Bizi niyə məktəbdən qovdular?

Bizi niyə məktəbdən qovdular?
1 sentyabr 2014
# 13:03

Vüsalə Məmmədova yazır...

Anna Frankın “məktubları” qarşımdadır...

Dünyanın 70-dən çox ölkəsində yayılmış məşhur gündəliyi oxuyuram. Bir yəhudi ailəsi alman faşistlərinin təqiblərindən xilas olmaq üçün gizlənməyə məcbur olur. Bir neçə ailənin – ümumilikdə 8 nəfərin pənah gətirdiyi sığınacaqda 13 yaşlı qızcığaz gündəlik yazmağa başlayır...

Kitabı vərəqləməyə gərək yoxdu. Səhifələr oxunduqca bir-bir qopur... və hər səhifə qopduqca mənim yaram səhifə-səhifə sıyrılmağa başlayır...

Axı mən bunları bir dəfə yaşamışam...

Mənim həyatımdan – müharibənin bir yeniyetməyə yaşatdıqlarından bəhs edən bir gündəliyi nə vaxtsa vərəq-vərəq qopardıb bir kənara qoymuşam...

Amma nə vaxt..?

Mən axı illər öncə özümə söz vermişdim...

Mən də Anna kimi müharibə ilə yeniyetmə yaşımda tanış olmuşam...

Bizim də bir neçə ailənin – 9 nəfərin qısıldığı iki otaqlı, darısqal sığınacağımız var idi...

Böyüklərimiz “Görəsən necə olacaq” təşvişindən bizə çox az zaman ayırır, bədənimizi, hisslərimizi, duyğularımızı kəşf elədiyimiz o illərdə yanımızda ola bilmirdilər...

Həmin illərdə gündəlik tutub, onunla dərdləşməyə, söhbətləşməyə başladım. Mən gündəliyimə günlərimizin yalnız gözləməklə keçdiyini yazırdım. Bir də evdə heç kimə deməyə cürət eləmədiyim rəngarəng xəyallarımı bölüşürdüm...

İki otağımızın birində yemək yeyir, televizora baxır, o birində isə yatırdıq. Heç vaxt hamı bir yerdə süfrəyə otura bilmirdi. Televizora baxanda da böyüklər oturur, biz ayaq üstdə dayanırdıq. Evdə 9 stul yox idi...

Gecələr isə daha əzablı idi. Döşəməyə yan-yana sərilmiş yataqları təsəvvür edin. Burada gecə oyanmaq isə lap müsibət idi... Qaranlıqda ayaqyoluna getmək üçün ayağının altında düzülmüş 8 nəfərə hiss elətdirmədən, toxunmadan keçib getməliydin. Tapdadığın adam gözünü açar-açmaz hay-küy salacaq, səni yamanlayacaqdı... Sən günahkar idin! Çünki “sığınacaq” sakinləri hamısı durumdan dolayı çox aqressiv idilər...

Tezliklə gecəyarı oyanmağın da qarşısı alındı. Bir qayda olaraq son çaylar ancaq televizora axşam xəbərlərinə baxanda içilə bilərdi...

Pulumuz var idi, amma müharibənin nə qədər davam edəcəyi, əlimizdəki pulun bizə nə qədər bəs edəcəyi məlum deyildi. Üstəlik, o vaxt inflyasiya dönəmi idi, pul sürətlə dəyərsizləşirdi... Bir tərəfdən də, ət-yağ almaq üçün talon lazım olurdu...

Həmişə mümkün qədər o günləri unutmağa çalışmışam. Amma indi o günləri xatırladım və sonum Annanın aqibətindən uğurlu da olsa, bəzi məqamlarda ona paxıllıq etdim...

Annanın ailəsi o sığınacaqda, gələcəksiz həyatlarında bir gün belə olsun əllərindən kitabı əksik etmir, yenisi olmayanda bir kitabı bir neçə dəfə oxuyur, dil öyrənir, müxtəlif kurslar keçirlər.

Bu gün yəhudilərin vahid bir güc olmalarına da tək səbəb budur. Ən ağır şəraitdə belə mütaliədən, öyrənməkdən imtina etməmək...

Biz isə...

Hələ də utancla xatırlayıram...

Oxuduğum bütün məktəblərdə xarici dili dərslərində müəllim məni və bacımı (bir sinifdə oxuyurduq) sinifdən çıxarırdı: “Ağdamda fars dili keçmisiz, dərsdən azadsız, öz məktəbinizə qayıdanda davam edərsiz!”

Hələ bu nədir ki...

Bir dəfə məktəbin direktoru sinfə girib bacımla məni lövhənin qarşısına çıxardıb nümayişkaranə şəkildə məktəbdən qovdu! Niyə? Məktəbli forması və önlükdə olmadığımıza görə...

...Biz o günə qədər oxuduğumuz məktəbdə ən bahalı, ən zövqlü, xüsusi olaraq Moskvadan gətirilmiş məktəbli formasını geydiyimizdən, eqomuza yaraşdırıb “Ağdamda vəziyyət pisdi, atışma kəsmir, anam evə gedib paltarlarımızı gətirə bilmir” deyə bilmədik... Hərçənd bunu deməyə də ehtiyac yox idi, vəziyyətin belə olduğunu məktəbin direktoru çox yaxşı bilirdi, o bizim qohum idi.

Həmin günü məktəbdən sığınacağımıza qədər olan bir kilometr yolu necə sakit, səssiz gəldiyimiz heç vaxt yadımdan çıxmır. O günəcən nə qədər çətinliyimiz olsa da, bacımla birlikdə bu qədər susmamışdıq... O gün müharibə bizə qalib gəlmişdi...

Biz evə gəlib onsuzda müharibə başlayandan bizə sağmal inək kimi baxan qohumlarımızdan bezən böyüklərimizə nə deyəcəyimizi bilmirdik...

Məcburi köçkünlərə verilən ərzaq yardımının vaxtını bizdən yaxşı bilən, budəfəki makaronun keçən dəfəkindən yaxşı, yağın keçən dəfəkindən pis olduğuna görə bizə minnət vuran, “Onsuzda siz bunu yeməzsiz” deyib ərzaqları rahatca öz mətbəxinə aparan, “sığınacağın” aylıq kirayə pulunu alanda bütün ölənlərin goruna and verib, bizdən pul almağını heç kimə deməməyimizi xahiş edən, “evində qaçqın saxlayır” imtiyazından yaxşı yararlanıb rayonda “xeyirxah” adı qazanan qohumlardan bütün ailənin canı boğazına yığılmışdı... Bu insanlar bizə ermənidən az zərbə vurmurdu.

İndi biz, iki yeniyetmə qız bütün bu qarmaqarışıqlığın içində nə edəcəyini bilməyən anama necə deyərdik ki, biz oxumamağımıza, dəcəlliyimizə görə yox, məktəbli formamız bombanın altında qaldığına görə məktəbdən qovulmuşuq...

Həmin günü, bacımla lal olub evimizə gəldiyimiz günü həyatımda ilk dəfə idi ki, cilik-cilik olurdum...

O günün səhəri idi...

Ev sahibi işə gedən kimi gündəliyimi və kibriti yubkamın belində gizlədib evin arxasındakı ağacın dibinə çəkildim... Gündəliyimi vərəq-vərəq cırıb tökdüm və ən sonuncu vərəqin də külə çevrilməyini izlədim.

Ən kövrək vaxtlarım idi, ağlamaya bilmirdim. Göz yaşlarımı qolumla silirdim. Əlimlə silsəm vərəqləri də isladacaqdım. Mənsə o günlərimdən həyatımda, gələcəyimdə bir iz qalmasını istəmirdim. Mən içində müharibə, ölüm, qan, ehtiyac, qaçqınlıq olmayan gələcək arzulayırdım.

Həmin gün o ağacın altında, titrək, körpə əllərimlə qaladığım o ocağın başında özümə bir söz vermişdim: Bəlkə ömrüm hədər gedəcək, bəlkə hansısa arzum yarımçıq qalacaq, bəlkə xoşbəxt olmayacam, amma mən müharibəyə qalib gələcəm...

# 3857 dəfə oxunub

Müəllifin son yazıları

# # #