Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi

Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi
13 may 2026
# 13:45

Kulis.az Sevinc Xanbutayevanın "Bir yazlıq ömür" hekayəsini təqdim edir.

Yaz fəsli idi. Günəş meşənin üzərinə sakitcə yayılır, xəfif külək budaqların arasından keçərək hər ağaca yeni həyat pıçıldayırdı.

Torpaqdan gələn nəm qoxusuna təzə açılmış yarpaqların, çiçəklərin ətri qarışmışdı. Sanki bütün meşə uzun və ağır bir qışdan sonra nəfəsini yenidən tapmışdı.

Ağacların hər biri yazın gəlişi ilə tumurcuqlanır, budaqlarında yeni yarpaqlar açırdı. Onların arasında bir ağac da vardı. O da digər ağaclar kimi qışın sərtliyindən çıxmağı bacarmışdı.

Gövdəsi əvvəlkindən bir az daha möhkəm görünür, budaqlarında isə yeni yarpaqlar açmağa başlayırdı. Amma o ağac digərlərinə heç vaxt tam bənzəmirdi.

İllərlə meşədə ən çox küləyə sinə gərən, ən çox yorulan o olmuşdu. Hər qırılan budağın səsini ilk o eşitmiş, hər solan yarpağın dərdini ilk o dinləmişdi.

Meşədə hansı ağac yorulurdusa, kölgəsini onun üstünə salan da o idi. Hansının budağı sınırdısa, ilk ona dayaq duran da yenə o olurdu.

Bəlkə də buna görə özünü böyütməyə gecikmişdi. Amma bu yaz başqa idi. Ağac ilk dəfə idi ki, bütün inamı ilə böyümək istəyirdi. Öz-özünə "Yaz fəslidir,” deyirdi. - “Bu dəfə mən də digər ağaclar kimi çiçəklənəcəyəm, yarpaqlarım gur açacaq.”

Bir neçə gün hər şey istədiyi kimi getdi. O da səhərlər günəşi salamladı, küləyin toxunuşu ilə yarpaqlarını oyatdı. Gövdəsi yavaş-yavaş böyüməyə başladı. İlk dəfə idi ki, özünü həyatdan geri qalmamış kimi hiss edirdi.

Sonra bir gün… Səhər yenə günəş doğdu. Meşə hər zamankı kimi oyandı. Quşlar səs saldı, yarpaqlar işığa tərəf çevrildi. Amma qəfil göy üzü qaralmağa başladı. Günəşin yerini ağır buludlar aldı. Ardınca şiddətli yağış başladı.

Külək budaqları amansızlıqla silkələyirdi. Digər ağaclar güclü gövdələri ilə yarpaqlarını qoruyurdular. İllərlə böyüyən kökləri onları yerində saxlayırdı. Amma o ağac yeni açılmış incə yarpaqlarını bir-bir öz zəif gövdəsinin dibinə düşərkən görürdü.

Yağış səngiyəndə budaqlarında bir dənə də yarpaq qalmamışdı. Gövdəsi əyilmişdi.O gündən sonra ağac nə səhərlər günəşi salamladı, nə də axşamlar aya baxdı. Meşə yenə yaşayırdı, fəsillər dəyişirdi, digər ağaclar bar verir, öz fidanlarını böyüdürdülər.

Amma o ağac günbəgün rəngini itirdi. Yavaş-yavaş qurudu. Bir gün meşəyə bir odunçu gəldi. Ağacların arasına baxdı və yalnız onu kəsdi. Çünki onun gözündə o ağac artıq qurumuşdu.

Qurumuş ağacın da torpağın üstündə yeri yox idi... Heç kimə maraqlı gəlmədi, heç kim soruşmadı ki, o ağac necə quruyub, niyə quruyub...

Amma səbəbini meşə bilirdi. Hər “meşədə” belə fədakar, saf duyğulu “ağaclar” var ki, sonları sadəcə “qurumaq” olur...

# 1174 dəfə oxunub

Oxşar xəbərlər

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

13:30 16 avqust 2026
"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

10:30 16 avqust 2026
"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

13:00 15 avqust 2026
Müəllimlik - Mövlud Mövludun hekayəsi

Müəllimlik - Mövlud Mövludun hekayəsi

12:00 15 avqust 2026
Yırtıq başmaq - Con Qolsuorsinin hekayəsi

Yırtıq başmaq - Con Qolsuorsinin hekayəsi

15:30 14 avqust 2026
"Sevilməyə layiq olmadığını hiss etmək dəhşətli duyğudur..." - Bestseller yazıçıdan sitatlar

"Sevilməyə layiq olmadığını hiss etmək dəhşətli duyğudur..." - Bestseller yazıçıdan sitatlar

15:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər