Kulis.az Nağdəli Zamanovun yeni yazısını təqdim edir.
Haradansa Viktor Hüqonun bu yaxınlarda yenidən müraciət etdiyim “Səfillər” romanında aşağıdakı parça diqqətimi çəkdi: “Qeyri-ixtiyari olaraq meydana gələn xəyallar həmişə bizim mənəvi simamızı əks etdirir, bunu mühafizə edir. Bizim xülyamız hər şeydən çox bizim özümüzə oxşayır. Hər kəsin məchul və qeyri-mümkün şeylər haqqında olan xülyası onun öz təbiətinə uyğun bir şəkildə meydana gəlir”.
Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı vasitəsilə onun iç dünyasına – insanın yazılarında səmimi olduğu iç dünyasına qısa bir səyahət həvəsinə düşdüm. Rüstəm müəllimin ilk baxışda quru avtobioqrafik həyat tarixçəsi özlüyündə çox şey deyir. Ulu Göyçəmizin ləcivərd, təmiz səması altında, əqrəb bürcündə Daşkənd kəndində Dastan kişinin ocağında dünyaya göz açdı. Bu nəsə deyir ki?! Bəli, çox şey deyir! Dastanlar söylənilən bir diyarda dünyaya gəlmək xoşbəxtliyi Rüstəm müəllimin payına düşdü. Məhz bu dastanlar diyarında doğuluş illər sonrası Orxan Fikrətoğlunun Rüstəm Dastanoğlu yaradıcəlığına ünvanlanmış fikirlərində öz əksini tapacaq: “Rüstəm Dastanoğlu mətninin özəlliyi ilk növbədə dilin, təhkiyənin, sətiraltı mənanın dastan ənənəsində və ruhunda yaşadılması, dastan üçfəzalılığının realist fəzada qorunmasıdır”. Səkkizillik təhsilini Göyçədə alır. Atası Dastan kişi Rüstəmin kənd məktəbinə sığmadığını görürdü. Bunu elə müəllimlər də deyirdi. Bakıya gəlir, kimya-biologiya təmayüllü orta məktəbi qurtarır. Elə bu məktəbdə aldığı təhsil onun ruhi-psixik ruhlu yazılarında öz əksini tapır.
Rüstəm Dastanoğlu ictimai-siyasi xadimdir. Rüstəm Dastanoğlunun “Mən Azərbaycan Fətəlixan Xoyskinin nəvəsi kimi gəlmək istəyirəm, “ Biz ermənilərə nə vaxt qalib gələciyik” kimi hekayələrində biz onu siyasi cəhətdən yetkin yazıçı kimi görürük. Rüstəm Dastanoğlu ictimai-siyasi hadisələrə ayıq gözlə baxan siyasət adamıdır. 1994-cü ildə, müstəqilliyin keşməkeşli, ağır dövlərində yazırdı: “Biz dövlətin qanunlarını təbliğ etməklə qanunları dövlətin ideologiyası səviyyəsinə qaldırmalıyıq”.
Rüstəm Dastanoğlu xalqın ağrılarını ürəyindən keçirən, bu ağrılara biganə qalmayan nasirdir: “Daşkəndimizi hələ ki itirdiyimizdən (qismət olsun qaytaraq) qoy bu kitab, onları birləşdirən, bir-birləri ilə əlaqə qurmağa yardımçı olan, bir-birləri ilə hal-əhval tutmağa kömək edən, onminlik daşkəndlinin stolüstü kitabı olsun”.
Rüstəm Dastanoğlu insanı dini-psixoloji fərd kimi təqdim etməyi bacaran yazıçıdır. İnsan psixologiyasına belə bələdlik Rüstəm Dastanoğlu yaradıcılığında “insan dini-psixik fərddir” müddəası mühüm yer alır. Hələ 1989-cu ildə “Ulduz” jurnalında nəşr etdirdiyi “Tənhalıq həsrəti” hekayəsində bu müddəa tam dolğunluğu ilə üzə çıxırçəkdiyi keflər, ümumiyyətlə, hər şey, hər şey yalan idi, yalan. Və o hissləri heç kimlə bölüşmək mümkün “Kölgə” hekayəsində yenə də insan psixikasının dərinliyinə baş vurur, onun sirli-sehrli dünyasının dərin qatlarına ekskurs edir: “...Anası beli çiynində aparırdı, oğlan isə, belin sapından yapışıb arxasınca sürüyürdü. Onların ətəyi ilə getdikləri təpənin kölgəsi uzanıb özündən beş-altı dəfə uzun olmuşdu. Kölgə can atırdı ki, o işıqları söndürsün və hər yeri öz kölgəsi altına alsın”. Ətrafımızda baş verən təbiət hadisələrini insanın psixik fəaliyyəti ilə birgə verə bilmək, heç də, həmişə hər yazara nəsib olmur. Hekayədə hadisələr kölgə fonunda cərəyan edir, kölgənin artması ilə insan şüurunda baş verən psixik hadisələr arasında əlaqə dəqiq uzlaşdırılır. Kölgə və insanın psixik düşüncələri paraleli yaradılır: “Kölgə artıq uzanıb şüşələrdə oynaşan işıqları söndürmüşdü, onların varlıqlarından əsər-əlamət qoymamışdı. Və göz işlədikcə hər tərəfi Kölgə öz kölgəsi altına almışdı. Oğlan isə belin sapından yapışıb dalınca sürüyürdü. Və elə bil oğlan beli sürümürdü, bel onu arxadan itələyə-itələyə anasının ardınca aparırdı”.
Rüstəm Dastanoğlu torpaq oğludur desəm yerinə düşər. Bütün cahangirləri, imperatorları vaxtilə qınayırdım. Son vaxtlar onlara haqq qazandırıram da. Yaşadığın torpağı niyə də sevməyəsən?! Bir tərəfdən ona ana torpaq deyirik, o biri tərəfdən torpağı sevən, onun arealını genişləndirmək həvəsində olan cahangirləri qınağa çəkirik. Rüstəm Dastanoğlunun “Torpağın ruhu” əsərində ana torpaqdan uzaq düşmüş cahangirlərin sızıltısı eşidilir.
Rüstəm Dastanoğlu öz yolu olan ziyalı! Təsadüfi deyil ki, onun “Həqiqətə aparan yol” hekayəsində bu yolun mənəvi və fiziki köklənmədən keçdiyi anlaşılır. Təkzibolunmaz faktlarla öz ideyalarını ortaya qoya bilir: “...Qərbi Azərbaycandan böyük insan kütlələri didərgin düşdü. Bütün dövlət qurumları iflic vəziyyətdə idi. Amma bütün bunlara baxmayaraq onların arasında heç bir kriminogen hadisə qeydə alınmadı. ...Çünki onlar min illərdən gələn yazılmamış qanunların, adət-ənənələrin yaşadığı mühitdə göz açıb böyümüşdülər, o mühitə köklənmiş insanlar idi. Onların fiziki köklənməsi pozulsa da, mənəvi (ruhsal) köklənmə hələ diriydi, işləyirdi”.
Başqa bir “Yol” hekayəsində isə hər bir şəxsin bugünkü məqama çatana qədər getdiyi yolun lap uşaqlıqdan formalaşmasını gündəmə gətirir. Rüstəm Dastanoğlu söz adamı, ruh adamı! Bizdən də bir söz qalacaq dünyada deyirdi Ulu Şəhriyar.
Rüstəm Dastanoğlu Dədə Ələsgər sevdalı Göyçə adamı! 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun sponsorluğu və ideya müəllifliyi əsasında “Sözün işığı” adlı kitab nəşr olundu və 6 avqust 2021-ci ildə Yazıçılar Birliyində təqdimatı oldu. Rüstəm Dastanoğlu milli təəsübkeş yazar olduğu halda, həm də əli qələm tutanlara kömək edən şəxslərdəndir.
Rüstəm Dastanoğlunun təsis etdiyi “Dastanoğlu fondu” hər il Yusif Səmədoğlu adına nəsr yazılması təşkil edir və ilk 3 yeri tutan qaliblər mükafatlandırılır. Ədəbiyyatımızdakı xidmətləri “Aşıq Ələsgər - 200” yubiley, “Vaqif Səmədoğlu” medalları ilə qiymətləndirilmişdir.
Bu xeyriyyəçilik missiyası ölkəmizin xaricdə tanınmasına da xidmət edir. 1992-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində nəşr olunan “Türkiyənin “Çinar” lı günləri” publisistik yazı çox şey deyir: “Təkcə rəqslərə, Alimin muğamatına, Xəlilin sazına, Nadirin nağarasına, Əminə xanımın tamaşaçılarla ünsiyyətinə baxdıqdan sonra bu qənaətə gəldim ki, Azərbaycan incəsənətdə çox qabaqda imiş.
Öz heyranlıqlarını finlər də, polşalılar da, isveçlilər də bildirirdilər. Və bu dövlətlərin nümayəndələrinin hamısı bizi öz ölkələrində keçiriləcək festivala dəvət edirdilər”. Bütün bunlar Rüstəm Dastanoğlunun sözdə yox, əməldə vətənpərvər yazıçı olduğunu təsdiqləyir.
Rüstəm Dastanoğlu ümumbəşəri dəyərlərə sahib yazıçı! Onun təkcə analitik-fəlsəfi səpkidə yazdığı “Köklənmə və ya kainatla təmasda” əsəri buna bariz misaldır: “Bəli, təəssüflər olsun ki, başı milyon kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub... həmin İlahi qapının açarı isə insan varlığının düzgün köklənməsindən keçir”.
Rüstəm Dastanoğlu yazıçı-iqtisadçıdır. O, həmçinin Allahın bizlərə əta etdiyi ana təbiəti qorumağı qarşısına məqsəd qoyan ekoloq-yazıçıdır.
İnsanın xarakteri ən çox da söhbət məqamlarında açılır. Və bu xarakter, bu iç dünya səmimi söhbətlərdə daha aydın görünür. Rüstəm Dastanoğlunun verdiyi “Freyd mənim üçün avtoritet deyil” adlı müsahibəsi onun milli xarakterini bir daha büruzə verir. Bu milli xarakterdə atom fizikası sahəsində ali təhsil aldığı Ukrayna amili də təsirsiz ötüşməyib. Onun “Azərbaycan ədəbiyyatında kimi böyük sayırsınız” sualına verdiyi cavab: - Füzulini, Aşıq Ələsgəri, Şəhriyarı, Ramiz Rövşəni, yaxud Freydlə bağlı suala verdiyi: “O mənim üçün avtoritet deyil. Avropanın, Amerikanın bəlaları Freyddən gəlir” kimi cavablar Rüstəm Dastanoğlu xarakterini oxucular üçün açır.
Rüstəm Dastanoğlu iqtisadçı-coğrafiyaşünas təfəkkürlü yazardır. Zəngəzur TV-də əməkdar jurnalist Avdı Qoşqara verdiyi müsahibədə Göyçə mahalının fiziki, iqtisadi coğrafiyasını dəqiqcəsinə analiz edir.
Dəyərli oxucu! Bir qəzetdə yaxud saytda Rüstəm Dastanoğlu yaradıcılığını sığışdırmaq mümkün deyil. Arzumuz budur ki, Azərbaycan insanının dünyagörüşünün formalaşdırılması yolunda Rüstəm müəllim öz analitik təfəkkürü əsasında yeni-yeni əsərlər ortaya qoysun, bizlər də öz münasibətimizi (münasibətin səviyyəsini oxucular təyin edir) bildirək.