Böyük türk şairinin 64 il sonra nəşr olunan sevgi məktubları

Böyük türk şairinin 64 il sonra nəşr olunan sevgi məktubları
4 fevral 2014
# 15:00

Orxan Vəli də olsanız, bəzən sevdiyiniz qadına sözünüz keçməz. Şairin dəlicəsinə aşiq olduğu Nahit xanıma yazdığı və ilk dəfə yayımlanan məktublar bunu sübut edir. Nə qədər dil töksə də, bircə onu sevdiyinə inandıra bilmir. Və yalvarır: “Nahitcan, daha şirin məktublar yazsan, olmaz?”

Orxan Vəlinin ölümündən 64 il sonra Nahit xanıma yazdığı sevgi, həsrət və kədər dolu məktublar ilk dəfə kitab halında oxuculara təqdim olunub. Ədəbiyyat müəllimi, sonralar şair Arif Damarın həyat yoldaşı olan Nahit xanım Səməd Ağaoğluya görə “Renessans kimi qadın”, Cəmal Sürəyyaya görə isə “Cümhuriyyət dövrünün xırda burjua həssaslığının anası” idi.

“Yalnız Seni Arıyorum” adlı kitabda 1947-1950-ci illər arası göndərilmiş 62 məktub var. Məktublarda Vəli Nahit xanıma daha vacib işlər görəcəyini planlaşdırdığını yazıb. Əsl İstanbul şairinin sevgilisinin olmadığı şəhəri görün necə təsvir edir: “Şəhər palçıqlı küçələriylə, buludlu havasıyla mənə dünyadakı şəhərlərin ən çirkin imiş kimi gəlir. İstanbulda tək əyləncəm səndən məktub almaqdır”.

Nahit xanım həmin dövrdə Yəhya Kamalın tələbəsi Xəlil Veda Fıratlı ilə evli olub və məktublarda tez-tez Orxan Vəli “imkansız sevgi”dən, bir daha görüşə bilməyəcəklərindən narahatlığını ifadə edir.

Vəli son məktubunu 12 oktyabr 1950-ci ildə İstanbuldan yazır. Sonrası da yəqin şairin oxucularına məlumdur. Orxan Vəli 10 noyabrda bir həftəlik getdiyi Ankarada bələdiyyənin açıq qoyduğu çuxura düşür, başından yaralanır. 14 noyabrda halı pisləşir, xəstəxanaya aparılır. Elə həmin gecə beyin qanamasından dünyasını dəyişir.

Kitabın sonunda Nahit xanımın 12 noyabr 1950-ci il tarixli məktubu var. Vəlinin sevgisinə inanmayan, daima onu qısqanan, soyuq davranan Nihat xanımın məktubunda ən sevgi dolu cümlə “Gözlərindən öpürəm”dir.

22 Yanvar 1947

“Tək yaşamağını, ancaq mənə aid olmağını istəyirəm” yazırsan. Mən də sənin yalnız mənə aid olmağını istəyirəm. Bundan zərrə qədər şübhə etmə. Səndən başqası ilə ən xırda münasibətim olacağını ağlına da gətirmə. Eyni şeyi mən də istəyirəm. Yəni sənin təkcə mənə aid olmağını istəyirəm. Ancaq bunun imkansız olduğunu da bilirəm. Doğrudan, necə olacaq bizim halımız Nahit? Daha bir-birimizi görməyəcəyik? Bu qədər kədərli tale olar?

5 aprel 1947

Sənə də, mənə də imkansız görünən bu səadət günlərin bir günü həyata keçsə, bütün ömrüm boyu itirdiklərimin heç birinə təəssüflənməyəcəyəm. Təkcə bu sevinc mənə yaşamaq üçün yetəcək. O böyük, o yeganə səadət üçün Allahamı, taleyəmi, yaxud hər hansı başqa bir şeyəmi, nəyə inanmaq lazımdırsa, inanmaq istəyirəm. Allaha inanan insanların necə inandıqlarını, necə sevdiklərini bilirik. Mən səni daha çox sevirəm. Daha çox da inana bilərəm.

23 may 1947

Ən gözəl şeyləri sənə qarşı duyduğumu ən yaxşı sənin bilməyin gərək.

15 iyul 1947

Yeni şeirlərimin olub-olmadığını soruşursan. Olsaydı, göndərərdim. İnsan zaman-zaman belə susur. Bu yəqin daha böyük dövr üçün hazırlıqdır. Yaxın günlərdə mühüm şeirlər yazacağıma ümid edirəm.

16 sentyabr 1947

Məktubun məni xeyli məmnun elədi. Bununla belə çoxu mənə xəyal kimi göründü. Elə ümidlərdir ki, imkan baxımından heç bir əsasa dayanmır. Bu söhbətlər bir az da kommunist şairlərin şeirlərinə bənzəyir. Həmişə “Gözəl günlər görəcəyik” deyirlər. Yaxşı, bəs necə görəcəyik? Elə deyilmi? Bizə də Mareşal (Fevzi Çakmak) kimi adam lazımdır. “Səbir edin, bütün istədikləriniz olacaq” desin. İnanaq, səbir edək.

2 oktyabr 1947

Vəziyyətimi bir düşün. İki gündür yağan yağışa və soyuğa rəğmən üstümdə təkcə ağ pencək var. Ayaqqabım yox, köynəyim yox, qalstukum yox. Bu qiyafədə Ankara gələ bilərəmmi? Xüsusən bəzilərinə bu səfalətimi göstərmək istəmirəm. Keçən dəfə borca bir pencəklik parça aldım, dərziyə verdim. Bu şənbə götürəcəyəm (əgər dərziyə vermək üçün iyirmi-iyirmi beş lira tapsam). Amma o da məsələni həll etməyəcək.

29 noyabr 1947

Təkcə sənin üçün yaşayıram. Təkcə sənin üçün yaşamaq istəyirəm. Məni sev demək istəmirəm, sadəcə inan. Ömrümüzün sonuna qədər mənə inanacağını düşünə bilsəm, bundan duyacağım səadət bu günə qədər duyduqlarımın ən böyüyü olar.

16 may 1949

Bu məktubu səndən ayrıldıqdan sonra yazıram. Səni heç vaxt unuda bilməyəcəyimi bildiyim halda məni unutmağını istəyirəm. Aramızda nələrinsə yaşandığını heç kim bilməsin. Mən nə olur-olsun, həyatıma nə qarışmış olur-olsun, heç kimi sənin yerinə qoya bilmərəm. Allaha əmanət ol, Nahit.

# 2936 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #