Kişilərə dur deyin! - Günel Natiqin romanı - Yeddinci hissə

Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Yeddinci hissə
29 iyun 2024
# 10:00

Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının yeddinci hissəsini təqdim edir.

Əvvəli burada

Fotolar keçmiş vaxtların səssiz şahidləri kimi missiyalarını yerinə yetirir, şəkil yaddaşında saxladıqlarını nümayiş etdirirdilər. Begüm o məşum qəzadan sonra onu dünənə bağlayan yaddaş körpüsünü kəsib-doğramağa hazır idi, amma nəsə əlini tutub saxlamış, şəkillərə zərər verməyə qoymamışdı. Bəzən televiziyada çəkilişlərin montajında olurdu, rejissorların hansısa lazımsız anları, sözləri bircə saniyədə ortadan qaldırmasına maraqla baxırdı. Axı yazıya pozu yoxdur deyirlər. Amma demə ki, varmış.

Begüm könülsüz xatırladığı anları həmin montaj aparatı kimi kəsib atacağını xəyal edirdi. Amma onlar təkrar-təkrar qarşısına çıxır, xəyali montajın heç bir işə yaramadığını göstərirdi.
İndi təklik anlarında bu şəkillərə ürək qızdırıb, özünə də etiraf etmədiklərini onlarla bölüşürdü:

“Bax, bu Dübaya səfərimiz vaxtı çəkilib. Ən hündür binanın ən yuxarı mərtəbəsinə necə qalxdığımız yadımdadır. Onun klaustrafobiyası vardı, deyirdi ki, müharibəyə gözüyumulu gedərəm, amma liftə minmərəm. Yüzüncü mərtəbəyə qalxmalı olduğumuzu biləndə liftə minməkdən ayrı əlacı qalmamışdı. Mən bu yekəpər, zəhmli kişinin liftdə necə heykəl kimi donub qalmasını həzz alaraq izləyirdim. Bilirdim ki, ürəyinin döyüntülərinə qulaq kəsilib, ona elə gəlir ki, indicə ürəyi dayanacaq. Liftin qapısı açılanda gözlərinə inanmadı, dönüb mənə elə yazıq- yazıq baxdı ki, uğunub getdim. Bununla da kifayətlənməyib, o andaca şəklini çəkdim. Hər dəfə öz igidliyindən dəm vuranda, həmin şəkli çıxarıb deyirdim: “Mən də elə bilirdim, dağa söykənmişəm, demə dağın bağrı yarılır qorxudan”. Yamanca pərt olurdu. Mən də gülüb onun pərtliyindən həzz alardım.

Bu isə Fransaya səfərimiz vaxtı çəkilib. Muzeydə şəkil çəkdirmək istəyəndə nəzarətçi buna icazə vermədi. Mən dinməzcə telefonu çantama qoyanda, o, əsib gurladı, nəzarətçi ilə kobud danışdı. Vəziyyəti ələ almalı oldum. Nəzakətlə nəzarətçiyə dedim ki, Fransa mədəniyyətinin vurğunu olduğumuzdan eksponatları fotoyaddaşa köçürmək istəyirik, icazə verilmədiyi üçün çox məyusuq. Nəzarətçi gözlənilmədən yumşaldı və bir- iki şəkil çəkməyimizə icazə verdi. O isə sevinmək yerinə: “O adama niyə qaş-göz süzdürdün, ağzın qulağının dibində idi, kişini, az qala, orqazma çatdırdın,” – deyə üstümə düşdü. Nəzakətli davranışın nə demək olduğunu ona başa salmaq üçün çox yaşlı idi. Onun ailəsində qadınlara "yadlarla danışanda gözünün içinə baxmayın, təbəssüm etməyin" kimi cahil fikirlər aşılanmışdı. Ona görə bacıları da adamlarla kobud davranır, sərt cavab verirdilər, elə bilirdilər, ədəbli qız olmağın tərifi budur”.

Fikirlərini qəsdən ərindən yayındırmağa çalışırdı, ona olan hirsinin azaldığını hiss edir, onu bağışlamaqdan qaçmaq, hər halda, vaxtı uzatmaq istəyirdi.

“Bu da Oslo, məşhur tikilinin qarşısı. Nə vaxtsa həmin tikilinin fotosuna baxanda demişdim ki, oranı görmək mənə taleyin böyük lütfü olar. Sonra isə elə dediyim kimi də unutmuşdum. Həmin sözlərimi bir də bir neçə ay sonra yatağımın yanında Osloya iki bilet və romantik sözlər yazılmış kağız parçasını görəndə xatırladım: “Taleyin ən böyük lütfü – sabahı sənin yanında açmaqdır”. Bu sürpriz, doğrudan da, həyatın mənə ən gözəl hədiyyələrindən biri idi”.

Begüm özü də bilmədi təbəssüm necə qondu dodağına. Amma bunu hiss etdi. Bu təbəssüm içini üşüdən kin-küdurəti silib yox etdi, ərini bağışladığının fərqinə vardı. Qapısına gəlib onu öz günahlarına ortaq edən hikkəli qadın Bellanın hədsizliyini də bağışladı. Hətta ona və uşaqlarına baş çəkmək keçdi içindən. Düşündü ki, bəlkə də, elə sabah başqa cür düşünəcək, həmin qadına qarşı nifrəti yenidən oyanacaq. Bəs tapança? Axı o qadını öldürmək fikri yox idi... O qadın zavallının biriydi. Ərindən yarımayan, məşuqu öldürülən bədbəxt bir qadındı. Bədbəxtlərə isə ancaq mərhəmət duymaq lazımdır. Əsl kraliça kimi...
Dilavərlə müqayisədə əri gözündə böyümüşdü. Qadın hər şeyi bağışlayır, amma laqeydliyi əsla. Ərinin həyatında başqa qadınlar olduğu vaxtlarda da Begümə olan vurğunluğu azalmamışdı. Onun nəzərində Begüm öz kraliça tacını heç kimə verməmişdi. Onun gəzdiyi qadınlar olsa-olsa hökmdar cariyələri ola bilərdi, amma heç vaxt ürəyinin kraliçası statusuna yüksələ bilməzdi.
Dilavər isə ona pərəstiş etməkdən vaz keçmişdi. İlk dəfə bunu Bellanın onun evinin kandarında durub, bütün düşündüklərini üzünə söylədiyi vaxt hiss etmişdi. Görünür, onda Dilavər ilk dəfə özünü Begümün qurbanı kimi hiss etmişdi. Ondan sonra münasibətlərindəki soyuqluğu heç saxta nəvazişlə də ört-basdır etməyə cəhd göstərməmişdi. Begümü hər şeydən artıq bu qıcıqlandırırdı. Halbuki onun “Əri” hisslərinin necə olub-olmadığından asılı olmayaraq, öz kraliçasına həmişə pərəstiş etməliydi.

İlk dəfə idi ki, Begüm özünü atılmış, unudulmuş hiss edirdi. Unudulandan sonra, doğrudan da, qadından heç nə qalmırmış. Hətta Begüm kimi özünə güvənən qadından da. Özünə inamını qaytarmağın isə yalnız bir yolu vardı...
... ... ...
Parfüm mağazasına girəndə, şüşədə əks olunan görkəmindən Nihal özü də hürkdü. Paltosunun yaxası açıqdı, dağınıq saçları üzünə tökülmüşdü. Yəqin ki, belə pərişan görkəmdə olan bir qadının yadına parfüm düşməz. Nihalın isə ehtiyacı vardı bu qoxulara. Çünki xatırlamaq istəyirdi.

“Bu “Şanel”dir, ikinci görüşümüzdə almışdı. Mənsə daha sadə qoxusu olan parfümləri sevdiyimi demişdim. O da "əsl qadının qoxusu xüsusi olmalıdır" deyə öz seçiminin üstündə durmuşdu. Onun uzaqlaşdığını hiss edəndə bir neçə il dalbadal "Şanel" aldım, amma sonra anladım ki, qoxu ancaq xatırlamaq üçündür, kişini geri qaytarmaq üçün deyil”.
– Xanım, "Şanel"i alırsınızsa, paket bağlatdıraq, – satıcı qız yaxınlaşıb dedi.
– Yox, almıram, eləcə qoxusuna baxmaq istəmişdim.
– Bu originaldır, arxayın ola bilərsiniz. Sertifikatı da var.
– Şübhəm yoxdur, amma almaq istəmirəm. Bu qədər xatırlamaq bəsim idi.

Satıcı qızın təəccüblü baxışları altında mağazadan çıxdı. “Sahil tərəfdə bir kafe var, təzə evləndiyimiz vaxtlarda tez-tez ora gedərdik, soyuq qış axşamlarında isti kaminin yanında baş-başa oturar, bir-birimizi ürəyimizlə qızdırardıq. Onda sevirdi məni. Hə, sevirdi. Əllərimi əlinə alıb dodaqlarına, sonra üzünə yaxınlaşdırardı, sonra da köksünə sıxardı”.

Avtobusla getməyə hövsələsi çatmadı, əl edib taksi saxladı. Yolboyu yaşlı sürücü yollardan şikayət etdikcə fikirləşdi ki, hər kəsin dərdi özünə uzun, böyük, nəhayətsiz, ağır yol kimi görünür.
Bu da həmin o narıncı bina. Yol tanımaq instinkti elə əzəldən yoxdu. Narıncı binadan iki tin aşağıda yerləşirdi “İzmir” kafesi. Onların ikisinin kafesi. İki nəfər üçün kafe... Elə bildi ki, indi Dilavər qarşısına yeriyib “Gözəlim, gəldin?” deyəcək...

Bir qız uşağı qabağına yüyürdü.
– Xala, xala, burda bir qızın ürəyi gedib, kömək elə də, nolar...
– Harda, hardadı?
– Orda, ağacların altında... Mənimlə danışdı, birdən gözləri yumuldu, yıxıldı. Heç kim yoxdu yanında, sən yanında durarsan? Tək qalsa, ölər xala, yazıqdı.
– Gedək, qızım, qorxma, biz ona kömək edərik.
Parkın qurtaracağında qırmızı bir rəng gözə batırdı. Ötəri baxan hansısa bir çiçəyə bənzədərdi. Nihala nədənsə bu mənzərə lalənin bağrından qopan qəmli hekayəti xatırlatdı. Elə bil kimsə nəyisə çox yaxşı unutmaq istəmişdi. Huşunu itirmiş bu kürən saçlı, qırmızı gödəkcəli gənc qız, görəsən, nəyi unutmaq istəmişdi?
... ... ...
Gül vannası Begümün əhvalını yerinə gətirdi, çoxdan unudulmuş caz musiqisini zümzümə edə-edə dolabı açıb geyinəcəyi paltarı seçdi. Uzun, yaxası açıq yaşıl paltar və qısa cins gödəkcə bugünkü obrazını tamamlayacaqdı. Saçlarını yuxarıda sancaqladı, telləri qıvrılaraq üzünü gözəl bir rəsm kimi çərçivəyə aldı.

Bədənnüma güzgüdə özünə kənardan baxdı. 45 yaş? Yox, canım, ən yuxarısı 35 yaş vermək olar. Həm də gözəl qadınlar şampan şərabı kimidir, vaxt keçdikcə dəyəri artır. Dilavər bu sözləri deməkdən xoşhallanırdı. Begümə elə gəlirdi ki, bu sözləri onun üçün yox, özüyçün deyir. Çünki belə deyəndə ehtizaza gəlirdi. Hə, Dilavər, deyəsən, bütün hallarda özünü düşünürdü. Ona "Günəşim" deyəndə də niyyəti vardı, özünü günəşin isti və rahatladıcı şəfəqləri altında hiss etmək istəyirdi.

Dünən Vasili ilə gecəni keçirdiyi oteldə də eyni şeyi düşünmüşdü, xüsusilə, yuxuya gedəndə. Vasili "dostluğa" sadiq olduğunu sübut edərkən ondan da eyni şeyi istəmişdi. Kişilərin fürsətçi olduğunu naz-qəmzəylə vurğulayan Begüm razılaşmış və demişdi ki, bu əlaqəni bir növ “eksperiment” kimi gördüyü üçün bunu edir.

Vasili ona qarşı olduqca incə davranmışdı, ya da Dilavərlə müqayisədə bütün kişilər ona nəcib təsir bağışlayırdı.

Əsas məsələ isə fikrindən çıxmırdı. Səhər “Ərim”ə zəng edib onunla görüşmək istədiyini demişdi. Əlbəttə ki, həmişəki yerdə. Sevimli kübar məkanda. Begüm hər hansı bir yerdə nahar edə bilməzdi.

Ofisiantlardan tutmuş süfrədəki qab-qacağa qədər hər şey son dərəcə şux və cazibəli olmalıydı.

Əvvəllər restorana gedəndə Dilavər onun nəzərlərini gənc və yaraşıqlı ofisiantların üzündə tutub yüngülcə əsəbiləşirdi, Begüm isə bundan həzz alırdı. Həyat hər şeydən həzz ala bilməyi öyrətmişdi ona. Dilavərin bir az kobud cizgiləri olan üzünə baxanda da bu sərtlikdə şəhvət oyadan bir şey tapırdı. “Ərim”, yəqin ki, bunu duymamış deyildi, çünki Begüm siqaretinin xəfif dumanı arxasından uzun-uzadı onu seyr edəndə, özünü məşğul göstərirdi.

Begüm maşınını narıncı binanın yanında saxladı. Kafenin qabağında maşınlar həddən ziyadə olurdu, orda avtomobili park etmək mümkün deyildi. Bir dəfə park edəndə, qadın sürücünün avtomobilini yüngülcə cızmışdı. Qadın gecə barında oxuyan müğənni idi, ona ağzını açmağa imkan verməyib, dişinin dibindən çıxanı demişdi. Begüm aradakı on saniyəlik pauzadan istifadə edib maşının təmir haqqını artıqlamasilə ödəyəcəyinə söz verdikdən sonra zərərçəkən sakitləşmişdi. Sonra bir neçə dəfə həmin bar müğənnisi Begümə zəng etmişdi, məlum olmuşdu ki, qadın lesbiyandır və özünə həyat yoldaşı axtarır. Elə bir həyat yoldaşı ki, ona güvənə bilsin, aldanmasın. Bu sözləri, adətən, kişilərdən eşitmiş Begüm o qədər təəccüblənmişdi ki, bir neçə saniyə deməyə söz tapmayıb handan-hana “xahiş edirəm, mənə zəng etməyin, sizi maraqlandıran bir insan burda yoxdur, əmin ola bilərsiniz” demişdi. Axşam bu məsələni Dilavərə danışdığına peşman olmuşdu, adam həyatının ən gülməli əhvalatını eşitmiş kimi gözləri yaşarana qədər gülmüşdü: “Qadın əməlli-başlı aşiq olub, yazığı məyus etmisən, məhəbbət oxu daşa dəyib”. Sonra marağı daha da dərinləşmişdi: "Görəsən, lesbiyan məhəbbəti necə olur? Bura bax, Begüm, bəlkə, gedib görüşəsən? Nə olacaq ki? Qadındır da, kişi deyil ki”. Begüm ikrahla dodağını büzmüşdü: “Kişi olsaydı, bəlkə də, görüşərdim, ancaq qadın...” Dilavər gülməyini kəsmişdi: “Necə yəni kişiylə görüşərdin? Ciddi deyirsən?” Begümün dodaqlarında şirin və cazibədar təbəssüm oynamış və Dilavərə xoş bir istilik ötürmüşdü. “Yəni ancaq kişi mənə sahib ola bilər. Qüvvətli kişi”. “Yəni mən?” Begüm ona baxıb sirli təbəssüm atmışdı. “Hə, sən”.

