Ərəbləri İsrail sərhədində öldürüb, maşınla birlikdə basdırdılar – Əsl Kino

Ərəbləri İsrail sərhədində öldürüb, maşınla birlikdə basdırdılar – <span style="color:red;">Əsl Kino
6 aprel 2019
# 09:10

Kulis.az “Əsl kino” layihəsində Samuel Maozun “Fokstrat” və Amanda Ştersin “Madam” filmlərini təqdim edir.

Süjet: Təl-Əvivdə yaşayan zəngin bir ailə hərbi xidmətdə olan oğlu Yonatanın (Yonatan Şiray) ölüm xəbərini alır. Gənc oğlanın valideynləri bu itkini ağır keçirir. Emosional şok yaşayan ata Mixael (Lior Aşkenazi) və ana Dafna (Sara Adler) bu vəziyyətlə nə edəcəklərini bilmirlər. Onun ölüm xəbərini gətirən İsrail ordusunun nümayəndələri Yonatanın meyitinin tapılmadığını deyirlər. Elə həmin gün bir neçə saat sonra valideynlərə xəbər verilir ki, ölən onların oğlu deyil. Bu, Yonatan adlı başqa biridir. Sarsıntıdan özünə gələ bilməyən Mixael tələb edir ki, onun oğluna evə gəlmək üçün təcili icazə verilsin.

Növbəti epizodda tamaşaçıya Yonatanın necə şəraitdə qulluq etməsi göstərilir. Yonatanla birlikdə digər üç əsgər pis şərtlərdə sərhəddə xidmət edirlər. Növbəti günlərin birində onlar sərhədi keçən gənc ərəblərin terrorçu olduğunu zənn edərək səhvən öldürürlər. Bu hadisədən əsgərlər dərin sarsıntı yaşayırlar.

Rəhbərlik hadisəni ört-basdır etmək üçün buldozer göndərərək maşını meyitlərlə birlikdə basdırır. Yüksək rütbəli zabit isə əsgərlərə bu haqda danışmağı qadağan edir. Həmin gün Yonatan evə buraxılır. Və onu aparan avtomobil yolda qəzaya uğrayır...

74-cü Venesiya kinofestivalında jürinin Qran-Prisinə - “Gümüş ayı” mükafatına layiq görülən film 2017-ci ildə ekranlara çıxıb.

Müharibə və fərd münasibəti, ona təklif olunmuş vəziyyətdə məna axtarışı və bu vəziyyətdə onun davranışı Samuel Maozun fokusunda olan mövzulardandır. Hələ 2009-cu ildə 66-cı Venesiya festivalında rejissor “Livan” filminə görə “Qızıl Şir” mükafatını almışdı. Bu film haqda “Əsl kino” layihəsində danışmışıq.

Antimüharibə filmi olan “Livan”da da müəllif müharibəni ölüm qorxusunu yaşayan əsgərlərin davranışında, hər dəfə dinc sakin öldürüləndə gərginləşən emosiyalarında göstərir.

“Livan” kimi “Fokstrot” da İsraildə birmənalı qarşılanmayıb. Filmdə dörd ərəbin güllələnməsi və ordu rəhbərliyinin onları gizləməsi ölkənin mədəniyyət naziri Miri Reqev tərəfindən tənqid olunub. O, filmi “vicdani əzabçəkmənin nəticəsi adlandırıb”. Rejissor isə cavabında deyib: “Yaşadığım yeri, o məni qayğılandırdığı, onu qorumaq üçün tənqid edirəm. Və bunu sevgidən edirəm”.

Maozun rejissor kimi üstünlüyü müharibə mövzusuna dərindən baxa biməsidir. O, sıravi hərbçilərin sanki dövlətin məcburi girovuna çevrilməsini göstərir, onların iç dünyasındakı vəziyyəti araşdırır, müharibə lazımdırmı, mahiyyəti nədir, biz niyə vuruşuruq suallarını qoyur.

Filmin adı ikimənalıdır. Fokstrot 1910-cu illərdə Amerikada yaranmış cütlük rəqsidir. Birinci Dünya müharibəsindən sonra bu rəqs Avropada məşhurlaşdı. Filmdə Fokstrot eyni zamanda koddur.

Rejissor əhvalatı maraqlı qurur. İlk hissədə faciə-ölüm xəbərindən sarsılmış ailənin çöküşünü izləyirik. Affekt vəziyyətində olan ata sevimli itini belə vurur, geniş, lüks ev dar rakurslardan – çıxılmazlıq kimi görüntülənir. Bu hissələr ləng templə, az dialoqla, iri planlarla işlənir.

Növbəti hissədə Yonatanın xidmət etdiyi ərazi göstəriləndə əhvalat bir az dinamikləşir. Sonradan əsgərlərin monoton həyatı təsvir olunur. Bir az absurd komediya qatında işlənən bu səhnələrdə, əsgərlər üçün həyatın burda döyünmədiyini görürük, onlar hərbi xidmətə iradələrinin əleyhinə olaraq cəlb olunublar. Gənc hərbçilər monotonluqdan qurtulmaq üçün oyun oynayır, bədənlərinə tatu çəkir, musiqi dinləyirlər.

Daha sonra isə rejissor komiks vasitəsilə Mixaelin hekayətini danışır.

Finalda səhnəsində isə ailə dramını izləyirik. Dafna oğlunun ölümündə ərini günahlandırır. Bu, həm də onun illərin haqq-hesabını çəkməyə fürsət verir, o, ərini həmişə zəif olmaqda günahlandırır.

Fransız rejissoru Amanda Ştersin “Madam” filmi 2017-ci ildə Sidney festivalında nümayiş olunub.

Süjet: Zəngin amerialı cütlük Enn (Toni Kollett) və Bob (Harvi Keytel) Parisdə dincəlirlər. Onlar burda axşam ziyafətinə önəmli qonaqlar gözləyirlər. Ziyafət on iki nəfərlik nəzərdə tutulub. Amma gözlənilmədən Bobun ilk nikahından oğlu gəlir. Mövhumatçı Enn 13 rəqəminin düşər-düşməz olduğunu düşünür və qulluqçusu Mariyanı (Rossi de Palma) da bu məclisdə oturmağa məcbur edir. Ziyafətdə zəngin bir kolleksiyaçı Mariyanı aristokrat nəslindən hesab edərək ona vurulur.

“Маdаm” filmində Vudi Allenin və Almodovarın yaradıcılığının ruhu sezilir: yəni yüksək təbəqənin intim, görünməyən dünyasını, qüsurlarını araşdırmaq, onların maskalanmasına satirik münasibət, fərqli, maraqlı qadın xarakterlərinin təsviri.

Rejissor əhvalatı komediya və dram janrlarının üzərində qurub. Çağdaş dünyamızdakı aktual siyasi-iqtisadi-sosial məsələlər ayrı-ayrı epizodlarda, personajların replikalarında əks olunur.

İlk hissələrdə əhvalat Zoluşka nağılının motivlərini xatırladır. Ancaq qulluqçu Mariyanın yüksək təbəqədən olan Devidlə (Maykl Smayli) eşq macərası xoşbəxt sonluqla bitmir. Devid onun həqiqi kimliyini biləndən sonra bu münasibət siniflərin toqquşmasına çevrilir. Enn həzm edə bilmir ki, qulluqçusu yüksək təbəqədən olan bir kişiylə sevgilidir...

Rossi de Palmanı aktrisa kimi Almodovar kəşf edib. Aktrisa onun bir sıra filmlərində oynayıb.

# 3060 dəfə oxunub

Müəllifin son yazıları

# # #