Kulis.az Musa Yaqubun mərhum həyat yoldaşı Zöhra xanımın xatirəsinə yazdığı iki şeiri təqdim edir:
Dərdimin yanında durma
Həyatın asılıdı iynə ucundan
Canımız sızladı ağrı-acıdan
Ağır əzablardan keçmisən, yetər;
Zülümdən çıxmısan yat, dincəl bir az
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər,
Ruhunu dalımca yorma bu qədər
Vallah, mən yaxşıyam, hələ yaxşıyam,
Özümlə gəlirəm dilə, yaxşıyam
Xırda kef-damaqla hələ aram var,
Süfrəmiz açıqdır, qonaq-qaram var,
Heç kəsin yanında pərt deyiləm, yox,
Nəvələrə qarşı sərt deyiləm, yox
Baxma üst-başıma, çıxma qarşıma
Durub əhvalımı sorma bu qədər,
Yolumun üstündə durma bu qədər
Əzabdan çıxmısan, yat, dincəl bir az...
Əllərin havada o çağırışların
Yetmədi tanrıya yalvarışların
Təzədən mənə də duaçı olma
Uyma xəyalıma uyarçı olma
De göndər ruhunu ulu dərgaha
Mən də tənhalığa öyrənim daha
Qoşul mələklərə tay-tuşun olsun
Öz əlin, öz başın, öz xoşun olsun
Mən də tək qanadla uçmağı bilim
Bir qürub çağını qucmağı bilim.
Sən allah, ruhunu yorma bu qədər,
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər
Əzabdan çıxmısan, yat, dincəl bir az.
Yanvar, 2011
Bakı
Yaxşı ki....
Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadı məkanın, təzə yurd yerin?!
Ağ sükut içində səssizdir hər an
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamısan
O dəmir körpüdən biz keçməmişik
O qaya bizə heç qucaq açmayıb
Yoxdur nam-nişanın cığırda – izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamısan o süfrəmizdə
Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda açmayıb gülsabahımız
Sən də olmamısan, o gül-çiçək də
O iş otağıma yəni yolun var?
Dağadan yandırıb buz çilçırağı
Açılmış varaqdır daş stolum qar
Qanımla yazıram bu ağ varağı.
Yenə arxımıza qardı ələndi
Canımdan atəşi, odu apardı
Deyəsən sən idin arx kölgələndi
Daşda surətini yudu apardı
Səni pozan kimdi, mənim yazan kim.
Sən indi ağ donlu soyuq mələksən
Dünyanın ən xoşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən
qış, 2011
Bakı-Buynuz
Dərdimin yanında durma bu qədər...
22 noyabr 2012
17:15
1627 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024