Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi
19 may 2026
# 10:31

Hvanq Sokyonq müasir Koreya ədəbiyyatının aparıcı nümayəndələrindən biridir. Onun əsərlərində daha çox sosial reallıq və tarixi təcrübələr əks olunur. Yazıçının yaradıcılığında Koreya müharibəsindən (1950-1953) sonra milli bölünmə çərçivəsində fəhlə-işçi problemləri və sadə insanların həyatı mühüm yer tutur. Hvanq Sokyonqın bir neçə əsəri Azərbaycan dilinə tərcümə edilib. Onlardan "Şahzadə Bari" (tərcüməçi: Könül Kamilzadə, ADU-nun müəllimi), "Tanış şeylər", "Ala-qaranlıqda", "Mater 2-10" (tərcüməçi: Bahar Əliyeva, ADU-nun müəllimi) romanlarını qeyd etmək olar.

Kulis.az müəllifin "Kiçik qardaşıma" hekayəsini təqdim edir.

I HİSSƏ

Sənə faydalı olacaq, güc verəcək bir-iki sətir yazıb göndərmək istəyirəm. Əsgərlikdən sənə məmləkətin kədərli vəziyyətini və ya öz keçmiş xətalarımı bir-bir yazıb göndərmək niyyətində deyiləm. Səninlə dərdləşə bilmədən əsgərliyə gəldikdən sonra içimdə yaranan sıxıntını ümid edirəm ki, anlayarsan. Gəl haqqımda bilmədiyin bəzi şeyləri sənə danışım və gələcəkdə daha qətiyyətli addım atmağın üçün sənə öz sevgi hekayəmdən söhbət açım. Əgər bilsən ki, mən on doqquz il əvvəl kimi sevmişəm, yəqin ki, təəccüblənərsən. Hə, cəmi on bir yaşım olanda. “Eh, yenə qardaşım həmişəki kimi nağıl uydurur”, – deyib məktubu kənara atma, xahiş edirəm, axıra kimi oxu. Yonqdınqpo rayonunun tozlu, zavodlarla dolu olan arxa küçələri yadına gəlir? Yəqin ki, yadına düşər, axı sən oradakı məktəbdə oxumusan. Səhərlər hərbi forma, rəngi solmuş mavi işçi gödəkcəsi geyinmiş fəhlələr parçaya bükülmüş yemək qutularını əllərinə alıb zavod divarı boyunca sıra ilə gedərdilər. Bizim atamız da onların arasında olardı. O günləri yadıma salanda ağlıma ilk gələn qara quşüzümü meyvələri olur. Bombardman nəticəsində dağılmış, dəmir yolunun kənarına aşan qatar vaqonunun künclərində alaq otları bir-birinə dolaşaraq bitərdi. O kollardan tez-tez qara quşüzümlərini yığardıq. Toz basmış o meyvələrin şirin dadı bizi o qədər aldadırdı ki, bəzən dərsə bir saat gecikərdik. O tozlu yollar, zavod divarları və qara quşüzümlərindən başqa, torpağa yarıya qədər basdırılmış bunkerləri də xatırlayıram. Fəhlələrin qaldığı evlərin qarşısındakı kimsəsiz küçə boyunca cənnət ağacları düzülmüşdü. Bu ağacların budaqlarında uzunbuynuz böcəklər yaşayırdı. Kərpic divarlarda qarışıq şüar plakatları, anbar divarlarında isə güllə izləri görünürdü.

Kəndin qutaracağında Sanqdu dəyirmanı da var idi. Həmin bunkerlər kiçik bir arxın üzərindən keçərək çarpaz şəkildə körpü kimi uzanırdı. O vaxtlar tez-tez həmin bunkerlərin içindən həyəcanla axtardığımız gilizləri tapardıq. Giliz tapmaq üçün mənim qaranlıq bunkerin içinə girib huşumu itirdiyimi anamdan eşitməmiş olmazsan. Uşaqlar deyirdi ki, o bunkerlərdə çox adam ölüb, ona görə heç kim ora yaxınlaşmaq istəmir. Amma bir gün mən cəsarətlənib bunkerlərin birinə girdim. İçəri çox dar və qaranlıq idi, döşəməyə isə palçıqlı su yığılmışdı. Əlimlə divarları yoxlaya-yoxlaya yarıya qədər getdim və gözlədiyim kimi çoxlu giliz tapdım. Düşünəndə ki, uşaqlar bunu təqdir edib mənə həsəd aparacaqlar, ürəyim həyəcandan döyünməyə başladı. Gilizlər zəncirə düzülmüş formada sıra-sıra uzanırdı. Mən isə hey qazırdım. Bir az qazdıqdan sonra mənə bir ürpərti gəldi, barmağıma nəsə ilişib batmışdı. Əvvəlcə fikirləşdim ki, taxta parçasıdır. Daşdan yüngül olsa da, taxtadan bir az ağır və möhkəm olduğu hiss olunurdu. Hə, yaxından diqqətlə baxanda gördüm ki, sümük imiş. Həqiqi bir sümük, üstündə yuvarlaq oynaqları da var. Elə bil, sümük mənə yapışıb əl çəkmirdi. Bunkerin hər iki çıxışına baxanda ancaq balaca deşiklər görünürdü. Qorxudan qışqırıb huşumu itirmişdim. Yaxınlıqdakı arxda paltar yuyan bir qadın məni oradan çıxartmışdı. Anam isə mənə əsəbləşdi:

– Bir də elə yerlərə girsən, ruhlar səni tutub aparar!

Elə qorxdum ki…

Belə şayiə də var idi ki, uşaqlar belə hadisələrdən bərk qorxanda gecələr kabus görür, soyuq tər içində titrəyib diksinirlər. Mən də xəstəykən elə bilirdim ki, o bunkerin içindəyəm. Yuxumda gördüyüm o yerlər bizim məhəllədəki sement baca, bəzən şüşə zavodundakı kərpicdən tikilmiş böyük soba, bəzən də siçovullarla dolu kanalizasiya borusu olurdu. Əlbəttə, yuxunun sonu həmişə eyni idi: Bunkerin hər iki çıxışı çökür, kəllələr və sümük əllər qəfil ortaya çıxıb saçlarımdan, ya da ayaqlarımdan yapışır və məni buraxmırdı. Kənd rəvayətinə görə, qorxduğun yerə gedib, üç dəfə tüpürüb, sol ayaqla üç dəfə yerə vursan keçib gedərmiş. Mən də elə etmişdim, amma qorxum heç cür keçməmişdi.

Nəhayət, öz qorxumla barışmışdım, bunkerdəki o xatirə məni tam bir qorxağa çevirmişdi. Amma sonra həyatıma çox gözəl bir insan daxil oldu və məni cəsarətli bir uşağa çevirdi. O gözəlin saçları səliqə ilə daranıb hörülmüşdü, ağ yaxalığının arxasındakı uzun hörükləri göz oxşayırdı. Səsi isə yumşaq və məlahətli idi, danışanda, sanki, nəğmə oxuyurdu. O, mənə deyirdi ki, səni qorxudan və sıxan nə varsa, onun mahiyyətini aşkar etdikdən sonra mübarizə aparsan, mütləq qalib gələrsən. Ona olan sevgim, şübhəsiz ki, mənə çox şey öyrətmişdi. Amma o vaxtlar bunun nə olduğunu bilmirdim. İndi anlayıram ki, o mənə inkişafın mahiyyətini, sevginin dəyərini öyrədibmiş.

II HİSSƏ

Koreya müharibəsi vaxtı Busan şəhərinə sığınmışdıq, Şimali Koreyanın işğalından azad olunan Seul şəhərinə qayıtdıqdan bir neçə il sonra yeni məktəbə başladığım ilk gün özümü çox pis hiss etmişdim. Bizim məktəbin ərazisində ABŞ hərbi bazası yerləşdiyi üçün uşaqlar və siniflər müxtəlif yerlərə səpələnmişdi. Bəzi siniflər boşalmış anbarlarda, bəziləri açıq sahələrdə dərs keçirdi. Torpağın üstünə həsir sərər, parta əvəzinə taxta lövhələrdən istifadə edərdik. Qaranlıq anbarda yüzdən çox uşaq bir yerə toplanırdı və anbar otağının içərisindəki toz ərşə qalxardı. Pis olan təkcə məktəb şəraiti deyildi, burada tərbiyəsiz uşaqlar da var idi. Müharibəyə görə bir neçə il eyni sinifdə qalan böyük uşaqların sayı təxminən on nəfərə çatırdı. Yüzdən çox uşağı boy sırasına düzsəydilər, yəqin ki, mən ön sıranın ən başında olardım. Əvvəllər sinifdə heç kəs mənə əhəmiyyət vermirdi. Amma ilk imtahanda birinci olandan sonra bir neçə dost qazana bilmişdim. Sinif rəhbərimiz də heç xoşuma gəlmirdi. Onun ləqəbi “Çəyirtkə” idi. Daz kəlləsinin yanlarından qıvrım tükləri çıxmışdı. Müəllim olmağa da çox həvəsli deyildi. Deyəsən, əlavə başqa işlə məşğul idi. Tez-tez bizə müstəqil şəkildə etmək üçün tapşırıqlar verir və bütün günü yoxa çıxırdı. Siniflər bir-birindən uzaqda yerləşdiyinə görə direktorun bütün sinifləri gəzib yoxlaması çox vaxt aparırdı. Bu isə “çəyirtkənin” bütün günü yoxa çıxmasına şərait yaradırdı.

“Çəyirtkə” təsadüfən sinifdə olduğu günlərdə günortadan sonra hamını çölə çıxarar, saatlarla mənzərə rəsmləri çəkdirib dərsin bitdiyini elan edərdi. Mən gəlməzdən əvvəl, birinci yarımildə sinfin nümayəndəsi Soqhvan idi. O da mənim kimi zəif və cılız idi, ona görə də iri və güclü uşaqlarla dolu sinifdə sözü keçmirdi. Birinci dəstə başçısı Cang Pansoq, ikincisi İm Conqha, üçüncüsü isə Pak İnsu idi. Bunlardan əlavə, onların yanında gəzən, yaltaqlanan bir neçə uşaq da var idi. Hamısı demək olar ki, orta məktəbin yuxarı sinifində oxuyacaq yaşda idilər.

Ancaq mən məktəbə gəldiyim ərəfədə vəziyyət dəyişdi. Yongre adlı yeni uşaq məktəbə gəlmişdi. Yongre amerikalı hərbçi ailəsində çalışıb orada böyüyən bir uşaq idi. O metal bəzəkləri olan hind üslubunda dəri gödəkcə, cins şalvar geyinər, hətta qol saatı da taxardı. Qıyıq gözlü, enli çiyinli Yongre artıq ayaqları tüklənmiş on beş yaşlı bir yeniyetmə idi. Amerika hərbi cipləri Yongre və hədiyyələri gətirib un zavodunun anbarının qarşısında siqnal verə-verə dövrə vuranda uşaqlar hamısı sevinclə qışqırırdı. Yekəqarın, mehriban görkəmli amerikalı hərbçi şokolad və donutları uşaqlar arasında bölüşdürdü. O vaxtdan Yongreyə yaltaqlanan, onun çantasını daşıyan uşaqlar çoxaldı. Çox keçmədən ikinci və üçüncü dəstə baçşısı olan İnsu ilə Conqha da onun tərəfinə keçdi. Nəhayət, Yongre birinci dəstə başçısı Cang Pansoqu boş elektrik otağına çəkib çubuqla döydü və ona beyət etməyə məcbur etdi. Beləliklə, Cang Pansoq öz mövqeyini itirdi və Yongre bir gecədə hakimiyyəti ələ aldı. Amma uşaqlar buna ciddi məhəl qoymadılar. Onlar baş verən hadisələrə qarışmır, sadəcə, bir yerə yığışıb, söhbət edib gülüşür, birlikdə vaxt keçirirdilər.

Bir şənbə səhəri “Çəyirtkə” bir vedrə su ilə sinfə girib əl-üzünü yudu. O, qolundakı saatına tez-tez baxaraq:

– Uşaqlar, mənim təcili işim çıxdı, gedib gələcəm. Siz də dərsinizlə məşğul olun, – deyib sinif nümayəndəsini çağırdı. Ön sırada oturan Soqhvan tərəddüdlə ayağa qalxmaq istəyəndə müəllim ona, sonra isə sinfin arxa tərəfinə baxmağa başladı:

– Cang Pansok, Pansok hardadır?

