Vaksin növbəsində məni qorxudan xalalar

Vaksin növbəsində məni qorxudan xalalar
7 oktyabr 2021
# 13:45

Vaksin qadağalarına görə təxminən bir aydı kafe və restoranlara gedə bilmirdim. Əvvəl fikirləşdim ki, əşi, ölüm deyil ha, kafe-restoransız da yaşamaq olar.

Bir müddət belə davam elədim.

Sonra havalar soyudu.

Ah, bu yarpaqları saraldan, qanımı qaraldan payız!

Neçə xəngəl qonaqlığı çıxdı əlimdən!

Həm də qızlarla görüşüb məcburiyyətdən bulvarda gəzişmək, bu soyuqda onlara əziyyət verməyə vicdanım çox dözmədi.

Səhər tezdən durub getdim evimizin yanındakı poliklinikaya.

Dünəndən elektron növbə götürmüşdüm.

İçəri girib gözləmə otağındakı stullardan birində əyləşdim. Nə yalan deyim, həyəcanlı idim. Bir az da qorxurdum.

Gözləmə otağında məndən başqa adamlar da var idi. Üç orta yaşlı xanım (el dili ilə desək, xala) və bir orta yaşı təzəcə adlamış dayı (el dili ilə desək, ağsaqqal).

Mən içəri girəndə, xalalar qızğın söhbət edirdilər. Məni görüb təxminən iki tam onda beş - üç saniyəlik susdular, ayaqqabımdan qolumdakı saata, saatdan da başımdakı tükə qədər məni süzdülər və yenidən söhbətə davam etdilər.

Söhbətə asta səslə başlayıb yavaş-yavaş səslərini yüksəldən xalalar mənə yoxuşu qalxan köhnə sovet maşınlarını xatırlatdılar.

- Aaz, Sənubərin əri də vaksindən sonra öldü də! – xalalardan biri təlaşla digərlərinə dedi. Elə səhərisi günü! – bunu deyərkən səsinin tonunu maksimum dərəcədə gərginləşdirdi.

Sənubərin ərini də, özünü də tanımasam belə bu acı xəbər məni təlaşlandırdı. Ayaqlarımın yavaş-yavaş əsməyə başladığını hiss etdim. Heç kim bunu görməsin deyə işə nahar apardığım yemək çantamı ayaqlarımın üstünə qoyub dizlərimə sıxdım.

- Ay qız, nə danışırsan?! Doğrudan?! – o biri xala daha emosional tonla soruşdu.

- Həəəə! – xəbərin ilk mənbəyi olan xala dilləndi - Elə vaksin vurdurduğu günün səhəri işə gedəndə yolda maşın vurub yazıq kişini...

Dizlərim boşaldı. Bir az rahatladım. Xalalar isə növbəti şok xəbərləri bir-birlərinə ötürməyə davam edirdilər.

- Bizim gəlinin də üç gündür ayaqları tutulub. Vaksindən sonra! Yazıq qız heç yerindən qalxa bilmir... – xalalardan o biri dedi.

- Ay qız, inanma! Yalandan eləyir! Mənim gəlinim də demişdi ki, ayaqları tutulub. Evin bütün işlərini mən görürdüm. O gün gördüm, gecə “xaladenniki” açıb, dolmaları diri-diri atır ağzına! Məni görüb özünü itirdi! – Sənubərin ərinin qara xəbərini verən xala əsəbiləşdi.

- Nə danışırsan?! – hüznlənmiş xala da qəzəbləndi - Evə gedim, başına oyun açacam onun!

Bu məqamda tibb bacısı otaqdan çıxdı. Hamı susdu. Tibb bacısı hamımıza diqqətlə baxıb içəri qayıtdı.

- Bala, sən də vaksin üçün gəlmisən? – xalalar məni də söhbətə ortaq etmək istədilər. Sağ olsunlar.

- Həə... – ürkək səslə cavab verdim.

- İkinci dozadı?

- Yox, birinci... – bir az da təlaşlandım.

- Vaayy! Gül kimi də uşaqdı e... – asta səslə biri pıçıldadı.

Yenə ayaqlarım əsməyə başladı.

- Nəsə problemin, xəstəliyin var?

Sualdan sonra ürək döyüntümün şiddətləndiyini hiss elədim. Elə bildim, bu dəqiqə ürəyim dayanacaq. Sviterimin boğazını dartışdırıb dərin nəfəs aldım.

- Yoox, heç bir xəstəliyim yoxdu... – ümidsiz-ümidsiz dilləndim.

- Get özünü yoxlat birinci. Sənin ürəyində problem var elə bil, gözün səyriyir! – yenə biri çox narahatedici tonla dedi.

- Bəlkə də təzyiqdəndi e! - o biri dedi.

- Evdə şəkər xəstəsi olan yoxdu ki? – digəri şübhəylə soruşdu.

- Yooo... – sözü tamamlaya bilmədim, ayaqlarım yenə əsməyə başladı.

- Rəngi də ağarıb e yazıq uşağın! Can, bala... – biri əlini dizinə çırpdı.

Tez telefonumun kamerasını yandırıb özümə baxdım. Rəngimin qütb ayısı kimi ağappaq olduğunu gördüm.

Tibb bacısı çölə çıxıb gəlininin ayaqlarının tutulduğunu deyən xalanı çağırdı. Xala içəri girdi, bir dəqiqə keçməmiş gəldi. Əlində “peçat”lı vaksin kağızı. Yetərincə məmnun görünürdü.

- Yaxşı, qızlar, mən getdim. Danışarıq sonra – deyib çıxdı.

Elə bil bayaqdan narahat olan, fəlakət dəllallığı edən bu deyildi.

Sonra digər xala içəri girdi. O da bir dəqiqəyə peyvənd olunub çölə çıxdı. Kefi-kök, deyib gülə-gülə getdi.

Sənubərin ərinin qara xəbərini verən xala da eyni ilə...

Bütün bu müddət ərzində yanımda müdrikcəsinə oturan və bir kəlmə də danışmayan ağsaqqala növbə çatdı. Ayağa qalxanda gərgin olduğumu görüb əlini belimə qoydu:

- Əşi, sən o qeybətcillərə fikir vermə! Çipdi də, ölüm deyil ha!..

# 7558 dəfə oxunub

Müəllifin son yazıları

# # #