Kulis.az gənc şair Ulucay Akifin yeni yazdığı sevgi şeirlərini oxucuların diqqətinə çatdırır.
İki dəniz
səni düşünürəm -
ayağımın altında bir dəniz
başımın üstündə bir dəniz
bir Allah qalıb yer üzündə, bir də biz
heç kim bilmir göy üzündəki dənizi, bircə biz
bircə biz bilirik
Günəşin tək səmada yox
həm də ürəyimizdə olduğunu
bircə biz bilirik
dalğaların bizdə olduğunu
küləyin bizdə olduğunu
səni düşünürəm -
üzümdə böyük bir təbəssüm
açıram otağımın pəncərələrini
qoyuram bir kənara
bütün "səncə"lərini
bütün "məncə"lərimi
və bir uşaq kimi inanıram sənə
aldanıram demədiyin sözlərə də
bir dəniz ayağımız altında
bir dəniz başımız üstündə gözləmədə
Gözəl qadınlar
sevdim qorxmadan
qarşıma çıxan
ən gözəl qadınları
sevdim qorxmadan
əsmərləri, kürənləri
sarışınları
sevdim qorxmadan
itirəcəyim tək şey
təkliyim idi
sevdim
Qeyd
həyat sinəsi balaca olan qadının
dekolte paltar geyinməsi kimi mənasızdır
Yuxu
bizim sevgimiz bir yuxu idi
gözəl tərəfi
bu yuxunu eyni anda gorməyimiz
pis tərəfi
sənin məndən əvvəl oyanmağın oldu.
Saqqız
məsələ unutmaqsa -
elə indi başlayaq.
gəl unudaq birinci
ilk görüşü, vədəni,
sən bir az gecikmişdin,
mən də guya mədəni:
"elə təzə gəlmişəm"
demişdim, yadındadı?
yalan demişdim onda,
təzə gəlməmişdim ki.
sən gələnə kimi düz
beş siqaret çəkmişdim,
beş saqqız çeynəmişdim.
bu zəhrimar telefona
lazım olan məqamda
zəng gəlmir ki, əsəbdən
düz 3 dəfə telefonu
söndürüb, yandırmışdım,
özümü inandırmışdım:
yəqin indi gələcək,
yəqin tıxaca düşüb,
yəqin qatar gözləyir.
sonra bir az qorxuya
düşüb təlaşlanmışdım:
görən niyə gecikir?
görən nəsə olmayıb?
əsəbləşib təzə bir
siqaret yandırmışdım,
altıncı siqaretdi,
saqqızım qurtarmışdı.
sonra səni görəndə
yaman həyəcanlamışdım,
səbr kasam dolmuşdu.
hələ də yadımdadı,
hələ də yadımdadı,
sənə ilk sualım da
"saqqızın var?" olmuşdu,
sən də gülümsəmişdin.
Anna
işğal etdiyim
bütün qadın bədənləri
məğlubiyyəti bir az da yaxınlaşdırdı mənə
hər bədəndə yadlaşdım özümə, əvvəl ruhuma
sonra bədənimə
sonra nələrsə dəyişdi
kimlərsə yox oldu
kimlərsə də
boş ver, Anna
nəysə
nə sən məni tanıyırsan
nə mən səni
bilirsən –
gecələr günəş yoxdur deyə
səhərlərsə günəş var deyə gözəldir
sevgi də belədir, Anna
sünbül sarısı saçların kimi
unutduğum bütün qadınları sevdim
amma sevdiyim heç bir qadını
unuda bilmədim, Anna
indi gecə kimi səssizəm
heç yerə tələsmirəm
çünki
gedəcək bir yerim də qalmayıb
işğal etdiyim
bütün qadın bədənlərini
bir-bir uduzdum həyata
indi bütün bədənlərdə
kirayə qalıram, sadəcə gecələyirəm
gözlərin nə dəniz
nə də səma mavisinə bənzəyir
çünki
dənizlər də, səma da
sadəcə gündüzlər mavidir
sənin gözlərinsə
gecənin tən ortasında da, Anna
nə sən məni tanımaq istəyirsən
nə mən səni
söndür işığı, gözlərini yum
səhər gedəcəm onsuz da
Avqust
avqust, gecəyarı, sükut...
ömrün, günün bu ilində
Ağ dənizin sahilində
uzanıb göyə baxıram,
göz qırpır ulduzlar mənə.
sanki göyün o üzündən,
bir nəfər seyr edir məni,
gülür tüfeyli halıma,
bu sərxoş, meyli halıma.
mən də
bir az başım duman
düşünürəm ki, bax əgər,
olmasaydı dəniz səsi,
yerin cazibə qüvvəsi,
lap bu həzin yaz gecəsi,
uçardım Allaha tərəf.
amma hələ vaxtı deyil...
yan tərəfdə iki rus qız,
biri qəşəng, biri pis qız,
gülür tüfeyli halıma,
bu sərxoş, meyli halıma,
çəkib gözümü göylərdən,
alıb özümü göylərdən,
enirəm yerin üzünə -
göz qırpır o qızlar mənə...