Uşaqlar hamısı arxaya döndü, kimsə gülüşünü güclə saxladı. Pansok utancaq şəkildə səbəbsiz yerə başının arxasını qaşıdı. Onun qarşısında oturan Conqha astadan “bu mənə də döyülər”, – deyə pıçıldayanda uşaqlar qəhqəhə çəkdi. Təbii ki, “Çəyirtkə” də bunu eşitdi.

– Hə, semestr də dəyişib, deməli, bu gün yeni sinif nümayəndəsini seçmək olar. Artıq böyümüsünüz, yəqin, özünüzü idarə etməyi bacararsınız. Bəs Soqhvandan başqa, kimi sinif nümayəndəsi seçsək yaxşı olar? – Müəllim bunu soruşan kimi qabaqda oturanlar hay-küy salmağa başladılar:

– Yongre! Yongre!

Müəllim Yongreyə:

– Soqhvan ilə birlikdə sakitcə dərsi təkrar edin, sonra da iclas keçirin, – deyib tez getdi.

Müəllim çıxandan sonra bir az çəkinən Yongre masanın kənarında oturdu. Uşaqlar isə maraqla onun nə deyəcəyini gözləyirdilər. Yongre "Hamınız kitabları yığın. Bu gün güləş yarışı edəcəyik", – deyəndə uşaqlar səs-küylə əl çalıb kitablarını yığışdırdılar. Yongre isə ayağını masanın üstünə qoyub at sürürmüş kimi stulu yelləyirdi.

– Hərbi polis! Tak-tak, bang-bang! Küçüklər, sakit olun! – Yongre İnsuya əmr etdi ki, gedib bir dəyənək gətirsin. O da qaçıb haradansa bir taxta parçası tapıb cəld gətirdi.

– Conqha, bura gəl.

Yongre özündən əmin şəkildə qabağa çıxan Conqhaya dedi:

– Gülmə axmaq! Səhv hərəkət etsəniz, hamınızın başına oyun açaram, eşitdin?

Conqha kələ-kötür torpaq yol boyunca əlində taxta parçası ilə ora-bura gəzişirdi.

– Bu gündən sən nizam-intizam işlərinə baxacaqsan.

– Bu nədir… sinif nümayəndəsindən fərqlidir?

– Ay axmaq, heç məktəbin qabağında duranları görməmisən? Qoluna sarğı taxıb sözündən çıxanları cəzalandıracaqsan.

İnsu buna etiraz etdi:

– Onda mən nəyəm, sən nəsən....

– Axmaq, mən sinif nümayəndəsiyəm, Conqha sinfin nizam-intizamına, sən isə təsərrüfat işlərinə baxacaqsan.

– Onda mənim vəzifəm sənin vəzifəndən yüksəkdir?

Uşaqlar gülüşdülər. Conqha mənim yanımdan keçəndə səbəbsiz yerə "dik otur", – deyib çubuqla belimi dürtdü. Mən belimi dikəldib gərgin şəkildə oturmuşdum. Həmin vaxt Soqhvan çəkingən səslə mızıldandı:

– Mən güləş yarışına qarşıyam.

Amma uşaqlar qışqırışaraq Sonqhvana öz etirazlarını bildirdilər:

– Özünü ağıllı göstərmə, axmaq, sən kimsən ki, sözünə qulaq asaq? Yonqre, çırp bunu!

Yonqre stola möhkəm vurub yüksək səslə dedi:

– Küçüklər, sizə demədim səsinizi kəsin.

Conqha uşaqlar arasında gəzib çubuqla onları sakitləşdirdi. Soqhvan birtəhər əvvəlkindən daha aydın səslə:

– Müəllim dərsdən sonra sinif iclası keçirin, demişdi. Həm də, məncə, sinfi idarə edəcək şəxsləri özbaşına seçmək olmaz, – dedi.

Bu axmaq uşaqların özlərini göstərdiyini görəndə mən də səsimi çıxartmaq istədim, amma sonra susub oturmaq qərarına gəldim. Əvvəlki məktəbimdən fərqli olaraq, burada fikirlərimə əhəmiyyət verilmirdi. Ona görə də ağzımı yumub olanlara baxmaqdan başqa çarəm yox idi. Bəzi uşaqlar narahat görünürdülər, amma sinfin arxasında dayanmış Conqhaya baxmaqdan başqa bir şey etmirdilər. Yonqre yüngülcə gülümsədi:

– Yaxşı, gəlin uşaqlardan soruşaq. Uşaqlar, dərs keçək yoxsa güləş yarışı?

Sinif uşaqları dərsə etiraz edib, Soqhvanı söyməyə başladılar.

– Onda birinci sinif iclasını keçirək. Soqhvanın sinif nümayəndəsi olmağını istəyənlər əl qaldırsın.

Heç kim əlini qaldırmadı, qaldıranlar da digərlərinə baxıb əllərini aşağı saldılar.

– İndi mənim sinif nümayəndəsi olmağımı istəyənlər əlini qaldırsın.

Sinfin yarıdan çoxu əlini qaldırsa da, ikinci səfər əlini qaldırmayan uşaqlar da az deyildi.

– Gördünüz? Bununla da iclas bitdi.

– Beləliklə, Yonqre bu gündən bizim sinif nümayəndəmizdir. Kim narazıdırsa, o, bizim sinifdən deyil.

Yonqre vəziyyətdən tamamilə məmnun şəkildə başını tərpətdi:

– Hamı çöldə toplaşsın. Hey, Conqha, hamını Omoqne körpüsünün altına apar.

Mən həyəcanla qışqıraraq çölə qaçan uşaqların arxasıyca getdim. Arxamızdan gələn Conqha “cəld tərpənin” – deyə qışıqırırdı. Soqhvan və bir neçə uşağın ləngidiyini görən Yonqre Conqhaya dedi:

– Qrupdan kənarda qalanları cəzalandır!

– Yonqre düz deyir. Özbaşına hərəkət edənləri əzişdirmək lazımdır. Əgər bizim sinfin uşağıdırsa, hamı birlikdə hərəkət etməlidir, – deyə İnsu söhbətə qoşuldu.

