Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri
1 noyabr 2026
# 12:00

Bu gün tanınmış polyak rəssam Tadeuş Makovskiyin anım günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın “Puro çəkənlər” əsəri haqqında materialı təqdim edir.

Polyak rəssamı Tadeuş Makovskiy ömrünün uzun illərini Parisdə keçirib Monparnasın səs-küylü mühitində yaşasa da, öz içində həmişə sakit, uşaq saflığı ilə dolu bir dünya qoruyub saxlayıb.

O, kubizmin sərt həndəsi qaydalarını götürüb onları uşaq oyuncaqlarına, taxta gəlinciklərə və nağıl qəhrəmanlarına tətbiq edib.

Makovskiyin əsərlərində böyüklərin mürəkkəb, hay-küylü dünyası yoxdur; əksinə, orada hər şey sadə, bir az hüznlü və məsumdur.

Rəssam istifadə etdiyi tünd qəhvəyi, boz və isti torpaq tonları ilə kətana köhnə, uşaq vaxtından qalan sandıqçadakı oyuncaqların qoxusunu gətirir.

Onun yaradıcılığı sadəliyin arxasında gizlənən dərin insan həsrətidir - sanki itirilmiş uşaqlığa qayıtmaq üçün çəkilmiş sakit səssiz məktublardır.

“Puro çəkənlər”

Tadeuş Makovskinin məşhur işlərindən olan bu tablo rəssamın Paris dövründə, taxta kukla və uşaq fiqurları üzərində işlədiyi illərdə ərsəyə gəlib.

Makovskiy bu əsərdə həyatın hər gün gördüyümüz adi bir səhnəsini — bir masa arxasında toplaşıb puro çəkən adamları alır, amma onları canlı insan kimi deyil, taxtadan yonulmuş gəlinciklər kimi təsvir edir.

Burada təmtəraq yoxdur, sadəcə gecənin qaranlığında oturub purosunu tüstülədən taxta adamların səssizliyi var.

Rəsmə baxanda ilk diqqəti çəkən şey fiqurların taxta kimi künclü, sərt və həndəsi formalarda olmasıdır.

Adamların başları papaqla örtülüb, burunları şişirdilmiş taxta parçasına bənzəyir, əllərində isə kiçik purolar tutublar. Onlar guya böyüklər kimi oturub puro çəkirlər, amma bu mənzərədə elə bir saf uşaqlıq var ki, insan baxanda istər-istəməz gülümsəyir.

Sanki kimsə uşaq otağında taxta oyuncaqları düzüb masa arxasında böyük oyun oynayır.

Rəssam tünd və boğuq rənglərdən istifadə edib. Arxa fon qaranlıqdır, işıq isə yalnız masanın üzərinə və fiqurların üzünə düşür. Adamların simasında heç bir emosiya yoxdur - nə sevinc, nə kədər; sadəcə donub qalmış taxta baxışlar var.

Makovskiy bu sadə kompozisiya ilə insanın gündəlik həyatdakı avtomatlaşmış, mexaniki vərdişlərini, darıxdırıcı axşamlarını elə səmimi və toxunaqlu şəkildə göstərib ki, tablonun qarşısında dayananda vaxtın dayandığını hiss edirsən.

# 97 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər