Anar Yusifoğlu üçün
“Bu gün qar yağacaq, deyəsən: torpağın hərarəti sovuldu, qış fəsli gəldi. Sənin soyuqluğunun fəslini bir bilsəydim...” Anar Yusifoğlunun “Yağışdan sonrakı torpaq kimiyəm…” köşəsindən
Gözlərim buz tutub, baxışım soyuq,
Sözlərim uyuşmur söz sırasına...
Qəlbim əsir düşüb özgə əllərə,
Kirpiyim göz yaşı sırsırasına...
Vaxtım yollarında qurban kəsilib,
Saat əqrəbindən asılıb dilim...
Sənin ürəyində hansı fəsildi?
O fəsilə uyğun geyinib gəlim...
Sən məndən...
Mən isə özümdən uzaq -
Vaxtdan irəliyik, baxtdan geriyik...
Bizə fəsillər də, aylar da yasaq,
Oğurluq anların sakinləriyik.
Ya Rəbbim!
Ruhumu götür, çək dara...
Tabım yox bu sayaq qismətə, Tanrım!
Mən üsyan edirəm ayrılıqlara,
Mən üsyan edirəm həsrətə, Tanrım!
İçimdə bu eşqin yarası dərin,
Min yerdən çat verən qan damarıyam...
İmkansız eşqlərin, qərib eşqlərin,
Yetim sevdaların üsyankarıyam...
Ürəklər daşdan asılıb…
Bu dünyada asılanlar
Ta əzəl başdan asılıb.
Alçaqlıqlar ucalıqdan
Eniş yoxuşdan asılıb.
Təməlimiz fələklərdən,
Əməlimiz ələklərdən…
Sevdamız daş ürəklərdən,
Ürəklər daşdan asılıb…
Kimsə bilməz bu nə sirdi,
Haq da bir, nahaq da birdi…
İşıq zülmətə əsirdi,
Barış savaşdan asılıb.
Xərabələr dayağından,
Zülmlə şər boyağından…
Əsarət öz ayağından,
Azadlıq başdan asılıb.
Dilimdən asılan sözlər
Ölüm umur ölümsüzdən…
Bütün yol gözləyən gözlər
Bir damla yaşdan asılıb…
Sən elə yerdəsən ki...
Mən bir nakam yazıyam alnında, ovucunda,
Poza bilmir göz yaşın, yuya bilmir yağışlar.
Asılıb barmaqlarım saçlarının ucundan –
Ya bir ölüm hökmü kəs, ya ömürlük bağışla...
...Gündüzlərim mürgülü, yuxularım qarışıq -
Sən elə yerdəsən ki...
Qoparıb atmaq olmur...
Sən keçilməz yolların sonucunda bir işiq,
Yollar düyünə düşüb, geri qayıtmaq olmur.
Nə səndən ayrı qalmaq, nə sənə çatmaq olmur...
Çıxıb gedəcəyəm bu şəhərdən...
Çixib gedəcəyəm bu şəhərdən
Gözü yaşlı bir payız səhərində...
Vida deyəcəyəm
Bir payız ömrünüdü də
Yarpaq kimi yaşaya bilməyən
Yarpaqlara...
Vida deyəcəyəm
Bu şəhərin
Göydələnləri arasından
Uçmağa yer tapmayan
Boz sərçələrə...
Ayağım dəyən hər yerdə
Qara qarğalara verəcəyəm
Bu şəhərin ünvanını
Qoy uçub gəlsinlər
arzularının şəhərinə...
Gedəcəyəm...
Bu şəhərin
Tanrım sənə işi qalıb.
Giləsindən qan qarışıq
Neft damlayan döşü qalıb.
Başına torpaq ələnib,
Cismi zülmətə bələnib...
Ruhu min yol güllələnib
Ortalıqda leşı qalıb.
15 dekabr 2012-ci il
Səni yazdım…
Səni yazdım gözlərimlə, baxışlarımla,
Səni yazdım...
Alın yazım görünməz oldu...
Səni yazdım ovucuma göz yaşlarımla –
Elə yazdım...
ömür boyu silinməz oldu.
Səni yazdım xatirəmin sağ divarına...
Hələ heç nə yazılmamış ağ divarına...
Səni yazdım
Yalın əllə sərt qayalara
Əlimdəki bütün izlər itdi gözümdən...
İndi titrək əllərimlə toxunsam hara...
Təkcə sənin adın qalır barmaq izimdən...
Səni yazdım xatirəmin sağ divarına...
Hələ heç nə yazılmamış ağ divarına...
Səni yazdım əbədilik qan yaddaşıma...
Son baxışım gül üzünlə, təninlə olsun...
Səni yazdım başdaşıma, məzar daşıma
Sənsiz ölsəm...
Ölümüm də səninlə olsun...
Səni yazdım xatirəmin sağ divarına...
Hələ heç nə yazılmamış ağ divarına...