"Dekorativ prezidentlər və İran filmləri" - Toğrul Dəmirli

"Dekorativ prezidentlər və İran filmləri" - Toğrul Dəmirli
2 avqust 2023
# 13:37

Kulis.az Toğrul Dəmirlinin "İranda kino və qadağalar" adlı yazısını təqdim edir.

Siyasi senzura, əxlaq polisi, iki nəsli əhatə edən iqtisadi tənəzzül, sifarişli məhkəmə prosesləri, gizli həbsxanalarda işgəncələr, edamlar, canını götürüb ölkədən qaçan aydınlar – İranın qırx dörd illik reallığı...

İslam Respublikasından beynəlxalq ekranlara, heç olmasa festivallara qədər gedib çıxan demək olar hər film hadisəyə çevrilir, hələ kütləvi icarəyə çıxanları demirəm.

Rejissorlar çox vaxt öz filmlərinin ölkədən kənarda keçirilən təqdimatında iştirak edə bilmirlər, çünki onlar ya həbsdə ya ev dustaqlığında olurlar, ya da onlara ölkədən çıxmağa icazə vermirlər.

Məhdudiyyətlər iranlı kinemotoqraflara, ölkənin mədəniyyətinə necə təsir edir? Qadağan olunmuş filmlər dünyaya necə çıxır? Hakimiyyətin məqsədi nədir?

Əyləncəli filmlərin sonu


1979-cu ilə qədər İranda kino qərbmeylli idi, inqilabdan sonra isə ölkədə şəriət qanunları bərqərar oldu.
O vaxtacan ABŞ kino sınayesi ilə sıx əməkdaşlıq edirdilər. Kinoteatrlarda xarici filmlər nümayiş etdirilirdi, insanlar həvəslə Qərb kino janrını yamsılayan əyləncəli filmlərə baxırdılar (Nezam Fateminin “Qara paltarda Mehdi və qaynar şortlar”, Rza Fazelinin “ Məşti Məmdəlinin maşını”).

Amma tədricən müəllif filmləri, sosialyönlü kino formalaşmağa başlamışdı (Füruğ Fərruxzadın “Qara ev”, İbrahim Gülüstanın “Kərpic və güzgü”, Daryuş Mehrcuinin “İnək” filmləri)

1960-cı illərdə İranda belə söhbət var idi ki, Tehrandakı qızların ətəkləri Parisdəki qızların ətəklərindən daha qısadır. Ancaq ölkədə qərbləşmə səthi idi, korrupsiya tüğyan edirdi. Rejimin dünyəvi mahiyyəti repressiyaların hesabına qorunurdu, nəinki təhsilə qoyulan investisiya ilə.

1970-ci illərin sonunda solçu ziyalılar və ultra-mühafizəkar şiə ilahiyyatçıları arasında yaranan gizli ittifaq şah rejimini yıxdı.

Mollalardan ötrü kino düşmən Qərbin təsir vasitəsi idi. Və senzuralaar başladı.
Bütün uğurlu aktyorların, əyləncəli filmlərin, rejissorların üstündən bir növ, qara xətt çəkildi.

Müəllif kinosunun uğuru


Dünya kinosunun İrandan "getməsi" qərb sanksiyalarının nəticəsi deyil, qərbin təbliğatına daxili qadağa qoyulması, başıaçıq qadınların təsviri və şəriət üçün bir çox digər qeyri-normativ hərəkətlərlə bağlı idi.

İnqilabdan bir il sonra, 1980-ci ildə İran-İraq müharibəsi başladı. Rejim idealogiyanı tirajlamaq məqsədilə təzədən kinoya yer verdi. Uşaqlar, (Abbas Kiarostaminin “Dostun evi haradadır”, Əmir Naderinin “Qaçışçı”, Məcid Məcidinin “Baduk” və “Səma uşaqları”), hərbi-vətənpərvərlik (Samuel Xaçikyanın “Qartallar”) və dini filmlər (Möhsün Məxməlbafın “Nəsuhənin tövbəsi” və “Şərdən Allaha qaçaraq”) çəkilməyə başladı.
1989-cu ildə ali dini rəhbər və inqilabın lideri Ayətullah Xomeyninin vəfatından sonra ixrac məhdudiyyətləri yumşaldı. Müəllif filmləri Qərbdə tanınmağa başladı. Abbas Kiarostaminin "Dostun evi haradadır" filmi 1989-cu ildə Lokarnoda, "Albalı dadı" isə 1997-ci ildə Kannda mükafat aldı.

Kiarostaminin şöhrətinin çiçəklənməsi İranda rejimin nisbi liberallaşması dövrünə düşür. Yeni ayətullah Xomeyninin oğlu olsa da, ilk vaxtlar ruhanilərin islahatçı qanadı ilə müttəfiq idi. Onun dövründə iki sistemli liberal prezident seçildi.

Ancaq yenə də islahatlar Ayətullahın razılığı ilə, diktəsilə keçirilirdi və sanksiyaların təzyiqi altında daha çox strateji geriçəkilmə xarakteri daşıyırdı. Hər halda bu nisbi yumşalmalar Abbas Kiarostaminin simasında milli sərvətin xaricə çıxmağına şərait yaratdı.

Minilliyin qovşağında Kiarostami mühacirətə getməyə, milli kinematoqrafiyanın hüdudlarını aşmağa nail oldu, ki, dünya şöhrətli ustada yaraşan da bu idi. Amma sistemli liberallar, dekorativ prezidentlər bir-birini əvəz edərkən, ayətullah qocalırdı və getdikcə daha çox öz çevrəsindəki mühafizəkarlara arxalanmağa başlayırdı. Ölkə yenidən qapanmağa başladı.

Və 2009-cu ildəki mitinqlərə rejim kütləvi repressiyalarla cavab verdi. Kiarostaminin çıxdığı qapı onun tələbəsi və köməkçisi Cəfər Pənahinin üzünə bağlandı.

Müxalif rejissorlar ev dustaqlığında

Abbas Kiarostamilə bərabər bir neçə rejissor İran müəllif kinosunda yeni yol açdılar. Onların arasında ən məşhurları Möhsün Məxməlbaf, Məcid Məcidi, Əmir Naderi, Behram Beyzai və Cəfər Pənahidir. Əsgər Fərhadini də unutmaq olmaz. Fərhadi inqilabdan sonrakı ilk nəsil kinematoqrafçılardan fərqlidir. O, nəinki beynəlxalq mükafat aldı, ("Ayrılıq", "Satıcı”) üstəlik, hakimiyyətlə yaxşı münasibət qurdu: film çəkmək, filmləri İranda nümayiş etdirmək, eləcə də ölkədən çıxmaq hüququ. Onun filmlərində ictimai-siyasi mövzular ön plana çıxmır, lakin incəliklə ümumi hekayəynin gözünə qatılır, buna görə də hakimiyyət onun filmlərini yasaqlamağa tələsmir.

2010-cu ildə Cəfər Pənahi kütləvi etirazları razılaşdırmadan çəkdiyinə görə, altı il həbs cəzasına məhkum edildi, daha sonra bu cəza ev dustaqlığı ilə əvəz olundu, ancaq ona 20 il müddətində film çəkmək, ssenari yazmaq və müsahibə vermək qadağan olundu.

Cəza müddətində Cəfər Pənahi dörd tammetrajlı film (“Bu film deyil”, “Bağlı pərdə”, “Taksi”, “Üç üz”) çəkdi. Bu filmlər Kannda və Berlində mükafat aldılar. Pənahi hakimiyyətin mövqeyinə zidd filmlər çəkməyə xeyli əvvəl başlamışdı: 2000-ci ildə çəkdiyi “Dairə” filmi qadınların problemlərinə həsr olunmuşdu. Stadiona buraxılmayan futbol azarkeşləri haqqında “Oyundankənar” filminin ssenarisini 2006-cı ildə təqdim etmişdi.

Bir müsahibəsində: “Kreativ çəkiliş yolları tapmalısan. Fars dilində belə bir deyim var: Qapıdan girə bilmirsənsə, pəncərədən keç. Seçilmiş metod yalnız bir dəfə istifadə edilə bilər, növbəti film üçün alternativ axtarmaq lazımdır” - deyib.

2020-ci ildə Avropa festivallarının müxtəlif mükafatlarının digər qalibi Məhəmməd Rəsulof (“Əlyazmalar yanmır” “ Sadiq”, "Şərlər mövcud deyil” ) rejim əleyhinə təbliğat apardığına görə bir il müddətinə həbs olundu. (İki il çəkiliş qadağası qoyuldu)

O, 2020-ci ildə icazəsiz, gizlincə ölüm cəzası haqqında bir neçə hekayədən ibarət “Şərlər mövcud deyil” filmini çəkdi. Bu film “Qızıl Ayı” mükafatına layiq görüldü.

O, müstəqil kinorejissorlara hakimiyyətdən pul almamağı, çəkiliş büdcəsini mümkün qədər azaltmağı, kiçik yüngül kameralardan istifadə etməyi və Avropa bazarını fəth etməyi tövsiyə edir.

2022-ci ilin may ayında hökumətin etirazları zorakılıqla yatırmasından sonra Rəsulof və onun köməkçisi Mustafa Ələhməd münaqişənin sülh yolu ilə həllinə açıq çağırış etdiklərinə görə saxlanılıblar.
Cəfər Pənahi 2022-ci il iyulun 11-də onları müdafiə etdiyinə sonra həbs edildi və hazırda hər üçü həbsdədir.

Pirat icarələr və onlayn bazar

İrandakı kino sənayesi haqqında məlumatı ancaq İran kinosundan öyrənmək olar. Məsələn, Cəfər Pənahinin “Taksi” filmində Vudi Allenin “Parisdə Gecəyarısı” filminin DVD-sini rejissora təqdim edən satıcı: “Lazım olsa sənə hələ çəkilməkdə olan filmi belə taparam” - deyir.

Kinoteatrlarda nümayişinə icazə verilməyən Avropa filmləri əl-əl gəzir. Qadağan olunmuş hər tətbiqin və ya veb-saytın milli analoqu var.

Kinoteatrda nümayiş etdirilən filmlər kimi, hökumətin təsdiqlədiyi saytlardakı filmlər də lisenziyalaşdırılmalıdır.

Film çəkmək üçünsə üç mərhələdə razılıq alınmalıdır: Çəkilişlərə başlamaq, kinoteatrlarda və onlayn nümayiş etdirmək.

Bu sahədə mövcud bazarın inhisarlaşdırılması ilə bağlı qalmaqallar səngimir. 2019-cu ildə lisenziya vermək hüququ Mədəniyyət Nazirliyindən İranın dövlət televiziya və radio şirkətinə keçdi. Az sonra ölkədəki iki əsas yayım saytı bloklandı. Onlar senzurasız məzmunlara görə ittiham olunurdular. Ancaq həmin saytlar - həm "Namava", həm də "Filimo" artıq əlçatandır.
Yəni İranda dünya kinosuna Cəfər Pənahinin filmlərinə dünyada necə baxırlarsa - o cür, lakin kütləvi baxılır.

“Biz hicabları yandıracağıq. Onların fotolarını, afişalarını yandıracağıq. Bütlərini məhv edəcəyik. Saraylarını uçurdacağıq ki, insanlar onları cəzalandırsınlar”, - bu mətnli video İran dövlət televiziyasının yayımını kəsməyə səbəb olub. Ümumiyyətlə, bu, VPN-i olmayan iranlı televiziya tamaşaçısı üçün mümkün olan maksimum radikal siyasi polemikadır, lakin o demək deyil ki, fars televiziyasında heç nə baş vermir. İran televiziyası tarixinin ən bahalı serialı olan “Şehrzad”ı korrupsiya qalmaqalına görə boykot etmək çağırışları olub.

Ayətullah qocalır. Ölkədə dəhşətli işsizlik hökm sürür, hiperinflyasiya milli valyutanı hədsiz dəyərsizləşdirib. Ölkənin şərq sərhədlərində İran hakimiyyətinin amerikalılardan heç də az qorxmadığı Taliban hakimiyyətə gəlib. Sanksiyalar təsirini göstərir və görünür, İran hökuməti Şimali Koreya tipli təcriddən çəkinir. Yenə də postda dekorativ liberal prezidentdir, lakin artıq faydası yoxdur.

Siyasi məhbusların saxlandığı məşhur “Evin” həbsxanası bütün bu illər ərzində öz fəaliyyətini dayandırmayıb və istər femaktivistlər, istərsə də rejimə sadəcə etiraz edən insanlar bu həbsxanada saxlanılır, ölüm hökmü qüvvədədir.
Ölkənin hələ də dünya ilə əlaqəsi yoxdur.

Bəlkə də, Cəfər Pənahi və digər rejissorların hələ də film çəkməyinə, festivallara göndərməyinə səbəb bağlı otaqda açarsız qalmaq qorxusudur.

# 2088 dəfə oxunub

Müəllifin son yazıları

# # #