Bir-birindən donos yazan rejissorlar...

Bir-birindən donos yazan rejissorlar...
19 iyul 2024
# 09:56

Kulis.az Sevda Sultanovanın Müstəqil Kino Platforması haqqında yazısını təqdim edir.

Bir qrup kino adamının məlum etiraz bəyanatına imza atmamağımın əsas səbəbini bölüşmək istəyirəm. İmza atanlar içində sevdiyim insanlar var. Amma etiraz mətninə səbəb olmuş İlkin Yusifin adını görmədim. Yəqin, bunun üçün onun arqumentləri var.


Rüfət Həsənovun rəhbərliyi dövründə bir neçə rejissorun (Mirbala Səlimli, Pərviz Həsənov, Elçin Musaoğlu və daha bir neçə nəfər) filmi istehsalata buraxılmış və hər birinə təxmini 100-300 min manat arası vəsait xərclənmişdi. Pandemiya dönəmində kino sahəsində də fəaliyyət müvəqqəti dayandırıldı. Sonra Ru bir neçə kino adamını yığıb, Bədii Şura yaradaraq, səbəblər izah edilmədən filmləri istehsalatdan tamam yığışdırdı. Filmlərin dayandırılması aktına imza atanlardan biri prodüser İradə Bağırzadə idi. Sonradan istehsalata niyəsə ancaq Elçin Musaoğlunun “Məryəm”i buraxıldı. Bununla da hazırlıq mərhələsində filmlərə xərclənən pullar boşuna getdi. Onsuz da Runun dövründə kinoya ayrılan pullar səmərəsiz xərclənib, bir qismi isə büdcəyə qaytarılıb. Heç olmasa, sabiq nazirliyin vaxtından istehsalata buraxılmış həmin filmləri sona çatdırmaq olardı.Və istehsalatın dayandırılmasına hansı səbəbdən səs verməsinə indiyədək aydınlıq gətirməyən İradə Bağırzadənin adını, bu etiraz mətnində ilk sıralarda görürəm.


2021-ci ildə nazirlik yeddi gənc rejissora Qarabağ mövzusunda almanax çəkilməsini təklif etmişdi. Büdcəsi 350-400 min olan layihənin prodüseri İradə Bağırzadə olub. Ru layihəyə ayrılan bu pulu mənimsəyərək, Rusiyadakı dostları üçün Interact Film Lab layihəsini təşkil etdi. Niyə onda İradə Bağırzadə həmin gənclərin hüquqlarının pozulmasına etiraz eləmədi, mediada açıqlama yaymadı? Amma indi etiraz edir niyəsə.


Runun idarəçilik metodunu ardıcıl tənqid edəndə bəzi həmkarlarım (həmkar olduğum üçün adlarını yazmıram) ehtiyatla, bəzən atmacayla qərəzli olduğuma, araşdırmanı düzgün aparmadığıma eyhamlar edirdilər. Bəyanatda onların da imzasını gördüm. Qərəzliydimsə, niyə prokurorluqda Runun idarəçilik dönəmi hələ də araşdırılır? Qərəzliydimsə, həmkarlarım niyə əks arqumentli yazılar yazıb, məni haqsız çıxarmaq üçün araşdırmalar aparmadılar? Bəyanatı imzalayanlar arasında, məni orda-burda sifarişlə məqalə yazmaqda suçlayan şəxslərin də adı var.


Əbülfəz Qarayev nazir vəzifəsindən gedəndən sonra AzLogosdakı çıxışımda demişdim ki, kinonun bugünki vəziyyətinə, kino məmurları ilə yanaşı kinematoqrafçılar da (bəlkə daha çox onlar) məsuliyyət daşıyır. Çünki əksərən kinonun problemlərinə ümumi mövqedən yox, şəxsi maraqdan yanaşırlar. Özlərinə sərf edəndə danışır, sərf edəndə susurlar. Bir-birindən donos yazan, dondan-dona girən rejissorlar var. Elələri də var ki, eyni süfərdə oturub dost dediyi adamın səsini yazıb, lazımı yerlərə göndərib. Bildiyimə görə, Əbülfəz Qarayevin dönəmində mənim də şəxsi söhbətlərdə dediyimi yazıb yollayıblar kino şöbəsinə. Mənimlə bağlı niyə zəhmət çəkiblər bilmirəm. Onsuz da publik yazıram dediklərimi. Qısası, konformizm. Sanki Bertoluççi “Konformist” filmini onlara həsr edib. İmzalar arasında öz festivalını müdafiə və idarə edə bilməyən, mövqeyi bəlli olmayan, bacarıqsız İmam Həsənin də adı var.


Kino adamlarının mövqeyini daha anlamıram. Facebook səhifəsində Fariz Əhmədov süni intellektə bir ölkənin kinosunun məhvinin səbəbləri ilə bağlı verdiyi sualın cavabını paylaşmışdı. Statusa qəhqəhə işarəsi atan, Runun dostu olduğuna görə, atını kinoda dördnala çapmış, Debüt studiyasının rəhbəri olanda əhəmiyyətli bir iş görməmiş, kulislərdə adı yeyintilərdə hallanan, “dahi operator” kimi kinomuza sırınmış Orxan Abbasovun, əslində onun fəaliyyətini də ifadə etmiş o statusa niyə gülməsini anlamıram. Bu statusu paylaşan, kinostudiyadan getmə səbəbləri ilə əlaqəli cürbəcür ehtimallar səslənən, ümumilikdə “Azərbaycanfilm” üçün əhəmiyyətli iş görməyən və ya bacarmayan Fariz Əhmədovu da, statusa layk vuran bir qism kino adamını da.


Runun dövründə, onun tərəfindən ələ salınmış bir rejissor deyir ki, Ru daha yaxşı idi. Allah köməyiniz olsun! Mədəniyyət Nazirliyi, Kino Agentliyi ilə “mübarizənizdə” sizə uğurlar arzulayıram.


Mən isə daha yaradıcılıqla məşğul olmaq istəyirəm.

# 3858 dəfə oxunub

Müəllifin son yazıları

# # #