Dünən gördüm, bizim (Kulis-in) uşaqlardan biri yenə Azərbaycan Yazıçılar Birliyindən yazıb, tənqid eləyib. Mehdi Dostəlizadəni deyirəm.
Elə yazını oxuyan kimi redaksiyada iclas elədim. Dedim, mənim sizi bura yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindi, sizdən adam olmayıb, olmayacaq da! Götürək elə mənim böyük ümidlərlə işə gətirdiyim Mehdi Dostəlizadəni!
Nə qədər bu Mehdiyə demək olar, aaay oğuuul, bu xırda-xuruş söhbətlərdən əl çək! Nə görmüsən bu xırda-xuruş söhbətlərdə? Nə bilim, meyxana sənətdir, yoxsa yox, Xomeyni aşiqləri, “Azdrama”nın afişası, Azərbaycan Yazıçılar Birliyinin saytının dizaynı, nə bilim loqosu... Ədə, nəyivə lazımdı axı?!
Hə, “kstati”, Xomeyni aşiqləri dedim, yadıma düşdü. Mən bu Mehdini işə götürəndə, inanclı adam olduğunu düşünüb götürmüşdüm, adamın üstə Allah var, 5 surəni əzbərdən demişdi deyə inanmışdım. İndi öyrənirəm ki, bu hərif müsəlman deyilmiş, surələrdə də ağzına gələni oxuyubmuş. Mənə ha! Bu! Mən ölüm məni “nervi”dən gic gülmək tutdu. O dəfə elə Vüqar Babazadə mənə dedi! “Akajıvatsa” bu nəinki müsəlman, heç teist də deyilmiş. Nə bilim nə zibil“ist”miş?! Belələrinə nə ad vermək olar?! Qrabitel! Tüfeyli! Amma heç bir vicdansız köşə yazarı bunu eləməzdi, sən elədin!
İclasın sonunda hamısı suyu süzülə-süzülə otaqdan çıxdı. Dedim, heç biriniz qarışmayın, bu saat elə özüm Anar müəllimə teleqram göndərib məsələni aydınlaşdıracam:
“Hörmətli Anar müəllim, bu teleqramı sizə göndərən bəndəniz Ulucay Akifdir, “Kulis” saytının Baş redaktoru. Sizə bir şad xəbər vermək istəyirəm ki, mən həm də sizin 35 ildir sədrlik etdiyiniz Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, özü də 2016-cı ildən. Yəni 35 ilinizin 6 ilində həm də mənə sədrlik etmisiniz və etməkdəsiniz. Hətta 2017-ci ildə gənc şairlərə ayrılan Prezident təqaüdünə də layiq görülmüşəm. Gec də olsa, sizə təşəkkür etməyi özümə borc bilirəm. Amma etiraf etməliyəm ki, təqaüdü tələbəlik illərimdə aldığımdan pulun hamısını o vaxtlar sevgili olduğum qızlara xərcləmişəm, özümə bir gün ağlaya bilməmişəm. Açığı, 200 manatla adamın özünə gün ağlaması da çətin məsələdir. Olsun.
Bilməyinizi istəyirəm ki, sizin 35 ildir Yazıçılar Birliyinə sədrlik etməyiniz məni zərrə də narahat etmir. Lap 50 il sədrlik etsəniz də, narahat olmaram, hətta sevinərəm. Çünki sizin bir çox yazıçıya qarşı yüksək mərhəmətinizə çox şahid olmuşam. Tənqidə açıq biri olmağınızı da yüksək qiymətləndirirəm. Sizə aid bir çox gənc, orta və yaşlı nəsil yazıçı ağzına gələni yazsa da, siz yenə də onları qanadınızın altına alır, təqaüd verir, digər problemlərini həll edirsiniz. Çox gözəl bilirəm ki, sizi indi tənqid edənlərin bir çoxu sədrlik kreslosuna otursa, cəllad olub canımıza çökər, onları tənqid edənlərin boynunu vurdurar, sonra bədənini şaqqaladıb ibrəti-ədəbiyyat üçün Yazıçılar Birliyinin önündə, “26-lar bağı”nda xalqa nümayiş etdirər.
Anar müəllim, bir şad xəbər də verib keçmək istəyirəm söhbətimin məğzinə. Sizə yazıçılar tərəfindən qərəzli münasibətin əsas səbəbi elə 35 ildir ki Yazıçılar Birliyinin sədri olmağınızdır. Sizin yazıçılığınızla, istedadınızla heç kimin bir işi yoxdur. Şükürlər olsun ki, Azərbaycan xalqı igidi öldürsə də, haqqını verə bilən xalqdır.
Keçək bizim bu qrabitel Mehdi Dostəlizadənin dünən Yazıçılar Birliyinin saytı (ayb.az) haqqında yazdığı həmin o məqaləyə. Özüm onu bir xeyli danladım, başa saldım ki, bir də belə səhv eləməsin. Axı sənin nə borcuna qalıb AYB-nin saytı nə vəziyyətdədir, loqosu necədir?! Anar müəllim özü bilər, bir də bizim əziz dostumuz Xəyal Rza.
Anar müəllim, hələ yaxşı ki, Mehdi Dostəlizadə adlanan bu tüfeyli sizin şəxsi saytınız olan anar.az saytını görməyib. Yoxsa onda heç mən də qabağını ala bilməyəcəkdim.
Sizin saytları izləmədiyinizi, internetə girmədiyinizi bilirəm, bizim yazıları da sizə vərəqdə çap edib masanıza qoyurlar, elə oxuyursunuz. Yəqin mənim bu məlum və məşum yazımı da bu cür oxuyacaqsınız.
Mənim bu yazını yazmaqda məqsədim sizi agah etməkdir. İnternetə girmədiyinizdən hər şeyi tam bilməmə ehtimalınız qaçılmazdır. Sizin şəxsi saytınız kimi açılmış anar.az saytında heç nə eləmək olmur, tamamilə heç nə. Saytın adını yazırsan, bir səhifə açılır, sağ küncdə damağınızda məşhur qəlyanınız olan balaca bir şəkliniz, aktiv olmayan bölmələr və ortada bir şeir. Şeirin adı “XXI əsrin ilk nikbin şeiri”dir. Deyəsən, müəllifi sizsiniz. Bir etiraf da edim ki, şeir heç nikbin deyil.
Uzun sözün qısası, deyin bu şeylərə nəzarət eləsinlər, olmaz axı belə! Yəqin cibinizdən pul gedir nə qədər. Elə o pulu verin bizim bu qrabitel Mehdiyə, saytı işlətsin də...
Mənə də yazıçılar üçün ayrılacaq evlərdən birini verin. İkiotaqlı olsa, bəsimdir.
Təşəkkürlər! Sağ olun!".