“Hansı qadın o ətirdən istifadə etsə, ərinə xəyanət edəcək” - Məşhur əttarla müsahibə

“Hansı qadın o ətirdən istifadə etsə, ərinə xəyanət edəcək” - Məşhur əttarla müsahibə
2 oktyabr 2023
# 12:05

Kulis.az Ömər Xəyyamın əttar Murad Məsudla söhbətini təqdim edir.

- Bəs deyirlər, ətirlər belə yaranıb. Fransızlar elə küçədəcə "otururlarmış". Nəcis-nəcasət qoxusu kiminsə xoşuna gəlməyib, əsəbiləşib ətir düzəldib.
Deyirlər, dikdaban da haman səbəbdən icad edilib. Əslində, söhbətimizə daha qəşəng qoxuyla başlamaq istəyirdim…

- Sən belə dedin, mən özüm əsəbiləşdim e. Ay qardaş, Fransa bu mövzuda dünənin uşağıdır. İtaliya desən, yenə, hə. İtalyan keşiş ətir işini Əndəlüsdə öyrənir, sonra bilgilərini ötürür florensiyalı Reneyə.
Reneni də Fransaya gəlin köçən Katerin Medici özüylə gətirir ər evinə.
Əvvəl-əvvəl Rene əlcək qoxulandırmaq və ya pomander ( Pomo d'ambra - ənbər alması) hazırlamaqla məşqul idi. Hərdən də gəlinbacı üçün bir-iki ətir... Sonradan "bazar açdı". Və Katerinin dəstəyi ilə Fransada ilk parfumeriya industriyası yarandı.
Belə deyirsiniz, sonra da fransızlar bizi əttar saymırlar.

- Avazı bülbül kimi, danışanda dür tökülə,
Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.

Murad, nədi axı bu müşk, ənbər? Nənəm deyirdi ki, müşk ancaq Kəbədə olur, tarixçi Seyfəddin Səlcuq deyir, ceyranın göbəyini qurudurlar, uzun müddət qaranlıqda saxlayırlar, sonra da başına min oyun açırlar.
- Müşk, ənbər, kastoreum, sibet heyvan mənşəli maddələrdir. Ceyranın göbəyi söhbəti nağıldı. "Xaya" deməyə utanıblar, ona görə göbək deyiblər.
Müşk xüsusi növ ceyranın göbəyilə xayaları arasından süzülüb gələn maddədir.
Ənbər qusuntudur. Balinanın qusuntusu. Sibet isə Cibet pişik növünün anus dəliyindən əldə edilən ifrazatdır.

- Görəsən, ilk dəfə necə kəşf olunub. Məsələn, kim ceyranın göbəyi ilə xayasının arasından süzülüb gələn maddəni qoxulayıb. Nəsə, eləcə düşünürəm, sual vermirəm. Sualım “afrodizyak”larla bağlıdı. O ki deyir e, filan ətri vurdum, qızlar cumdular üstümə…
- Elə bu müşk, ənbər, sibet də "afrodizyak" effekti yaratmaq üçün istifadə olunan inqridientlərdəndir.
Kim inanırsa ki, balinanın feromonu ereksiyaya səbəb olacaq, məncə, özünü sorğulasın.
"Afrodizyak" individual qoxudur. Kimisə qoltuq qoxusu, kimisə içkili qadının ağzından gələn qoxu ehtiraslandıra bilər.

Ümumiyyətlə, qida qoxuları libidonu daha çox artırır: Yedin doydun, aha, indi nəsil artırmaq olar...
Belə demək olar: Ədəbiyyat ətriyyatın yengəsidir. İndi cinsi təcrübəni fərqli qaynaqlardan öyrənirik. Ona görə də tez-tez "bu ətri vurdum, qızlar üstümdə cumdular", "bu ətri vurdum, evdəkini boşayıb məni aldı" kimi düşük marketinq fəndləri görürük. Yox bir, “hansı qadın o ətirdən istifadə etsə, ərinə xəyanət edəcək!"
Birbaşa əlaqə qurmaqda çətinlik çəkənlər olacaq. Ədəbiyyata meyl etsəydilər, anlayardılar dediklərimi. Əminəm, çoxu nə dediyimi tutmayacaq.

- Düzü, mən də başa düşmədim. Amma qoxunun təsirini də danmaq olmaz. Olar ki, kimsə kiməsə cumar da. Hər halda belə məsələləri sən məndən yaxşı bilirsən. Qoxu yaddaşı əclaf məqamdı. Bu barədə xeyli məlumat var deyə, başqa sual verirəm. Bəs yaxşı, qiymətləri nəyə əsasən qoyursan? Ümumiyyətlə, bu bahalı ətir söhbəti nədir?
- Başqa duyğu vasitələrini unut, qoxubilmə yeganə sistemdir ki, maddi detalları deyil, daha çox o anda keçirdiymiz hissləri xatırlayırıq, yenidən yaşayırıq. İndividual ətir hazırlayarkən psixologiyanı, milli ənənələri, coğrafiyanı hətta müştərinin yaşadığı yerin ekosistemini bilməsən,
uğurlu ətir hazırlaya bilməzsən.
Mən ətirlərimin qiymətini alıcılıq qabiliyyətətinə və xərclədiyim enerjiyə görə hesablayıram. Əgər bahalı xammal istifadə etmişəmsə, qiymət qalxır kəllə-çarxa. Heç kimin dədəsinə borcum yoxdu ki. Keyfiyyətli mal istəyirsən, pulunu ödə.
Məşhur markalar qiyməti brendin adına, qablaşmaya, istehsal və reklam xərclərinə görə hesablayır. Qısa desək, siz pulu şüşədəki mayedən başqa hər şeyə görə ödəyirsiniz. Reklama çəkilən seks işçisinin pulunu da sizdən alırlar.

- Yəqin ki, “loxlamaq” üçün ərəb turistlər daha uyğundur, yox?
- Ərəbləri hər sahədə “loxlaya” bilərsən, amma ətirdə sənə master-klass keçərlər. Bu, yaponiyalı turistə robot satmağa bənzəyir. Ərəb turistlər daha çox yerli parfümerlərin işlərinə, bir də hotel otaqlarındakı “xidmətin” keyfiyyətinə, kəmiyyətinə görə pul xərcləyirlər. Əlbəttə, daha çox tünd ətirləri sevirlər.

- Murad, doğrudan, ətirlərə sidik, nəcis qatılır?
- Bu yaxınlarda bir nəfər dedi, çoxdandır soruşmağa utanıram, sən, həqiqətən, flakonun içinə i.əyirsən?
Əlbəttə, sidik, nəcis məsələsi eksperiment idi. Onsuz da, ətrilərdə bu indiqrientlərdən istifadə edilir. Balansı qorusan, yaxşı nəticə alınır, - necə ki, bəh-bəhlə istifadə edirlər. Ancaq balans pozulanda ətirdən birbaşa nəcis, yaxud sidik qoxusu gəlir.



- Balans dedin, yadıma düşdü. “Ud”dan motal pendirinin iyi gəlir. Ümumiyyətlə, belənçi ətirlər satılır?
- Təbii "ud" qoxusu almaq üçün "Agarwood" adlı bədbəxt bir ağacı infeksiyaya yoluxdururlar. Növündən aslı olaraq, çox xoş və ya motal pendiri, yaxud corab iyi verə bilər. Bahalı inqridientdir. Bahalı da müştəriləri var.

- Bəlkə də, o adamlar motal pendirini qoxusuna görə yemirlər e. Yaxşı, necə oldu ki, ətirlər cinsləşdirildi? Yəni nəyə əsasən, qərar verildi ki, bu, qadın ətridir, bu, kişi.
- Qadın ətri, kişi ətri söhbəti, sadəcə, marketinq tələsidir. Yəni daha çox və daha spesifik satış üçün... Qoxunu adətən bəlli klişelərə görə cinsiyyətləşdiririk. Məsələn, qırmızı qab, meyvə tonları, gül-çiçək - qadın ətri; metal, odun, acı ədviyyat və mavi flakon - avtomatik kişi ətri təəssüratı yaradır.
İstənilən mənəm-mənəm deyən kişiyə psixoloji təsir edərək, adətən fahişələrin istifadə etdiyi ətri sataram. Heç ruhu da duymaz. Ancaq belə şeylər eləmirəm, çünki mən də özümdən deyən oğlanam. Gərək "stoyka"nı saxlıyasan.

- “Stoyka” demişkən, heç səndən “vorovskoy” ətir istəyən olur?
- Özünü "vorovskoy" hesab edən, ancaq tamamilə boş adamlar bir də görürsən, belə dəngüş-dəngüş sifarişlər edirlər. Onlara da satılmayan ətirləri, unudulmuş ətirləri "dibləyirəm". Özlərini xoşbəxt hesab edirlər.
Amma lotu Bəxtiyar müştərim olsaydı, ona "Cülyan" ətrini məsləhət görərdim. Ciddi, sanballı.

- Bəs fərdi sifarişlər necə? Bir dəfə bir qadın feysbukda yazmışdı ki, qaynanamın iyini verən ətir düzəltdirmək istəyirəm. Düzü, səbəbini bilmədim, hər halda sifarişdir də.

- Xüsusi sifarişlər çox olur. Heyif, mən o statusu görməmişəm. Yoxsa məmnuniyyətlə onun istəyini gerçəkləşdirərdim. Məsələn, bir dəfə bir qadın mənə dedi ki, sevgilimlə ilk dəfə hotelə gedəcəm, mənə xüsusi ətir ver. Dedim, xanım, sevişmək üçün sizə ətir yox, qoruyucu lazımdır. İncimişdi.
Əslində, fərqi yoxdur, müştərinin istədiyini öz bildiyin kimi düzəldirsən, təlqin edirsən, müştəri də inanır, alır. İnanır deyə, o flakondan istədiyi qoxunu duyur.
Amma ən təsirləndiyim, gecəmi gündüzümə qatıb hazırladığım ətirlər kiminsə xatirəsi ilə bağlı olan ətirlərdir. Sifarişçini ağladanda rahatlıq tapıram, deməli, ətir uğurlu alınıb.

- Məsələn, atamın xatirəsinə hazırladığın “Cülyan” ətiriylə mənim anamı ağlatmışdın. Sözün əsl mənasında. Murad, məlum, ölkədə kitab sənayesi yoxdur, yaxşı, bəs ətir sənayesi necə?
- Hansısa xatirə əsasında hazırlanan ətirlər daha uğurlu alınır. Mən bu halda müştəriyə ətir hazırlamıram, bir növ, onun yaddaşını şüşədə özünə təqdim edirəm. “Cülyan” ətrinin də uğuru məhz bu idi. Sənin atanla bağlı xatirələrin əsasında bütün köhnə kişilərin qoxusunu – məhz qoxusunu, ətrini yox - hazırladım. Və “Cülyan” mütləq hərədə bir xatirəni canlandırır, qoxu yaddaşını qurdalayır.
Ölkədə ətir sənayesi də yoxdur. "Gazelli" nəsə etmək istəyir, bəzən uğurlu da alınır. Ancaq lokal uğurlarla kifayətlənirlər. Məsələn, Fəxriyyə xanımın daha gözəl işlər görmək üçün kifayət qədər resursları və bacarığı var. Qaldı ki, digər məsələlərə, ümumi desək, "şpris"dən o yana keçə bilmirik. Nə qədər yaradıcı, təhsilli, entuziazmlı olsan da, "içində qalanı üstümüzə fısqırdanlar" daha çox qazanırlar. Qramla ətir satmaq çörəkli işdir. Halal xoşları.. Satıcıların bəziləri öz üzərində çalışır, nəsə etmək istəyir, bəzən alınır. Mən özüm də 2004-cü ildə məscidlərin qarşısında "qramla ətir" satmışam. Onlar olmasa, nə "Gazelli"nin, nə Fəxriyyə xanımın, nə Malikin (ABD Malik ) nə mənim, nə də digərlərinin dəyəri bilinər.


- Satdığın, yaxud sifarişlə hazırladığın ətirlər “qalıcıdır?”
- Bilirsən də, "qalıcı ətir" məsələsindən zəhləm gedir. Baxırsan, pulu var, ancaq yenə "qalıcı ətir" istəyir. Niyə? Çünkü ruhu kasıbdır.
Ancaq büdcəsi az olanları da anlayıram. İstəyir, boğazından kəsib aldığı ətir uzun müddətli olsun. Sadəcə, bircə şeyi unudurlar: "Qalıcılıq" ətrin keyfiyyəti, yaxud estetikliyi deyil.



- Hələ də evdə işləyirsən?

- Hələ də... Öz kiçik emalatxanamda. Nə vaxt insanlar yerli məhsulun dəyərini anlayar, o zaman mərkəzdə fışfışalı bir emalatxana açaram.

# 14990 dəfə oxunub

Müəllifin son yazıları

# # #