“Daş atdım qara günə, ağ günü də uçurtdum...”

“Daş atdım qara günə, ağ günü də uçurtdum...”
31 yanvar 2014
# 08:45

Kulis.az mərhum şair Böyükxan Pərvizin şeirlərini təqdim edir.

Gülləri suya qoydum

Görüş yeri, bu da mən,

Gözləyirəm, bilirsən.

Nə bu vaxt ötmək bilir,

Nə də ki, sən gəlirsən.

Güllər solur əlimdə,

Bu yandan gecə düşür.

İndiki əhvalıma

Bilirsən neçə düşür?

Yaşamaqdan doymuşam,

Bəs səndən necə doyum?

Gülləri suya qoydum,

Canımı hara qoyum?..

Ağlama, bir gün ölərik

Bu dünyada gün görmədik,

Qara keçdi günümüz.

Nə bəxtə əlimiz yetdi,

Nə Tanrıya ünümüz.

Qismətimiz dərd-qəm oldu,

Bilmədik sevinc nədi.

Arzumuz qanad açmadı,

Sözümüz yerimədi.

Ağlama, bir gün ölərik,

Dərd bizdən uzaq düşər.

Neynək, bu qara mərmərə,

Şəklimiz ki, ağ düşər...

Ağlım gəlib başıma

Hə, necəsən, sevdiyim,

Kefin-halın necədi?

Səni hər gün öyrədən

Qonşu qadın necədi?

Ağlama, səbirli ol,

Heyfin gəlsin gözünə.

Adam bu göz yaşıyla

Gün ağlayar özünə.

Gözlə, bəlkə qayıtdım,

Göz yola yaraşıqdı.

Ağlım gəlir başıma,

Başım bərk qarışıqdı.

Qoy səni son dəfə görüm

Ölümümü istəyən qız,

Heç bilirsən nədir ölüm?

Darıxma, indi görərsən,

Tələsdirmə məni, gülüm.

Aha, ürəyim dayanır,

Bir ömür də belə bitdi.

Bunu gözündən duymuşdum,

Allah ağzından eşitdi.

Gəl, daha ölər günümdü,

Bax mənə, nə danış nə din.

Qoy səni son dəfə görüm,

Bəlkə yaşadım, görmədim.

Sən məni itirmisən

Ürəyim hər oxuna

tuş olsun, nə deyirəm?

Demək, məndən doymusan,

nuş olsun, nə deyirəm?

Gör nə vaxtdı getmisən,

Yeri, göyü yarıram.

Sən məni itirmisən,

Mən səni axtarıram.

Neynək, qayıt, razıyam,

Unudum dediyini.

Bildiyini etmişdin,

Elə, bilmədiyini...

Çəp imiş fələyin gözü

Bu dünya bizi təklədi,

İldə bir yol çiçəklədi.

Hər qəmi bizə yüklədi,

Mərd görürmüş demə bizi.

Nalə çəkdim gecə vaxtı,

Hər evdən bir qərib çıxdı.

Hara getdik, gəlib çıxdı,

Dərd görürmüş demə bizi.

Ayrılığı saldı özü,

Ürəyimdə qaldı sözüm.

Çəp imiş fələyin gözü,

Dörd görürmüş demə bizi.

Daş atdım

Kimsə duymadı məni,

Kimsə başa düşmədi.

Durub necə ayırım,

Dostum ilə düşməni?

Əllərim sinəm üstə,

Özümlə qol-qolayam.

Dərd mənlə yola getmir,

Özüm üzüyolayam.

Ağ gün Qara günümlə,

Bir yerdəymiş, unutdum.

Daş atdım Qara günə,

Ağ günü də uçurtdum.

Halıma ağla

Hamıya açıq ürəyim,

Qardaş, özümə bağlanıb.

Bu gün özümdən çıxmışam,

Qapım üzümə bağlanıb.

Məni elə yandırıblar,

Allah da gələ, xeyri yox.

Sən bir dəri, bir sümüksən,

Məndə isə heç biri yox.

Gözümdə yaş da qalmayıb,

Qarşına çıxıb ağlayım.

Gəl mənim halıma ağla,

Mən sənə baxıb ağlayım.

# 2591 dəfə oxunub

Oxşar xəbərlər

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər