"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?
19 may 2026
# 17:00

Kulis.az Anar Oğuzun "Kəramət Böyükçöldən nə öyrənməliyik?" yazısını təqdim edir.

Dünən sinif yoldaşım Həsən Elmlərə, iş yerimə gəldi. Dedi ki, Kəramət Böyükçölü görməyə gəlmişdim, parkın o üzündə kitab avtobusu var, görüşdük, söhbətləşdik, şəkil çəkdirdik. Gəlmişkən dedim, səni də görüm.

Söhbət vaxtı çantasından “Səs” kitabını çıxarıb mənə uzatdı:

– Bunu götür, sən oxuyarsan. Özün bilirsən, mənim kitabla zadla aram yoxdur. Açığı, mənim oxumağa vaxtım olmur, yoxsa çox istəyərəm ki, vaxtım olsun, oturub ancaq kitab oxuyum. Məsələn, mənə ayda iki min-üç min verələr, işləmərəm, oturaram evdə, başımı kitabdan qaldırmaram, ancaq kitab oxuyaram.

– Bəs oxumayacaqsansa, bu kitaba 15 manat niyə vermisən?

– Ayıbdır da, bu boyda yolu gəl, salam-sağ ol, nə var-nə yox elə, şəkil çəkdir, get. Düz gəlmir. Həm də Kəramətlə on-on beş dəqiqə söhbət etdik, elə bil on-on beş dənə kitab oxudum.

Kitabı götürüb rəfə qoydum. Bir az söhbətləşdik, Həsəni yola salandan sonra “Səs” kitabını götürüb bir az vərəqlədim.

Kəramətdən heç nə oxumamışdım. Mənə maraqlı idi , görəsən, səhər-axşam təriflədiyi, hər yerdə haqqında danışdığı, 15 manata satdığı, rayonlara çatdırdığı “Səs” necə kitabdır ?

Kitabı güc-bəla ilə oxuyub bitirdim. Kitabı oxuyub qurtaran kimi aptekə gedib iki ədəd “Aksenfort” aldım, birini atdım, birini də saxladım ki, kitab haqqında yazanda ataram.

Kəramət Böyükçöl “Səs” kitabının birinci səhifəsindən etibarən sol əlini Alim Qasımov kimi qulağının dibinə qoyub başlayıb qışqırmağa. Son səhifəyə qədər qışqırıb. Bir əlimi vicdanıma qoyub rahatlıqla deyə bilərəm ki, Kəramət Böyükçölün səsi yoxdur.

Kəramət Böyükçöl status yazmaq, status tutuzdurmaq, “aforizm” demək xəstəliyinə tutulub, təfəkkürünü, təxəyyülünü məhdudlaşdırıb, korlayıb.

Onun beynində məlumat dərəbəyliyi yaranıb. Ona görə də kitabda bir səhnə haqqında bir az danışıb o birinə hoppanır, özü də nətər gəldi, necə gəldi keçir. Mövzuya köklənə bilmir. “Aforizm” demək, altından xətt çəkiləsi cümlələr yazmaq istəyir.

Yaxşı romanda hər bir detal, hər bir cümlə növbəti addımı hazırlamalı, personajlar mətnin daxilində əriyib hadisənin özünə çevrilməlidir. Bu mətndə isə xronoloji və məntiqi rabitə yoxdur. Səhifələr arasında xaotik, sərt keçidlər var.

Bir tərəfdən Cubbuluya olan sevgidən, onun 19 yaşından, boyundan, çəkisindən, dönər yeməklərindən bəhs olunur, dərhal ardınca deputatlıq iddiası ortaya düşür, sonra kənddəki dayıların, əmilərin söhbətinə, daha sonra “Babək” filmindən, sovet dövründən ayaqqabı probleminə keçid edilir. Hadisələr bir-birinin daxilindən doğmur, sadəcə olaraq müəllifin beyninə o an nə gəlirsə, onu da vərəqə köçürür. Hələ bu boyda həngamə girişdə, 10-15 səhifədə baş verir.

Romanda mərkəzi fiqur kimi görünən qəhrəmanın / Kəramət Böyükçölün deputat olmaq arzusu onun daxili ehtiyacından, dramatik zərurətdən doğmur. Bu arzu mətndə reallıqdan uzaq şıltaqlıq kimi təqdim olunur. Şəxsən mən bu suala cavab tapmadım:

“Bu qəhrəman niyə deputat olmaq istəyir? Bu arzunun psixoloji kökləri nələrdir?”

Kitabın girişində qəhrəmanın arvadı Cubbulu deyir ki, səndən yaxşı deputat olar, get deputat ol. Bu vaxtadək bu haqda düşünməyən qəhrəmanın daxilində şiddətli şəkildə deputat olmaq arzusu yaranır. Bundan əvvəlki yazılarda vurğulamışam, yəqin ki, təkrarda fayda var.

Romanda, hekayədə, povestdə qəhrəmanın şiddətli arzusu varsa, bunun psixoloji kökləri verilməli, müəllif bu arzunu əsaslandırmalı, konflikt bu arzudan yaranmalıdır. Qəhrəman passiv olmamalı, hərəkət etməli, seçməli, qərar verməlidir. Konfliktin həlli, hekayənin nəticəsi, qəhrəmanın taleyi məhz onun hərəkətlərindən, qərarlarından, seçdiklərindən asılı olmalıdır.

Kəramət Böyükçöl isə bu əziyyətlərə girmir. Cümlələri tez-tələsik, necə gəldi, nətər gəldi, başdansovdu yazıb canını qurtarmaq istəyir. O düşünür ki, hər cümlədə təşbehdən, metaforadan, mübağilədən və digər bədii ifadə vasitələrindən istifadə etməklə roman yazıb:

“Cubbuluya ürəyimi universitetin həyətində açdım. Atamın bir-iki şeirini öz adıma dedim. Guya mən yazmışam. Bu da elə sevinir, elə bil sərçə asfaltın ortasında dən tapıb. Tez gedib iki dönər aldım. Guya sevgimizin banketidir. Elə yeyir, elə yeyir, elə bil dönər anasının döşləridir. Març-murç! Bu cür acgözlüklə. Sərçələr də ətrafımızda. Dönərin bir qırığının dodağının böyrü tərəfdən yanağına yapışmasına az qala kövrələm”.

Kəramət Böyükçöl hər cümlədə belə bayağı, banal, əttökən ifadələrdən istifadə etməklə düşünür ki, o, status yox, məhz roman yazır. Ancaq onun yazdıqları ən yaxşı halda pis yazılmış felyetondur.

Roman öz başlanğıcı, inkişaf xətti, kulminasiyası və finalı ilə bütöv, müstəqil bir dünyadır. Felyeton isə fraqmentardır; keçidləri sərt, həcmi yığcamdır. Çox vaxt tək bir mövzuya köklənir, tamlıq və genişlik iddiası daşımır. Romanın qayəsi insan taleyini, psixologiyasını və münasibətlərini zaman müstəvisində dərindən təhlil etməkdirsə, felyetonun hədəfi satira, tənqid və ictimai sancıdır. Felyeton bədii kəşf üçün deyil, konkret bir ağrıya iynə batırmaq üçün yazılır. Bu mənada bir az hazırlıqlı, ədəbiyyatdan bir az başı çıxan oxucu üçün Kəramət Böyükçölün “Səs” romanı roman deyil. Belə roman olmur.

Kitabda Cəmilə obrazı ilə əsas qəhrəmanın dialoqlarını oxuduqca xəcalətimdən istəyirdim yer aralansın, yerin altına girim. Bu qədər xəcaləti bircə Cavid Ramazanov öz kitabının axırında yerə şamlar düzəndə çəkmişdim.

Başa düşdük, Cavid Ramazanov “Çukur” serialından əməlli-başlı təsirlənib, götürüb belə banal, bayağı səhnə yazıb.

(Hətta Cavid Ramazanovun təsirləndiyi səhnənin linkini bura yerləşdirirəm, girib baxa bilərsiniz. “Amanabənd” kitabının axırı ilə bu linkdəki səhnəni müqayisə edin, fərq tapsanız, şərhdə yazın:

https://youtu.be/hdt0yzYf2AE?si=YUh9yZMNzd0ThUUs )

Bəs Kəramət Böyükçöl haradan təsirlənib? O, niyə klip çəkir, klipə çəkilir, özünü tərifləyir?

“Səs” kitabının axırındakı dialoqlarda, səhnələrdə gördüyüm ucuz sentimentallığı, süni kədəri, pafosu heç bir kitabda görməmişdim. (Fəridə Zero Məmmədovanın şeirlərində, hekayələrində bu ucuz sentimentallığı, pafosu, süni kədəri görmüşəm, ancaq o şeirləri, hekayələri kitabdan oxumamışam.)

Deməli, Cəmilə xanım seçki namizədlərinin şəkillərinə baxır. Kəramət haqqında deyir:

“Mən Kəramətin heç üzünü görməmişəm. Bir neçə gün öncə namizədlərin rəngli şəkillərinə baxırdım. Hamısı sınmış adamlar idi. Təkcə onun üzündə, təkcə onun alnında qürur gördüm”.

(Ətin tökülsün, Kəramət!)

Sonra Kəramət bəy özü haqqında belə bir dialoq yazır:

“– Yox, onu Çingiz müəllimin üzündə görmürəm. Onun üzünü dəriblər. Axtardığım şey Kəramətdə var.

– Axı nə var onun şəklində?

– Onu siz görə bilmərsiniz.

– İki dəfə arvad boşayıb.

– Nə olar arvad boşayanda?

– Alkaşın yekəsidir, içib küçələrdə yatır.

– Nə olsun, onu ki itirməyib. O ki üstündədir, içindədir, üzündədir. Onu heç kəsə verməyib – nə boşadığı arvadlara, nə seçkiyə, nə də onu başqa istəyənlərə”.

Kəramət Böyükçöl cəmiyyətdə özü haqqında eşitdiyi mənfi fikirlərə cavab vermək üçün kitaba belə bir obraz yerləşdirib.

Hələ özü də Cəmiləyə suallar verir:

“– Cəmilə, sənə bir sualım var. Necə olub ki, sən belə saf, təmiz qalmısan? Səni niyə çirkləndirə bilməyiblər?

– Bu, sirdir. Deyə bilmirəm. Mənim iksirim var, açsam, hər şey dağılacaq.

– Zarafat eləmirəm, ciddi soruşuram.

– Mən də ciddi cavab verirəm, mənim qəm iksirim var. Məni qəm belə saxlayıb.

– Axı qəm insanı qocaldır, məhv edir, çürüdür.

– Yox, gərək qəmi də yaxşı saxlayasan. Gərək qəmi tarla kimi becərəsən.

– Demək, səni qəm gözəlləşdirir? Heç belə şey eşitməmişdim.

– Bəs nə, hətta qəmin həzzi ürəyə xeyirdir. Xəbərin yox idi indiyə kimi?

– Belə bir şey başıma gəlməyib, nə kitablardan oxumuşam, nə də qonşuda bişib. Sən qəmi haradan alırsan? – Cəmilədən soruşuram, – Məcnun deyir ki, ey Leyli, mən gözlərimin nurunu verdim, sənin qəmini aldım. Bəs sən kimin qəmini hər şeydən üstün tutdun?

Cəmilənin yanağına iki damla göz yaşi düşdü. Tez üzünü yana çevirdi. Sonra durdu və üzünü ağacın başındakı yuvalara tutdu. Sonra yaş gözünü elə qovdu ki, elə bil təsbehin bağı qırıldı, muncuqlar yanağından aşağı diyirləndi”.

Görəsən, Kəramət Böyükçölü “Yeşilçam” filmi çəkməyə nə vadar edir? Yaxşı mövzusu, materialı var, niyə klip çəkir? Niyə təsirli olmaq üçün əlləşib-vuruşur?

Daha bir əttökən dialoq:

“– Bu iki cümlədə səkkiz hərf səhvi getmişdi. Buna çox sevinirdim. Elə bilirdim bu səhvlər onun məktubunun ən gözəl bəzəyidir.

– Mənim də yaraşıqlı xətdən xoşum gəlmir. Həqiqət həmişə üstündən xətt çəkilmiş cümlələrdə gizlənir.

– Bax, Kəramət, sən də çoxlu hərf səhvləri ilə yazılmış cümləsən. Çingiz isə məhkəmə xəttidir – hər şey ütülü, sığallı, dübbədüz. Amma heç nə ifadə etmir. Özü deyil, onun beyninə fikri hazır vəziyyətdə qoyublar, süni mayalanma kimi”.

Kəramət Böyükçöl, məncə, status yazmağa, “Şirin” serialına çəkilməyə, yazdığı kitabları kilo-kilo satmağa, müsahibələrində verilən suallara cavab vermək əvəzinə nala-mıxa vurmağa davam eləsin.

O, öz yolunu tapıb. Balaəlini tənqid edib, onunla eyni seriala çəkilir. Meyxanaçılara “camaatın cahilliyindən pul qazanırsınız, ayıbdır” desə də, özü də eyni işlə məşğuldur.

Öz kitablarını roman adıyla tərifləyib satır, bilir ki, kitabı alan oxucu onun kitabını oxumayacaq, oxusa səhvlərini görməyəcək, görsə də xətir-hörmət naminə heç nə deməyəcək. Əgər meyxana qəzəlin topal formasıdırsa, Kəramətin kitabları da romanın, ədəbiyyatın topal formasıdır.

Bu yaşa qədər istedadına arxalanıb gəlib, nə mütaliə eləyib, nə də əziyyət çəkib nə isə öyrənib. Bu qədər primitiv xətalar etmək oxumamağın, öyrənməməyin, avaralanmağın, məsuliyyətsizliyin nəticəsidir. Mən də daxil olmaqla hər bir yazan-pozan gənc Kəramət Böyükçölə baxıb nəticə çıxarmalıdır.

Görməlidir ki, avarıçılıq, şöhrət hərisliyi, məsuliyyətsizlik, tənbəllik istedadı nə günə qoya bilər.

Kəramət Böyükçölə uğurlar arzulayıram. Ancaq bu şərtlə ki, ədəbiyyata, sənətə iddia etməsin. Onun ədəbiyyata, sənətə aidiyyəti yoxdur. Onun öz balaca dünyası var, meyxanaçılardan əkişdirdiyi savadsız, zövqsüz, ədəbiyyatdan bixəbər oxucuları da götürüb öz dünyasında istədiyi işlə, şeylə məşğul ola bilər. Hər halda mahiyyətdə o meyxana deyir. Meyxanaya gələn rəylərlə, Kəramətə gələn rəylər eynidir:

Kəramət:

“Seni basa dusmeye bas lazimdir”, “Azərbaycanın Viktor hüqosu”, “Kefli iskender”

Hər hansı bir meyxanaçı:

“Beyin yandiran fikirler”, “seni basa düsmek hər oğlanin basi üçün deyil”, “əsrimizin füzulisi”

Sadəcə meyxana dinləyiciləri iki yerə bölünüb, yenə kitab oxumurlar, sadəcə meyxanaçılarla Kəramətin qırğın deyişməsində öz yerlərini tutublar.

Kəramətin bu sözü ilə yazını yekunlaşdırmaq istəyirəm:

“Həm ağzına gələni qafiyəylə deyirsən, bu qədər camaatın cahilliyindən pul qazanırsan. Özün də oxumursan, hələ abırsız-abırsız, utanmaz-utanmaz sənətə, ədəbiyyata iddia eləyirsən. Meyxana deyirsən, yaxşı eləyirsən, get meyxananı de də…”

# 183 dəfə oxunub

Oxşar xəbərlər

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

12:00 17 may 2026
Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər