Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.
Kulis.az “Xocalı ayı” çərçivəsində Seyid Aynurun “Xocalı” şeirini
təqdim edir.
Cavan, qoca, körpə:
kim vardısa,
hamısını “uddu” Xocalı.
Birdən silah səsləri gəldi:
hər kəs adətdəndəndir deyib,
bəyi gözlədi
qara gəldi mamaqızı Sədiqənin toyu.
Göydən yağış kimi yağdı mərmilər,
əmioğlu Azadın qollarını qoparıb
yüyrük tək ağacın budağına asdı
mən isə xatirələri
toz olmasın deyə
ovuclarıma yığdım
və üşüdüm zirvəyə sancılmış bayraq kimi.
Gecdir daha -
ümidin gözlərini sığadım,
külək əsdikcə
qəfil burnuma
hardansa qaraağac qoxusu gəldi.
Ağac –ağac hıçqırdı,
ləpələndi yaşıl gözləri Badaranın,
ağı deyib özünü
oyan-buyana çırpdı
suya düşən ağ yelkənə bənzədi
cansız körpə bədənləri.
Qız gəlinin naləsi
kəndi bürüdü,
Həlimə arvad qışqırdı möhkəm:
“Ayılın ay camaat,
qırıldı Xocalılar”.