Kulis.az Toğrul Dəmirlinin Dneprdən hazırladığı reportajı təqdim edir.
Ukraynada ən azı 116 kitabxana kitab fondunu tamamilə, 400-ə yaxın kitabxana isə bir hissəsini itirib.
2022-ci il fevralın 24-dən sonra kitabxanalar ənənəvi fəaliyyətlərini dayandırmışdılar, çünki adamlar oxumaq hayında deyildilər.
Əksər kitabxanalar humanitar yardımların qəbulu məntəqəsi kimi fəaliyyət göstərirdilər.
İndi də Dnepr Mərkəzi şəhər Kitabxanasına təkcə kitab oxumaq üçün yox, yardım almaq üçün gələnlər var.
Rusiyanın elektrik stansiyalarına endirdiyi zərbələrdən sonra Dnepr və ətraf şəhərlər ki günlərlə işıqsız qaldı, şəhər rəhbərliyi kitabxanalarda “yenilməzlik məntəqələri” yaratdı. Bu məntəqələr zərərçəkənlərin vacib ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Düzdür, kitabxanalar bir neçə aydır ki, əsas funksiyalarını bərpa edib, ancaq bir otaq yenə də "yenilməzlik məntəqəsi"dir.
Savaş başlayandan bəri derusifikasiya çərçivəsində 25 milyon kitab məhv edilib. Rəflərdən birinci elə Rusiya işğalını dəstəkləyən müəliflərin əsərlərlərini yığışdırdılar. Sonra növbəylə Rusiyada nəşr olunmuş digər kitablar və ümumiyyətlə, rusdilli ədəbiyyat...
Ancaq kitab fondunun təxminən 30 faizini təşkil edən rus kitablarından qurtulmaq heç də asan deyil.
Kitabxanaçılar deyir ki, müharibə başlayandan şəhərin kitabxana fondu 30 min nüsxədən çox azalıb.
Elmi kitabxanalarda vəziyyət daha mürəkkəbdir. Çünki bəzi elmi kitabların ukraynca analoqu yoxdur.
24 saylı kitabxanada da oxşar mənzərəylə qarşılaşdım. İl yarım ərzində minlərlə kitab makulaturaya göndərilib. Kitabxanadakı kitabların çoxu Sovet dönəmində nəşr olunanlardır.
Kitabxanaçılar deyirlər ki, kitabların hamısını məhv etsək, fondumuzun böyük hissəsini itirərik. Ona görə də kitablar tədricən - tərcümə edildikcə məhv olunur. Görünür, proses uzun çəkəcək.
Kitabxanaçı Larisanın sözlərinə görə, oxucular vəziyyətə uyğunlaşmaqda çətinlik çəkirlər:
"Oxucuların uyğunlaşması asan deyil. Düzdür, rus ədəbiyyatından imtina edən insanlar məhvetmə prosesini rəğbətlə qarşılayır, ancaq ümumi götürsək, vəziyyət çətindir. Çünki rus ədəbiyyatına, rus müəlliflərinə alışmış insanlar uyğunlaşa bilmirlər. Problemi həll etmək üçün oxuculara xarici və ya ukraynalı müəlliflərin kitablarını təklif edirik. Kitab bazarı zəifləyib. Alıcılıq qabiliyyəti düşüb. Ancaq bir tərəfdən də oxucular xeyli yeni mətnlər kəşf edirlər”.
Oxucu Viktorun sözlərinə görə, ukraynalı müəlliflər rusiyalı müəllifləri əvəz etmək qüdrətindədirlər: "Ukraynalılara onillər boyu aşağılıq kompleksi aşılanıb və ona görə də öz ədəbiyyatlarına lazımi hörmətlə yanaşmayıblar. Ancaq artıq hər şey dəyişib. Bizim təcavüzkarları əvəzləyəcək müəlliflərimiz az deyil. Məsələn, Svetlana Talan, Valentina Masterova, Daria Qnatko və Elena Peçornayanın romanları olduqca maraqlı, həm də bədii cəhətdən o kitablardan üstündür. Onlar mürəkkəb şeylər haqqında sadə və gözəl yazırlar"
Müharibədən sonra Ukrayna klassikləri daha çox oxunmağa başlanıb, oxucular daha çox milli mübarizəni, azadlıq müharibələrini vəsf edən əsərləri oxumağa meyl edirlər.
Ən çox Kotsiubinskinin "Unudulmuş əcdadların kölgələri" və Stefanikin "Daş Xaç" hekayəsi oxunulur.
Kazaklar dövrünə aid kitablar xüsusilə populyardır. Ancaq “Böyük Vətən Müharibəsi” mövzulu kitablar demək olar oxunmur.
Eyni zamanda 2014-cü ilin Avromaydan hərəkatı ilə bağlı xronikalar, publisistik əsərlər də maraqla oxunulur.
Oxucular əsasən orta və yaşlı nəslin nümayəndələridir. Gənclər vaxtını daha çox sosial şəbəkələrdə keçirirlər.
ardı var...