Azərbaycanlılara kömək edən erməni zabit - Toğrul Dəmirli

Azərbaycanlılara kömək edən erməni zabit - Toğrul Dəmirli
14 avqust 2023
# 16:22


Kulis.az Toğrul Dəmirlinin "Erməni filmlərində azərbaycanlılar necə təqdim olunur?" adlı yeni yazısını təqdim edir.

(I hissə)

Lenin: “Siz qətiyyətlə yadda saxlamalısınız ki, kino bizim üçün bütün sənətlərdən ən önəmlisidir”

Kinemotoqrafiyanın yenicə ayaq açmağa başladığı dövrdə onun əhəmiyyətini anlamaq hər kəsin işi deyildi, proletariatın “dahi rəhbəri” isə kinonun mahiyyətini, əvəzsiz kütləvi təbliğat vasistəsi olduğunu fəhmlə duymuşdu.

Sonrakı onilliklər kinonun təbliğat vasitəsi kimi ictimai şüura son dərəcə yüksək emosional təsir göstərə bildiyinə şübhə yeri qoymadı.
Elə buna görə də müxtəlif ölkələr və xalqlar arasında münaqişələr zamanı bu sənət növü əsl mahiyyətindən xeyli uzaqlaşır və tərəflərin propaqandası rolunu icra etməyə cəlb olunur.

Qarabağ münaqişəsi də bu sarıdan istisna deyil. Ermənilər illərlə davam edən işğal zamanı əməllərini pərdələmək, cəmiyyətlərində və kənarda özlərinə haqq qazandırmaq üçün kinodan bacardıqları qədər istifadə etməyə çalışıblar.

Bu yazıda birinci Qarabağ münaqişəsi ilə bağlı çəkilən Erməni filmlərinin bir neçəsi barədə söz açmaqla, mövcud tendensiyanı izləməyə çalışacağıq.
Sirr deyil ki, ermənilərin müstəqillik, azadlıqla bağlı arzularını ifadə edən, milli kimliklərinin formalaşmasına təsir edən bütün ideya və cərəyanların kökündə türk düşmənliyi, “soyqırım”a məruz qalma, türklər tərəfindən torpaqlarının ələ keçirilməsi əsas xətt kimi keçir.
Hətta Sovet dönəmində yazılan əsərlərdə, çəkilən filmlərdə də bu vurğular açıq-aşkar sezilir.
“Böyük vətən müharibəsi” mövzusuna həsr olunmuş kinolarda erməni rejissorlar cəbhəyə yollanan gəncləri, onların döyüşkən obrazalarını təqdim edərkən epizodlara “soyqırım” məsələsinin elementlərini hiyləgərliklə əlavə ediblər.

Düşməni məhv edən ermənilərin həm də köhnə qisaslarını aldıqlarına işarə vurmaqla faşistləri türklərlə eyniləşdirməyə, faşist obrazlarını osmanlı, türk kimliyi ilə incə üsulla əlaqələndirməyə çalışıblar.

Məsələn, Henrik Malyanın 1967-ci ildə çəkdiyi “Üçbucaq” filmində Leninakandan (indiki Gümrü) cəbhəyə yola düşən ermənilər “Zartir Lao” mahnısını oxuyurlar.
Mahnıda türklər “vəhşi” kimi təsvir edilir: "Qadınları, uşaqları zəncirləyən vəhşi türklər təzədən hücum edəcək, döyüşmək lazımdır!"
Müstəqillik dövründə Qarabağ münaqişəsinə dair çəkilən kinolarda da bu ideya davam etdirilib: "Türklər bizi qırıblar, soyqırım törədiblər. Buna görə bizim onlara qarşı döyüşməyimiz ədalətlidir, bu bizim haqq davamızdır..."

Bu filmlərdə düşmən obrazı əsas qəhrəman kimi təqdim edilmir: ya ikinci dərəcəli olur, yaxud epizodik rollarda göstərilir. Bəzən döyüş səhnələrində, atışma əsnasında göstərilir, ya da televiziya-radio xəbərləri ilə haqqında məlumat verilir. Hansı formada olmasından asılı olmayaraq azərbaycanlılar əsasən insani keyfiyyətlərdən uzaq, vəhşi, mənfi xarakterli adamlar kimi göstərilir.

Birinci Qarabağ mövzusunda çəkilmiş ən populyar bədii filmlər “Qorxma”, “ Həyat və Döyüş” kinolarıdır ki, bu filmlər Ermənistanda kult filmlər sayılır.
Birinci filmin rejissoru Aram Şahbazyandır, ekranlara 2007-ci ildə çıxıb. O filmdə azərbaycanlı obrazına bircə yerdə rast gəlinir: Azərbaycanlı komandirlərin danışığından hərbi birləşmələrdəki daxili çəkişmə, qarşılıqlı inamsızlıq, hərcmərclik olduğunu öyrənirik. (İnsafən haqlıdırlar).
Qızğın döyüş gedir, amma “cəsur” erməni döyüşçüsü lətifəni danışır: “Deyirlər ki, türklər yaralananda qorxudan, amma ermənilər bicliyindən özlərini ölülüyə vururlar”.

Mher Mkrtçyanın çəkdiyi “Həyat və döyüş” filminin ilk hissəsi birinci Qarabağ müharibəsinə, 2017-ci ildə lentə alınan ikinci hissəsi isə aprel döyüşlərinə (2016-cı il. 4 günlük müharibə) həsr olunub.

Birinci hissə qorxularına qalib gəlmək, şəxsiyyət kimi formalaşmaq üçün müharibəyə getməyə məcbur edilən gənc, müharibənin yaratdığı kimlik haqqındadır.

Bu filmdə də sərt, ancaq ləyaqətli erməni zabit obrazları təqdim edilir, ancaq aralarında bir nəfər anti-qəhrəman da var: Vardan.
O, azərbaycanlı dostuna məlumat ötürür, ermənilərə xəyanət edir. Onun kömək etdiyi azərbaycanlı isə… söz yox ki, insani münasibətə layiq biri deyilmiş, çünki işi - gücü ermənilərin qulağını kəsmək imiş.

"Həyat və döyüş 2” filmində də bizi qəddar, vəhşi, qaniçən kimi təqdim ediblər. Məsələn, Azərbaycan əsgərinin çantasından erməni əsgərinin başını tapırlar.
Beləcə türklər haqqında onillər ərzində formalaşdırılmış başkəsən obrazının yaradılması davam etdirilir. Azərbaycanın müharibə cinayətlərinə yol verdiyi təbliğ olunur. Bu fikri bir az da qüvvətləndirmək üçün düşməni nişan almış erməni komandiri deyir: “100 il keçsə də, onlar dəyişməyiblər”...
Qor Kirokosyanın 2012-ci ildə çəkdiyi “Amerikalıların Ermənistanda qəribə sərgüzəştləri” filmi komediya janrında olsa da, ilk baxışdan siyasi məqsədlərdən uzaq film kimi görünsə də, mətnaltı prapoqanda elementləri ilə doludur.
Türkiyəyə tətilə gəlmiş amerikalı Billin paraşütü təyyarəyə çırpılır, o, sərhəddəki kiçik erməni kəndinin tövləsinə düşür.
Yerli sakinlər amerikalı Billi azərbaycanlı casus zənn edirlər. Onu bir otağa salıb danışdırmağa çalışırlar, ancaq dilini başa düşmürlər.
Yaşlı erməni onu başa düşməyən “casus”a Stalinin erməni torpaqlarını Azərbaycana bağışlamasını xüsusi hikkə ilə çatdırır. Bir neçə gün sonra ingiliscə bilən Anyanın köməyilə kəndlilər Billin əslində, amerikalı olduğunu anlayırlar.
Bill məsələni öyrənəndən sonra: “Bu türkə daha çox oxşayır” - yaşlı ermənini göstərir. Yaşlı erməni də, əlbəttə, əsəbiləşir.
Zamanla amerikalı ilə Anya arasında isti münasibət yaranır, ancaq həmkəndlisi Anyanı qaçırır.
Bizim sərhədçilər onları saxlayır və qıza təcavüz etməyə başlayırlar.
Budur: Bill qəfil peyda olur və Azərbaycan əsgərlərini zərərsizləşdirir, Anyanı xilas edir.
Hraç Keşişyanın 2013-cü ildə çəkdiyi “Qaregin Njde” filmi 1919-cu il Zəngəzur hadisələrindən bəhs edilir: Hicablı Azərbaycan qadınları Njdenin yanına gəlir, onları öldürməmək üçün yalvarırlar.
Demək istəyirlər ki, baxın, azərbaycanlılar necə qorxaqdırlar. Kişiləri dura-dura qadınları qabağa veriblər, danışıqlara onları göndəriblər: Beş qadın Njdenin qabağında diz çökür və aman diləyirlər.
Real həyatda tsexakron - qatı faşist ideologiyasının banisi olan və nə uşağa, nə yaşlıya nə də qadınlara fərq qoymadan ən amansız qətllər törətmiş Njde filmdə rejissor fantaziyası ilə insani simaya bürünür və deyir: “Njdenin qadınları və uşaqları öldürdüyünü nə vaxt görmüsünüz?” .

Nisbətən yaşlı qadın onun ayağlarına düşür: "Paşa, bizi öldürməyəcəksiniz, hə?"
Njde deyir ki, yox, sizi öldürməyəcəm.
Qadınlar Njdenin ayağına düşürlər, minnətdarlıq edirlər.
Ancaq onlardan biri qəflətən qalxır, gizlətdiyi tapançanı çıxarır və bağışlayan, onlara həyat bəxş edən Njdeni vurub yaralayır.
Bu vaxt gizlənmiş azərbaycanlı atlı qılıncla Njdeyə hücum çəkir. “İgid” Njde özünü itirmir, at belindəki türkü yerə sərir: "Düşmən xaindir, ona rəhm etmək olmaz. Hətta qadın da olsa..."

Davamı var

# 3410 dəfə oxunub

Müəllifin son yazıları

# # #