Dilavər onların sevimli yerində əyləşmişdi. Begümü görcək ayağa durub ona doğru bir-iki addım atdı. Stulunu çəkdi, əlindən tutub əyləşdirdi. Üst-başının bir az dağınıq olması Begümün gözündən qaçmadı.
– Doğrusu, zəng edib görüşə çağırmağın məni bir az çaşdırdı...
– Niyə? – Begüm çəhrayı dodaqlarını büzdü. Belədə çox sevimli göründüyünü bilirdi.
– Sonuncu dəfə məni, az qala, evindən qovmuşdun. Fikirləşirdim ki, məni ömrün boyu görmək istəməzsən.
– Doğrudan da, istəmirdim. Amma dünən bir mahnını zümzümə edirdim... Bir vaxtlar oxuduğumu...
– Hansını? “Bir sən vardın, bir də sənin gülüşün..."
– Hə, dayan oxuyum.

Bir sən vardın, bir də sənin gülüşün

Bax, “gülüşün vardı” deyirəm

Və tam burda ağlayıram.

Begüm oxuduqca mimikaları mahnının ritminə və sözlərinə uyğun olaraq dəyişir, daha da cəlbedici görünürdü. Aradakı soyuqluğa baxmayaraq Dilavərin könlündən onun dodaqlarından bərk-bərk öpmək keçdi.
– Gözəldir...
– Bu ifanı səndən yaxşı anlayan olmamışdı. Bu mahnını oxuyanda sənin haldan-hala düşməyini unuda bilmirəm. O hissiyyatına görə bağışladım səni.
– Niyə bağışladın? Günahımı demədin axı. – Dilavər siqaret götürdü. – Çəkirsən?
– Hə.

Dilavər hər ikisinin siqaretini yandırıb bir qüllab vurdu, başını arxaya atıb diqqətlə Begümü süzdü:
– Qəşəngləşmisən. Məni evdən qovmağın düşüb sənə.
– Qadnlar şampan şərabi kimidir, vaxt keçdikcə...
– Dəyəri artır. Hə, mən demişdim bunu. Amma bütün qadınlar deyil, bəzi qadınlar... sənin kimi. Səninlə yaşamaq bayram kimidir.
– Amma adam hər gün bayram havası yaşamaq istəmir, elə deyil?
– Niyə belə dedin ki?
– Ayrıldığımıza görə deyirəm.
– Sən məndən ayrıldın, mən yox. Bilmirəm, kimə qısqandın məni?
– Qısqanclıq! Ha-ha! Bu hiss mənə yaddır, əzizim, – Begüm uzun dırnaqlı barmaqlarını piano dilləri kimi stolun üstündə gəzdirdi. – Ərim məni başqa qadına dəyişə bilməz, çünki məndən üstün qadın yoxdur.
– Sən əvvəllər özündən belə razı deyildin, Begüm. Düzdür, həmişə özünə əmin idin, amma...
– Həyat təcrübəsi özümə olan istəyimi artırır, belə deyək.
– Yaxşı, bəs niyə qovdun məni?

Ofisiant məcməyi ilə onlara yaxınlaşdı:
– Buyurun, xanım, alman çayınız. Bəy, sizin də pürrəngi çayınız...
– Mənim incə düşüncəli “Ərim”! Sevdiklərimi unutmamısan... Alman çayı...
– Bir dəfə alman çayını adi çayla əvəz etdiyimə görə üç gün özünə yaxın buraxmadın məni, Begüm. Bunu unutmaq olar?
– Həyatdan dərs çıxarırsınız, cənab... “Ərim”...
– Mənə hələ “Ərim” deməyin xoşuma gəlir.
– Başqa şeylər də xoşuna gələcək...

Dilavər çayını süzməkdən bir anlığa əl saxladı. Begüm onun əl hərəkətinə diqqət kəsilərək:
– Harda görüşürük?– deyə sözünə davam etdi.
– Ciddi deyirsən? Zarafat eləmirsən ki? Anakondaya etibar edirsən yəni?
– Anakonda sincabı yumalayır və udur... Bu metafora hardan ağlına gəlmişdi?
– Səni arzulamaq istəyindən... Kişilər belə qadınlara biganə qala bilmir. Heç bir halda.
– Hələ də biganə qala bilmirsən, hə? Düzünü de. – Begüm əlini onun əlinin üstünə qoydu.

Dilavər onun şümşad barmaqlarını dodaqlarına yaxınlaşdırıb ehmalca öpdü.
– Alman çayın, əzizim, soyutmayaq.
– Sənin üçün darıxmışam.
– Doğrudan darıxmısan? Nə cür?
– Bax bu cür darıxmışam...

Bir sən vardın, bir də sənin gülüşün,

Bax, gülüşün vardı deyirəm,

Və tam burda

Ağlayıram.

Telefon zəngi Begümün səsini üstələyəndə, Dilavər cavab verməyə məcbur oldu:
– Nə vaxt? Ola bilməz! İndi gəlirəm!

Begüm alman çayının başgicəlləndirici tamının həzzinə daldı. Dilavərin səsi hardasa uzaqlarda qulaqlarında cingildədi.
– Begüm, getməliyəm, nə oldu deyə soruşma, mən sənə zəng vuracam, yaxşı?
– Məni burda qoyub gedirsən? Heç etik deyil.
– Begüm, haqlısan, səni burda qoyub getmək doğru deyil, amma sənə özümü əfv etdirəcəm. Pulun var?
– Artıq pulun heç vaxt ziyanı yoxdur.
– Üstümdə 300 manat var, 200-ü sənin olsun, görüşəndə mütləq əvəzini çıxacam.
– Mənzilinin yerini və nömrəsini demədin...
– ... küçəsi, 37-ci mənzil.
– Aha. Bütün kişilər 37-də güllələndi...
– Hamısı deyil, hələ qalıb, özün görəcəksən, – Dilavər zarafatla dedi, – gəlməmişdən əvvəl zəng edəcəyini bilirəm, çünki sən əsl kraliçalar kimi qarşılanmağı sevirsən. Mən də bunu sevirəm. Səni özünə layiq qarşılamağı.

Dilavər çıxdıqdan sonra Begüm stolun üstündəki pulları iyrənirmiş kimi barmaqlarının ucunda götürüb çantasına qoydu. Əslində, bir az da oturmaq, düşünmək niyyətindəydi. Həm də alman çayını içməmiş durmaq istəmirdi.

Kafedən çıxanda noyabr havasına uyğun geyinmədiyinin fərqinə vardı, gödəkcəsinin yaxalığını qaldırıb avtomobilinə tərəf getdi.
... ... ...
Kürən saçlı qızı özünə gətirmək mümkün olmadı, görünür, problem daha ciddi idi. Nihal təcili yardıma zəng edib ünvanı dedi. Qızcığaz qorxmuş gözlərlə gah ona, gah da bayılmış qıza baxırdı.
– Qızım, sən bu xalanı tanıyırsan? – Nihal üzünü uşağa tutdu.
– Yox, tanımıram. Mən parka yelləncəyə minməyə gəlirəm. Anamla. O, balaca qardaşımı ayaqyoluna apardı, o getdikdən bir az sonra bu balaca xala gəldi.
– Yıxıldığını gördün?
– Gördüm, xala. Yaxşı ki, otluğun üstünə düşdü.
– Yaxınlıqda heç kim yox idi?
– Bu vaxtlar burda adam az olur. Gün batandan sonra gəlirlər. – Sonra kürən saçlı qıza baxa-baxa, – Xala, sizcə o ölməz ki? – dedi.
– Yox, qızım. Həkim indi gələcək. Amma gərək onu tərpətməyək. Yoxsa zərər vermiş olarıq.
– Tərpətməyək, xala. Qızı ölüb, özü ölməsin, yazıqdır.
– Qızı ölüb? Amma sən onu tanımadığını dedin.
– Özü dedi.
– Nə dedi?
– Dedi ki, mənim də sənin kimi qızım vardı, amma öldürdüm onu.
– Aman Allah. Bəlkə, səhv başa düşmüsən?
– Mən dərslərimi əzbər bilirəm, heç nəyi səhv salmıram, – uşaq incidi.

Nihal bayılmış qızı diqqətlə gözdən keçirdi. Çox gənc idi, 20 yaşı ancaq olardı. Görəsən, nə baş verib ki, bu gənc yaşında övlad faciəsi yaşayıb?
– Xala, sən bu balaca xalanın yanında dur, mən yelləncəyə gedim... – uşaq onu fikirdən ayırdı.
– Yaxşı, qızım, get, mən burdayam.
– Sağ ol, xala. Heç yerə getmə ha. Xala ölər birdən.

Uşaq gedəndən sonra təcili yardıma bir də zəng etdi. Artıq maşının yola çıxdığını, yaxın dəqiqələrdə gəlib çatacağını bildirdilər. Nihal köks ötürdü. Kaş ki vaxtında qızın dadına yetişəydilər. Ehmalca qıza yaxınlaşdı, kürən tellərini hamarladı, əlini onun solğun üzünə çəkdi. Qız qımıldandı, göz qapaqlarını, daş asılmış kimi, ağır-ağır qaldırdı.
– Ona kömək edin, yalvarıram, – dedi.
– Şükür, özünə gəldin. – Nihal sevindi. – Narahat olma, təcili yardım indicə gələcək, səni qurtaracaqlar.
– Məni deyil, onu qurtarsınlar... yalvarıram.
– Kimi?

Qız susdu, göz qapaqları yenidən örtüldü.
– Adın nədir? Məni eşidirsən? Özünü necə hiss edirsən? Bir şey de, xahiş edirəm.

Qızdan səs-səmir çıxmadığını görən Nihal qorxuya düşdü. “Əgər geciksək, onun həyatını qurtara bilməyəcəyik, köməyə adam çağırmalıyam”. Ətrafda heç kim yox idi, lap uzaqda tək-tük adamlar gözə dəyirdi. Parkın çıxışına doğru irəlilədi, qızın həyatının saniyələrdən asılı olduğunu düşünəndə qaçmağa başladı. Nəhayət, parkın çıxışına çatıb yola tərəf addımladı. Qabağa qaçmağıyla sağdan avtomobilin görünməsi bir oldu. Nihal yerə yıxılanda: “Qıza kömək edə bilmədim,” – deyə fikrindən keçirdi.

Begüm avtomobilini işə salanda, Dilavərin restorandakı hərəkətlərini, sözlərini beynində çək-çevir edirdi. Adam əzgin görünürdü, elə bil doyunca yatıb yuxusunu almamışdı. Begüm onun evdə probleminin olması barədə düşünmürdü, çünki Dilavəri ancaq öz baxış bucağından görürdü. Onun olduğu yerdə idi Dilavər. Onu başqa bir yerdə, başqa bir qadının yatağında təsəvvür etmək ağlına da gəlmirdi.
Gendən bir qadın hövlnak yola çıxdı. Begümün reaksiyası güclü olduğundan maşını dərhal saxladı. Bəlkə də, gecikmişdi, çünki qadın maşına dəyib yerə yıxıldı.
Begüm avtomobildən düşməzdən əvvəl qeyri-ixtiyari güzgüdə özünə baxdı, saçlarını qaydaya saldı. Maşınla vurduğu (hərçənd, buna əmin deyildi) qadın yerə çökmüşdü. Bir-iki nəfər kənardan hadisəni görüb onlara yaxınlaşdı. “İndi polis çağıracaqlar”, – Begüm düşündü.
– Xanım, yaxşısız? – Begüm qadına tərəf əyildi, – məncə, avtomobilim sizə toxunmadı, görünür, havası sizi vurdu.
Qadın gözlərini açıb ona baxdı. Sadə görkəmi vardı, saçları pərişan halda üzünə dağılmışdı. “Bir az səliqəli ola bilərdi”, – Begüm düşündü.
– Günah məndədir, ehtiyatlı olmalıydım, – qadın zəif səslə dedi, – sizi də əziyyətə saldım.
– Ay bacı, incimə, amma bir damcı ağlın yoxdur, səni bu xanım vurub belə hala salıb, sənsə ona dil-ağız edirsən, – hadisəni kənardan seyr edən bir kişi dilləndi.
– Mənim arvadım olsaydı, indi vay-şivən salıb polisləri bura tökmüşdü, – kepkalı başqa kişi söhbətə qoşuldu.
– Polisə ehtiyac yoxdur, mən hər şeyi həll edərəm, – Begüm cəld dilləndi, – xanım, gəlin mənimlə, sizi xəstəxanaya aparıb bütün yoxlamalardan keçirəcəyəm.
– Xəstəxana... – qadın sanki nəyisə yadına salmağa çalışdı, – xəstəxanaya o qız getməlidir, parkdakı qız, onun halı çox pisdir, lütfən ona kömək edin.
Begüm hansı qızdan söhbət getdiyini anlamağa çalışarkən, təcili yardım maşını gəlib çıxdı.
– Mən yaxşıyam, siz parkdakı qıza kömək edin, sizi elə mən çağırmışam, o qızın halı pisdir, huşu özündə deyil, – Nihal ona kömək etməyə çalışan tibb işçilərinə dedi. Qızın olduğu yeri izah edəndən sonra sakitləşib bir az özünə gəldi, deyəsən, zədələnmiş ayağı da elə indi yadına düşdü, ufuldadı.
– Mən də sizi xəstəxanaya aparacağam, – Begüm dedi. – Gəlin, mən sizə kömək edərəm.
Nihal yavaş-yavaş ayağa qalxdı, parkdakı qızın təcili yardımla aparıldığına əmin olandan sonra Begümün avtomobilinə oturdu.
– İnşallah, qız sağ-salamatdır, – avtomobil yola düşəndən sonra Nihal dedi, – hələ o qədər gəncdir ki...
– Siz onu ürəyinizə salmayın, özünüz haqqında düşünün. Əgər elə təlaşlı olmasaydınız, bu hadisə də baş verməzdi. Yəqin ki, həyəcandan irəli atılmısınız, – həyatın gözəlliyi haqqında caz mahnısını zümzümə edən Begüm bu sözləri də musiqinin ahənginə uyğun söylədi.
– Hə, birdən canıma qorxuma düşdü, mənə elə gəldi ki, gözümün qabağındaca qız ölüb gedəcək. Köməyə adam çağırmağa qaçdım.
– Axı onsuz da təcili yardım çağırmışdınız, elədir?
– Çağırmışdım, amma hər saniyənin öz hökmü var.
– Kaş ki, bir az səbrli olub, təcili yardımın gəlməyini gözləyərdiniz, – Begüm güzgüdən Nihalı ehmalca gözdən keçirərək dedi; qadının çöhrəsindəki zərif cizgilər bir vaxtlar çox gözəl olduğundan xəbər verirdi. – Maşını vaxtında saxlamasaydım, hər şey daha pis qurtara bilərdi.
– Çox sağ olun, – Nihal dil-ağız elədi, – sizi də işə saldım. Getdiyiniz yerdə qaratikan kolu kimi yolunuzun üstündə bitdim.
– Onda bir-birimizin yolunda qaratikan olduğumuzu qəbul edək və məsələ bağlansın, – Begüm güldü.

Nihal gülümsədi. Düşündü ki, bu qadın gözəl və mehribandı, yaxşı aurası var, sözləri isə məlhəm kimi təsir edir.

Xəstəxanada Nihala yardım göstərib palataya ötürdülər. Begüm onun bir gün xəstəxanada qalması üçün israr etdi.
– Uşağı evdə tək qoya bilmərəm, cəmi altı yaşı var, – Nihal xəstəxanada qalmaqdan boyun qaçırmaq istədi.
– Bunu dərd etməyin, bir gün də atası onun qayğısına qalar, – Begüm onu dilə tutdu. – Həkim dedi ki, bir gün nəzarət altında qalsanız, xeyrinizə olar.
– Atası... evdə yoxdur... Ezamiyyətə gedib...
– Onda yaxın qohumlarınızdan kimsə yanında qala bilər, elədir? – Begüm təkid etdi.

Bir neçə gün öncə saytda oxuduğu üzücü xəbəri xatırlamışdı. Yüngül qəza keçirmiş cavan oğlanın daxili orqanlarının zədələndiyindən şübhələnməyən həkimlər ona ilkin yardım göstərib evə buraxmışdılar, oğlan isə bir neçə gün sonra dünyasını dəyişmişdi. Nihalı qorxutmamaq üçün bunu ona demədi.
– Əgər burda qalsanız, mənim də ürəyim rahat olar.
– Əgər sizin ürəyiniz rahat olacaqsa, qalmağa etiraz etmirəm. Oğlumu isə Naraya tapşıraram, məktəbdən götürüb öz evinə aparar.
– Nara bacınızdır?
– Rəfiqəmdir. Bir məktəbdə oxumuşuq, uzun illərdən sonra yenidən rastlaşmışıq. Düzdür, ərim onunla dostluq etməyimə qarşıdır, amma...
– Nəyə görə?
– Hmm... – Nihal istəmədən ağzından qaçırdığı sözlərə görə peşmançılıq keçirdi, – yoldaşım istəyir ki, bütün vaxtımı yalnız ona və oğlumuza ayırım.
– Kişilərin eqoistliyi qadınların yalqız və bədbəxt olmasına gətirib çıxarır, –Begüm dedi. – Bu sözlərim sizə aid deyil, bəlkə də, siz çox xoşbəxtsiniz, amma dostları, şəxsi həyatı olmayan bir qadının necə xoşbəxt olduğunu təsəvvür edə bilmirəm.
– Əslində, mənə ondan başqa heç kim lazım deyil, yanımda olsun, mənə yetər.
– O yanınızda olmayanda özünüzü tək hiss eləyirsiniz?
– Yalnız tək deyil, həm də bədbəxt. Bayaq dediyiniz kimi.
– Görürsünüz, siz həyatınızı onun üzərində qurmusunuz, yanınızda olmayanda da nə edəcəyinizi bilmirsiniz. Öz yolu olmayan yalnız başqasının getmək istədiyi qədər gedər.
– Öz yolu olmayan... Əslində, haqlısız. Mən həyatımı düzgün qurmadım. Bəlkə də, ətrafımda sizin kimi ağıllı qadınlar olmadı ki, mənə yol göstərsin.
– İndiyə qədər yanınızda deyildim, amma bundan sonra sizə məsləhət verə bilərəm.
– Çox sağ olun... Heç adınızı bilmirəm...
– Begüm. Siz?
– Nihal.
– Çox şad oldum, – Begüm əlini uzatdı.

Nihal onun manikürlü qəşəng barmaqlarına baxıb, çəkinə-çəkinə əlini uzatdı. Manikürünü, adətən, özü eləyirdi, onsuz da, dırnaqları qısa idi və nə illah etsə də (yəqin ki, bütün gün ev işlərilə əlləşdiyindən) uzanmırdı.
– Mən də şad oldum, Begüm xanım. Görəsən, qızın halı necə oldu? Bayaq tibb bacısı dedi ki, qorxulu bir şey yoxdur. Amma yenə də nigaranam...
... ... ...
Ayla özünə gələndə xəstəxana palatasındaydı. Ağxalatlı qadın qonşu çarpayıdakı xəstəyə iynə vururdu. “Mən hardayam? Xəstəxana palatasıdı. Qəribədir, bura nə vaxt və necə düşmüşəm? Hansı ilin, hansı ayın, hansı günündə?”
– Məni bura kim gətirdi? – üzünü ağxalatlı qadına tutub soruşdu.

Qadın cavab vermədi, xəstəylə işini qurtarandan sonra Aylaya yaxın gəlib yavaşca:
– Həkim özü gəlib sizinlə danışar, – dedi. – Ölümdən qurtardınız, onu deyə bilərəm.
– Bu gün ayın neçəsidir, barı onu deyin.
– 5 noyabr.
“5 noyabr. Aksiyaya 10 gün var. Bircə həmin günə qədər problem olmasın. Bəs bura necə düşmüşəm?” Ayla yalnız indi xatırladı: burnunun ucunda pensne olan kişini, onun "prosesi sürətləndirmək"lə bağlı dediyi müəmmalı sözləri, iynə vurulandan sonra halının dəyişməsini, balaca qızın ona kömək etməsini, özünün "mən uşağımı öldürdüm" deyə içində ağlamasını... Əlini qarnına apardı, "qızım" dedi ilk dəfə.

"Qızım, bağışla, məni".
– Qızım, yaxşısan? – palataya girən həkim ilk əvvəl ona yaxınlaşdı.
– Bir az ürəyim bulanır. Mən... onu itirdim?
– Yox, narahat olma, uşaq sağ-salamatdır. Qan analizindən sonra daha dəqiq cavab veriləcək.
Ayla sevincindən hönkürməmək üçün özünü güclə saxladı. "Bu xəbərin nə vaxtsa məni ağladacağını bilməzdim. Analıq hissi dedikləri yəqin ki, budur”.
– İndi isə danış görək, başına nə gəlib.
Ayla danışdı. Həkim başını tutdu:
– O adam həkim deyil, dələduzdur, mən bu haqda polisə xəbər verəcəyəm... Sən isə bu gün də xəstəxanada qalacaqsan. Əgər bu gün ağırlaşma olmasa, sabahdan normal həyata qayıda bilərsən.
– Uşaqla bağlı problem yoxdur, eləmi?
– Uşaq gördüyümüz qədər, yaxşıdır. Mübarizlikdə kimə oxşayır? – həkim pasiyentinin kefini açmaq üçün yüngülcə zərafat etdi.
– Yəqin ki, mənə. Atasının mübariz olduğunu güman etmirəm. Əks halda...
– Anladım. Mənə hesabat verməyə borclu deyilsən. İndi isə yat, dincəl. Hə, bir də nə deyəcəm... Sənin həyatını qurtaran qadınla tanış olmaq istəyirsən?
– Əlbəttə, o kimdi?
– Bir cavan xanım. Təcili yardıma zəng edib, sənin haqqında məlumat verib. Düzdür, o özü də xəstəxanaya düşüb...
– Nə üçün?
– Sənin həyatın üçün təlaşlanıb, köməyə adam çağırmağa qaçarkən maşın vurub onu. – Aylanın gözlərindəki qorxu ifadəsini görüb, tez də əlavə etdi: – Narahat olma, qorxulu bir şey yoxdur, bir balaca ayağı zədələnib.
– Ümid edirəm ki, doğrudan da, ciddi bir şey yoxdur. Yoxsa vicdan əzabı mənə rahatlıq verməz.
– Doğrudan, ciddi bir şey yoxdur. Onu vuran xanım xəstəni öz avtomobilində bura gətirib. Yeri gəlmişkən, sizi elə bir palatada da yerləşdirə bilərik.
– Deyirsiniz, ayağı əzilib. Bir palatada qalsaq, mən də ona əlimdən gələn köməyi edərəm, ağrısını yüngülləşdirərəm.
– Sən hələ öz başının çarəsinə bax. Yataqdan çox qalxma, başın fırlana bilər. Yaxınlarına hələ deməmişik, üstündə sənədin yox idi. Kimə xəbər edək?
– Hmm... Heç kimə. Anamın bilməsini isə heç istəmirəm.
– Hə, başa düşürəm. Nə isə, bütün bunlar haqqında düşünmə. Dincəl, bir azdan yenə gəlib baş çəkəcəm.

