Humanizmdən bixəbər İncəsənət Universiteti

Sevda Sultanova

Sevda Sultanova

11 yanvar 2022
# 15:00

Ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəməyən tələbələrin adlarının ictimai şəkildə açıqlanması əsəbi müzakirələrə səbəb oldu. Universitetin rəsmi saytında mövzuyla bağlı yayılmış məlumatda isə deyilir: “ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir”.

Maraqlıdır, universitetin istedadıyla seçilən, perspektiv vəd eləyən tələbəyə güzəştə gedərək, təhsil haqqını ləğv etmək təcrübəsi olubmu, yoxsa humanizm haqda təsəvvürlər ancaq müəyyən güzəştlərlə məhdudlaşır?

Bununla belə, baş verənlər daha çox bir məsələni mənim üçün yenidən aktuallaşdırdı. İncəsənət universitetində, xüsusən, son dönəmdə tədrisin keyfiyyətini nəzərdə tuturam. Kinotənqidi ilə məşğul olduğumdan, əsasən, kino sahəsinə fokuslanmaq istəyirəm. Düzdür, universitetin bu sahədə keyfiyyət göstəriciləri haqda detallı bilgilərə malik deyiləm. Lakin universitetin kino sahəsində təhsil alan tələbələrlə şəxsi söhbətlərdən öyrəndiyim qədərilə tədrisin səviyyəsi qənaətbəxş deyil, müəllimlər az bilgi verib, çox şey tələb edirlər. Və tələbələr kənar layihələrdə hazırlıqlı kino mütəxəssislərinin təlimlərindən daha çox şey öyrəndiklərini deyirlər. Hərçənd, kinodakı mövcud durum da sözügedən ali məktəbdə tədrisin səviyyəsi haqda müəyyən informasiya verir.

Yaxınlarda ölkənin yeganə elmi kino jurnalı “Fokus” uzun illik fasilədən sonra yenidən nəşr olunacaq. Jurnalın növbəti sayını müzakirə edərkən, diqqət ayırdığımız əsas məsələlərdən biri kinoşünaslıq və kinotənqidi sahəsində yeni, perspektivli imzaların cəlb olunması idi. Arayıb araşdırsaq da, bu sahədə jurnalın tələblərinə cavab verən kadr tapmadıq. Son dönəmdə kino tənqidi və təhlili sahəsində gənclər arasında aktiv, məhsuldar olan tək adam Hacı Səfərovdur ki, o da, İncəsənət Universitetinin yox, İstanbul Universitetinin türk dili və ədəbiyyatı ixtisasını bitirib…

Doğrudan da, qosqoca kinoşünaslıq kafedrası olan universitet bu sahədə kimləri yetişdirir, produktivliyi nədədir? Tədrisini necə qurur ki, son illərdə, heç olmasa, əhəmiyyətli 3-4 imza ortaya çıxmayıb?

Başa düşürəm ki, kinoşünaslıq, kinotənqidi sahəsi gəlirli sahə deyil, bu işlə məşğul olmaq üçün kino sənətinə dərin mənəvi bağlılığın olmalıdır. Misalçün, Hacı Səfərov reklam sahəsində çalışsa da, kinotənqidi ilə müntəzəm məşğul olur. Demək ki, harda çalışmağından asılı olmayaraq, sevdiyin bir işi necəsə, imkan tapıb reallaşdıracaqsan, yoxsa digər arqumentlər əsasən bəhanə kimi səslənir. Maddi problemləri anladıq, amma bütün hallarda tələbələrdə kinoşünaslığa maraq və sevginin, motivasiyanın yaranmasından ötrü Universitetdə işin necə qurulması maraqlıdır, yoxsa tək prioritet, vaxtı gələndə ödəniş haqqı toplamaqdır?

Kinomuzun başlıca problemlərindən biri də ssenaridir. Universitetdə, misalçün, teleserial ssenarisi, bədii film ssenarisi fənləri hansı standartlara, proqramlara əsasən keçirilir? Hansı mənbələrə, dərsliklərə istinad edilir? Azərbaycan dilində dərsliklərin nəşri üçün universitet hansı təşəbbüsləri göstərib, nə iş görub? Müəllimlərin peşəkarlıq səviyyəsi necədir? Bu sualların cavabını müəyyən mənada teleseriallarımızda, filmlərimizdə tapmaq olar. Serial ssenarisi sahəsində çalışanların əksərinin İncəsənət Universitetinin yetirməsi olmaması başqa mövzudur. Və universitetin məzunları arasında istedadlı ssenaristlər olsa da, ümumilikdə ssenari sahəsində ciddi peşəkar qıtlığı var. Problem ondadır ki, İncəsənət Universiteti bu sahədə güc mərkəzi deyil, diktə edə bilmir. Əgər əksi olsaydı, məsələn, dövlət büdcəsi hesabına çəkilmiş “Xosrov və Şirin” serialı aşağı səviyyədə ortaya çıxmazdı. Bədii film ssenarisi sahəsində dərin boşluqlar da öz yerində.

“Kino və televiziya” fakültəsinin dekanı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyevdir. Mehdiyev İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsini bitirib, ”Mozalan” studiyasında qısametrajlı satirik filmlərin ssenaristi, rejissoru olub, “Sifarişçi”, “Hacı Qara” filmlərini çəkib. Amma niyəsə yazdığı dissertasiya teatra aiddir, adı da belədir: “Azərbaycan teatrında peşəkar rejissor sənətinin inkişaf mərhələləri”. Məmnuniyyətlə, bu dissertasiyanı oxumaq istərdim.

Elnur Mehdiyevin, atası Cahangir Mehdiyevlə birgə çəkdiyi “Hacı Qara” zəif filmdir, bu haqda Kulisdə yazdığımdan üzərində geniş dayanmayacam, “Sifarişçi” qısa filminə isə “yaxşı” demək olar. Vəssalam. Ümumi göstəricilərlə, Elnur Mehdiyev rejissor kimi ortaya əhəmiyyətli iş qoymayıb. Necə pedaqoq olması haqda isə məlumatlı deyiləm. Onun teatrdan başqa, kino haqda nəsə kitab, dərslik yazıb-yazmadığını bilmirəm. Hər halda rastıma çıxmayıb. Yetirmələri haqda isə nəsə eşitməmişəm.

Hazırda, kinonun təkcə bir sahəsində ciddi məktəb var. Söhbət operator Rafiq Quliyevdən gedir. “Rafiq Quliyevin yetirmələri” artıq hazır, qəbul olunmuş ifadədir. Rafiq Quliyev həm kitab yazır, həm pedaqoji fəaliyyət göstərir, həm də tələbə yetişdirir. Əksər layihələrdə onun tələbələri işləyir. Aralarında istedadlıları da, daha az istedadlıları da var. Bütün hallarda operatorluq sahəsində yaxşı nəsə varsa, bu, həm də Rafiq Quliyevin xidmətidir…

Ümumilikdə isə təəssüf ki, İncəsənət Universiteti sözün böyük mənasında kino sahəsində hələ ki, məktəb ola bilmir.

# 3641 dəfə oxunub

Müəllifin son yazıları

# # #