Yazarlarımız nədən qorxurlar? - SORĞU

Yazarlarımız nədən qorxurlar? - <span style="color:red;">SORĞU
15 iyul 2016
# 08:30

Fobiya təşviş və qorxu hissidir. Psixoloqların dediyinə görə, bu nevroz əlamətidir. Fobiyanın bir çox növləri var: yüksəklik, qəza, dəniz, qaranlıq, qapalı otaq və s. fobiyaları.

Bəs bizim yazarlar nədən qorxurlar? Onların fobiyası varmı?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli: “Uşaqlıqda nədən qorxmuşamsa indi də ondan qorxuram. Hirsdən, hikkədən, adamların anlaşılmaz zalımlıqlarından. “Adamlar və ağaclar”da bunu çox gözəl yazmışam. Nənəsi uşağı kənd içinə çıxarır. O uşaq o vaxtadək görmədiyi insanlardan qorxur. İndi də mən o uşağam”.

Fikrət Qoca: “İndi mən 81 yaşımdayam. Nədən qorxmalıyam ki? Bilirəm ki, hara gedirəm. Anadan olandan bu günə kimi məndə belə olub. Heç nə qorxulu deyil. Niyə təhlükəli hesab etməliyik? Mən indi sakitcə addımlayıram, yolumla gedirəm. Cavanlığımda da belə olmuşam. Möcüzəli heç nə yoxdur. Mənimlə Allahın arasında olanlar bir tamaşadır sadəcə”.

Seyran Səxavət: “Qəfil qəzadan, qaranlıqdan, dənizdən qorxmuram. Qəfil qəzadan qorxub neyləyəcəksən ki? Qəza qəfil olar da. Dənizlə də münasibətim yaxşıdır, haracan gedəcəyimi yaxşı bilirəm. Qaranlıqda da elə bilirəm dünyada elə bircə mən varam. Bircə çox hündürlükdən yerə baxanda qorxuram”.

Aqil Abbas: “Uşaqlıqda, cavanlıqda olmayıb fobiyam. İndi bir fobiyam var, məni gülmək tutur. O vaxtlar Qarabağda nə qədər dağ vardı, onların hamısının ən yüksək zirvəsinə çıxmışdım. Güc-bəla ilə, əziyyət çəkə-çəkə, amma ləzzətlə. İndi isə hündürlükdən qorxuram. Hətta televizorda kimisə dağın başında görəndə təsirlənirəm. Bir də pulsuzluqdan qorxuram, adamı dilxorçuluq basır”.

Nərmin Kamal: “Uşaqlığımı çarpayının altından əl çıxacaq qorxusuyla keçirmişəm. O əl ələm idi. Bülbülədə İmamzadə deyilən yer var. Şiəliyin, Aşuranın dəhşətli keçirildiyi illər idi, sovet təzə dağılmışdı. Ələm beş barmaq formasında bir dəmirdi. O ələmdən yaman qorxurdum. Nənəmgildə Bülbülədə çox olurdum. Elə bilirdim, o ələm kimi bir əl çarpayımın altından çıxacaq “Booo” edəcək. İndi gülməyim gəlir, ancaq o vaxt uşaq idim, qorxurdum. İndi isə tarakan kimi həşəratlardan fobiyam var.”

Fəxri Uğurlu: “Uşaq vaxtı dağda-daşda olanda ilandan çox qorxurdum. Elə də dərin fobiyam yoxdur. Yuxularımda qarabasma olsun, gözümə nəsə görünsün, belə şeylər yoxdur. Düşünürəm ki, fobiya insanın sinir sisteminin zəifliyindən, nevrotik pristuplardan irəli gəlir. İnsan saf düşüncəyə malik olanda, haqqa inananda, içində sığınmağa müqəddəs bir yer tapanda fobiyalardan azad olur. Freydin məşhur bir fikri var: “Xəstə öz xəstəliyinin səbəbini dərk eləyəndə sağalır”. Məsələn, sən evdən çıxanda düşünürsən ki, qazı bağlamışam, ya yox. O zaman psixoloqlar belə deyir: “Tərəddüd eləyirsənsə nevroz əlamətidir. Psixi xəstəlikdir”.

Rasim Qaraca: “Fobiyalarım var. Ən başlıcası Azərbaycan məmurlarıyla təmasdan qaçıram. Hər hansı sənədləşmə işi gələndə ruhum qaralır, itirilən vaxta, əsəb gərginliyinə görə deyil, qarşımdakı insanın yekəbaşlığı, özündənrazılığı məni iyrəndirir, uzun müddət özümə gələ bilmirəm. Ələlxüsus məmur maneralı yazarların üzündən kilo ala bilmirəm, onları görən kimi ətim tökülür”.

Mirmehdi Ağaoğlu: "Mən qaranlıqdan qorxuram. İki nəfərə dünyanın ən qaranlıq mağrasına da girərəm, zülməti qılınc kimi yarıb keçərəm. Tək olanda bacarmıram. Qorxuram. O dəqiqə oxuduğum qorxulu kitablar yadıma düşür, baxdığım qorxu filmləri gəlir durur gözümün qabağında. Özümdən asılı deyil. Qaranlıq düşən kimi “meymun”u xatırlamaya bilmirəm. Tüklərim biz-biz olur, ürəyim tez-tez döyünməyə başlayır, elə bilirəm qaranlıqdan tüklü, yara-xoralı bir əl çıxıb yapışacaq boğazımdan. Məsələn gecə vaxtı evimizin damına çıxa bilmərəm. Başa düşürəm ki, orda həyulə, qulyabanı filan yoxdur, amma orasını da düşünürəm ki, birdən pişik atlanar, ya paltarım mıxa filan ilişər o dəqiqə qorxudan ürəyim keçər elə ordaca qalaram. Ona görə qaranlıqda heç vaxt evin damına çıxmırdım. Rayonda işləyəndə bina evində qalırdım. Hər cümə rus kanallarından birində sənət filmləri verirdilər. Bir dəfə evdə tək idim. Gecədi. Evin pəncərələri, balkonunun qapısı açıq. İşıqlar da sönülü idi, televizorun işığına oturmuşdum. Tərslikdən həmin gün Hiçkokun ilk filmlərindən birini verəcəkdilər. Film təzə başlamışdı, elə ölülər qəbirdən çıxan vaxtı birdən balkonun qapısı cırıldadı. Dik atıldım, dedim, sən öl, ölülər girdilər evə. Tez durub işıqları yandırdım, kanalı da dəyişdim, cəhənnəm olsun, Hiçkok. O filmə baxmadım. Ən maraqlı hadisə üç il əvvəl olmuşdu. Lahıca istirahətə getmişdik. Ayaqyolu qaldığımız evdən 50 metr aralıda yerləşirdi. Ağaclığın içində. Gecə yarıya qədər otururdum, yazı-pozu ilə məşğul olurdum. Hər dəfə tualetə getmək mənə ölüm qədər əzablı görünürdü. Heç fanar da kömək etmirdi. Tualetə gedəndə özümü birtərəhər ələ alırdım, qayıdanda, ilahi, mən boyda kişi uşaq kimi qaçırdım evə, elə bil dalımca qovurdular. Özü də hərdən mənə elə gəlir, doğrudan da dalımca qovurlar, geriyə baxmağa da qorxuram ki ,birdən gözümə nəsə görünər, ona görə də belə olanda heç vaxt baxmıram. Axırıncı gecə, bilmirəm niyə, daha bərk qorxmağa başladım. Gecə saat üç olardı. Çarəsiz qalmışdım, sizin ürəyinizdən keçənlərin hamısı ağlıma gəldi, amma utanırdım, ev yiyəsi görə bilərdi axı. Nəsə, tualetə getmək lazım idi. Axırı xanımı oyatdım ki, dur, gəl mənimlə tualetə gedim, tək getməyə qorxuram. Əvvəl inanmadı. Dedi uşaqsan? Axırı üstünə acıqlandım ki, zarafatsız, ciddi xəbərdarlıq edirəm, bax, tək getsəm nəsə olar, ölüb eləyərəm, sonra dul qalarsan. Bu sözümdən sonra xanım inandı. Deyinə-deyinə də olsa yanımca gəldi. Mən də elə rahat idim, elə rahat idim, hətta uşaq kimi dilimi çıxarıb qaranlığa acıq belə vermək istəyirdim".

# 1018 dəfə oxunub

Oxşar xəbərlər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

11:57 21 iyul 2024
Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

11:30 20 iyul 2024
"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

16:56 19 iyul 2024
Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

17:30 18 iyul 2024
Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
# # #