Ayla gözlərini yumdu və dibsiz bir dərinliyə düşdü. Boyu kiçildi, lap "Alisa möcüzələr diyarında"kı Alisa kimi. Amma bu başqa bir Ayla idi, öz kiçilmiş boyuna tamaşa edirdi. Balaca Ayla dibsiz dərinlikdə vurnuxur, yol arayırdı. Amma nə yuxarı çıxa bilir, nə də dərinliyə düşüb, ayaqlarını yerə basa bilirdi. Bir azdan Dilavər gəldi. O, normal boyda idi. Yuxarıdan Aylaya baxdı, baxdı və çevrilib getmək istəyəndə, Ayla onu səslədi. Dilavər döndü, amma onu görmədən (ya da görmək istəmədən) yan-yörəsinə baxdı. Ayla bir də səslədi. Dilavər bu dəfə ona baxdı, amma bu baxışlardakı təkəbbür Aylanı iliklərinə kimi sarsıtdı. Dilavəri heç vaxt elə yüksəkdə görməmişdi – heç bir kişini elə yüksəkdə görməmişdi. Dilavər Aylaya öz yerini göstərməsindən məmnun görünürdü. Ayla bu yerlə barışmaq istəmir, əllərini yelləyir, nə isə deməyə çalışırdı, amma Dilavərin yüksəkliyinə bu sözlər gedib çatmırdı. Ayla indiyə qədərki mübarizəsinin hədər yerə olduğunu anladı. Bütün savaşı boşa getmişdi. Bunun baiskarı isə Dilavər idi. Daha Ayla heç bir şəkildə bərabərliyə iddia edə bilməzdi, onun dibsiz dərinlikdəki yeri buna artıq yol verməzdi. Bu, feminist qadın üçün ölümə bərabər rüsvayçılıq idi və bunu yalnız bir yolla yumaq olardı...
Bu fikir onun böyüməyinə və dibsiz dərinlikdən çıxmağına səbəb oldu. Hətta yuxunun sərhədlərini də aşıb, onu xəstəxana palatasına geri gətirdi. Yuxudan oyananda iki qadının söhbəti qulaqlarında səsləndi:
– Nihal, baxın, siz bu çarpayıda yatarsınız, həm səliqəli yataqdır, həm də bu gənc qızın, gərək ki, adı Ayla idi, yaxınında olarsınız.
– Begüm xanım, sizə o qədər minnətdaram ki. Məni tək buraxmadınız. Mənə bacı kimi yaxın oldunuz.
– Nihal, əzizim, bu mənim borcumdur, ən azı ona görə ki, sizi vuran maşını mən idarə edirdim... Şikayətçi olmadığınız üçün mən sizə minnətdaram.

Qadınlar xeyli astadan danışsalar da, ətrafdakı qulaqdeşən səssizlikdə bütün səslər eşidilirdi. Gözlərini açıb baxdı. Demək, onun həyatını qurtaran – ortaboy, dolubədənli olandır, yanındakı zərif, ucaboy qadın isə maşınıyla ona zərər yetirən.
– Xanımlar, –Ayla zəif səslə dilləndi, – sizə necə əziyyət verdiyimi bilirəm. Sizə narahatlıq yaşatdım, bağışlayın məni.
– Oyandı! Şükürlər olsun! – Nihal ayağının ağrısını unudub qeyri-ixtiyari Aylaya tərəf addım atdı.

Begüm cəld tərpənib onun qolundan tutdu və ehtiyatlı olması üçün işarə etdi.
– Səni parkda huşsuz halda görəndə çox qorxdum, – Nihal dedi, – rəngin ağappaq ağarmışdı. Öz-özümə dedim ki, deyəsən, bu qıza artıq kömək edə bilməyəcəyik.
– Dərmanların təsirindən olub, – Ayla qurumuş dodaqlarını yaladı. – Həkim dedi ki, mən ölə bilərdim, ən pisi isə... onu itirə bilərdim.

Nihal parkdakı balaca qızın sözlərini xatırladı. “Xala dedi ki, o öz uşağını öldürüb”.
– Onu, yəni kimi? Sən...
– Mən hamiləyəm, – Ayla dedi.

Nihal duruxdu. Qız lap gənc idi, 18-19 yaşı ancaq olardı. Parkda qızın keşiyini çəkəndə, onun huşunu itirməsinə nəyin səbəb olacağını unamamışdı, hamilə olduğu isə ağlının ucundan belə keçməmişdi. “Yaxşı ki, vaxtında təcili yardımı çağırmışam, yoxsa gənc ananın da, uşağın da başına nələr gələ bilərdi, Allah bilir”, – deyə ürəyindən keçirdi. Nəvazişlə onun qolunu sığalladı.
– Şükür ki, uşağa heç nə olmayıb. Hamilə vaxtı qəfil mən də huşumu itirmişdim, yaxşı ki, evdə tək deyildim. Yoldaşım həkim çağırmışdı, həkim gələnə qədər isə burnuma naşatır spirti çəkib məni ayıltmışdı.

Onun necə həyəcan keçirdiyi hələ də yadımdadır.
–Yəqin ki, sizi çox sevir, – Ayla dedi.
– Sadəcə, uşağı itirəcəyimdən qorxmuşdu... Yoldaşınızın xəbəri var? Eşitsə, o da çox həyəcan keçirəcək.
– Düşünmürəm... – Ayla balınca söykənərək dilucu dedi.
– Sizə elə gəlir! Kişilər soyuqqanlı görünsələr də, bəzən uşaqları bizdən çox sevirlər, – Nihal özlüyündə təsəlli verdiyini düşündü.
– Biz evli deyilik, – Ayla sanki bu söhbətin məsumluğundan sıxılaraq onu gerçək olayların reallığına qaytardı, – uşaq istəmirdik.
– İnsanların bir-birini sevməsi üçün evli olmaları vacib deyil, – Begüm söhbətə qarışdı. – Məsələn, həyatımdakı iki vacib kişinin heç biri qanuni ərim olmayıb, amma bir ərin edə biləcəyindən çox şey ediblər.
– Nəyi nəzərdə tutursunuz? – Ayla bir əl hərəkətiylə bütün kişiləri özünə məftun edə biləcək bu qadına maraq dolu nəzər saldı.
– Məsələn, ev-eşik, bahalı avtomobil, xaricə səyahət, dəyərli libaslar, prestijli restoranlarda romantik axşam yeməkləri...
– Mən elə bildim, “sevgi, qayğı, məhəbbət” deyəcəksiniz... – Nihal çəkinə-çəkinə dedi.
– Məgər bunlar sevgi, qayğı məhəbbət deyil? Bir kişinin sevgisi özünü necə bəlli edir? – Begüm təəccübləndi.

Nihal fikrini ifadə etməyə çalışdı:
– Bunu sözlə ifadə etmək mümkün deyil, onu hiss etmək olar. Sevgi birtərəfli olmur, sənin onu, onun səni sevdiyini hiss etmək – məncə, ən böyük xoşbəxtlik budur.
– Həm də bir-birinin gözünə baxaraq soğan-çörək yemək? – Begüm güldü. – Yox, əzizim, mənə görə bu sevgi yox, sevgisizlikdir. Kişi sevdiyi qadına gözəl həyat yaşatmalıdır, yoxsa onun sevgisinə şübhə edərəm.
– Gecələr yuxuda olanda üstümü açmaq kimi bir vərdişim var. Biz təzəcə evlənəndə, ərim gecələr oyanıb üstümü örtürdü; xəstələnəcəyimdən qorxurdu. Bir dəfə yarıyuxulu onun bu qayğısını hiss etdim, həmin an məndən xoşbəxt qadın yer üzündə, yəqin ki, yox idi.

Begüm ona ögey bir nəzər saldı. Nihala elə gəldi ki, bu qadınla arasında minlərlə kilometr yol var. Eyni zamanda, bu uzaqlığa baxmayaraq, onları birləşdirən nəyinsə olduğunu hiss edirdi.
– Mənim belə ailə təcrübəm yoxdur, – bayaqdan onları dinləyən Ayla söhbətə qarışdı, – bir onu bilirəm ki, kişi ilə qadın bərabərdir, həyat isə müştərəkdir.
– Qadınla kişi istəsə də bərabər ola bilməz, – Begüm etiraz etdi, – təbiət bizə zəriflik, kişiyə isə güc verib. Kişi qadını qorumalıdır, təbiət ona bu haqqı qazandırıb.
– Təbiət kişiyə heç bir üstünlük verməyib, – Ayla qətiyyətlə etiraz etdi, – fiziki güc isə üstünlük deyil, bir özəllikdir. Bizim də ayrı özəlliklərimiz var.
– Qadının ən böyük özəlliyi uşaq doğmaqdır, – Nihal tərəddüdlə dedi, – biz burda güclüyük.
– Biz hər işdə güclüyük, – Ayla onun sözünü kəsdi. – Sadəcə, öz gücümüzü bilmirik.
– Əgər biz güclü olsaydıq, əzizim, sən indi burda olmazdın, – Begüm mehribanlıqla gülümsədi, – demək ki, kişilərdən asılıyıq. Amma kişiləri istədiyimiz kimi idarə etməyin yolu var. Bizim də çox böyük üstünlüyümüz var – qadınlığımız. Bacarıqlı qadın öz qadınlığından istifadə etməyi bilir. Necə deyərlər, kişi başdır, qadın isə boyun. Qadın – başı, yəni kişini istədiyi səmtə çevirməyi bacarır. Xüsusilə, gözəl qadın. – Begüm özünə işarə etdi. – Gözəl qadın bütün vəziyyətlərdə qalibdir.

Nihal Begümə diqqətlə qulaq kəsilmişdi. Yaşı qırxı ötsə də hələ çox gözəl və baxımlı olan bu xanım söhbətiylə də özünü sevdirə bilirdi. Nihal heç vaxt belə sevimli ola bilməzdi. Zahiri üstünlüyü isə bəzən işə yaramırdı, çünki bu gözəlliyi necə təqdim edəcəyini bilmirdi. Əksinə, bəzən lazımsız sözlər deyib gözəlliyini gözdən salırdı. “Necə? Gözələm dediniz? Yox, canım, mən adi bir qadınam”. “Bu paltar mənə yaraşır? Sən Allah doğru deyirsən? Yəqin ki, zarafat etdin”. İlk illərdə Dilavərin komplimentlərinə də beləcə şübhəylə yanaşırdı. Axırda Dilavər özü də onun gözəlliyinə şübhə etməyə başladı. Bir müddət sonra isə onu özgə qadınlarla müqayisə edib, o qədər eyib tapdı ki, Nihal az qaldı intihar edə. “Bax, Nihal, sənə baxanda bilirsən, nə düşünürəm? Boyun qısadır, pulum çox olanda ilk işim sənin boyunu uzatmaq üçün cərraha müraciət etmək olacaq. Əndamlısan, indi bilirsən ki, dolu bədən dəbdə deyil, boyunu uzadandan sonra piylərini çıxartdırmalı olacağıq. Saçlarını da uzadarıq, yox, ən yaxşısı, parik taxarıq”.

Nihal əvvəllər bu sözləri zarafat kimi qəbul edir və gülürdü, amma getdikcə Dilavər daha da amansız olur və onu özüylə ayaqlaşa bilməməkdə suçlayır, sözləriylə qamçılayırdı: “Getdiyimiz ziyafətdə diqqət çəkib, heç kimlə ünsiyyət qura bilmədin. Mal kimi qalmışdın ortada. Fərli-başlı görkəmin də yoxdur ki, sənin yanında duranda özümü inamlı hiss edim. Kişinin cəmiyyətdəki yeri onun qadınından çox asılıdır. Belə getsə, səni daha heç yerə aparmayacağam, adam içində məni biabır edirsən”.

Nihal bilirdi ki, komplekslərinin səbəbi Dilavərin onu davamlı nəzarətdə saxlaması, yerli-yersiz göz ağartmasıdır. Bir-iki dəfə bu barədə onunla danışmaq istəsə də, Dilavər: “Nə edim! Sən adam içində özünü apara bilməyəndə, mən də geyiminə, duruşuna, baxışına, gülüşünə göz qoymalı oluram”, – deyib söhbətdən yayınmışdı.

Yəqin ki, Dilavərin idealı Begüm kimi bir qadındı. Kampaniyada özünü suda balıq kimi hiss edən, təkcə gözəlliyilə yox, həm də gözqamaşdırıcı təbəssümü, işıqlı gözləri, zərif ədalarıyla ağılları başdan alan bir qadın.

Nihal bir də heyranlıqla onu süzdü. "Çox hündür olmasa da, qamətlidir. Gözləri balaca olsa da, işıq saçır. Dodaqları incə və nazikdir, amma elə şıltaqlıqla büzür ki, gözəl görünür". Nihal ona baxır və qüsurlarında belə gözəllik tapırdı. Bu qadın bütün nöqsanlarını şarma çevirməyi bacarırdı.
– İnciməyin, sizi dinləyəndə mənə elə gəlir, 70-ci illərin fransız filminə baxıram, – bayaqdan Begümü dinləyən Ayla dedi. – Məncə, bütün bu fəndlər çoxdan köhnəlib. Həm də mənim belə fəndlərə ehtiyacım yoxdur.
– Elə qadın fəndləri var ki, əzizim, onlar heç vaxt köhnəlmir. 70-ci illərə gəldikdə isə... Mən o illərdə heç dünyaya gəlməmişdim. – Aylanın inamsız baxışlarını görüb sözünə davam etdi. – Bəlkə də, dünyaya gəlmişdim, amma qadının yaşı onun görkəmindədir. Keçən dəfə maşınımı saxlayan polis şəxsiyyət vəsiqəmə baxıb heyrətləndi. Dedi ki, xanım, mən sizə 30 yaşdan çox verməzdim. Вот так.
-Siz, doğrudan da, çox gənc görünürsüz, – onun sözlərindən bir az da təsirlənmiş Nihal dedi. – Siz məndən də gənc görünürsüz.
– Sağ ol, əzizim, – Begüm xəfifcə gülümsədi, – mənim yaşım çox deyil, sadəcə, bir az əvvəl doğulmuşam. – Ayla, əzizim, sən özünü necə hiss edirsən? Uşağın atası burda olduğunu bilir?
– Bir az ürəyim bulanır, amma keçər. Ona isə demək istəmirəm. Onsuz da, uşaq onun vecinə deyil.
– Maraqlandığım üçün bağışla... O, səni sevmir? – Nihal soruşdu.
– Sevdiyinə and-aman etmişdi, məni əllərinin üstündə gəzdirməyə hazır idi. Hamiləlik haqqında eşidəndə isə üzü döndü, tanıya bilmədim. Elə adamı heç mən də öz həyatımda istəmirəm. Kişiləri özümüzdən uzaq tutmalı olduğumuzu düşünəndə haqlıydım. Onu yaxına buraxmamalı idim.
– Siz feministlər kişiləri sevmirsiniz, bu aydındır.
– Yox, yox, nə danışırsınız, – Ayla üz-gözünü turşutdu. – Biz də normal hissləri olan normal qadınlarıq. Sadəcə, onu bərkdən-boşdan çıxarmalı, hisslərini sınamalıydım. O, mənim sevməli olduğum adam deyildi. Bu mənim ilk məğlubiyyətim idi.
– Mən də həyatda yanıldım, – Nihal kövrəldi. – Ərimə bütün gəncliyimi, hisslərimi, sevgimi verdim, bir uşaq bağışladım, o isə sonda məni atıb getdi. Onun istədiyi kimi qadın olandan sonra, "mən belə qadın istəmirəm" dedi, təsəvvür edirsiniz?
– Təsəvvür edirəm, – Begüm dedi, – təsəvvür edirəm... Mən... mən getməliyəm. Sabah gəlib sizə baş çəkəcəyəm. Mənsiz darıxmazsınız? Yaxşı, bilirəm ki, darıxarsınız, amma mütləq getməliyəm.
Son sözlərini xüsusi vurğuyla deyib ayağa qalxdı, amma durmağıyla belini tutub yatağa yıxılmağı bir oldu.
... ... ...
Palata o qədər kiçikdi ki, üç çarpayı güclə sığışırdı. Hər üç çarpayı öz sahibiylə birlikdə sükuta dalmışdı. Hərdən cırıltı səsləri sükutu pozur, yerində qurcuxan qadınlar səssizliyə üsyan etmiş kimi olurdu. Begüm bilirdi ki, heç biri yatmayıb, onun kimi düşüncələrə qərq olub, öz fikirlərini sükutda gizləmək istəyiblər.

Begümə tibb bacıları ayrı otaq təklif etmişdilər, – belə şıq xanımı bu cür palatada yatırtmaq onların ağlına sığmırdı – ancaq qadın israrla bu otaqda qalacağını demişdi. “Bu cür kəskin bel sancıları fəsadsız ötüşə bilməz, müayinə edilməlisiz”, –xəstəxananın növbətçi həkimi öz fikrini belə bildirmişdi. “Həkim məni müayinə etməkdən çox tumarlayırdı, – müayinədən sonra Begüm təzə rəfiqələrinə gülə-gülə söyləmişdi. – Deyirəm, doktor, aparatsız dəqiq diaqnoz qoyulmur, o isə cavab verdi ki, mən diaqnozları aparatsız qoyuram, mənə güvənin, əlini də kürəyimdən götürmürdü. Belə də iş olar?”
– Həmin həkimi mən ciddi adam kimi tanıyıram, – Nihal etiraz elədi. – Belə hərəkət edəcəyini ağlım almır.
– Yox, canım, hər ciddi kişinin içində özünü ələ vermək istəməyən Don Juan yatır. Sadəcə, uyğun vaxtı gözləyir, uyğun vaxtda üzə çıxır.
– Bu ki seksizmdir, – Aylanın feminist damarı tutdu, – onu məhkəməyə vermək lazımdır. Qadını belə davranışla alçaltmaq olmaz. Onun etdiyi cinsi təcavüzdən başqa bir şey deyil.
– Əzizim, Ayla, bəzən qadının elə davranışa ehtiyacı olur... – Begüm zərif əl hərəkətiylə boynunu oxşadı. – Boynum da yamanca ağrıyır, ağrıdığını heç söyləmədim... Sadəcə, mən adamların xətrinə dəymək istəmirəm, gülər üzlə, nəzakətlə yola verməyə çalışıram.
– O da həyasızlaşıb seksizmə, təcavüzə davam edir, – Ayla üzünü divara çevirib, yorğanı başına çəkdi.
– Ondan inciməyin, uşağı qəbul etməyən sevgilisini düşünür, qanı qaradır, – Nihal Aylaya işarə edərək pıçıldadı. – Deyirəm, adam necə vicdansız olmalıdır ki, uşağından imtina etsin. Yazıq qız.
– Mən heç vaxt hamilə qalmadım, görəsən, hamilə olsaydım, həyatımdakı kişilər necə reaksiya verərdi? Məsələn, Ərim, nə deyərdi?
– İkinci yoldaşınızı deyirsiz?
– Hə. Adı Dilavərdir, uzun ad olduğu üçün qısaldıb “Ərim” deyirəm.
– Mənim də yoldaşımın adı Dilavərdir, ancaq adı qısaltmaq ağlıma gəlməyib. Bəlkə, ona görə ki, onunla bağlı mənə heç nə yorucu, sıxıcı gəlməyib. Bütün əziyyətlərinə qatlaşmışam.
– Bununla da həyatının səhvini etmisən, Nihalcan. Kişiləri bütə çevirmək olmaz, sonra bizdən qurbanlar tələb edər.
– Necə ki, məndən qurbanlar tələb etdi. Bütün həyatımı, gəncliyimi, işimi, karyeramı, rəfiqələrimi ona qurban verdim.
– Hətta rəfiqələrini də... Heç dostun yoxdur?
– Bircəsi var – Nara. Onunla da dostluq etməyimə icazə vermir, "çox açıq- saçıq geyinir, sən evli qadınsan, belə qadınla oturub durmaq sənə yaraşmaz" deyir. Hərdən Dilavərdən gizlin yazışırıq, bəzən isə uşağı məktəbə aparanda ayaqüstü görüşüb söhbətləşirik.
– Ay qız, belə kişiyə necə tab gətirmisən? Mən bir gün də dözməzdim.
– Nə edərdiniz?
– Birbaşa qovmasam da, hərəkətlərimlə artıq adam olduğunu hiss etdirərdim. Ya adam olmalıdı, ya da mənim həyatımda ona yer ola bilməz.
– Mən dözdüm, dözdüm, sonda da mən onu deyil, o məni tərk etdi.
– Ay qız, belə zəhlətökən adamdan qurtulduğun üçün sevinməlisən. İndi heç nəyə məcbur deyilsən. Gənc və gözəlsən. Sənin nazını çəkən kişilər tapılar.
– Mən ancaq onu istəyirəm. Ona bağlanmışam, o xatirələrdən qopa bilmərəm...

Nihalın gözlərində yaş parladı. Begüm ona baxıb düşündü ki, bir kişi üçün ağlamaq, görəsən, hansı hislərdən doğur. Əgər kişi səhv edibsə, onun üçün ağlamaq lazım deyil, intiqam planını işə salmaq lazımdır.

Ardı var...

# 1852 dəfə oxunub

Müəllifin son yazıları

# # #