Kulis.az Ulucay Akifin “Balıq yaddaşı” adlı yazısını təqdim edir.
İki xırda balıq balaca akvariumda rastlaşır. Birinci ikinciyə deyir:
– Deyirlər ki, balıqların üç saniyə yaddaşı olur.
İkinci soruşur:
– Kim deyir???
Birinci:
– Nəyi?????
Yazının əvvəlində bu lətifə hardan yadıma düşdü, bilmirəm. Ümid edirəm ki, şüuraltımın tutarlı bir səbəbi var.
Dünən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin çıxışından bir cümlə rastıma çıxdı. Cümləni olduğu kimi sizə təqdim edirəm:
“Reytinqlərdə geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir”.
Adam bilmir ki, bu cümləni hansı tərəfindən oxuyub, harasına gülsün, harasına ağlasın? Bu 11 sözdən ibarət cümlə, əslində, böyük bir faciəni bütün çılpaqlığı ilə bizə göstərir.
Rektor cənablarına izah etmək lazımdır ki, “digər universitetlərin sürətlə inkişaf etməsi” elə bizim universitetlərin zəifliyi deməkdir. Keçəl Həsən, ya Həsən Keçəl. Nə fərqi?
Bu, təhsildir, elmdir, inkişaf etmirsə, irəli getmirsə, demək ki, zəifdir.
Hörmətli Elçin Babayev üçün kiçik bir misal çəkəcəm.
Nə vaxtsa, qədim dövrlərdə, o vaxtın elm adamları düşünürdülər ki, Dünya Günəşin ətrafında yox, Günəş Dünyanın ətrafında fırlanır. Belə səhv bir düşüncədə olmaqları həmin alimlərin qüsuru, qəbahəti deyildi. Həmin alimlər o dövr üçün, doğrudan da, çox bilikli idilər. Sadəcə o zamanlar elm hələ yetərincə inkişaf etməmişdi. Zaman irəlilədikcə, elm də inkişaf etdi, alimlər anladılar ki, Günəş Dünyanın yox, Dünya Günəşin ətrafında fırlanır.
İndi Bakı Dövlət Universitetinin rektorunun bu cümləsi məndə elə təəssürat yaratdı ki, elə bil o, təhsilimizin geridə qalmasına, yəni bir növ elm adamlarımızın hələ də Günəşin Dünya ətrafında fırlandığını düşünməsinə haqq qazandırmaq istəyir.
Hörmətli rektor, sizə kiçik bir sualım var.
Heç özünüzdən soruşmusunuzmu ki, niyə digər universitetlər bizdən daha sürətlə inkişaf edir? Axı sizin tutduğunuz vəzifənin borcu hər gün özünüzə bu sualı vermək, cavabını axtarmaq, həll yolunu tapmaq və icra etməkdir. Bunu siz etməyəcəksinizsə, kim edəcək? Jek müdirləri, bələdiyyə sədrləri, ya İcra başçıları?
Cümlənizə bir düzəliş etməyi də özümə borc bilirəm. Xarici universitetlərin bizdən daha sürətlə inkişaf etdiyini düzgün demisiniz, amma əsas məsələni, həqiqəti gizləmisiniz. Həmin həqiqət odur ki, bizim universitetlər heç yavaş da inkişaf etmir.
Bunun səbəbi nədir? Yəqin ki, siz məndən daha yaxşı bilərsiniz. Təəssüf ki, gözəlim məmləkətimizdə təhsil biznesə çevrilməkdədir. Müəllimlər məktəbdə qəsdən (bəli, məhz qəsdən) təhsil vermirlər ki, şagirdlər onların yanına əlavə hazırlığa gəlsinlər. Yoxsa, niyə gözəlim məmləkətimizdə 11 il oxuyan şagirdlər universitetə qəbul olmaq üçün mütləq şəkildə repetitor yanına getməli olurlar? Məktəbin vəzifəsi şagirdə universitetə qəbul ola biləcək dərəcədə savad vermək deyilmi?
Universitetlərimizdə vəziyyət necədir? Universitetlərimiz xırdadan tutmuş böyüyünə kimi korrupsiya içində batmırmı?
Hər universitetdə diplomun öz “qiyməti” var. Hər fənnin, hər semestrin, hər diplom işinin, dissertasiyanın, kollokviumun... Hamısının bir qiyməti var. Belə deyilmi? Belədirsə, niyə belədir?
