Sevgilimlə “Elmlər”dəki yağış macəram

Sevgilimlə “Elmlər”dəki yağış macəram
29 sentyabr 2021
# 12:30

Dünən yağan yağış şəhəri iflic vəziyyətinə qoydu. Çox qısa müddət içində Bakı yenə Venesiyaya döndü.

Bakı Şəhər İcra Hakimiyyəti illərdi bu problemə bir əncam çəkə bilmir, görünür, heç elə bir niyyəti də yoxdur. Canları sağ olsun, neylək? Biz də gələn ildən Venesiya ab-havasına uyğun qayıqlar alıb şəhərə çıxarıq.

Bu gün “Xətai” metrosunun çıxışında yolu keçərkən şappıltı ilə suya girəndə üzümdə təbəssüm yarandı.

Corabımın tamam su olduğunu hiss etsəm də əsəbiləşmədim.

Tələbəlik illərində sevdiyim o qız yadıma düşdü.

Yağışlı payız günlərində gəzintiyə çıxanda, o, yolumuzun üstündə yaranmış gölməçələrin içinə hoppanıb suyu kənara, mənim üstümə sıçratmağı sevirdi.

Mən bundan narahat olmurdum, əksinə, çox xoşuma gəlirdi.

O gölməçədən-gölməçəyə adlayıb uşaq kimi gülür, əylənirdi. Mənim 20, onun isə 18 yaşı var idi.

Bir şeir də yazmışdım onun bu şıltaq xasiyyətinə:

Dərsdən qaçmağın da yeri var idi,
Yağışlı günlərdə səninlə birgə.
Pulumuz bir çaya çata bilərdi,
Bir də ki, kinonun biletlərinə.

İslanmaq səninçün əyləncə idi,
Balaca uşaqdan geri qalmazdın.
Çətir də açmazdın yağan yağışa
Makyajın olmurdu, vecə almazdın.

Saat əqrəbləri düşmənimizdi,
Necə gözləyərdik vurulan zəngi.
Hara getməliyik, biz də bilməzdik.
Cibimiz boş idi, qəlbimiz zəngin.

Bir dəfə yenə dərsdən sonra onunla Hüseyn Cavid parkında oturmağa getmişdik. Elmlər Akademiyasının arxasında, düz Bakı Dövlət Universitetinin həyətinə bitişik kiçik bir park var idi. Orada çox vaxt cütlüklər otururdu.

Həmin gün narın yağış yağmağa başladı. Bilmirəm, kim təklif elədi, necə oldu, amma yadıma düşür ki, telefonumuzda Rafet Elromanın mahnılarından birini qoşub rəqs etməyə başladıq.

Sevgi belə olur da...

O an bizim üçün ətrafdakı insanların heç biri yer üzündə yox idi. Bu yerin üstündə, göyün altında təkcə ikimiz var idik. Bir də yağan yağış və Rafet Elromanın mahnısı...

Biz rəqs etdikcə, yağış daha da şiddətlənirdi. Rəqsimizin sonuna yaxın artıq narın yağış leysana çevrilmişdi.

Bir neçə dəqiqə ərzində hər yer su içində qalmağa başlamışdı. Yerdə yaranmış gölməçələr də yavaş-yavaş böyüyürdü.

Əynimizi elə də qalın geyinməmişdik. Qızın ayağında adını bilmədiyim zərif bir ayaqqabı var idi. Deyəsən, çust, ya da “baletka” deyirlər.

Tez metroya getməli idik.

Onun həmin ayaqqabılarla metroya kimi getməsinə razı ola bilməzdim. Ayaqlarının tamam suya batıb sonra xəstələnməyindən qorxurdum.

Deyirəm də, adam aşiq olanda adamın gözü heç nəyi görmür. Onu qucağıma alıb metroya kimi elə apardım.

Təxminən yüz-yüz əlli metrlik yol boyu adamlar mənə elə qəribə baxırdı. Düzdü, təbəssüm edənlər də var idi. İkimiz də islanmış cücəyə dönmüşdük. Metronun girişində onu yerə qoyub qucaqladım, sağollaşdıq və getdi.

Bakı Şəhər İcra Hakimiyyəti nəzərə almalıdır ki, artıq nə o qız var, nə də mən aşiqəm...

Yağış da həmişə romantika deyil...

# 3226 dəfə oxunub

Müəllifin son yazıları

# # #