Çöldəki işlərilə məşğul olan “Çəyirtkə” geri qayıdanqda Yonqrenin göstərişilə uşaqlar könüllü təmizliklə məşğul idilər. “Çəyirtkə” sinifdə nizamın bərqərar olmasına sakit bir razılıqla baxırdı. Uşaqların Yonqreni sinif nümayəndəsi seçməsi də onun üçün heç bir narazılıq yaratmamışdı.

Valideynlərim sinifdən-sinifə keçmə imtahanımı ilə bağlı narahat idilər. O vaxt məhəlləmizdə bir universitet tələbəsi hazırlıq dərsləri üçün şagird yığırdı. Valideynlərim məni də onun yanına göndərdilər. Orada həll etdiyim sınaq testinin nəticəsini görən anam çox məyus olmuşdu. O tələbənin sözlərinə görə, belə nəticə ilə heç orta səviyyəli özəl məktəbə belə qəbul olmaq mümkün deyildi. O vaxtdan etibarən, gecələri imtahana hazırlaşmağa başladım. Hətta məktəbdəki məşğələ saatının çox olması mənim üçün bir fürsət idi. Nəticədə mən yeni gəldiyim sinfin gərgin ab-havasından uzaqlaşdım. Yonqre sinif nümayəndəsi olduqdan sonra məktəbə getmək mənə mənasız gəlirdi. O, öz bildiyi kimi davrandığı üçün heç nəyə əhəmiyyət vermirdim. Ancaq tez-tez narahat olduğum bəzi hadisələr baş verirdi. Xüsusilə atası bank müdiri, zavod müdiri, kinoteatr sahibi, pivə zavodu sahibinin oğlu olan 3-4 varlı uşaq çox əziyyət çəkirdilər. Onlar bütün yaxşı şeyləri, məsələn, oyuncaq, teatr bileti, pul və s. təşkil etməli idilər və bundan boyun qaçıra bilməzdilər. Yonqrenin "Sabaha hazır olsun”, – kəlməsi kifayət edirdi. Digər uşaqların əksəriyyəti onları sevmədiyi üçün Yonqre, Conqha və İnsunun əmrlərini bəzən yerinə yetirmirdilər. Bu zaman həmin uşaqlar sinfin arxasında döyülərkən digərləri bundan həzz alırdı. Lakin varlı ailənin uşaqları təmizlik növbəsindən azad olduqları üçün öz vəziyyətlərindən narazı görünmürdülər. Həm də onlar sevmədikləri uşaqların cəzalandırılması üçün həmin 3 nəfərə hədiyyə alıb verirdilər. İşə yaramayan keçmiş sinif nümayəndəsi Soqhvan və mən, ümumiyyətlə, bir az ağlı başında olan uşaqlar da dərs oxuyur və onların işinə qarışmamağa çalışırdıq. Uşaqların əksəriyyəti Yonqredən bir qədər qorxurdular, amma hələ də ona güvənirdilər. Yonqre uşaqları əyləndirsə də, onlarda qorxu ilə hörmət hissi oyatmağı yaxşı bacarırdı. Yonqre bir dəfə “Çəyirtkə”nin uşağına ad günü hədiyyəsi almaq, bir dəfə də təmizlik vasitələri almaq bəhanəsilə pul yığmışdı. Dəqiq bilməsək də, yığılan məbləğin bir az artıq olduğunu düşünmüşdük. Üçüncü dəstə başçısı Donqyolun başının yarılması da məhz buna görə olmuşdu. Onun gizlincə ötürdüyü məlumata görə, Yonqre və əyyanları yığılan pulun yarısını məktəbin qarşısındakı şirniyyat satan dükanda xərcləyirmiş. Bu söhbəti eşidən beş uşaqdan birinin – çox güman ki, Yonqre ilə eyni hərbi şəhərcikdə yaşayan uşağın – xəbər verməsi nəticəsində dava düşdü. "Çəyirtkə" dərsdə olmadığı bir gün Yonqre Donqyolu kənara çəkib: "Hey küçük, elə bil, çaşmısan ha!" – deyib qəfildən təpik atıb, daha sonra çubuqla təpəsinə vurdu. Uşaqlar nəfəsini tutub vahimə ilə onun ağrı içində başını tutub ağlamasını, sadəcə, izlədilər. Conqha ağlayanın yanında dayanıb onu sakitləşdirməyə çalışırdı. Bu an Conqhva dedi:

– Küçüklər, indi deyin görüm kimdi pulu yeyən! Əgər müəllimə bununla bağlı danışsanız, başınıza nə gələcəyini indidən bilin!

Yonqre hirslə dedi:

– Zingildəmə, küçük!

O, Conghaya qışqırdıqdan sonra bizə baxıb pis-pis gülümsədi:

– Pulun artıq qaldığı düzdü. Onu futbol komandası yaratmaq üçün saxlamışdım. Digər siniflərlə yarış keçirib növbəti dəfə Omoqne məktəbinin uşaqları ilə oynayacağıq.

Uşaqlar ucadan alqışladılar. Yonqre qorxudan dizüstə çöküb qalan Donqyolu təkəbbürlə yuxarıdan aşağı süzərək bir anlıq susub davam etdi:

– Sinfi satdığına görə sənə də dərs olsun.

İnsu ona dəstək verib:

– Yonqre düz deyir. Bu küçük satqındır. – dedi

Bu əhvalat qərb filmlərində baş verən qəhrəmanlıq hekayələrini xatırlatdığına görə, sinfin hər tərəfində uşaqlar "satqının biri, satqın", – deyə bağırırdılar. Onlar özlərilə fəxr edib qarşılarında diz çökən bu "yeni düşməni" başdan-ayağa süzürdülər. Yonqre uşaqları sərt baxışlarla süzüb dedi:

– İstəsəniz siz də xəbərçilik edin. Amma bilin ki, aranızda mənə xəbər verən yaxşı dostlarım çoxdur… Yəni, kiməsə yaltaqlanıb, arxamca gizlin iş görə bilməyəcəksiniz.

Şənbə günü dərsdən sonra Omokne komandası ilə futbol yarışını izləməli idik. Təbii ki, tez-tez məşq edən komandamız qalib gəldi. Həmin gün uşaqlar əyləncəli vaxt keçirmiş, komandamızın qalibiyyəti sayəsində coşqulu mahnı oxuyub evə qayıtmışdılar. Mən un zavodunun arxa qapısından keçərək dəmir yolu yaxınlığındakı hərbi geyim sexini keçib arxasından çıxan qısa yolla evə gedirdim, ancaq o gün ora tikanlı məftillər çəkilmişdi. Çarəsiz məktəbin əsas binasının yerləşdiyi şəhər mərkəzinə dolayı yolla getməli oldum. Yolu keçmək üçün maşınların dayanmasını gözləyəndə kimsə müəllimlərin olduğu binanın harada olduğunu soruşdu. Məktəbli formasında gözəl bir qız idi. Qızın soruşduğu buna hərbi bölmənin yerləşdiyi əsas binanın yanında, boş sahəyə inşa edilmiş uzun yarım ay formalı olduğundan, mən oranın yerini barmaqla göstərdim. O "çox sağ ol", – deyib hörmətlə başını əydi, mən isə onun gülərkən görünən ağ dişlərinə, dərin göz qapaqlarına baxanda ürəyim sanki yerindən çıxacaqdı.

III HİSSƏ

Səhəri gün dərsə gedəndə uşaqların səsi məktəbi bürümüşdü. Qadın müəllim gəlmiş, "Çəyirtkə" ilə birliktə şirniyyat dükanına getmişdilər. Görəsən, dünənki qız deyil ki, düşündükcə qəlbim durmadan çırpınırdı. "Gəlirlər" – deyə növbətçi uşaq həyəcanla qaçaraq sinfə girdi. "Çəyirtkə" içəri girdi və uzun müddət gözlədikdən sonra qadın müəllim də içəri daxil oldu. Deyəsən, o bir az utancaq idi. Qapının ağzında çiyinlərini sıxıb duran şəxs gördüyüm həmin qız idi. Özümü tanıtmaq üçün həyəcanlı idim. Təsəvvür etməzdim ki, hər gün eşitdiyim Yonqrenin "Farağat!" əmri o gün məni bu qədər utandırsın. Hörmət əlaməti olaraq başımı əyəndə ilk dəfə idi ki, utanc hissi keçirirdim. "Çəyirtkə" qadın müəlliməyə irəli gəlməsini işarə etdi:

– Bu gün pedaqoji universitetin son kursunda oxuyan bəzi tələbələr pedaqoji təcrübə üçün bizim məktəbə gəliblər. Mən məktəb direktorundan xahiş etdim və nəticədə yuxarı siniflərdən bizim sinif nümunəvi seçildi və onları qəbul etmə şərəfinə layiq görüldü.

Sonra "Çəyirtkə" təcrübəçi müəllimin adını dedi və onun bir həftəlik sinfə dərs keçəcəyini əlavə etdi. Şübhəsiz ki, "Çəyirtkə" öz tənbəlliyindən yaranan dərs boşluğunu bu yolla doldurmağa çalışırdı. Kimsə "pedaqoji təcrübəçi nədir? Əsl müəllimdən fərqlidir?" – deyəndə qız aydın və səlis şəkildə:

– Hə, fərqlidir. Siz məktəbdə oxuduğunuz kimi, mən də müəllim olmaq üçün təhsil almağa gəlmişəm. Toyuq yumurtanın üstündə otursa nə çıxar?

Gözlənilməz suala uşaqlar qeyri-ixtiyari şəkildə "cücə" cavabını verdilər.

– Cücə böyüyüb nə olur?

Bu səfər uşaqlar hamılıqla "toyuq" cavabını verdi.

– Düzdür. Başqa sözlə desək, mən cücəyəm.

"Çəyirtkə" və uşaqlar qəh-qəhə çəkdilər.

Bir tərəfdən "Cücə"nin gəlməsilə məktəbə yenidən həvəslə getsəm də, digər tərəfdən sinfin ab-havası məni əvvəlkindən daha çox sıxırdı, xüsusilə şənbə günü dərsdən sonra. Yonqre futbol yarışında komandaya dəstək verməsi üçün uşaqları Omoqne körpüsünün altında topladı. Qrupun birgə fəaliyyəti olduğu üçün qrupdan kənarda qalsam məni cəzalandıracaqlarını düşünüb qorxdum. Yəqin ki, həftəlik təmizlik cəzası almaq qaçılmaz olardı. Özünü nizam-intizam rəisi adlandıran Conqhva və digər başçı İnsunun özbaşınalığından uşaqlar təngə gəlmişdi. İnsu pul toplayaraq idman forması və "Cücə" üçün hədiyyə alacağını demiş, Conqhva isə cəzaların sayını artırmışdı. Bundan başqa, düşüncə tərzi Yonqre ilə eyni olan və hərbi şəhərcikdə yaşayan bir neçə uşaq da Yonqrenin təsirilə özlərini göylə aparırdılar. Kimsə onlardan birilə dava etsə, Yonqre on raund boks etdirər, qalanlar kənardan izləyərdilər. Vəziyyət Yonqrenin xeyirinə olmasa, dəstə şəklində qarşı tərəfə hücum edərdi.

Hərbi şəhərcikdə yaşayan kasıb uşaqlar da digər uşaqların nahar yeməklərini əlindən alıb yeyərdilər. Yonqrenin göstərişilə belələri qrupdan gizlin iş görənləri bir-bir ifşa etdikləri üçün toxunulmaz idilər. Mənə artıq aydın olmuşdu ki, Yonqreni heç kim ürəkdən dəstəkləmir.

Pedaqoji təcrübəyə gələn yeni müəllim hər şeyə böyük həvəs və səy göstərirdi. Bəzən bizə mövzuları və fənnin çətin tərəflərini izah etməyə çalışırdı. Həmçinin, bacarıqlarımızı inkişaf etdirmək üçün tez-tez gözlənilməz şəkildə imtahan keçirirdi. O vaxtlar mən gecə saat üçə-dördə qədər dərs oxuduğum üçün digər uşaqlardan daha yaxşı bal toplayırdım və onun diqqətini cəlb edə bilirdim. Amma o, mənə Yonqre və digər uşaqlara davrandığı kimi davranırdı. Bu, mənə pis təsir edirdi.

Bir dəfə müəllim təmizlik nəzarətini bitirib qayıdana qədər onu gözlədim və sakitcə onun arxasıyca getdim. Qabaqda gedən müəllimin boyu kiçik olduğuna görə böyüklərin arasında bizimlə eyni yaşda olan uşaq kimi görünürdü. Mən qəsdən başqa tərəfə baxaraq müəllimin yanından keçdim. Sonra dönüb ona salam verdim. O, əlimi tutub, səmimi şəkildə:

– Kim Sunam, niyə evə bu vaxt gedirsən? – dedi.

Mənim gözlərim doldu.

– Yolüstü dostumgilə baş çəkmişdim, ona görə bu saata qalmışam.

– Yəqin, evdəkilər indi nigarandırlar. Gələn dəfə belə bir şey olsa, əvvəlcədən evə xəbər elə.

Mən şəhər mərkəzinə gedən tramvayın axırıncı stansiyasına qədər müəllimlə birlikdə yeridim. Səssiz-səssiz gedərkən müəllimin "budəfəki imtahandan da çox yaxşı qiymət almısan", – deməsilə üzüm qızardı və istəmədən "bəs sinif nümayəndəsi neçə alıb?" – deyə ürəyimdən keçəni soruşdum.

– Yonqreni deyirsən? – müəllim ciddi üz ifadəsilə, – səncə, insan tək yaşaya bilər? – deyə soruşdu.

Mən qardaşım, anam, ən əsası, müəlliməm olmasa, yaşaya bilməyəcəyimi düşünüb "xeyr" dedim.

O dedi:

– Düşünürəm ki, təkbaşına yaxşı insan olmaq da çətin olar. Əgər bir nəfər səhv düşünürsə, bir neçə nəfər birlikdə onun səhvini düzəltməlidir. Bilə-bilə səhv edən hər kəs pisdir. Eləcə də yaxşı oxuyan və ya maddi vəziyyəti yaxşı olan şagirdlər, elə olmayan dostlarına qarşı utanmağı bacarmalıdılar.

Müəllimin danışdıqlarını başa düşməsəm də, onun məni danladığını hiss etdiyim üçün kefim pozuldu.

Bir neçə gün sonra müəllim ilk dəfə əsəbi halda sinifə daxil oldu. Sinfə daxil olan kimi kitabı belə açmadan, çox məyus görünən bir üz ifadəsi ilə danışmağa başladı:

– Böyüklərin ən pis xüsusiyyəti öz səhvlərini gizlətməyə çalışmalarıdır. İçlərindəki tərbiyəsizliyi gizlətmək üçün yalnız zahirdə özlərini yaxşı göstərirlər, bu isə əslində özlərinə güvənmədikləri üçündür. Mən isə bu dövrdə sizin – belə bir anbarda, stol belə olmadan – dərs oxumağınıza baxmayaraq, ürəyinizin saf və öyrənmək cəhdinizin səmimi olduğunu düşünürdüm. Siz tərbiyə yoxsulu böyüklərdən nümunə götürməməlisiniz. Müəllim müəllim kimi, böyüklər böyük kimi, uşaqlar isə uşaq kimi davranmalıdır. Dünən sinif nümayəndələrilə görüşdükdən sonra mən çox kədərləndim. İnanıram ki, onların etdikləri bütün sinfin istəyi deyil.

Sonradan öyrəndim ki, müəllimin bu qədər əsəbiləşib, kədərlənməsinin səbəbi Yonqre dəstəsinin "hörmət əlaməti" adı ilə aldığı hədiyyə imiş. Bu kobud, tərbiyəsiz uşaqlar müəllimə buduna qədər çıxan neylon corab hədiyyə etmişdilər. Mən isə əsəbdən partlayırdım, hər gün yatmazdan əvvəl onları dəfələrlə söydükdən sonra sakitləşirdim.

Bir dəfə hərbi şəhərcikdən olan uşaqlardan biri pivə zavodu sahibinin oğlunun naharını əlindən alıb yeyərkən müəllim bunu təsadüfən gördü:

– Niyə özün nahar gətirməmisən? Ac deyilsən?

Uşaq gözləri dolaraq durmadan yeməyini əlindən alan uşağa baxırdı, o isə barmağını dodağına qoyub yumruğunu sıxaraq hədələyirdi.

– Gəl bura, mənimlə birlikdə yeyək.

Yeməyi əlindən alınan uşaq utanaraq:

– Yox müəllim… istəmirəm. Əslində özümlə nahar gətirmişdim, – dedi.

– Bəs niyə yemirsən, xəstələnmisən?

– Xeyr…

Müəllim yüngülcə gülümsəyərək dedi:

– Deməli, sən əliaçıq uşaqsan. Öz yeməyini kiməsə vermisən, elədirmi?

Uşaq başı ilə təsdiqləyib kövrəldi.

Müəllim tez dilləndi:

– Etdiyin hərəkət təqdirəlayiqdir. Bir-birinizlə yeməyinizi bölüşməyiniz məni çox sevindirir.

Başqasının naharını qarşısına qoymuş uşaq başını aşağı salıb hey yeyirdi.

– Yəqin ki, siz sinif yoldaşlarınızın vəziyyətini məndən də yaxşı bilirsiniz. Düşünürəm ki, nahar gətirə bilməyən daha bir neçə uşaq var. Sabahdan kim belə dostlar üçün də yemək gətirə bilərsə, bunu əsirgəməsin. Amma özünüzü çox xərcə salmayın, əvvəlcə analarınızdan icazə alın.

Mən Yonqre ilə birlikdə özlərini üstün tutan o uşaqları sevməsəm də, sevdiyim müəllimin sözünə heç vaxt qarşı çıxa bilmədiyim üçün anamdan icazə istədim. Anam əvvəlcə bir az gileyləndi:

– Lap sənə yazığım gəlir. Çətinlikdə yaşadığımızı görə-görə, bir-iki gün yox, hər gün necə iki nəfərlik yemək hazırlayım?

Mən isə israr edərək dedim ki, onun əvəzinə axşamlar bir az az yeyərəm. Sonra atam evə qayıdıb məsələdən agah olanda məmnuniyyətlə razılaşdı:

– Afərin sənə, yaxşı fikirdir. Müəllimini və sinif yoldaşlarını məyus etməməlisən. Ən vacibi odur ki, heç vaxt özünü kömək etdiyin dostundan üstün hesab etmə. Bir də bunu unutma: o dostuna həmişəki kimi davran. Çalış ki, sənin yardımını təbii qəbul etsin.

Mən səhər tezdən məktəbə gedib o uşaqlardan birinin partasına naharı qoydum və dəftərdən bir vərəq cırıb "Qutunu sonra qaytararsan. Kim Sunam" yazdım. Bundan sonra artıq kimsənin naharı əlindən alınmadı, heç kim də ac qalmadı. Mən isə onların utana-utana uzatdıqları boş qutunu heç nə demədən sakitcə götürüb geri qayıdırdım.

Soqhvan da, Donqyol da bunu açıq göstərməsələr də, müəllimi çox sevdikləri hiss olunurdu və onların da iki nəfərlik nahar gətirdikləri aydın idi. Hərbi şəhərcikdə yaşayan o üç uşaq isə xeyli yaxşılaşmışdı, əvvəllər bizə düşmən münasibət göstərsələr də, artıq söyüşsüz, ədəbli danışmağa başlamışdılar. Uşaqların təbiəti sadə olduğu üçün bir-birini tanıdıqca qaynaşıb, dostlaşmağa başladılar. Onlar getdikcə sinif yoldaşlarına qarşı nifrət hissini itirdilər.

Donqyolu "satqın" adlandırıb döydüyü kimi, Yonqre də sinif yığıncaqlarında gözünə xoş gəlməyən uşaqları qabağa çağırıb cəzalandırırdı. Ayaqqabısını, çantasını unutmuş uşaqlara əlavə təmizlik işi verilir, təmizliyi pis olan qruplar isə əllərini qaldırıb "qaz yerişi" etməyə məcbur edilirdi. Bütün sinfin iştirak etdiyi və digər siniflərlə oynanan oyunlarda iştirak etməyənlər isə burunlarını tutaraq əlli dəfə fırlanmaq kimi cəzalara məruz qalırdılar. Uşaqlar artıq əvvəlki kimi bu cür şeylərə həvəslə yanaşmır, əksinə, maraqsız və laqeyd görünürdülər. Hətta əvvəlkindən daha mehriban olmuşdular. Heç kim "futbolu qazanmalıyıq" və ya "oyunda qalib gəlməliyik" bəhanəsi ilə kobud davranışlara məruz qalmaq istəmirdi.

Uşaqlar qabaqda "fil kimi fırlanma" cəzasını yerinə yetirərkən, yığıncaq üçün sinfi tərk etmiş müəllim geri qayıdıb bunu görəndə gözləri kəlləsinə çıxdı:

– Bu nədir, nə edirsiniz?

Uşaqlar susdu, Yonqre isə özünə arxayın şəkildə dedi:

– Cəza vermişəm.

– Bu nə cəzasıdı?

– Bunlar qrup işinə qoşulmaq istəmirlər.

– Qrup işi deyəndə nəyi nəzərdə tutursan?

– Bunlara görə biz uduzduq. Sinifimizin şərəfi üçün hamının oyunda iştirak etməsini istəyirdim.

– Yaxşı, bəs siz bunu nə vaxt qrupla müzakirə etmişdiniz?

Müəllimin həmişəki kimi sakit sualına Yonqre kobud şəkildə cavab verdi:

– Müzakirə zad lazım deyil. Sinfimiz üçün hamı iştirak etməlidir.

– Əlbəttə, bir işi birlikdə görərkən hamının fikrinin eyni olması çətindir. Amma başqalarının fikrini soruşmadan yalnız öz düşüncəni zorla qəbul etdirməklə heç vaxt uğur qazanmaq olmaz. Sinif nümayəndəsi nə qədər məsuliyyət daşıyırsa, o qədər də başqalarının narazılığını nəzərə almalıdır. Əgər narazılıq varsa, bunda öz payının olub-olmadığını düşünməlidir. Hamını bir yerə yığmaq bəhanəsi ilə öz səhvlərini gizlətmək olmaz.

Sinif yığıncağındakı hadisədən sonra Yonqre, Conqhva və İnsu getdikcə müəllimə nifrət etməyə başladılar və onu özlərindən çox da böyük olmayan bir qız kimi görüb əzib keçməyə çalışırdılar. Onlar "Cücə" haqqında ədəbsiz söyüşlər edir, o lövhəyə yazı yazmaq üçün arxasını çevirəndə ayağa qalxıb tərbiyəsiz hərəkətlər göstərirdilər. Mən isə bu açıq-aşkar təhqirin sinifdə yaratdığı utanc hissinin getdikcə yayılmasını, ümumiyyətlə, hiss etməmişdim. Bir riyaziyyat dərsində arxa sıradan mənə qatlanmış kiçik bir kağız ötürüldü. Onu açıb baxandan sonra artıq qorxmamalı olduğuma qərar verdim. Kağızın üstündə "Oxuduqdan sonra qabağa ötür. İmza: Conqhva" yazılmışdı və altında müəllim haqqında təhqiramiz sözlərlə yanaşı, bəzən tualet divarlarında da rast gəlinən iyrənc bir şəkil çəkilmişdi. Mən o şəkli kitabın arasına qoyub dərsin bitməsini səbirsizliklə gözlədim. Bu müddət ərzində müxtəlif qorxulu düşüncələr məni narahat edirdi: döyüləcəyimi, başımın yarılıb öləcəyimi, müəllimin kürəyinə alıb apardığını, günlərlə, aylarla sonsuz bir yol gedəcəyimizi düşünürdüm.

Dərs bitdi. Müəllim otaqdan çıxan kimi, arxadan Conqhva sanki böyük bir iş görmüş kimi qışqırdı:

– Uşaqlar, o kağız kimdədirsə, gətirsin!

Qəfil ayağa durub qorxmadan:

– Məndədir, nə olub? Sənin bu axmaq işlərin nə vaxt bitəcək? – dedim.

Conqhva ilə İnsu bir-birinə baxıb istehza ilə xısın-xısın güldülər:

– Sənə nə? Baxmısansa, adam bir çox sağ ol deyərdə…

Mən də geri çəkilmədən dedim:

– Üzr istəməsəniz, sizdən əl çəkən deyiləm, – Onun yanına gedib kağızı uzatdım:

– Bu saat üzr istə, sən müəllimi təhqir edən alçağın birisən.

– Bəli, “Cücə” belə təhqirlərə layiq deyil! – deyə Sokhvanın səsi eşidildi.

– Sənə deyirəm, bunu götür öz əlinlə cır!

– Həddini aşma ha küçük… döyülmək istəyirsən?

Conqhva yaxamdan tutub məni silkələdi və yerə yıxdı. İnsu ilə Yonqrenin "Çırp onu, əzişdir!" – deyə qışqırdıqları da eşidilirdi.

Uşaqlar arxadan bir anda yığılıb hərəsi bir söz dedi:

– Siz səhv edirsiniz! Biz "Cücə"ni sevirik! O, çox yaxşı müəllimdir!

Həmişə qorxaq davranan Canq Pansok belə Conqhvanı məndən ayıraraq dedi:

– Uşaqları döymək düzgün deyil.

İnsu ilə Conqhva hələ də Yonqrenin nə edəcəyini gözləyərək hirs içində dayanmışdılar. Uşaqlar isə hər tərəfdən danışmağa başladılar:

– Pulumuzu yığıb bizə demədən xərcləmək səhvdir. Donqyolu döyməyin də səhv idi. Bizə demədən hər şeyi özbaşına qərar vermək daha böyük səhvdir.

Yonqre sinifdə tamamilə tək qaldığını başa düşən kimi rəngi saraldı.

– Siz kimsiz ki, mənimlə belə danışırsız?

– Sənin sinif nümayəndəsi olmağa haqqın yoxdur. Bəsdir daha!

Mən kağız parçasını Conqhvaya uzatdım.

Conqhva nə etməli olduğunu soruşurmuş kimi Yonqreyə baxanda, o gözlənilmədən zəifləmiş bir səslə mızıldandı:

– Cır da, ay gicbəsər.

Conqhva onu cırdı. Mən isə bunun kifayət etmədiyini düşündüm.

– Üzrünü gözləyirəm. Uşaqlar daha da hiddətlənirdilər:

– Bəli, üzr istəyin, tez! Üzr istəməsələr, hamımız yığışıb döyüb qovaq bunları!

Conqha demək olar ki, alçalmış bir səslə dedi:

– Üzr istəyirəm.

Biz hamımız onların bu qədər aciz və çarəsiz qalmasına təəccüblənmişdik. O anda içimdə yığılıb qalan utanc partlayıb çölə çıxdı və yüngül bir ürpərti keçirdim.

Bunkerin içindəki zülmət qaranlı hələ də xatirələrimdədir. Müəllimlə ayrılmazdan bir neçə gün əvvəl anamı razı salıb onu evimizə dəvət etmişdim. O gün utana-utana kabuslarımdan danışmışdım, müəllim isə belə demişdi:

– Əgər insan heç cəhd etmədən kor-koranə qorxub geri çəkilərsə, alçaq bir insana çevrilir. Beləcə, qorxaq olur və sonda o qorxudan heç vaxt xilas ola bilmir.

Bu sözdən sonra bir neçə dəfə özümü toplayıb cəsarət göstərdim və yenidən bunkerin içinə girdim. Oradakı sümüklərin it sümüyü, inək sümüyü, yoxsa insan sümüyü olduğunu bilmirdim, amma hər halda artıq qorxmadan ora girə bilmişdim. Mən hələ də bilmirəm ki, müəllim sinifdəki son hadisədən xəbərdar idi, ya yox. Amma bir şeyi dəqiq bilirəm: uşaqların hörmət etdiyi o insanla tanış olduqdan sonra artıq bilirdik ki, pis işin ömrü uzun olmur.

Cəmiyyətin laqeydliyi səbəbindən ədalətin tapdanmasına yol vermək olmaz. Bir dilənçi bu qışda donub ölsə, bunda bizim də payımız var. Qardaş, bilirsən, bəlkə də, sən indi o çoxsaylı qapalı evlərin içində şəxsi həyatların arxasında qaranlıq şəkildə gizlənmiş kimlikləri təsəvvür edirsən. Bəlkə də, həyatın çətinliyinə görədir ki, bu şəhərdə axşamlar yalnız kədərli, soyuq küləklər əsir. Kaş ki, o, bahar fəsli ilə birlikdə yenidən gələydi. Əlbəttə, görünməyən və toxunulmayan biri olduğu üçün onun gəlişini dərhal hiss etməyəcəyik, amma buzlar əriməsini çaylar axmasını, uzaq dağların bizə yaxın görünməsini necə hiss ediriksə, o da elə sakitcə durub gəlməsini hiss edəcəyik. Onu anlamağa başladıqca ümid var olacaq. Sən bütün varlığını onu dərk etməyə həsr et. Sənin bu qardaşın artıq bundan sonra yenidən onu arzulayan peşmanlıq olacaq.

Biz onu həmişə xatırlayacağıq. Çünki, o bizdən uzaq deyil.

Tərcümə etdilər:

Ləman Əhmədova, Aqşin Məmmədov, Aydan Əfəndiyeva, Fatimə Hüseynzadə, Bilal Hüseynov, Cəmilə Məmişova, Gülşən Məmmədli, Aişə Atayeva, Simuzər Qədirli, Nəzrin Camalova, Zarema Mulina (3-cü kurs) və Nigar Adgözəlova (4-cü kurs),

ADU-nun Tərcümə fakültəsinin Koreya dili tərcümə ixtisası üzrə tələbələri

# 92 dəfə oxunub

Oxşar xəbərlər

"Şekspir və Milton olmasaydı..."  - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

"Şekspir və Milton olmasaydı..." - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

10:00 19 may 2026
Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

15:00 18 may 2026
Bir xanımın son sözləri - Ceyhun Ərmən Vedili

Bir xanımın son sözləri - Ceyhun Ərmən Vedili

12:30 18 may 2026
Növbə - Anar Şamilin yeni hekayəsi

Növbə - Anar Şamilin yeni hekayəsi

15:00 17 may 2026
Qadın nələri bilməlidir? - Adrienna Riç

Qadın nələri bilməlidir? - Adrienna Riç

12:30 16 may 2026
Luvina - Xuan Rulfonun hekayəsi

Luvina - Xuan Rulfonun hekayəsi

10:00 16 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər