“Semiçkasatan” Süsən xala Havay adalarında

“Semiçkasatan” Süsən xala Havay adalarında
23 iyul 2018
# 12:00

10 saatdan sonra nəhayət üfüqdə okean göründü!

Heminqueyin əsərlərindən mənə tanış olan okean!

Heminqueyin “Okeandakı adalar” romanının qəhrəmanı olan rəssam okeanın sahilində özünə ev almışdı, ilin dörd fəslini orda keçirirdi. Rəssam üçün daha uğurlu bir məkan varmı? Okean bütün əsərlərinin mövzusu olmasa belə, hər bir əsərində okean havasından, maviliyindən, nəhayətsizliyindən, gözlə görünməyən sirrindən nəsə olacaq.

Kim bilir, bəlkə mən də Heminqueyin qəhrəmanı kimi okeanın sahilində ev alıb bura köçdüm? Okean mənə baxıb bərq vurdu, elə bil içimdəkiləri hiss edib göz vurdu. Bax ha, təyyarədən düşməmişəm, amma artıq bir-birimizi anlamağa başlamışıq!

Nəhayət məni təngə gətirmiş uçaqdan eniş başladı. Mehriban stüardessalar bizə gözəl istrahət arzulayırdılar. Təsəvvür edirsiniz, siz Havay adalarına gəlirsiniz və sizi dünyanın ən mehriban stüardessaları salamlayır.

Uçaqdan düşən kimi tropik nəmişliyi hiss etdim. Torpağın istiliyi üzümdə bərq vurdu. Havay adalarını doyunca seyr etmək istəyirdim, amma turun rəhbəri təbəssümlə xatırlatdı ki, hələ bir həftə vaxtımız var. Otellə tanış olmaq lazım idi.

Bizi mini avtobusa mindirib otelə apardılar. Okeana göz vurub “tezliklə gələcəm”, - dedim. O da göz vurub “bax gözləyəcəyəm ha”, - dedi.

Otelin qonaqpərvər işçiləri bizi astanada qarşıladılar. Əllərində çiçəklər vardı. Lap Hollivud ulduzu kimi qarşılandıq!

Nəhayət, okeana qovuşdum. Su elə dostcanlıdır ki, səni əllərində saxlayır. Duzludur, amma xoşagələn tamı var. Kifayət qədər istidir. Göz yaşı kimi şəffaf və möhtəşəmdir, əsl okean kimi!

Okeanın dalğalarıyla oynaya-oynaya heyfsilənirdim ki, niyə indiyə kimi Havay adalarına gəlməmişəm? Keçən il dincəldiyim Maldiv adaları da gözəl idi, elə bil Torqovıda gəzirdin, hər addımda tanışlarımız qarşıma çıxırdı. Yasamaldakı qonşularımız, Razindəki iş yoldaşlarımız da dincəlmək üçün seçim edəndə Maldiv adalarına üstünlük vermişdilər.

Amma əminəm ki, Havay adalarında da heç olmasa Süsən xala mütləq qarşıma çıxacaq. “Semiçka” satdığı puldan qənaət edib arxaya qoyurdu. Deyirdi, ay bala, bədənim yaman okean havası istəyir. Yəqin ki, mən okean sularından həzz aldığım vaxt o da yeni aldığı “Ayfonu” (şəkillər çəkmək üçün) götürüb Havay adalarına yola düşməkdədir.

Razindəki yataqxanada qalan iş yoldaşımı da Havay adalarında görmək ümidindəyəm. Keçən dəfə işıqlar sönəndə metroda qalmışdı. Ayaqla metronun qaranlıq tunelində bir xeyli yol qət edib. Bir balaca stress alıb, həkim deyib, bir balaca dincəlsin yaxşı olar. O da Havay adalarını seçib. Deyir, Bodrumdur, Antalyadır, mənə görə deyil. Sonra qohum-əqrəbanın yanında biabır olaram.

Hələ Yasamal qəbiristanlığında təmizlik işlərinə baxan Alı dayını demirəm. Kim də olmasa o mütləq gələcək. Keçən il Maldiv adalarından razı qalıb, yolu qəbiristanlığa düşənlərə deyirmiş ki, indi növbədə Havay adalarıdır. Qonşular deyirdilər ki, yaman təmizkardır Alı dayı, lap Havay adalarına da getsə şotkasını, süpürgəsini özüylə aparacaq. Kişi elə alışıb, onlarsız dura bilmir. Ağzıgöyçəklər deyir, qorxur ki, qəbiristanlıqda qoysa, oğurlayarlar. Amma məncə şotka-süpürgəsini ona görə yanında saxlayır ki, elə gecələr də yuxudan oyanıb təmizlik işləriylə məşğul olur.

Hə, onu da deyim ki, 10 dekabrda Maldivdə balıqçılar günüdür. Alı dayı dedi ki, gərək vaxt eləyim, 10 dekabrda da gəlim. Sonra qəbiristanlıqda basabas düşdü, gələ bilmədi. Belə baxanda, Alı dayı üçün mərhumlardan əziz kim var.

Sonra maşınla çimərlikləri gəzdik. Adama elə gəlir ki, bütün çimərliklər eyni cürdür, amma heç də yox. Məsələn, çimərliyin birində sanki qum ayağının altından qaçır, toz kimi narındır, bu Kailua-biçdir.

Başqa çimərlikdə isə qum sərtdir və tünd rəngə çalır. Okeanın suyu isə tünd-göydür. Bura Vaykiki-biçdir.

Amma okeanın isti dalğalarına çox etibar etmək olmaz. Arxası üstə çevrilmək isə lap təhlükəlidir, sən suyla deyil, su səninlə oynayar.

Bir dəfə daha uzağa üzməyi qərara aldım. Dönmək isə çətin oldu. Su maqnit kimi məni özünə çəkirdi. Heminqueyin əsərindəki köpək balıqları yadıma düşdü. Nəfəsim təngidi. Qorxudan üzməyi də yadırğadım.

“Qoca və dəniz” əsərindəki kimi balığa tamah salan köpəkbalıqları yəqin məni də o cür təsəvvür edirlər. Qoca dənizçinin iradəsi, əzmkarlığı mənə ikinci nəfəs verdi. Var gücümlə köpəkbalıqlarından uzaqlaşdım.

Qarşıda məni yeni okean macəraları gözləyirdi. Mən okeana baxıb gülümsəyirdim. Yəqin ki, heç vaxt heç kimə belə gülümsəməmişdim. Axı ilk dəfə idi ki, okeanla təmasdaydım...

Yuxudan oyananda həmin axmaq təbəssüm üzümdəydi. Havay adalarını yuxumun ən pərişan yerində qoyub reallığa qayıtmışdım.

Ax bu reallıq!

Nəinki okeanı, hətta köpəkbalıqlarını da reallıqda görmək üçün nələr verməzdim!

Evdəki reallıq isə köpəkbalıqlarından da dəhşətli idi. İşıq yoxdur, su qramla gəlir, çöldə dəhşətli havasızlıq...

İndi yuxuya gedəndə sığındığım ümid okeanın suları kimi saçlarımı oxşayır - kim bilir, bəlkə yuxunun ən şirin yerində yenidən Havay adalarına düşdüm...

# 2070 dəfə oxunub

Müəllifin son yazıları

# # #