İki problem: tərcümə və nəsil

İki problem: tərcümə və nəsil
31 may 2013
# 16:23

Tərcümə

“Oylə bir tərcümə ki, ruhi-Şekspir görcək,

Ağladı ruhi Otelloyla bərabər özünə

“Ah Mütərcim” deyə odlu tüpürcək atdı

Şübhəsiz düşdü o da tərcüməkarın gözünə”

Bu taziyanəni Mirzə Ələkbər Sabir hələ ötən əsrin əvvəllərində Haşım bəy Vəzirovun tərcümə etdiyi “Otello”ya baxandan sonra yazıb.

Bu elə bir zaman idi ki, Azərbaycan teatrı ard-arda dünya klassiklərini tərcümə edib oynayırdı və artıq tərcümənin özü tənqid olunurdu. Əlbəttə bunlar ilk tərcümə nümunələri idi və demək olar ki pyes qıtlığında dünya klassiklərinin ard-arda tərcümə olunması vacib idi.

Bu gün teatrlar üçün xarici pyesləri kim tərcümə edir? Onların səhnə dilinə kim uyğunlaşdırır? Çox vaxt rejissor özü. Aktyor özü. Bunun üçünsə rejissor ədəbi materialı bildiyi dildə oxuyub bəyənməlidir. Göründüyü kimi, problem tərcümənin keyfiyyətlindən əvvəl onun məhdud olması, sistemsizliyidir. Qısası onun olmamağıdır.

Müasir dünya ədəbiyyatının nəsr, poeziya nümunələri müxtəlif nəşriyyatlar tərəfindən çap olunub kitab halında satışa çıxarılırsa, dramaturgiya nümunələrinin tərcümə və çapına nəşriyyatlar maraq göstərmir. Rejissor onu başqa, bildiyi dillərdə oxumalıdır. Cənnət Səlimova hazırlamaq istədiyi Şekspirin “II Riçard”ını özü tərcümə etməlidir, çünki bu əsər Şekspirin bir çox pyesi kimi hələ də dilimizə çevrilməyib.

Lars Noreni bizə tanıtdığına görə Bəhram Osmanova, Kasaresi tanıdığımıza görə Gümrah Ömərə minnətdarıq. Çox gözəl, çox pakizə... Amma könül istərdi ki, daha doğrusu rejissorlar istərdi ki, dünya dramaturqlarının keyfiyyətlə tərcümə olunmuş əsərlərini rahatlıqla götürüb oxuya və istədiklərini onun arasından seçə idilər.

Tərcümə ilə Tərcümə Mərkəzi də məşğul olur. Rüblük buraxılan “Xəzər” jurnalı və digər ara-sıra nəşrlər ehtiyacları qarşılayırmı? Tərcümə əsərləri ilə bağlı sıxıntınız varmı? Bu sualla teatrlardan müxtəlif cavablar aldıq. Sanki vəziyyətdən bizim qədər narahat deyillər...

Mədəniyyət və Turizm Nazirliyin teatr sektorunun müdiri Nahidə İsmayılzadə bu məsələnin mürəkkəb olduğunu, konkret teatrdan asılı olmadığını söylədi. Onun sözlərinə görə, kifayət qədər tərcümə əsərləri var və iş yenə də davam edir: “Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzində əsərlər tərcümə olunur. Həm də bu sadə məsələ deyil, hansısa müasir və hətta klassik dramaturqu tərcümə etmək üçün müəllifdən çap hüquqlarını almaq lazımdır. Hətta o sağ deyilsə belə, onun vərəsələrindən. Amma teatr, rejissor bir əsəri səhnə üçün seçibsə, onu müxtəlif peşəkarlara sifarişlə tərcümə etdirir, səhnə şərtlərinə uyğunlaşdırır”.

Teatrşünas Vidadi Qafarov daha ətraflı cavab söylədi: “Bu gün teatrlarımızın repertuarındakı əsərlərə nəzər salsaq təəssüflə görərik ki, tərcümə əsərləri çoxluq təşkil edir. Bu mənada teatrlarımız tərcümə əsərləri baxımından sıxıntı yaşamır. Amma mövzuya daha dərindən yanaşdıqda ciddi problemlərlə üzləşirik. Məsələn, ölkə teatrlarımızın repertuarının ümumi mənzərəsi onu da göstərir ki eyni tərcümə əsərini bir necə teatr təkrar tamaşaya qoyur. Və burada təkrar biliyin aynasıdır anlamına deyil, teatrın passivliyinin aynasıdır anlamına gəlir. Xarici pyeslərin nəşriyyatlarda tərcümə etdirilib nəşr olunmamağı isə "cənab" bazar iqtisadiyyatı ilə bağlıdır. Onlar, yəni nəşriyyatlar populyar nəsr və poeziya əsərlərini qoyub, heç kəsin alıb oxumayacağı pyesləri çap etməzlər.

Tərcümə pyesləri ilə bağlı ən düzgün yol məncə klassik yoldur. Yəni, həmin əsərləri teatrın ədəbi hissə müdiri və ya prodüser mərkəzi seçib bədii şurada razılaşdırıb, tərcüməçiyə verir ki tərcümə etsin( burada sözsüz ki əsəri tamaşaya qoyacaq rejissorun da rəyi vacibdir)”.

Əslində hər şey düzgündür: universiteti bitirən kəs, o cümlədən rejissor dil biliklərinə də yiyələnir. Bəs əgər o belə mükəmməl təhsil alıbsa, ən azı öyrəndiyi dildə əsərlər oxuya biləcək.

Yox əgər...

Onda...

Axı...

Nəsil problemi

Tərcümə işin bir tərəfidir. Axı beş rejissordan ikisinin “yerli dramaturgiya problemi var” dediyi yerdə problemin səbəbləri bu cavab kimi canqurtaran və bəsit deyil, daha dərindədir.

Teatr rejissorları ilə müsahibə və söhbətlərdə onların hansı filmlərə baxması və nə kitabları oxumasını sonda az qala mütləq soruşuram. Və yerli həmyaşıdları olan müəlliflərdən kimləri oxumasını da mütləq soruşuram.

Məlum olur ki böyük əksəriyyəti bu günün yerli ədəbiyyatını o qədər də izləmir, yaşıdı olan gənc və orta yaşlı yazarlardan kimisə tanımır, və onların müasir ədəbiyyat siyahısı Anardan, Elçindən, Əli Əmirlidən bu tərəfə keçmir. Onlar bir-birini az tanıyır. Ayrı-ayrı dünyanın adamları kimidirlər. Məsələ yalnız gənc dramaturqun olub-olmamağında deyil, hər iki sahənin bir-birinə yaxınlaşmasındadır. Bu yadlıq olduqca yazıçı, şair, bəlkə də potensial dramaturq teatra gendən baxacaq, aktyor, rejissor isə hazırlamaq əsəri özü yazacaq. Vəssalam!

# 2430 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #