"Xocalı ayı": Namus dağı - Rəşid Bərgüşadlı

"Xocalı ayı":  Namus dağı - Rəşid Bərgüşadlı
24 fevral 2022
# 13:00

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Rəşid Bərgüşadlının “Namus dağı” hekayəsini təqdim edir.

Yasların birində molla deyəndə ki, cəhənnəm əzabının bu dünyadakı tək işartısı böyrək daşının ağrısıdır, içimdəki üçillik ağrı səksənib dik atıldı. Elə bil məni içəridən qəməltiylə doğradılar. Allah heç kimə göstərməsin, həqiqətən cəhənnəm əzabıdır! Gürcüstandakı mineral suların böyrək daşını əritdiyini çoxları demişdi mənə, mollanın sözündən sonra qərara gəldim ki, vaxt itirməyim. Ölmək ölməkdisə, ta xırıldamaq nədi! bir aylıq otaq tutdum, arvad-uşağımı da götürüb yollarda dincələ-dincələ iki günə gəlib çatdım Gürcüstanın Sairmə sanatoriyasına... Sairmənin hər bulağında bir dərdin dərmanı varmış – göz, revmatizma, mədə xorası, böyrək daşı, dəri xəstəlikləri... Hələ dağ çayının dadlı farelini demirəm... Meşələr üzümə ciyərdolusu oksigen üflədikcə düşünürdüm: “Vallah, Qafqazda ən avam xalq bizik! El-aləm gör haralarda yaşayır, biz də əlimizdəkini erməniyə, gürcüyə vermişik. Pir deyib yapışmışıq Mil-Muğanın irəmələrindən. Axı nə var bu ilanmələyən şoran düzlərdə? Əkib-becərmək elə bizim boyumuza biçilib? Erməninin boynunun kökündən bas düzəngahlara, qoy öküz kimi işləsin, sən də otur dağlarda, buz bulaqlı meşələrdə şah kimi kefini çək da!”...

Bakının qorabişirən istisində pörtmüş zavallı balalarım elə bil cənnətə düşmüşdülər. Sonbeşiyimi həyətdən yığışdıra bilmirdik. Selcanın beş yaşı var. Öz balamdır deyə demirəm, çox istiqanlı, qaynayıb-qarışan uşaqdır. Bizə dinclik vermirdi, – Yenə Anuşla oynamaq istəyirəm – özünü yerə çırpıb dad deyirdi...

Gəlişimizin beşinci günüydü, vannadan yenicə qayıdıb yerimdə uzanmışdım. Anası Selcanın biləyindən yapışıb zorla otağa salanda uşaq hönkür-hönkür ağlayırdı.

– Burda da qoymazsan rahat oturaq! Niyə ağladırsan uşağı!? – yoldaşıma acıqlandım.

– Yapışıb bir gürcü uşaqdan, əl çəkmir ki, qoy bacıyla oynayım!

– Qoy oynasın da!

– Dilini bilmir axı, həm də xalxın evinə gedir.

– Uşaqların öz dili olur, dəymə, qoy oynasınlar! – arvadla cəhl edəcək həvəsim yox idi. Üzümü divara çevirib ədiyala büründüm. Amma uşaq kirimək bilmirdi. Naəlac qalıb özüm onu həyətə düşürəsi oldum. – Bəs Anuş hanı?.. – gözünün mütüyünü axıdır, gül-çiçəkli meydançada rəfiqəsini axtarırdı. Birtəhər ovudub yerli gürcüylə ölkələrimizin dərdindən-sərindən təzəcə söhbətə başlamışdıq ki, Selcan sevincək böyrümü dürtmələdi: – Odey, Anuş gəlir! Göstərdiyi səmtə baxdım. Cavan ər-arvad qarayanız qızcığazın arxasınca əllərində plastik stəkan bulaqdan su içməyə gəlirdilər. Şirin uşaq idi, özümün də qanım qaynadı Anuşa. Selcanı görcək, düz bizə tərəf yüyürdü. Qızım yazıq-yazıq üzümə baxdı. “Uşaqlar niyə bu qədər məsum, günahsız olur görəsən?” – Get, get bacıyla oyna! – söz ağzımdan çıxan kimi yerindən götürüldü. Bir-biriylə toqquşanda az qaldı ikisi də yıxılsın. Heç doğma bacısını, məhlədəki həmyaşıdlarını, gəlinciklərini belə sevmirdi Selcan. Cütlük yanımıza çatanda kişi ayrılıb bizə yaxınlaşdı. Əl uzadıb gürcücə salam verdim, – Qamar coba... Rus dilində aldı salamımı. “Bunlar rus dilinə qadağa qoyublar axı” – səki, uşaqların birlikdə oynaması üçün ondan icazə alacaqdım. Dalağım sancdı, – Gürcü deyilsiniz?

– Yox, erməniyik... – elə bil təpəmə bir qazan qaynaq su əndərdilər. Mən iyirmi il olardı ki, erməni görmürdüm. Qanım it qanına döndü, əlimi şalvarıma sildim. Müharibənin “tüfəng dövründən” tutmuş, ta atəşkəsədək bu haramzadalarla əlisilahlı döyüşən, iki dəfə yaralanan biri üçün bu görüş gözlənilməz idi. Elə andıra qalmış böyrək daşını da Qarabağın soyuq səngərlərində canıma yığmışdım... Hirsimdən dərim səyriyir, tüklərim biz-biz olurdu. O, sual dolu baxışlarıyla nəsə soruşmaq istəyirdi, mənimsə danışmağa halım yox idi. Gözüm çəməndə kəpənək qovan uşaqlarda idi, – Selcan! – səsimdəki hirsi qızım da duydu, ikisi də yanımıza gəlib üzümə baxdılar.

– Ata, qoymursan oynamağa? – uşağın üzündəki yalvarışa ancaq korlar biganə qalardı. “Yox” desəydim, özünü didib-tökəcəkdi.

– Gedək yeməyimizi yeyək, sonra oynayarsınız, – biləyindən bərk-bərk yapışdım. Anuş erməni dilində qızıma nəsə dedi və Selcan getməyimizə candərdi razı oldu... Uşağı gətirib anasının üstünə itələdim, – Anuş dediyiniz uşaq gürcü yox, erməni küçüyü imiş! Uşağı yanında hərlə, qoyma o şeytan balasıyla oynasın! – qapını arxamca çırpdım. Yoldaşımın gözləri bərəldi: – Nə danışırsan!? Bəs xəbərin var ki, onlar bizim divar qonşumuzdu?! Yan otaqda qalırlar...

– Bir bu çatmırdı! İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvası ağzında bitir!.. Cəhənnəmə olsun, sən uşağı gözdən qoyma! – cin atına mindim. Onsuz da hövsələsizəm, indi isə özümə yer tapa bilmirdim. Beş yaşlı doğma balam bir anda gözümdən düşmüşdü. Hər şey cəhənnəm, bir erməniylə qonşu olmağın töhmətini heç cür götürə bilməzdim. “Səni lənətə gələsən, şeytan! Cənnətdə dincliyimə burun soxdun!”. Axşam yeməyindən sonra müştəri qeydiyyatı otağına yaxınlaşıb yerimizi dəyişmələrini istədim. “Bütün otaqlar doludur, heç cür mümkün deyil” cavabını alanda əsəbdən beynim uğuldadı...

Dünyanın ən murdar ağdərili nökərlərini həyətdə asudə gəzən görəndə vurağan öküzə dönürdüm. Mən insanlığın üz qarası, Qafqazın qara ləkəsi olan ermənilərə nifrət edirəm! Qoy məni qanıma qəltan etsinlər, lap övladlarımız gələcəkdə yenə birlikdə mehriban yaşamış olsun, amma bu qəti fikrimdir – erməniylə qonşu olan çomağı əlindən yerə qoymamalıdır!.. Qeyrətim sızlayırdı, – “Boyunu yerə soxum, məğlub ordunun rəzil əsgəri! Erməniyə uduzduğun bəs deyil, hələ sanatoriyalarda böyrək daşını tökməyə gəlmisən! Öl, öl canın qurtarsın, biqeyrət!” – yaramın qaysağı qopmuşdu. Onlarsa məni vecə almır, dədələrinin evindəki kimi asudə gəzirdilər... Daha eşiyə az çıxırdım. Qızım yenə Anuşa tərəf dartınanda dalına yağlı sillə çəkir, göz yaşına baxmadan susdururdum...

***

Bir gecə yoldaşım hövlənak məni silkələyib yuxudan oyatdı: – Başımıza kül oldu, dur! Selcan otaqda yoxdu, uşaq itib!.. Bir anda gözlərim qaraldı. Yerimdən dik atıldım. Hamama cumdum, çarpayıların altına boylandım, balkona, dəhlizə, foyeyə baxdım – uşaq qeyb olmuşdu. Qonşu otaqdakı ermənilər gəldi gözümün qabağına. “Bunların əlindən nə şərəfsiz iş desən gələr!” – dəhlizə çıxıb qapılarını təpiklədim. Qapını üzümə “dığa” açdı.

– Uşaq itib, sizdədir?! – onu itələyib özümü içəri təpdim. Arxamca otağın işığını yandırdı. – Anuş!.. – onun da gözləri bərələ qaldı, Anuş da yoxa çıxmışdı. Dığanı xirtdəklədim: – Alçaq kopayoğlu, hanı uşaqlar!? Bağırtıma “haxçik” yuxudan oyandı. Qadın Anuşun itdiyini biləndə cəld balkona cumdu, sonra gülümsəyib barmağı ilə bizi eşiyə çağırdı. Gördük ki, Anuş üzüstə, atasının idman pencəyinin altında kirpi kimi yumrulanıb, yanağını Selcanın o üzdən uzatdığı əlinin üstünə qoyub yatıb. Balkonlarımız arakəsməsi nazik azbest lövhədənmiş və altlığı uşağın başı girəcək qədər hündür imiş. Qarnıüstə erməninin balkonuna uzandım, arakəsmənin o üzündə mışıl-mışıl yatan qızımın məsum nəfəsi üzümə toxundu. Dığa Anuşu qucağına alıb ehmalca yatağına uzatdı. Öz balkonumuza qayıdıb qızımın yun adiyalını üstündən götürdüm. Şirin yuxudaydı. “Uşaq nə bilir ki, erməni nədir, düşmən nədir, düşmənə necə nifrət etmək lazımdır?” – onu qucağıma alıb ehmalca yatağına uzadanda gözlərini açdı. Üstünü örtəndə qorxa-qorxa bircə bunu dedi: – Ata, Anuşu evimizə aparaq? Mən istəyirəm ki, Anuş mənim bacım olsun... – və təkrar şirin yuxuya getdi. Bundan sonra yatmaq olardımı? Baxdım ki, qonşumun işığı hələ də yanır. Siqaret yandırıb balkona çıxdım, ermənini səslədim. Balkona çıxdı. Birnəfəsə: – Çıx get buralardan, gözüm bir də səni görməsin! Yoxsa əlimdən bir xəta çıxacaq! – siqareti çırtmayla həyətə tullayıb otağa qayıtdım. “Əgər getməsələr, zorla qovacam”, – daha əlim gicişirdi...

***

Sübhdən durub bulağa gedəndə gördüm ki, erməni foyedə durub. Salam verdi, almadım. Əlindəki məktubu mənə uzatdı: – Biz bu gün buradan gedirik. Mən gedəndən sonra bu məktubu oxuyarsan... Salamat qal! – otaqlarına keçdi. Otelin emblemi olan vərəqlərdə uzun-uzadı rusca nəsə yazmışdı – o üz-buüzlü iki vərəq idi. Məndə məktub oxuyacaq hövsələ hardadır... İstədim dəhlizdəki zibil qutusuna atım, ancaq bulaqdan qayıdandan sonra göz atmaq üçün qatlayıb qoydum arxa cibimə...

Otağa qayıdanda saat səkkiz idi. Uşaqlar hələ də mışıl-mışıl yatırdılar. Ehmalca yerimə uzanıb erməninin məktubunu oxumağa başladım:

Yerevandakı ali məktəblərin birində müəlliməm. Bizdə də türklərə nifrət etməyi öyrədirlər, amma sən, deyəsən, türklərin ən hirslisi, əsl erməni düşmənisən. Bu məktubu ona görə yazmağa qərar verdim ki, sən də biləsən, niyə bizim övladlarımız bir-birinin dillərini anlamadığı halda bu qədər isinişə bildilər. Elə Sairmədən də Siranuşla qızının bu sirrin üstünü aça biləcəklərindən qorxub gedirəm. Siranuşun həyatını sənə olduğu kimi danışacağam...

Səkkiz il idi ailə qurduğum, amma övladımız olmurdu. Arvadımla ayrılmaq istəmirdik. Bir gün bizim kimi övladsızlıq dərdi yaşayan dostum dedi ki, mən Qarabağda valideynlərini itirmiş bir oğlan uşağını övladlığa götürmüşəm, istəsən, sən də yetim uşaqlardan birini götürüb saxlaya bilərsən. Arvadıma bunu təklif edəndə sevindi. Vaxt itirmədən dostumun verdiyi ünvana – Mardakertə yollandıq. Qız uşağı istəyirdi yoldaşım. Amma bəxtimizə çıxan uşaqlar ya oğlan çıxırdı, ya da qız uşaqlarını arvadım bəyənmirdi. Əliboş Stepanakertə qayıdarkən kəndlərin birində qarşımıza hamilə bir gəlin çıxdı. Əlində vedrə yolun qırağındakı bulaqdan su götürməyə gedirdi. Arvadım gəlinə işarə edib, Hamiləlik gör qadına necə yaraşır? Axı niyə mən hamilə qala bilmirəm, niyə öz övladımı özüm doğa bilmirəm? doluxsunub çiynimə qısıldı. Yol məni yorub, həm də susamışam, gəl düşüb su içək, həm də bir az gəzişək, ayaqlarımın keyi açılsın, – dedi. Bulağın yanında maşını saxladım. Bayaqkı gəlinlə salamlaşdıq. Gəlin çox gözəl idi. Arvadımın gözü qadının qabarmış qarnında və dolu döşlərində qalmışdı. Arvadım ondan soruşdu ki, ilk uşağınızdı? Gəlin bir az da acıqla, “Yox, beşinci olacaq” – deyəndə arvadımın dərdi açıldı. – Amma mənim heç biri də olmur... – köks ötürdü. Gəlin çəpəki mənə baxdı:

– Ərindəndir, yoxsa səndən? – qadındakı sırtıqlıq məni üşütdü.

Arvadım: Məndəndir, – dedi, amma yalan danışırdı, mənim qüsurum idi.

– Əgər razılaşsan, gələn dəfə ərindən bir uşaq da səninçün doğa bilərəm, – üzümə irişəndə onun yaraşığı lap gözümdən düşdü.

– Bəs ərin buna nə deyər? – arvadım deyəsən onu ciddiyə alırdı. Sanki arvadımı ovsunlamışdı, imdad dolu gözlərini gəlinə elə zilləmişdi ki, elə bil bu saat onun ayaqlarına döşənib yalvaracaqdı.

– Kəndin bütün kişiləri, bu kəndə qonaq gələn hər erməni mənim ərimdir. Bir türk qızını zorlamağın ləzzətini yəqin ki, sənin ərin də qaçırmaz.

Məni vahimə götürdü: “Bu gözəllikdə qadın nə qədər həyasız olarmış!”... Daha bayaqkı gözəllikdən iyrənirdim. Arvadım: – Qarnındakı uşağın atası kimdir, bilmirsən? – arvadım onun hər sözünə sidq ürəkdən inanırdı. Bu iyrənc söhbətin şahidi olmamaq üçün bir qədər aralandım.

– Allah bilir hansı donuzun zibilindəndir! – su dolu vedrəni əlinə aldı.

– Bəs uşaqlarına necə baxırsan? Necə, nəylə dolanırsan?

– Uşaqlarımı əlimdən alıb aparırlar. Allah bilir, ya satırlar, ya da qol-qıçlarını sındırıb diləndirirlər... – bunu eşidəndə tüklərim biz-biz oldu.

– Evin varmı, səninlə bir az yaxından tanış ola bilərəmmi? Sən bu uşağı neyləyəcəksən? – arvadım qırsaqqız olub yapışmışdı bu arsız gəlindən.

– Hə.., evim var. Armenin donuz tövləsində yaşayıram. Bu uşağın aqibətini isə ancaq Armen bilir. Babat pul versəniz elə sizə satar...

– Uşaq neçə aylıqdır?

– Bu gün-sabahlıq.

– Bəs niyə ağır şey qaldırırsan, axı sənə olmaz?

– Bu qayğını evdə ərinə göstərərsən... – donuz tövləsində yaşayan insanda elə bu qədər qanacaq olar.

– Niyə acığın tutur, axı mən də qadınam, səni başa düşməyə çalışıram...

– Mən isə nə vaxt qadın olduğumu heç xatırlamıram. Məni rahat buraxın, cəhənnəm olun, – bunu deyib asfalt yolu keçdi.

Arvadımı yanladım:

– Başına hava gəlib, nə etmək istəyirsən? Yoxsa yüz kişidən əmələ gələn bir uşağı övladlığa götürəcəksən? Görmürsən, bizi barmağına sarıyır?

Arvadım:

– O yalan danışmır. Həm də qız doğacaq, anası kimi gözəl bir qız. Addımlarına bir bax... heç nə başa düşmədim. – Mən bu uşağı götürəcəm. Anası çox sağlamdır, gözəldir. Anlamadınmı, o əsir düşmüş türkdür. Deməli, övladını heç vaxt axtarmayacaq, qulağımız dinc olacaq. Məni sevirsənsə, bu işdə mənə kömək elə...

Çox çək-çevirdən sonra əlacım kəsildi, arvadıma təslim oldum, – “Bəlkə də qismətimiz belədir”. Arvadım yüyürüb su vedrəsini onun əlindən almağa çalışdı, lakin o buna razı olmadı. Ayaqlarımı sürüyə-sürüyə onların dalınca getdim. Həyətə girəndə yaxası-başı açıq, yekəqarın kişi bizi görcək yerindən dik atıldı. Yaxasını düymələyərək üstümüzə cumdu:

– Kimsiniz, nə istəyirsiniz?! – pörtmüşdü, nəfəsi şərab qoxurdu.

– Yoldan keçirdik, dedik bir yorğunluğumuzu alaq, – söz ağzımdan çıxdı.

Kişinin eyni açıldı:

– Qorxutdunuz məni. Dedim, yəqin yenə ya müxbirlər, ya da Avropanın sülhməramlı avaralarısınız. Nədi, türk qızı istəyirsən? Qurbandı sənə. Ancaq onun bu halından inanmıram bir ləzzət ala biləsən... Amma özün bilərsən, belə də xoşdursa, buyur onun evinə – üstü qamışla örtülmüş alçaq damı burnuyla göstərdi.

İçimdən bu gəlinin yaşadığı evi görmək keçdi, amma arvadım məndən qabağa düşdü. Bura həqiqətən köhnə mal tövləsi olub, amma qızın təmizkarlığına şübhə ola bilməzdi. Damın bir küncündə emalı qopub tökülmüş çuğun hamam vannası dururdu. Divarda ağac budağından asılqan düzəltmişdi. Digər küncdəki taxtın üstündə pişik donbuşub yatırdı. Köhnə şifonerin gözlərinə səliqə ilə qab-qacaq yığmışdı. Arvadım onun qolundan yapışıb taxta oturtdu, özü də yanında:

– Danış, danış görüm sən kimsən, bura necə düşmüsən, adın nədir?

– Suren adımı Zeynəb qoyub. Dediyinə görə, hər kimdirsə, türk artisti olub. Bircə onu bilirəm ki, türkəm və türk olduğuma görə ən ağır təhqirlərə dözməliyəm. Amma heç özüm də bilmirəm ki, türk olmaq niyə bu qədər rəzalətmiş... Gözümü Surenin qucağında açmışam. O öləndən sonra isə Armenin himayəsinə keçmişəm.

– Armen səni çox incidir?

– Yox, niyə incitsin ki! Nə deyir onu da edirəm, amma hərdən çox içəndə bərk döyür. Məni qəfəsə salınmış canavar kimi hamıya göstərməkdən zövq alır. Doğduğum uşaqların hesabına yaxşı qazanır da – mən doğuram, o isə fransız müştərisinə satır...

Armenin içəri girməsilə söhbət yarımçıq qaldı:

– Hə, xoşunuza gəldi qancıq Zeynəbin evi? Türkün dişi canavarıdır bu, ehtiyatlı olun ki, sizi gəmirməsin... – irişərək ərp bağlamış dişlərini göstərdi.

– Qancıq sənin anandı! Sənə neçə dəfə demişəm ki, özgə qadın yanında məni alçaltma, erməni köpəyoğlu!

Armen onun üstünə cumub yumruğunu düyünlədi:

– Erməni mənə deyirsən!? – arvadım yumruğu göydə tutdu, – Axı o hamilədir!

Zeynəb heç tövrünü də pozmadı: – Nədi, erməni deyilsən? Di qudurma yenə! Bu qadın uşaq almaq istəyir, deyəsən pullu müştəridir...

Armen bu dəfə özünü bizə göstərərək bağırdı: – Bunlar bizim özümüzünkülərdir, müştəri deyillər! Sənə yüz dəfə demişəm ki, bir erməni sənin ürəyini də istəsə, fikirləşmədən çıxar ver!

– Nə deyirsən, indi uşağı çıxardım verim, yoxsa insan kimi doğub verim? – Zeynəb soyuq tövrünü pozmurdu.

– Türk insan deyil, sən insan kimi doğa bilməzsən!

– Yaxşı di, anqırma, türkcə doğaram... – Armen coşduqca Zeynəb açıq-aşkar bundan ləzzət alırdı. Axırda ikisi də öcəşməkdən bezəndə Armen səsini qısdı:

– Neçə günə doğa bilərsən?

– Sancılarım üç-dörd gündür başlayıb, yəqin çox çəkməz, – sonra bizə sarı çöndü, Əgər gözləyə bilərsinizsə, qalın, doğum, uşağınızı götürüb aparın... – elə rahat, soyuq danışırdı ki, onda zərrə qədər analıq, qadınlıq işartısını sezə bilmirdim, elə bil bazar satıcısıydı...

Uzun sözün qısası, qalası olduq. Arvadım pul verdi ki, Zeynəbin doğuşu və yaxşı qıdalanması üçün nə lazımdırsa alım. Dörd gündən sonra Zeynəbin doğuş sancıları tutdu. Arvadım hay-həşir saldı ki, həkim çağıraq. Ancaq Armen qoymadı:

– Öyrəncəlidir, ona havayı yerə qancıq adı qoymamışıq! Hələ qorxun ki, əkiz küçükləməsin...

Elə bil öz doğma arvadım idi doğan – eşikdə Armenlə çaxır içə-içə tövlədən bir xəbər gözləyirdim. Körpənin səsi gələndə mən artıq tər içində üzürdüm. Arvadımın dediyi kimi Zeynəb qız doğdu – bizim Siranuşu. Anuş on gün anasının südüylə qidalandı. Sonra Armen dedi ki, əgər bir neçə gün də türk südü əmsə, uşaq türk olacaq, götürün uşağınızı və gedin. Armenə bir az pul verib qızımızı da götürüb evimizə yollandıq... Bir-birinin dilini anlamayan iki körpənin bu cür məhrəmliyinin sirrini anladınmı? Bu, heç bir elmi izahı olmayan möcüzədir. Əminəm ki, sənin qızını görən gündən Siranuşun türk qanı damarlarında qaynamışdı, doğma anasından əmdiyi süd öz işini görmüşdü. Yoxsa, qaraqabaq qızım heç baxçadakı rəfiqələriylə bu cür mehriban olmayıb. Armenin o vaxt dediyi “anası çox əmizdirsə, qızın türk olacaq” sözü doğruymuş. İnanılmazdır!..

Yəqin ki, Zeynəbin erməni əlinə necə düşdüyünü də bilmək istəyəcəksən... Armen danışırdı ki, körpə Zeynəbin anası yaşlı qayınanasını xilas etmək üçün meşəni kəsə yolla çıxmaq istərkən Surenin dəstəsinə əsir düşür. Döyüşçülər Zeynəbin anasını, qayınanasını zorladıqdan sonra zavallıların uşaqlığına elektrik lampası yeridiblər, sonra cərəyana qoşub öldürüblər. Üç-dörd yaşlı körpəni də murdarlamaq istəyəndə Suren imkan verməyib, – Qoyun bir az böyüsün, sonra hamımız işinə baxarıq. Bizə türklərlə döyüşmək üçün türk südü əmmiş oğlanlar lazımdır... – deyib. Zeynəbi bir erməni ailəsinə verirlər. Qız erməni evində nökər kimi böyüyür, erməni dilini öyrənir. Qız doqquz yaşına çatanda Suren onu geri alır. İlk uşağını yarımçıq salanda Zeynəbin on dörd yaşı varmış. Sonralar Suren minaya düşüb ölür və qız onun döyüşçülərindən biri olan həmin Armenin himayəsinə keçir...

Bütün gecə bu məktubu ona görə yazmadım ki, sənə acıq verim, bağrını çatladım. Yox, mən düşündüyün qəddar ermənilərdən deyiləm! Biz düşmənik, amma fakt odur ki, düşmənimin doğduğu uşağın atasıyam və mən Siranuşu dogma balam kimi sevirəm. Ömrümün sonunadək Anuşa doğ­ma atası kimi əziz olacam, qayğısına qalacam. Əgər taleyi gətirsə, bir türklə ailə qurmasına da mane olma­yacağam. Bunu niyə istədiyimi heç özüm də bilmirəm. Yəqin vicdanımın səsidir, ya da evimdə bir türk böyütməyin gizli xofu. Dəqiq bilmirəm...

Sənə bir şey deyim... Çox məğrur və şərəfli xalqsınız. Hərdən özümüzünkülərdən iyrənirəm, “kaş ki, mən də türk olaydım” deyirəm. Kim bilir, bəlkə mənim də damarlarımda türk qanı axır... Bircə şeydən əminəm ki, erməni əsgəri ilə türk əsgərini üz-üzə qoyan məkrli əllər Ermənistanın belini yaman qırdı. Kaş ki, sizinlə yenə dostlaşaydıq...

***

Məktubun gerisini oxuya bilmədim. Gözlərim dolmuşdu. Heç nə görmürdüm. O, erməni çaqqallığına keçmişdi. Hönkürtüm uşaqları yuxudan oyatdı. Doğmalarımın üzümə zillənmiş sual dolu gözlərindən gizlənmək üçün tələsik dəhlizə qaçdım. Qonşu otağın qapısını xeyli yumruqladım, təpiklədim. Açan olmadı. Aşağı, qeydiyyat otağına cumdum, – “244-cü otaqdakı erməni ailəsi gedibmi!?” – soruşdum. Qız kompüterdə bir neçə saniyə eşələnib, “Hə, hesabı ödəyib getdilər” – dedi.

– Hara!?

– Mən nə bilim hara!

– Sizdən də cavab alınca adamın ürəyi üzülür, kobud heyvərələr!.. həyətə qaçdım. Bağı axtardım, yeməkxanaya göz gəzdirdim, bulaqların hamısına baş vurdum. Amma Anuş balamın izi-tozu da yox idi. Başıalovlu yoldaşım məni korpusun girəcəyində qarşıladı:

– Nə oldu sənə, niyə ağlayırdın!?

– Anuşgil gedib, Selcanın Anuşu!..

– Erməni Anuşu deyirsən?!

– O erməni deyilmiş, türküymüş, azərbaycanlı balasıymış... – ona hər şeyi danışdım.

– Nə danışırsan! Vay, anan ölsün! Can, can, yazıq balam!.. – analar dərdi daha yaxşı anlayırlar axı... – Selcan bunu hardan bilirmiş, o bunu necə hiss edə bilərdi ki? – başıma daş düşmüşdü. Otağımıza girəndə Selcanın baxışları sinəmə ox kimi sancıldı. Bilirəm ki, ağlayanda gözlərim qıpqırmızı qızarır. Selcan halıma qəhərləndi. – Anuş balamız gedib, qızım... – balamın boynunu qucaqladım, onu bağrıma basdım.

– Mən də Anuşla gedirəm, mən Anuşu istəyirəm, ata!.. – Selcan da mənə qoşulub zarıdı. Qızımın yanında günahkar idim. Onu Anuşla doyunca oynamağa mən qoymamışdım. Arvadımın əli ağzında qalmışdı.

– Bağışla, gözəlim, mələk qızım, keç günahımdan... – Selcanın üz-gözünü duz kimi yaladım.

– Üzmə özünü... Taleyin üzü qara olsun. Yazıq uşaq... – yoldaşım uşaq kimi qoluma girdi, başımı sığalladı.

– Bu nə müsibətdi başıma gətirdin, ay Allah! Axı balaca qızcığazın nə günahı vardı? Əclaf erməni Anuşumu hara apardı görəsən? – kaş ki, Allah məni həmin anda öldürəydi.

Böyük qızım: – Ata, Anuş hardan sənin balan oldu!? Tapıb övladlığa götürəcəksən? Yəni bir erməni uşağından ötrü qanını bu qədər qaraltmağa dəyərmi? Bura Anuşu görməyə gəlmişik? – böyük qızımın on altı yaşı vardı, ağlı kəsirdi hər şeyi.

Yoldaşım ona bozardı:

– Kəs səsini! Sən nə bilirsən ki, müharibə nədir! – onlara nəyisə izah edəcək halım yox idi. Qanqaraçılıq çökmüş otaq başıma fırlanırdı. Üz-gözümü yumaq üçün hamama girdim. Yan otaqdan anasının qızıma astadan dediklərini aydınca eşidirdim:

– Bir də belə köntöy danışma! Axı bilirsən xasiyyətini. Bu saat desə ki, Ermənistana Anuşu axtarmağa gedirəm, dünya-aləm yığışsa da, qabağını ala bilməz. Odur ki, səsini kəs, yoxsa sənə əl də qaldırar... Axı bilirsən, sənə hamilə olanda atan göz yaşlarıma da baxmamışdı, məni tək-tənha qoyub getmişdi müharibəyə. Hardan ürcah oldu bizə bu erməni küçükləri!?..

Qızım:

– Bir erməni uşağına görə doğma qızına əl qaldıracaq?! – yazıq balam nə bilsin dərdimi...

– Anuş erməni deyilmiş, əsir düşmüş azərbaycanlı qadının övladıymış...

– Zarafat edirsən!?

– Zarafatlıq halımız var?

– Vay.., yazıq uşaq!.. – qızım heyrətlə bunu deyəndə kürəyimdən bir sancı qalxdı ki, böyrək daşının ağrısı bunun yanında toya getməli oldu. Nə qədər gücəndimsə nəfəsim çatmadı, ciyərlərimdəki qəhəri öskürə bilmədim. Tövşüyə-tövşüyə, divardan tuta-tuta otağa gəldim: – Yır-yığış eləyin, günortadan sonra evə qayıdırıq... – hıqqana-hıqqana ancaq bunu deyə bildim. Heç kimin üzünə baxa bilmirdim.

– Di yaxşı, dəliliyin tutmasın. Unut. Get müalicələrini götür. Bura yas qurmağa gəlməmişik ha... – yoldaşımın özü də bilirdi ki, havayı cəhd edir.

– Bura gəldiyim yerdə qıçlarım qırılaydı kaş... Qayınanası gözünün qabağında zorlanan gəlinin ahı məni niyə tutmur axı! Görəsən o yaşlı qadın, şəhid oğlunun əmanəti olan əziz-xələf gəlini zorlananda nələr çəkib, nələr qarğıyıb? Zavallı ananın qarğışı niyə belimizi qırmır axı, arvad, niyə!? Niyə bu boyda lənət, qarğış Allahı taxtdan salmır, hə, niyə? Gör bu boyda yolu yorta-yorta nəyə gəlmişəm buralara – böyrəyimdə daş varmış! Başına daş düşsün sənin, mənim kimi biqeyrət oğul! Yığışın, gedirik və sözü çöndərməyin. Bu saat əsir düşmüş Zeynəbimizin göz yaşını içmək istəyirəm, arvad, başqa heç nə!.. – hirsimdən boğulurdum. Bircə o qalırdı ki, başımı divarlara çırpıb partladam. Dayanmadan ağlayan Selcanın üzünə baxa bilmirdim...

Həyətə düşdüm. Böyük qızım da arxamca gəlmişdi, – Ata, bəlkə bu gün də qalaq, sabah ertədən yola çıxarıq?..

– Yox, qızım, məni başa düş, bir az da ləngisək bu dağların arasında sıxışıb dəli olaram.

– Amma buralardan doymadıq...

– Bu qeyrətlə gürcünün üzünə dik baxa bilmərəm. Mən bu dərdi ancaq öz biqeyrətlərimizin yanında sindirə bilərəm. Başqa vaxt gələrik... – inad eləmədi, evə yollandı.

– Sinənə namus dağı çəkilməsin, a dağlar!.. – dolmuş qara buludların, yamyaşıl meşələrin, sıldırım qayaların gözəlliyini son dəfə gözümə təpdim. Dağlar, dərələr məni məngənədə sıxırdı sanki. İti dağ çayının şırıltısı Anuş kimi ağlayır, quşlar Anuş kimi hıçqırırdı indi. Qızılgüllərdən Anuşun qoxusunu alırdım indi. Gördüyüm hər qızcığaz Anuşa bənzəyirdi indi...

19 avqust 2012-ci il. Sairmə sanatoriyası, Gürcüstan

# 2632 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #