Kinomuza niyə Rasim Balayev sədrlik edir?

Kinomuza niyə Rasim Balayev sədrlik edir?
11 mart 2024
# 12:00

Kulis.az yeni yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səlahiyyətləri və İttifaqın işi haqqında Ömər Xəyyamın “Qocaların kreslo davası, yaxud indi vəsf zamanı deyil…” adlı yeni yazısını təqdim edir.

Biləsiniz ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, yəni Rasim Balayevin sədrlik etdiyi birlik adi ictimai qurumdur və o qurumun kino çəkmək öhdəliyi yoxdur.

Üstəlik, biləsiniz ki, kobud desək, bütün seriallar kinodur, ancaq bütün kinolar serial deyil və onu da unutmayınız ki, film elə kino ilən eyni şeydir.

Yəni Azərbaycan Kinematoqrafçılar İttifaqı (Bundan sonra AKİ) serial da istehsal etmir, heç etməməlidir də.

Yəni bu qurum bilmərrə kino istehsalından, istehsal olunmuş kinonun taleyindən məsul
deyil.

Küyə düşüb Rasim Balayevi tərifləməyin ki, bəs kişi gəlib kinomuzu xilas etməyə, yəqin, bundan sonra düz-əməlli film-zad çəkilər, yaxud onu azarlamaqdan ötrü “yaşlı adamdır, müasir tendensiyalardan xəbəri yoxdur, gedib nəvələriynən oynasın” – deməyin keyfiyyətli kino istehsalatına, yaxud milli kinodan məsul olan qurumların fəaliyyətinə dair faydalı iş əmsalı sıfırdır və gərək üzrlü sayasınız, lap elə zəvzəməkdir.

Yox, orası düzdür, orda haqlısan ki, milli kinonun da, elə milli hər şeyin başında da, doğrudan, nimdaş qafalı bəyzadələr, nənəmköhnəliyini müvafiq qaydada gizləyən xalamsayaqlar əyləşiblər və belə görünür ki, onları təpikləməsən, heç durası da deyillər.

Bu, ayrı söhbətdi. Bu söhbəti də bir ayrı vaxt eləyərik və sağlıq olsun, tədbir tökərik, həllinə çarə qılarıq.

Amma işin mahiyyətini bilmədən acığını, kinini-kidurətini qusmağa adam axtaran kütlənin, tərbiyəli, ancaq və lakin əxlaqsız zümrənin sözünə qoşulmaq, onların dodaqlarının altına dəstək vurmaq, vallah, doğru deyil, billah, ayıbdır.

Film sənayemizin bu gündə olmağının səbəbi nə Rasim Balayev müəllimdir, nə Şəfiqə Məmmədova xanımdır, nə də AKİ.

Mən AKİ-nin üzvü-zadı deyiləm, birdən fikirləşərsiniz ki, bəs Ömər də qələminin ucunu onun-bunun seliyinə batırmağa başlayıb, “qeheteşnik” olub, yox-yox, canım! Adam gərək həqiqəti danmaya, ədalətin yanında ola. Özü də, mən “qeheteşnik” deyibən AKİ-nin üzvlərini aşağılamıram, ha! Hansısa hökumət, yaxud qeyri-hökumət təşkilatına üzv olmaq başqadı, “qeheteçilik” eləmək başqa.

Hə, nə deyirdim, deməli, AKİ ictimai birlik kimi öz işini uğurla görür, özü də, görünən dağa nə bələdçi?! Hər il hesabat verirlər, gördükləri işlərin siyahısını təqdim edirlər və mən də onların fəaliyyətini təqdir edirəm.

Kino ittifaq milli film sənayesi naminə iş görürmü? Görür.

Deməli, bu qənaətə gəldik ki, "biz niyə məhz Rasim Balayevi sədr seçmişik?" sualının cavabı, təxminən, bəllidir, fəqət ayrıca mövzu olduğuna görə ayrıca müzakirə edəcəyik və milli film sənayesinin bu gündə olmağının səbəbi də nə Rasim Balayevdir, nə də AKİ.

Bəs yaxşı, kimdir günahkar?

Hə, bax, haman bu yerdə Güldəstəni gülmək tutur.

Güldəstə qəhqəhə çəkir, uğunur, düzü, bilmirsən, gülür, ya ağlayır, ancaq görürsən ki, gözündən belə-belə yaş gəlir.

Handan-hana sənin özünü də gic gülmək tutur və pıçıldayırsan ki, ay şundul, bu mübarək ölkədə hələ kino haqqında qanun qəbul edilməyib...

Kino yoxdur!
Kino sənayesi yoxdur!
Müstəqil kinoteatr yoxdur!

Kinoya ayrılan pulların hesabatı verilmir! Ümumiyyətlə, kinoya nə qədər pul ayrılır, o pul necə yeyilir…

Nazirlik dövlətlə kino arasında körpü rolunu oynamalıdır, düzdür, fəqət bizim mübarəklər eləcə oynayır.
Müstəqil, ordan-burdan pul tapan rejissorlara küçələrdə, xəstəxanalarda, parklarda (və sair və ilaxır) çəkilişə icazə verilməlidir, verilmir!

Dron qaldırmaq üçün min iki yüz əlli yeddi yerdən icazə almaq lazımdır...

Kinostudiya ölüb...
Kinostudiyanı yuyub-kəfənləmək lazımdır, döşəmələri hələ də nöyütlə silinir.

Gömrük rüsumları birbaşa avadanlığın icarə qiymətinə təsir edir.
Tutalım, 1300 manatlıq detal sifarişçiyə rüsumla birlikdə 3000 manata oturur…


Vəziyyətdən çıxmaq üçün dövlət özü işə qarışmalı, ildə üç-dörd dəfə büdcədən pul ayırmalı, keyfiyyətli layihələrin bədii-vizual həllinə kömək etməlidir.
Fəqət haman pula Mübarək nazirlik nəzarət
etməməlidir. Qətiyyən!

Sonra xatırlayırsan ki, milli kino sənayesinin tərəqqisindən, təşəkkülündən ötrü Nazirliyin nəzdində Agentlik də yaradılıb. Düzü, mən hələ də o Agentliyin film istehsalında əlini, yaxud istehsal lahiyələriylə maraqlandığını görməmişəm.
Olsun ki, daxildə nəsə iş gedir, nəsə eləyirlər, vallah, hələ hiss olunmur, ortada nə bir iş, nə də iz. Eləcə çöküş, alacaqaranlıq.
Məqsədim, iş görənləri tərifləmək, iş görməyənləri azarlamaq deyil.
Əlbəttə, heç kim fədailik etmir, heç kim qəhrəman deyil.
Nəzərdə tutduğum qurumlar, onların üzvləri nəzərdə tutulan yerdən pul alırlar, zəhmət çəkib iş də görməlidirlər.

Amma heç olmasa, görsünlər…

Məqsədim, kütləyə izah etməkdir ki, bəs filankəs günahkar deyil, günahkar filankəsdir.
Ağzınıza gələni yazmayın, özünüzü redaktə edin.


# 6361 dəfə oxunub

Müəllifin son yazıları

# # #