İlk və son 8 Mart hədiyyəsi - “ƏŞYALAR VƏ SÖZLƏR”

İlk və son 8 Mart hədiyyəsi - “ƏŞYALAR VƏ SÖZLƏR”
11 mart 2014
# 12:46

“Əşyalar və sözlər” layihəsindən Vüsalə Məmmədovanın “Ətir” məqaləsini təqdim edirik.

Ona qoca nənə deyirdik. Atamın nənəsi idi. Sandığı hekayələrlə dolu olardı. Lap Dovlatovun “Çamadan”ı kimi...

Hər dəfə onu açanda hamımız nağıl dinləyir kimi sandığın ətrafına yığışırdıq. Həmişə ən üst qatda iki ədəd heyva görərdin – “Qoy iyi paltarlara çıxsın, sabah başımı yerə qoyanda sandığımı açan goruma söyməsin” deyərdi...

Orada onun yetmişdən çox yaşı olan gəlinliyi yatırdı. Ona toxunmağımıza icazə verməzdi. Ancaq özü nişan üzüyü qırışlarının arasında itib-batan əlləri ilə hər dəfə gəlinliyinə sığal çəkər, nələr xatırladığını bircə özü bilər, onu kimin tikdiyini, necə geydiyini, sonralar kimlərin onunla gəlin köçdüyünü, çox erkən yaşlarından ərə getdiyini, gizli bir utancla toydan sonra bir neçə il qaynanası ilə bir yerdə yatdığını da deyərdi... anlamazdıq...

Qoca nənəmin bir qızı – bizim nənəmiz dünyaya gəlir. Ancaq bu sevinc uzun sürmür. Çox çəkmir ki, əri rəhmətə gedir. Qucağındakı südəmər körpəsiylə tənha qalan qızcığaz yaşlı, dul bir kişiylə ailə qurmalı olur. Bircə balası qarın dolusu yemək yeyə bilsin deyə, babası yaşda bir kişinin qadını olur, onun yeddi uşağına analıq eləyir...

Doğma qızı – nənəm dünyasını dəyişənə qədər evimizin ən əziz qonaqları qonşu rayondan gələn, həmən o artıq çoxdan ev eşik-sahibi olmuş yeddi uşaq və onların ailəsi idi... Nənəm toyda bayramda ən bahalı parçalardan paltar geyər, ən nəfis şalları bağlayardı. Əlbəttə, bunlar ərinin müəllim maaşına göz dikən qızının imkanı daxilində deyildi. Amma qonşu rayonda yaşayan, ona “bacı” deyən yeddi uşağı yığışıb ona ən yaxşı hədiyyələri alırdılar.

Onların öz aralarında qeyri-adi bir sevgi var idi. Onlar nənəmi əzizləyər, nənəmsə onlar haqda “Allah atalarına rəhmət eləsin, çətin vaxtımda başsız qızıma yiyə durdu” deyərdi...

Nənəmin sandığı əməlli başlı xatirələr muzeyi idi. Orada o yeddi uşağın xatirələri də cağbacağ

saxlanırdı: filan qızının ilk tələbə təqaüdündən ona aldığı şal... filan qızının ilk maaşından aldığı donluq... filan qızının nişanında xonçadan götürüb saxladığı konfetin kağızı... Hamısı belə bir-birindən bəxtəvər şahidlər...

Sandığın dibində, ən məhrəm yerində isə üstündə gəlinliyindən də bərk əsdiyi bir şey də var idi.

Zərər verər deyə ona özü belə dəymirdi. Hər dəfə onu götürmək üçün sandığı tam boşaldar, şəhadət barmağını ehtiyatla uzadıb həmişə eyni yerinə (Səbəbi ancaq özünə məlum idi) titrək əlləri ilə sığal çəkər... Göz yaşları axmağa macal tapmamış üzünün saysız-hesabsız qırışlarında yox olardı...

Dodağının altında ah çəkə-çəkə pıçıldayar, – “Bura balamın əlləri dəyib” deyərdi...

Doxsanı haqlamış nənəmi ağrıdan sovetlərin vazkeçilməz ətiri “Bıt mojet” idi.

Sandıqda öz missiyasını gözləyən o ətir haqda ailəmiz, qohumlarımız, dostlarımız, hətta qonşularımız belə bilirdi. Birdən kimsə unudar deyə, nənəm evə gələn hər kəsə bu haqda danışır, vəsiyyət edər, – “Mən öləndə o ətri üstümə səpərsiz” deyərdi.

Ətrin hekayəsindən agah olmayanlar isə zarafatca – “Ay nənə, ətir vurmayanda o dünyada adamı qəbul eləmirlər?” deyib gülərdilər...

...Bu ətir şüşəsi ilk oğlan nəvəsinin – atamın ona aldığı 8 Mart hədiyyəsi idi. Atasını doyunca görməyən, ərini tez itirən, oğulsuz, ikinci ərinin uşaqlarına ana olan, qısası, həyatında heç vaxt doğma kişi olmayan qoca bir qadının ilk doğma, yalnız özününkü olan kişinin hədiyyəsi. Axır ki, bir kişi ona təmənnasız sevgisini göstərmişdi – “Mənə uzadıb dedi ki, ay nənə, sənə almışam. Ətir xoşlayansan!”

Dörd gün sonra... atam avtomobil qəzasında həlak olur... Onun nə son nəfəsini görən, nə də son sözlərini eşidən olub... Arzuları, planları nə imiş, onu da bilən olmayıb... Ailəmizdə onunla bağlı hərənin öz nisgili, öz arzusu var idi. Nənəm isə həyatında onu təmənnasız sevən tək kişinin – ilk oğlan nəvəsinin 8 Mart hədiyyəsini açmadığı üçün yanıb tökülür, son mənzilə – onunla görüşə gedəndə həmən ətri vuracağı günü çox böyük bir həsrətlə gözləyirdi – “Qoy nənəsi ölmüş bədbəxt balam görsün ki, onun hədiyyəsini vurmuşam...”

Bu nənəmin həyatında aldığı ilk və son ətir hədiyyəsi idi...

# 3557 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #