,
səni də bağışlayıram,
sən də bağışla.

ayaqqabım su buraxanda
səni də söyürəm, yağışı da…

***

elə sındım, bircə dənə
şüşəm tapılmadı, anam.
məni sənin kimi başa
düşən tapılmadı anam.

dərdlərimin sayğacısan,
qara bəxtin ağ saçısan,
çölün qərib ağacısan,
meşən tapılmadı, anam.

hansısan, hər dərdə hayan?
yeməyimi hazırlayan?
qabyuyansan, paltaryuyan?
peşən tapılmadı, anam.

***

(De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” Mülk surəsi, 13-cü ayət)

şükür birinci sözə,
şükür şükrün özünə.
fərqi yoxdu az ya çox,
şükür yükün özünə.

səni, məni yaradana,
bizi yaradana şükür.
oğlanı da yaradana,
qızı yaradana şükür.

şükür ki məni sevdin.
sonra günün bir günü
sevməz oldun şükür ki.
ayrılıq da qəfil oldu,
çox tez oldu şükür ki.

şükür bu cür ayrılığa,
o cür anana şükür.
səni verənə şükür,
səni alana şükür.

səni, məni yaradana,
bizi yaradana şükür.
quşa, böcəyə, çiçəyə,
heyvana, insana şükür.

şükür əlimdə qələmə,
qarşımda kağıza şükür.
qaşa, gözə, kirpiyə,
buruna, ağıza şükür.

şükür aldığım nəfəsə,
şükür verdiyim nəfəsə.
qaytardığım nəfəsə,
göndərdiyim nəfəsə.

şükür ki mən aldığım,
verdiyim nəfəs oldun.
hava kimi, nəfəs kimi
gözəgörünməz oldun.

dən düşürsə saçlara,
çən düşürsə dağlara,
dənə şükür, saça şükür,
qara şükür, dağa şükür.
şükür sənə rast gəlməyə,
səndən qurtulmağa şükür.

şükür birinci sözə,
şükür şükrün özünə.

***

sənin üçün tapmışam
ürəyimdə iş yeri.
hər gün elə göynəyir
sinəmin keçmiş yeri.

fikrim də səndə qalıb
hələ də ayıb-ayıb.
deyəsən kök saxlayıb
bu çəkilmiş diş yeri.

***

bir adam ölür,
yıxılır toprağa.
elə indi,
elə bu dəqiqə,
elə bu saat,
mənsə şeir yazıram.

bəlkə də
şeiri o adam yazır
cəsədiyle toprağa.
ölən mənəm bir kağızda,
elə indi,
elə bu dəqiqə,
elə bu saat.

***

ayrılıq çox uzundu,
mən tifil boyu bəstə.
eşq ürək həkimidi,
mənsə ürəyi xəstə.
eşq tək azadə görmədim
sinəmdəki qəfəsdə.

***

sən heç hiss etmədinmi
əlində fotoaparat
izləyir səni kimsə?
əcəl qəfil şəkil çəkir
harda gəldi gülümsə.

***

azdısa,
qədrini biləsən gərək.
çoxdusa,
qədrini biləsən gərək.
varsa,
bir ordu adamdı bir isti adam.
yoxdusa,
bir yekə çörəkdi bir tikə çörək.

Elvin Bakiroğlu. Şeirlər

# 4719 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #