“Kaş qızım fahişə olaydı”

“Kaş qızım fahişə olaydı”
14 fevral 2013
# 14:50

Bu layihədə salam verməyə ehtiyac duymadığınız, üzünə baxmağı artıq bildiyiniz, itə-pişiyə, ota-çiçəyə əsirgəmədiyiniz təbəssümünüzü ona gərək bilmədiyiniz insanlardan danışacam... Sıradan birindən... Bu məmləkətin insanından... Amma dünya üçün doğan günəşin şüaları məhləsindən yan keçən insanlarla reportajlarımda yazılması mümkün olanını yazacam... Ulduz, tanınmış həvəskarı deyilsizsə, görkəmli şəxslərin nidalarla bitən şablonlaşmış fikirlərindən yorulmusuzsa, vaxt ayırıb oxuyun. Söz verirəm, mümkün qədər az zamanınızı almağa, daha qısa yazmağa çalışacam. Mən amansız deyiləm... Heç ən tükürpədici fikirləri də yazmayacam... Söz... Həyatın hamımız üçün ağır olduğunu bilirəm...

***

I Yazı: Fahişə atası olmağı arzulayırdı

Mən həyatda iki kişini görmədən sevmişəm...

İki kişini heç vaxt toxuna bilməsəm də bərk-bərk qucaqlamaq keçib içimdən...

Bu iki kişini sevmə səbəbimi sözə çevirə bilmərəm. Bunlar əsl sevgidir. “Niyə”, “Nə üçün” sualına cavab verməyən sevgi...

Sadəcə onları bərk-bərk qucaqlamaq istəyərdim... Bu mənə nə vaxtsa qismət olacaq, bilirəm... Adım Vüsalə olduğundan, bu cümlələri yazanın mən olduğumdan əmin olduğum qədər əminəm...

Onlardan biri üç yaşım olanda dünyadan köçmüş atam... O biri isə - şablon sayırsızsa, sayın - Məmməd Əmin Rəsulzadədir...

Onları bu dünyada görmək qismət olmayıb, amma o dünyadan da o yanası yoxdu axı... Orda mənə olan bir qucaq, bir tumar, bir sığal borcunu əsirgəyə bilməyəcəklər...

Mən onları bərk-bərk qucaqlayıb qulaqlarına çoxdan boğazımda kilidlənən sözləri pıçıldayacam... Onlar da saçlarımı qarışdırıb (filmlərdə belə görmüşəm) “Sən hardan gəldin çıxdın e?” deyəcəklər...

Mən də “məndən qurtuluş yoxdu” deyəcəm...

Doğru... Övladdan qurtuluş yoxdur...

Bu haqda olacaq bu günkü yazımız...

Mən bir ata tanıyıram... İllər əvvəl görüşmüşdük onunla... Bir müsahibə hazırlamışdım və heç bir KİV yayımlamağa gərək duymamışdı. Röyanın təzə soyunan vaxtları idi, “bu adamın müsahibəsi kimə lazımdır?” - deyirdilər...

Röya soyundu da, özünə bir ər tapandan sonra geyindi də... Bununla cəmiyyət ancaq onu öyrəndi ki, çatların ömrü yağış yağana qədərdir... Amma bu adamın müsahibəsini oxuyan insanın həyatında nə dəyişəcəkdi ki?

O adam sıradan biri idi... Sıradan... Ali təhsilli, zəhmətkeş, 60 yaşlarında bir ata... Ev tikmiş, ağac əkmiş, oğul böyütmüş bir ata...

Yaşadığı məhəllədə ona əvvəllər “müəllim”, sonra “narkomanın atası” deyirdilər. Onu mühakimə etməyin əleyhinəyəm... Hərdən biz də sevgimizlə sevdiklərimizi məhv edirik... İnsan dediyin Allahın izni, təbiətin köməyi ilə yaradanda “YARATDIM”, məhv edəndə “QİSMƏT” deyir. Bunu da qismətdən sayaq...

Onun yaddaşımda qalmış portretini çizməyə çalışacam, görək nə qədər izah edə bilirəm. Evdəki yumşaq mebeli satıb sınıx-salxaq stulda əyləşmişdi... Arxasındakı mebel əvəzi olan köhnə şkafı sovetlərin “balıq suvenirləri” bəzəmişdi... Ağ saçları çiyninə tökülürdü... Dəlləyə getmək də pul istəyir axı... Nimdaş paltarları çox səliqə ilə ütülənmişdi. Qaraçı olmasam da, insanları tanımaq üçün əllərinə baxıram. Barmaqları o qədər təmiz idi ki... Kömköhnə və tərtəmiz görkəmli bu ata stulunu pəncərənin qarşısına çəkib, qonşunun yeni tikilən evini, ustaların işini seyr edirdi... Əlləri dizlərinin üstündə... sakitcə... ustaların necə daşı-daş üstə qoymasına tamaşa edirdi... “Mən harda səhv etdim?”

Ara-sıra borclulardan... ehtiyacdan... çarəsizlikdən danışırdı... və...

Və başını bulayıb yana-yana dedi ki... illərdir qulağımdan getməyən səsi ilə dedi ki: “Kaş belə oğulun yerinə bir fahişə qızım olardı, heç olmasa həyatındakı hər kişi bir dəfə mənə “sağ ol” deyərdi...”

Bir KİŞİyə, bir ATAya bu sözləri dedirdən duyğunu təsəvvür edə bilirsiz? Hamınız valideyn olmasanız da, övladsız... Bunu təsəvvür etmək çətin olmamalıdır... Amma bunu yaşamaq...

Balasının uğurundan fərəhlənən ataları çox görmüşük... Heç balasının bəlaya çevrilməsindən rəzil olan miskin ata görmüsüz?

Zurna-balabanla evinə gətirdiyin halalca gəlinin ikinci adının “köpək qızı” olduğu bir məmləkətdə fahişə atasına hər dəfə “sağ ol” deyiləcəyini hesab etdirən duyğunun adı nə olmalı?

Doğru... Övladdan qurtuluş yoxdur...

P.S. Foto təsadüfidir.

# 8310 dəfə oxunub

Müəllifin son yazıları

# # #