Artıq vəziyyət o həddə çatıb ki, tələbələrin özündə belə könüllü şəkildə rüşvət vermək istəyi yaranıb. Tələbələr oxumadan, pul verərək qiymət almağın, imtahandan keçməyin və yekun “məqsədlərinə” (diplom almağa) çatmağın yollarını axtarırlar.
Bundan böyük faciə var? Varsa, deyin, bilim.
Hələ rüşvətlə işləyən “təhsil sistemimizi” qoyuram bir qırağa... Təhsil sahəsindəki yeyintilərdən xəbərdar olmadığımı düşünürsünüz? Təhsil Nazirliyindən tutmuş, universitetlərin büdcələrindəki yeyintilərə qədər. Danışıb öz qanımı daha da qaraltmaq istəmirəm. Vicdanı olan hər kəs vəziyyətdən xəbərdardır.
Mən hər şeyi başa düşərəm.
Yol təmirinə ayrılan büdcədən yeyinti edərlər, deyərsən ki, cəhənnəm, kələ-kötür yollarla, palçığa bata-bata birtəhər gedərik.
Hansısa binanın tikilməsinə, təmirinə ayrılan vəsaitdən yeyinti edərlər, deyərsən ki, cəhənnəm, uzağı zəlzələ olar, bina uçar başımıza, ölərik, ölüm haqdır, onsuz da hardasa gəlib bizi tapacaq.
Hansısa filmin çəkilişinə ayrılmış puldan yeyərlər, deyərsən ki, cəhənnəm, xarici filmlərə baxaram da, guya öz filmimiz olmasa, nə olacaq?
Futbol Federasiyasında yeyinti olar, deyərsən ki, cəhənnəm, onsuz da bizimkilərdən futbol oynayan çıxmaz.
Yəni hər şeydə bir bəhanə, bir təsəlli tapa bilərik.
Amma... Təhsildə də yeyintimi edərlər? Xalqa qarşı, dövlətə qarşı, millətə qarşı bundan daha böyük qəddarlıq varmı?
Əgər təhsil, doğrudan da, xalqın, millətin gələcəyidirsə, təhsili bu günə salmaq, xalqın, millətin gələcəyi ilə oynamaq deyil də, nədir?
Millətin gələcəyi ilə oynamaq soyqırım deyil də, nədir? Xalqı təhsilsiz, elmsiz qoymaq, ona güllə atmaqdan da qəddar əməldir.
Yadıma düşmüşkən, ötən günlərdə Məleykə Abbaszadənin (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri) müsahibəsində dediyi bir cümləyə də ilişdim.
İyirmi ildən çoxdur təhsil sahəsində ən ali vəzifələrdən birini tutan Məleykə xanım müsahibəsində belə deyir:
“Oxuyan tələbənin qarşısında heç kim dayana bilməz”.
Hörmətli Məleykə xanımın dediyi bu cümlə artıq bütün azərbaycanlıların təfəkküründə oturuşmuş bir düşüncədir. Hamımız ömrümüzdə azı bir dəfə bu cümləni kimdənsə eşitmişik:
”Heç kim oxuyan uşağın qabağını kəsə bilməz!”
“Müəllim oxuyan tələbəyə heç nə edə bilməz!”
Amma bu fikir təhsil sahəsində yüksək vəzifələrdən birini tutan şəxsin səsləndirməli olduğu fikir deyil.
Adamdan soruşarlar ki, niyə kimsə tələbənin qarşısında dayanmalıdır ki? Niyə kimsə tələbənin qabağını kəsməyə çalışmalıdır?
Camaat məktəbə, universitetə elm dalınca gedir, ya cəbhəyə, düşmənlə döyüşə yollanır?
Oxuyan tələbənin qarşısını heç kimin kəsə bilməyəcəyinə sevinməli deyilsiniz, tələbənin qarşısını kəsmək istəyən təhsil sisteminin düzəlməsi üçün çalışmalısınız. Təhsil sistemimizi düzəltməlisiniz. Yəni, məncə, sizin vəzifəniz budur.
Savadlı gənclərin ilk fürsətdəcə arxalarına baxmadan ölkəni tərk etməyinə göz yummamalısınız. Əks təqdirdə, gözəlim məmləkətimizdə insanların aqibəti kiçik akvariumdakı xırda balıqların dialoqundan heç fərqlənməyəcək.