"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr

"Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı" - Toy gecəsi üstü açılan dəhşətli sirr
25 aprel 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının sonuncu hissəsini təqdim edir.

On beşinci hissə burada

“Gənclik” metrosu yaxınlığındakı hospitalın nevrologiya şöbəsində iki nəfərlik televizorlu palatada yerləşdim. Anamgil eşidib bərk narahat olsalar da, bunu qəsdən etdiyimi, əslində sağlam olduğumu biləndə ürəkləri yerinə gəldi. Mənə mülki geyim gətirmələrini xahiş etdim.

İkinci gecə hospitalı özbaşına tərk edib “Qarmoşka” binanın yanına – alın yazım Cincilimi axtarmağa getdim.

Pəncərədəki gülləri götürmüşdülər. Məhlədə yalnız gözətçi oyaq idi. Məni buralarda çox görmüşdü. Dedi, üç gün olar, 30 yaşlarında bir oğlan onlara gəlib bəzi əşyaları apardı. Maşının nömrəsini unutmuşdu. Təhlükəsizlik kameralarına baxıb öyrənməsi üçün ona pul verdim. Mobil nömrəsini də götürdüm. Cincilimgilin evlərinin qapısına nömrə yazıb bu qeydi əlavə etdim: “Ev sakinlərindən biri təcili bu nömrəyə zəng eləsin”. Kağızı qapının arasına elə dürtdüm ki, yalnız açılanda yerə düşsün. Öz nömrəmi də gözətçiyə verdim. Telefonun itmə, yanma, hərbi hissədə ələ keçmə ehtimalını nəzərə alıb dostlarımın da nömrəsini verdim. Cincilimgillərdən kimisə tapsa, ona əlavə otuz “şirvan” verəcəkdim. Bəs qızın özünü tapsa? Əlbəttə, min dollar! Məni imkanlı biri kimi tanıyırdı.

Gözətçi mənə yaxşıca ümid verirdi: “Darıxma, bacıoğlu, yaxşı olacaq, dayın ölməyib!”

Gecə yenə hospitalı tərk edib tələbə yoldaşım Asifgilə getdim. Çox qorxdular. Bu vaxtın gəlişi yaxşı olmur. Asifin maşını ilə şəhərə çıxıb biriki yerə dəydik, səhərə yaxın hospitala apardı. Həm cibimə pul qoydu, həm də bəzi dostlarımın nömrəsini verdi. Uşaqların çoxu ya mənim kimi əsgərlik çəkir, ya da xaricdə magistr təhsili alırdı. Qızlar da ya ərə getmişdilər, ya hardasa işləyirdilər. Təhsilini davam etdirənlər də vardı. Nazir oğlu dostum Amerikada idi. Onun nömrəsini yığdım. Orada gündüz idi.
– Salam, Ayxan, Ərəldi.
– Ooo, köhnə partizan, necəsən?
– Necə olacam, əsgərlikdəyəm. Hospitaldayam indi.
– Bir şey olmayıb?
– Yox e, atışquruşla gəlmişəm. Sağlamam. Sən orda nə atdırırsan?
– Magistr təhsili alıram.
– Sizdə həvəs var e, sən öl.
– Neyniyim? Kişi dedi, get oxu, mən də gəldim.
– Qulaq as, qaqa, o qız vardı e, mənim qızım.
– Hə. Beynəlxalqda oxuyan?
– Hə.
– Yoxa çıxıb.
– Necə yəni yoxa çıxıb?
– Getdi Londona. Altı aydır xəbər yoxdur.
– Elə şey olar?! Get evlərinə də. Ciddi idin axı sən.
– Qızın bütün varyoxu yoxa çıxıb. Türkiyədədirlər, hardadılar, bilmirəm.
– Bəlkə, dəm qazından boğulublar.
– Gicbəsər, ağzımda deyirəm, altı aydır yoxdular, deyirsən, dəm qazı...
– Necə yəni varyoxu yoxa çıxıb?! Elə şey olar?! 21-ci əsrdir eee.
– Qulaq as. Londonda tanışınzadın yoxdur? Dədənin o səydəş dostlarının uşaqlarındanzaddan…
– Ağlıma gəlmir. Maraqlanaram. Siz LeyliMəcnun idiniz axı. Bəlkə, quşlamısan qıza qarşı.
– Yox e. Əsgərlikdə nə quşlayacam. Qaqa, ürəyim partlayır. Elə bil ölmüşəm, yerdən götürürsən. Nə eləyirsənelə, qızı tap.
– Neyniyim mən dəmşalaq?! London sənin üçün “20 Yanvarın kuruq”u deyil e.
– Qaqa, ümidim bircə sənədir.
– Uşaqlara deyim, sənə xərclik versinlər.
– Yox e, pulum var. Sən qızı tap. Əsgərlikdəyəm, əlimqolum bağlıdır. Hərəkət edə bilmirəm.
– Sən belə elə... Oxuduğu “uni”yə sorğu yaz. Ağıllı fikir idi. Xeyli ümidləndim:
– Qaqa, sən ingilis dilini bilirsən. Quzu kəsərəm. Qaqana kömək elə. Sən yaz.

Mən “uni”nin adını və qızın ad, soyad, ata adını dedim. Bir az da ordan-burdan danışdıq. Son sözümüz belə oldu:
– Qaqa, telefonu gizlin işlədirəm, birdən tutular, mənə zəng çatmaz, ya Asifələ, ya da uşaqların biri ilə əlaqəyə saxla. Gecə, gündüz, nə vaxt olsa, zəng elə, mesaj yaz.
– Narahat olma, “uni”lərinə yazacam bir azdan. Davay, qırıl. Nəyəsə ehtiyacın, olsa xəbər elə.
Hospitalda gözüm telefonun ekranında qaldı. Heç bir film, heç bir kitab mənə maraqlı gəlmədi. Yaşamaq belə mənasızlaşmışdı. Onu itirmə qorxusu canıma vicvicə salırdı. Əvvəllər görəndə mənfi enerji aldığım gözətçi indi ən sevimli dostma çevrilmişdi. Deyirdi, qızı mütləq tapacam.

Artıq tələbə yoldaşlarımın çoxunun nömrəsini tapmışdım. Bu həm də xidmətdən sonra toy eləmək fikrimlə bağlı idi. Hamısını dəvət edəcəkdim.
Hospitalda bir ayımın tamamında əsgərlik yoldaşlarımdan biri infeksiya şöbəsinə yerləşdirildi. Onunla görüşə gedəndə dedi:
– Fərzəliyev, yatmısan fil qulağında, hərbi hissədə “ustav” cırır. Yoxlama hamısının anasın ağlatdı. Komandirlə “zampolit”i mələtdilər. “TIL”, Həkim Rəcəbov və Leytenant Əzizova isə cinayət işi başlandı. Qərargah rəisi töhmət alıb yerini dəyişdi. Təzə komandir, zabitlər nemes kimi şeydirlər; nə rüşvət alırlar, nə aylığa uşaq buraxırlar. Daydaylı uşaqların hamısı əlində süpürgə bizim kimi “paxat” eləyir. Maaşlarımızı özümüzə verirlər. İndi NATO ordusu da qələt eləyir bizim yanımızda. Amma belə komandir bizə sərf eləmir e, qaqa.
– Niyə?
– “Maladoy” vaxtı əziyyət çəkdik, döyüldük, “dembl” vaxtımızda əsgər döyə bilməyəcəyik. Bizə bardaq sərf edirdi indən belə.
– Məni soruşan, yanıma gəlib edən olmayıb?
– Yox, qaqa. Görməmişəm. Eşitməmişəm.
– Baş əsgərə tapşırmışam, nə lazım olsa, yaxınlaş.
Gələrsən bizim palataya, çay içərik. Nə qulluq edim?
– Siqaret təşkil elə, başqa can sağlığı.

Bir ay on beş günlük qiyabi axtarışlarım nəticə verməsə də, əvvəlki dosttanışlarla əlaqələri, demək olar ki, bərpa etmişdim. Telefonun yaddaşından əlavə nömrələri dəftərə də yazmışdım. Anam, bacım, xalam teztez yanıma gəlirdilər. Nazir oğlu olan dostumun biganəliyi az qala xətrimə dəyirdi ki, mənə zəng elədi. “Yes”i basan kimi dedi:
– Qaqulya, necəsən?
– Sağlığın, ay qaqa. Necəsən? Oğlansan, qız?

– Xeyrsiz köpəyoğlu, sənə görə Londonda broker tutmuşam.
– Broker nədir?
– Pul verirsən, sənədsünəd işlərini görür.
– Sağ ol e, qaqamsan. Kopoğlunun Avropası, gör nələri var.
– Qız magistri bitirib, on gün əvvəl qayıdıb Bakıya. Əlaqə nömrəsinə zəng edib, zəng çatmayıb. Yaz nömrəni.
Nömrəni dedi, yazdım.
– Bir dənə də nömrə yaz, bu uqandalı bir qızdır, bir oxuyublar. Bağışla, şəxsi sual verirəm, ayrılmısınız?
– Yox e, heç bir səbəb göstərmədən yoxa çıxıb, əlaqə qura bilmirəm.
– Bax da. Başqa nə qulluq?
– Ayxan, hər şeyə görə çox sağ ol. Ola bilər, səni bir də narahat edim. Elə şeylər var, sənin əlin girir ancaq. Bir söz deyim, qardaşım kimi: o qız mənim hər şeyimdir.
– Narahat olma, düzələr. Qızdı da, xətrinə dəymisən yəqin.

Sağollaşan kimi zəng elədim. Nə Cincilimə zəng çatırdı, nə də uqandalı tələbə yoldaşına.

Amma Cinim Bakıdaydı. Eyni şəhərdə olmağımızın sevinci doldu içimə. Deməli, dünənki yağışı o da mənim kimi görüb.

Gözətçini yığıb xəbər aldım. Heç bir təzə xəbər yox idi. Ona etibar etməyib gecə “samavolka”ya çıxdım. Metronun yanında yaşlı bir “bomj”a araq söz verib “Qarmoşka” binanın yanına apardım. Binanın önündə hayküy salıb insanları oyadacaqdı. Gecə yarı heç kimin qapsın döyə bilməzdim.

Yaşlı kişi daşkəsəklə göy köşkün yanındakı dəmir dayağa döyəcləyib keçmiş arvadını söyməyə başladı. Adı Çimnaz idi. Bir neçə evdə işıq yandı, pəncərələr açıldı, cəmi üç sakin göründü. Mən sakinləri gecə narahat etdiyinə görə “bomj”u “danladım”. Sonra sakinlərə salam verdim. İkisinin məlumatı yox idi. Yalnız əlli yaşlarında olan bir qadın Cincilimi dörd gün əvvəl məhlədə gördüyünü bildirdi. Ona nömrəmi verib, xəbər çıxarsa, mənə məlumat verməsini xahiş etdim. Yenə kağız yazıb qapıya pərçimlədim və hospitala qayıtdım.

Sonuncu gün məni və infeksiya şöbəsində müalicəsi başa çatan əsgər yoldaşımı aparacaq təzə həkim zabitimizdən “Əhmədli”yə gedibqayıtmağım üçün icazə aldım. Gizli telefonumu qumqumamın yanında gizlətmişdim. Gündüz vaxtı üzlüürəkli, lakin nəticəsiz axtarışlarımı başa vurub qayıtdım.

Hərbi hissəyə xeyli gənc əsgər gəlmişdi. Elə NBMdən girəndə gördüm ki, sakitlik hökm sürür. Yeməkxanada əl yumaq üçün sabun, şampun, gigiyenik spirtlər gördüm. Xidmətdə yatmaq tarixə qovuşmuşdu. Təzə komandir məndən 9 yaş böyük olardı. Ulu öndərin Türkiyədə təhsil almaq üçün göndərdiyi zabitlərdən idi. Bir dəfə özü nümunə kimi qabı necə yumaq lazım olduğunu bizə göstərdi, sonra yuduğu qabı bir əsgərə verib zarafatla dedi:
– Al bunu, mülki həyatda danışarsınız ki komandirə qab yudurdurduq, – məndən başqa hamı güldü, o bunu hiss elədi.

Təzə komandir xidmət zamanı iş gördüyümüz yerdə qəfildən peyda olurdu. Zabitlərə yaxşıca göz qoyur, bizə döyüş sirlərini öyrədirdi. İdmanı vacib hesab edirdi. Elə nizamintizam yaratmışdı, düşünürdüm ki, belə zabitlər çoxalsa, biz nəinki Qarabağı, hətta Zəngəzuru, Göyçəni də azad edərik. Heydər Əliyevin necə uzaqgörən bir dövlət xadimi olduğunu bu zabitin timsalında görürdüm. Adı Hikmət idi.

Hərbi hissədə gizli telefon işlədən yeganə əsgər mən idim. İlişsəydim, cəzam ağır olacaqdı. Artıq bir əsgər digərini istismar edə, yayınıb orda-burda yata bilməzdi. Xidmətdən əvvəl mütləq yatmalıydın. Mən yatmayıb QSMdə telefonumu və adapterimi gizlətdiyim dalda bir yerə çəkilib, telefonla orabura zəng edir, ya kontur dilənir, ya da Cincilimi axtarırdım. Bir gün yenə danışığımı bitirdim. Ağ zanbağımı düşünüb ağladım. İçim xeyli boşaldı. Mən babalarım, nənələrim öləndə də ağlamışdım, amma heç birinə asta səslə ağı deməmişdim. Bu dəfə dedim. Tək olduğumu düşündüyümdən daha ürəkdən ağlayırdım. Ağlamağın ən şirin yerində çiynimə bir əl toxundu. Başımı çevirəndə təzə komandiri gördüm. Şokdan dərhal reaksiya vermədim. Bir neçə saniyədən sonra astaasta qalxıb papağımı başıma qoydum, göz yaşımı silib hərbi salam verdim. Telefon sol əlimdə idi. Elə bildim məni xidmətə dözməyən “mama uşağı” hesab edəcək. Gizli telefon isə... İlişmişdim. Yəqin tərxis əmrinə görə də qüsurlu əsgər kimi ayın sonuncu gününə kimi xidmət aparacaqdım.
– Niyə ağlayırsan? Darıxırsan? Döyürlər səni?
– Xeyr, cənab Mayor. Mənim böyük problemim var. Və bütün başıma gələnləri qısa şəkildə ona danışdım.
Kefimi açmaq üçün zarafatla dedi:
– Dalda yerdə durmayaq, adımıza söz çıxar.
Yalnız indi gülümsədim. Yanağımdakı və dodağımdakı dartınmanı hiss etdim. Başa düşdüm ki, mən çoxdandır gülmürəm.
– Gəl gedək otağa, – komandir dedi.

Telefonumu ona uzatdım. Təhvil verirdim. Baxdı, götürmədi.
– Gəl gedək, – dedi.

Otaqda ona əvvəlki zabit heyətinin əməllərindən danışanda şoka düşdü. Səlis nitqim, uşaq yaşda biznes qurmağım, əvvəlki zabitlərə münasibətim, hüquqşünas olmağım onun diqqətini cəlb etmişdi. Dörd gün hər günorta məni yanına çağırıb söhbətə tutdu. Bu məni narahat etməyə başladı. Çünki digər əsgərlər komandirin yanına teztez gedən əsgərə xəbərçi kimi baxırdılar.
Beşinci gün səhər düzülüşündə məni cərgədən çıxarıb daxili əmrlə baş əsgər rütbəsi verdi və Xəbərovun yerinə bölük komandirinin köməkçisi təyin etdi. Bu səlahiyyətə sahib əsgər hərbi hissənin bütün çavuş və əsgər heyətinin başçısı, onları təmsil edən şəxs sayılırdı. Hər səhər komandir işə gələndə hərbi hissə növbətçisiylə birlikdə vəziyyəti ona məruzə edirdim: “Cənab mayor, hərbi hissədə heç bir hadisə baş verməyib!” Yaxud: “Cənab mayor, hərbi hissədə mühüm hadisə baş verib”.

Baş əsgər əsgəri xidmətə çıxmırdı. İşi bölür, zabitlər olmayan yerdə, məsələn, kazarmanın yataq hissəsində komandirlik edir, yeməkxanada sakitlik yaradır, əsgərlər arasında insidenti aradan qaldırırdı. Zabitlər dağılışıb evlərinə gedəndə hərbi hissə növbətçisindən sonra komandir mən idim.

Tərxis olmağıma bir ay beş gün qalmış bu işimə başladım. Telefonumu aşkar istifadə etməsəm də, cibimdə gəzdirirdim. İlk olaraq rus dilindən gələn ifadələri öz dilimizdə səsləndirdim. Məsələn, “padyom” yox, “dur”, “obed” yox, “nahar”, “padşifka” yox, “boyunağı”, “rota” yox, “bölük” və s. Alternativ söz tapmayanda türk dilinə müraciət edirdim.

Xidməti ədalətli bölürdüm. Hamı növbə ilə həm yeməkxana, həm aftopark növbətçiliyinə çıxırdı. Təkcə tualet “naryad”ını oğrulardan və ya döyüş bayrağı xidmətində qüsur buraxmış adamlardan təyin edirdim. NBM hərbi hissənin əsas girişçıxışı olduğundan, istəristəməz mülki vətəndaşlarla təmasa girdiyindən, orada ali təhsillilərə üstünlük verirdim. Komandir fikirlərimi dəstəkləyirdi. Yeməkxanada bütün şəxsi heyət yeyibqurtarandan sonra özüm yeyirdim. Yadımdadır, Xəbərov həmişə aşpaza özü üçün ayrıca yemək bişirtdirirdi. Bir gün “yat” komandasına yaxın kazarmada “düzül” komandası verdim. Əsgərlərə hüquq və öhdəlikləri ilə bağlı qısa mühazirə söylədim. Sonda fikrimi belə yekunlaşdırdım:

– Baxın, uşaqlar, zarafatla da olsa da silah oğurluğu, yatan əsgərin ayağında kağız yandırmaq, döymək, kimisə sındırmaq, narahat etmək məsuliyyətdir. Gecə “yat” komandası iki dəfə veriləcək. Birində siz soyunub yerinizə girəcəksiniz, həmin yanınızdakı əsgərlərlə bir neçə dəqiqə qısa danışa bilərsiz, çünki insan yanındakı insanla danışmalıdır. İkinci komandada hamı susub gözünü yummalıdır. Əvvəllər “yat” komandasından sonra döyülürdük. İndi heç kim gənc əsgərlərin xətrinə dəyə bilməz. Qanun qarşısında hamımız bərabərik. Mənim də hüquqlarım sizinki ilə eynidir. Üstünlüyüm səlahiyyətimdədir, lakin mən bundan suiistifadə etsəm, siz komandirə bildirməlisiniz...
Sən demə komandir bizdən əvvəl kazarmaya gəlib gizlənibmiş.
Qısa mühazirə bitəndə uca səslə komanda verdim.
– Bölük, diqqət! Yat!

Hamı yerinə girib gözünü yumandan sonra özüm də soyunub yatağa girdim. Az sonra komandir astaca kazarmanı tərk etdi.
Hər səhər tapşırığıma uyğun olaraq “dur” komandasından on dəqiqə əvvəl gün növbətçisi birinci məni yuxudan oyadır, saatın tamamını gözləyirdik. 06.00-da “dur” komandası verirdim. Bazar günləri bir saat artıq yatırdıq.

Mühazirələri hər gecə söyləyirdim. Həm əsgər, həm hüquqşünas kimi vətənə borcumu yerinə yetirirdim. Amma sevinə bilmirdim. Çünki bütövləşib insan ola biləcəyim tən yarım, bədənimin bir parası, ruhum Cinimdən səssoraq gəlmirdi. Hər keçən gün qorxumu daha da artırırdı.

Bir ay beş gün əsgərlərə rəhbərlik etdikdən sonra bu vəzifəyə üç namizəd təqdim elədim. Əsgərlər özləri namizədlərdən birini gizli səsvermə ilə seçəcəkdilər. Seçilən əsgəri komandirə təqdim edib iyulun 1-i günü ordu sıralarından tərxis olundum. Cincilimin axtarış məsələsi olmasaydı, ayın sonuna qədər qalıb vətənə borcumu artıqlaması ilə ödəyəcək, komandirə kömək edəcəkdim. Vətənə borcumu bir az kəm – 350 gün ödədim. Cincilimi vətən borcundan daha üstün sayıb ona doğru tələsdim.

Səhər hamamı qalatdırıb üzbaşımı təmizlədim, yaxşıca çimdim, təzə formamı geyindim və Dumbuzovdan başqa bütün şəxsi heyətlə görüşüb veşvüşümü yığdım. Köhnə geyimimi yadigar olaraq götürmək istədim. Götürmədim. Gənc əsgərə hədiyyə etdim. Hər yana son dəfə baxıb hərbi hissəni Fərəclə birlikdə tərk elədim.

Komissarlıqda hərbi biletimə möhür vurdurmaq üçün üç gün vaxtım vardı. Buna görə rayona gedib dayımgildə qaldım. Heç kimə görünməmək üçün gecə kəndimizə gedib söyüdə baxdım. Yerində idi. Yalnız Şıpı və Çinarla görüşdüm. Dayımgilə Şıpının maşınında qayıtdım. Səhəri kirvəm Bakıda qalan sənədlərimi göndərdi. Mən həm hərbi biletimə möhür vurdurdum, həm də şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdim. Mülki həyata başladım artıq.


YA ÖLDÜR, YA BAĞIŞLA

Rayondan Bakıya qayıdanda Sabirabad ərazisini keçərkən telefonuma mesaj gəldi:
“Salam, Ərəl, necəsən? Allaha şükür, sağ-salamat qayıtdın. Nə əcəb tez buraxdılar?”
“Çox sağ olun. Kimiydi? Tanımadım.”
“Könüldür”.
“Tez buraxıldığımı hardan bildin?”
“Sən gedən gündən təqvim qaralayıram. Səninlə bərabər mən də əsgərlik çəkdim. Hər saniyəni sayırdım. Xəbərin var da, kənddə müəllimə işləyirəm. Uşaqlarımız riyaziyyatdan müəllim yanına getməyəcək. Mamaları özü hazırlayacaq onları”.
“Xeyirli olsun işin. Söyüdü niyə kəsməmisən?”
“Demişəm axı, onu özün kəsəcəksən. Az qalıb. Ərinməz-ərinməz söyüdə də baxmısan”.
“Nə vaxt kəsəcəm?”
“Çox az qalıb”.
“O söyüdü heç vaxt kəsməyəcəm”.
O gülmək smaylikləri atdı. Ardınca yazdı:
“Ərəl, o gün fikirləşirəm ki, biz evlənmişik, səhərlər səndən əvvəl durub çay-çörək hazırlayıram. Sənə səhər süfrəsi açıram. Axşam işdən gələndə qapıdaca boynuna asılıram. Hər gecə qoynunda yatıram. Bütün günü sənə necə qulluq edəcəyimi fikirləşirəm”.
Mən Könüldən xalası qızı barədə necə söz almağı fikirləşirdim. Hüquqşünas İkram Kərimovun sözü yadıma düşdü: “Cinayətkarı səbirlə dinlə, mütləq bir səhv buraxacaq”. Açıq soruşa bilmirdim. Ümumiyyətlə, Könüllə soyuqqanlı olmaq daha doğru idi:
“Könül, Kənan Türkiyədə oxuyur?”
“Yox, amma Türkiyədədirlər”.
“Nə əcəb gəlmirlər?”
“Gəlməyəcəklər. Ərəl, səni xatırlatmayan mahnılara qulaq asmırdım bu bir ili. Eləcə gözüm yollarda qaldı, eləcə səni düşünüb gəzmişəm bu bir ili. Atanın hərəkəti şəhər qızının “çest”inə dəydi. Səni silib atdı. Halbuki mən eşidəndə hamıya dedim ki, Ərəlimin heç bir günahı yoxdur”.
“Əsgərlik yoldaşım var, Kənanı tanıyırdı, onun nömrəsini axtarır, səndə yoxdur?”
“Yox. Bilmirsən, biz onlarla qanlı-bıçağıq. Əlaqəmiz yoxdur. Heç mamamı da danışdırmırlar”.
“Niyə?”
“Sənə görə. Mən hamıya sözümü demişəm: ya sən, ya qara torpaq. Atam kəmərin altına salıb döyəndə də ağlaya-ağlaya dedim ki, hamınız qurban olun Ərəlin çölə atılan dırnağına. Axırda atam özü də məni qucaqlayıb ağladı. Gördü mümkün deyil”.
Bir xeyli yazışandan sonra Könül “quş”unu buraxdı.
“Xalam qızı səni fırlada-fırlada fingirləşdiyi oğlana başı qarışıb”.
“Hansı oğlandır o?”
“Xəbərin yoxdur?”
“Yox”.
“Seymur adlı oğlandır. Atası generaldır. Sizin “uni”də oxuyub. Fakültəsini bilmirəm. Cema sözü dilindən düşmür. Yaman da qısqancdır. Cemadan beş-betər Əsmər xalamı qısqanır. Bilmirdin? “Uni”də fingirləşirdi. Oğlan Londona getdiyində bu da dözmədi Seymursuz, qaçdı dalınca. Orda da kim nə biləcək...”
Özümü soyuqqanlı göstərib yazdım:
“Allah xoşbəxt eləsin. Hansı Seymurdur, maraqlı gəldi?”
“Dəqiq tanımıram. Amma iki ailə bir yeyib, ayrı gəzirlər. Mənə yer edən o deyil, sənsən”.
“Niyə?”
“Sənə deyirdim, o ləçər səni fırladır, inanmırdın. Bir xahişim var: söyüdü kəsəndə məni də çağır. Eləcə baxacaqam. Bəlkə, onda ürəyim soyuya”.
“Söyüdü kəsən deyiləm”.
“Yenə axtaracaqsan onu?”
“Yox, axtarmayacam. Onun öz işidir, kimi seçərsə, onunla da evlənər. Söyüdü kəs getsin. Məsələ xalan qızında deyil, Çinardadır. O mənim qardaşlığımdır. Ən pisi budur ki, qardaşlığım səni istəyir”.
“O sənin qardaşlığın deyil. Gün gələr, Çinarı tanıyarsan. İnan, bu kənddə ən axırıncı oğlandır o. Ona nifrət edirəm. Çinar başqasıyla evlənsə, məni alarsan?”
Ondan söz almaq üçün manevr elədim:
“Bilmirəm. Yaşayarıq, görərik. Məncə, o səndən başqasıyla evlənməz. Sənin haqqında danışanda xoşbəxt olduğunu öz gözümlə görmüşəm. Səni alsam, gərək Çinarla əlaqəmi kəsəm. O dostumdur. Mümkün deyil. Amma o başqasıyla evlənsə, düşünərəm”.
“Sevindirdin məni, Ərəl. “Düşünərəm” deyən dilinə qurban olum. Bilirsən, Allah sənə başqasını yaza bilməz e. Özümü tanıyandan Allaha yalvarıram ki, Ərəlimi mənə ver. Allah bu qədər qəddar ola bilməz. Riyaziyyat müəlliməsiyəm axı. Riyaziyyat taleyim belədir: K-Ə=0. Sıfır heç nədir. Yanına bir rəqəm artırmalısan ki, nəsə əmələ gəlsin. Mən indi sıfıram. Yanımda sən dayansan, nəsə ola bilərəm. Ooof, Ərəl! Çörəyim-suyumsan, istiotum-duzumsan. “Düşünərəm” dedin, Ərəl. Elə sevinirəm bu sözünə”.
Mən Könülü qıcıqlandırmaq istəmədim. Seymur deyilən adamı uydurma hesab etdim. Cinim məni dünyanın heç bir Seymuruna dəyişməz. Hər şey yaxşı olacaq. Təki bircə dəfə görüm onu. Gördüyüm yerdə də salam verməmişdən qabaq əlindən tutub qaçırdacam, sonra salam verəcəm. Atamın şərəfsizliyinə görə Vaqif eləyir hamısını. Bəlkə də qızı qapalı yerdə saxlayır. Nə internetdə var, nə başqa yerdə. Cinim görən hardadır, ilahi? Könkanın əla fantaziyası var: “Cema”. Qrup qızları ona Cema deyirdi. Rusdilli səydəşlər. Hardasan indi, ay Cinim? Sabah gərək köhnə nömrəmin dublikatını çıxardım. O nömrəmə mütləq zəng edəcək. Cinim başqa bir ömürdə yaşaya bilməz”.
Bacımgillə bir yerdə evimdə yerləşdim. Ancaq evdə dayana bilməyib “Qarmoşka” binaya baş çəkdim. Qapıya pərçimlədiyim kağızlar yox idi. Bu dəfə evlər idarəsinin işçisi kimi təzə nömrəmi yerləşdirdim. Guya “JEK”-də onların evinin sənədiylə bağlı problem vardı. Qonşuları sorğu-sual etdim. Cincilimi cəmi bir dəfə görmüşdülər, o da mən hospitalda olanda. Daha geniş formatda axtarışa başlamışdım. Ehtimal olunan hər yeri yoxlayırdım. Cincilimin müəllimlərinin evinə də getdim. Bütün Əhmədlini, bütün Bakını, bütün Türkiyəni, bütün Uqandanı – bu dünyanı, o dünyanı ələk-vələk etdim, nə Cincilimi, nə ailəsini gördüm deyən olmadı.
On beş gün sonra Yalıncıqdan qara xəbər gəldi. “Yes”i basıb cavab verdim:
– Hə, Çinar, Necəsən?
– Çox sağ ol, qaqa, sən nə təhərsən? Bibimgil nə təhərdi? Dayım oğlu neyniyir?
– Çox sağ ol, salamları var. Kənddən bir xəbər bilmədin?
– Qaqa, qız bir general oğluna nişanlanıb, Türkiyədə toyları olacaq.
Bu xəbərə inanmadığıma görə təmkinlə danışırdım. Cincilim məndən başqasına ərə gedə bilməzdi. Ərə getsə də, gərdəyə girə bilməz. Məndən başqasının yanında soyuna bilməzdi. Başqa oğlanla öpüşəndə ürəyi bulanıb qusardı. Cincilim məni atmazdı. Yox, o belə hərəkət etməzdi. Yox, yox, yox, o cındırlığı eləməzdi. Bəlkə, Vaqif onu zorla verir kiməsə. Qızı əli-qolu bağlı evdə saxlayırlar?
– Kim dedi?
– Tosu danışırdı. Sentyabrın axırı toylarıdır.
Tosunun nömrəsini alıb zəng etdim. Söhbətimizin sonu elə gətirdi ki, bir-birimizə var-yox söyüşü söydük. Təcili Çinarla Şıpını Bakıya çağırdım. Əsgərlik yoldaşım Fərəc isə zəng edib könüllü bizə qoşuldu. Murtuza və Könüldən başqa bütün tanıdığım insanları axtarışa səfərbər etdim. “Qarmoşka” binanın sakinlərinə kömək etmələri üçün yalvardım. Günka və anasının yanında ağladım. Nazir oğlu dostumdan həyəcanla xahiş etdim. Hər ehtimala qarşı Türkiyəyə getmək üçün xarici pasportun təcili sifarişini verdim. Onun üçün nəinki Türkiyəyə, insan ayağı dəyməyən Amazon meşəliyinin dərinliyinə də gedərdim. Ordakı vəhşi heyvanlara mənə toxunmamaları üçün yalvarardım.
“Əhmədli” metrosunun üstündə ilk “ştuçnı” siqaretimi aldım. Pulum qurtardığına görə qarşıma çıxan hər kəsdən borc istədim. Vermək istəməyənlərdən diləndim. “JEK”-dən və profaktoriyadan qovuldum. 171 saylı məktəbin müəllimlər otağındakı müəllimlərin pıqqıldayıb gülməyinə səbəb oldum. Polis bölməsində və prokurorluqda sutkalıq həbslə hədələndim. Axtarışda mənə kömək edən dostlarımı təhqir elədim. Ağladım. Qışqırdım. Qidalandım. Yatdım. Siqaret çəkdim. Cincilimi axtardım. Qidalandım. Siqaret çəkdim. Cincilimi axtardım. Cincilimi axtardım. Cincilimi axtardım.
Tanıdıqlarımdan, tanımadıqlarımdan, Allahdan, bəndədən, şeytandan, dərzidən, taksidən, şam ağacından, güzgüdən, mömindən, kafirdən, imamdan, yeziddən, uşaqdan, böyükdən soruşdum. Gördüm deyən olmadı. Havanın necə keçdiyini bilmirdim. Mənim üçün avqustla fevralın fərqi yox idi. Bütün azərbaycanlıların son ümid yeri olan polisin qaynar xətti 102-yə zəng elədim. Həmin il 102 qaynar xəttinə ən çox zəng edən vətəndaş kimi sistemə düşdüm. Universitetimizdə oxuyan bütün Seymurları axtardım.
Prokurorluğa gedib Azər müəllimlə görüşdüm, işə düzəlmək üçün sənədləri topladım və dərziyə forma sifariş verdim. Prokurorluqdan gələn xəbər qanımı it qanına döndərdi: sentyabrın sonunda əmrim gəlməli idi. İşə çıxacaqdım. Orda işləyə-işləyə Cinimi axtara bilməzdim. Mən elə bilirdim, işə düzəlməyim illər çəkəcək. Azər müəllimlə görüşə hər ehtimala qarşı hazırlıqlı getmişdim. “Sənədlərini yığ gətir, qıza ver”, – deyəndə qoltuğumdakı qovluğu uzatdım. Prokurorluqdakı müstəntiqlərdən biri C. rayonuna prokuror təyin olnmuşdu. Yeri boş idi. Fərqlənmə diplomu sorğu-sualsız keçməli idi. Məni heç söhbətə də çağırmadılar.
Anam isə hər gün hal-hərəkətimi görüb məni bu hala salan Murtuzanı qarğayırdı. Anam elə bilirdi, qızı qumar söhbətinə görə mənə vermirlər. İş o yerə çatdı ki, dostlarımın üçünü də yanımdan qovdum. Axtarışların nəticəsizliyi əsəblərimi pozmuşdu. Mənə xoş xəbər verə bilməyənlərdən zəhləm gedirdi. Onları acılayırdım. Çinar isə ciddi narahat olmağa başlamışdı. Bu cür axtarış aparan oğlan işin üstü açılanda onun başını it qibləsinə kəsərdi. Qorxusunu büruzə verməkdən çəkinib bizi tərk etdi. Əsəbi olduğumu nəzərə alıb son məlumatları telefon vasitəsi ilə Şıpıdan öyrənirdi. Nə qədər qovsam da, Şıpıyla Fərəc məni tərk etmədilər. Hərlənib-fırlanıb yanıma qayıtdılar.
Sən demə, Çinar Şıpıdan öyrəndiyini Könülə bildiribmiş. Şıpı Çinarın bu əclaflığını bilmirdi, buna görə hər şeyi ona danışırdı. Könül tapdığımız ip uclarını qohumları vasitəsiylə Əsmərə çatdırırdı. Əsmər isə bizi hər yerdən bloklayırdı. Onlara xəbər çatdırırdılar ki, oğlan bibisi qızını boşayıb Cincilimi qaçırmaq istəyir. Onun üçün möhkəm axtarır. Bu, axtarışımı daha da çətinləşdirirdi.
Nəhayət, 102 xidmətindən mənə zəng gəldi:
– Ərəl bəy, serjant İsayevadır.
– Hə, hə buyurun.
– Biz sizin axtardığınız xanımla əlaqə saxladıq. Dadaşzadə Cəmalə Vaqif qızı, eləmi?
– Aha. Bəli.
– Şəxs bildirdi ki, sizi görmək istəmir. Artıq nişanlanıb.
– Onun nömrəsini verə bilərsiniz?
– Xeyr. Vətəndaş bunu istəmədi.
– Yalvarıram sizə. O mənim hər şeyimdir. Özünüzü mənim yerimə qoyun. Mənə yazığınız gəlsin. Biz həm də həmkarıq axı. Mən də hüquqşünasam.
– Təəssüf ki, verə bilmərəm. Hüquqşünassınızsa, bilməlisiniz. Şəxsin icazəsi olmadan...
– O hardadı?
– Deyə bilməyəcəm.
– Türkiyədədir, ya Azərbaycanda?
– Azərbaycandadır.
– Qurban olum. Onu təkrar yığın, deyin, bircə dəqiqə mənimlə danışsın.
– Xətdə gözləyin, zəhmət olmasa.
Üzücü bir sükut. İsayevanın səsi gəldi:
– Xətdə gözlədiyinizə görə təşəkkür edirəm. Vətəndaş əlaqədən imtina etdi.
– O zaman belə deyək. Onda əşyalarım və toyumuz üçün verdiyim 7 min dollar pulum qalıb. Onları geri tələb eləmək hüququmdan istifadə etmək istəyirəm. Şəxsən özündən almaq şərti ilə. Ona deyin, mən buna məcbur oldum...
– Danışıb, geri dönüş edəcəm.
– Siz şəxsi nömrənizi mənə verə bilərsiz?
– Xeyr.
– Siz Tanrıya inanırsız?
İsayevanın səs ahəngi dəyişmədi:
– Üzr istəyirəm, vətəndaş, şəxsi suallar verə bilməzsiniz.
– Bu şəxsi deyil. Vətəndaşlara xidmət edən polis əməkdaşının dini inancını bilmək istəyirəm. Bəlkə, siz satanistsiniz. Yaxud da radikal islamçı...
– Qulaq asın, şəxsi suallara cavab verməyə icazəmiz yoxdur.
– Mən Allahdan təkcə o qızı istəmişdim. İndi Allahdan zəhləm gedir. İndi Allahdan başqa hər şeyə inanıram. Onun mövcudluğuna inanıram, amma mərhəmətinə yox. Məni o qızla danışdırın, bir ömür qulunuz olum.
– Iıı... Ərəl bəy, mən sizə mütləq geri dönüş edəcəm.
Ertəsi gün yenə 102-ni yığıb Cəmaləni yox, Serjant İsayevanı soruşdum. Xəttə qoşdular. O yenə məni bir az gözlədib dedi. Sabah günorta saat 15:00-da, 35-ci polis bölməsində olarsınız.
Bu son bir ildə eşitdiyim ən yaxşı xəbər idi. Səhər saat 8 tamamdan bölmənin yanını kəsdirdim. Bir azdan Şıpıyla Fərəc də gəldi. Pulum tam qurtarsa da, sevincliydim. Elə bu gün Cinimi qaçırdacaqdım. Özü də birbaşa polis bölməsindən. Alınmadı.
Vədə çatmamışdan bir saat əvvəl telefonlarımızı təhvil verib içəri keçdik. 15-ci otağa yaxınlaşdıq. Sevincimdən ağlamaq istəyirdim. Cinimi – təbəssümümü, nəfəsimi, ruhumu görəcəkdim. Elə burdan da əlindən tutub evimizə aparacaqdım. Desəydi, evə gedim, paltarımı götürüm, yenə qoymayacaqdım. Biz ancaq öz evimizə gedə bilərdik.
Otağa daxil olanda orta yaşlı kapitan mənə xitabən dedi:
– Fərzəliyev Ərəl Murtuza oğlu sizsiniz?
– Bəli.
– Şəxsiyyət vəsiqənizi göstərin, akta qol çəkin və bunları götürün, – əlində iki böyük çamadan tutmuşdu.
– Bəs qız hanı?
– Hansı qız?
– Dadaşzadə Cəmalə Vaqif qızı...
– Qız bunları təhvil verdi. Siz 102-yə şikayət etmisiz?
– Bəli.
– Akta qol çəkin, götürün.
– Baxa bilərəm çamadanlara?
– Buyurun, baxın. Sizə çatacaq.
Hər iki çamadanı açdım. Birinin üstündə içi yüzlük dollarla dolu qalın bir zərf vardı. Yerdə qalanlar: onun üçün aldığım fotoaparat, geyim, yarımçıq ətirlər, xatirə dəftərlərim və s. Anam xatirə dəftərini ona verdiyi gündən 19-cu sualı yazıb qaytarmamışdı. Tez açıb baxdım. Soyuq dəftər əllərimi yandırdı. Cavab yerinə “Seymur” yazılmışdı. Polis zabitinin və dostlarımın hüzurunda əlində dəftər tutmuş gözü bərəli heykələ dönmüşdüm. Xətt Cincilimin xətti idi. Onun xəttini milyon yazıdan seçərdim. Polis zabitinin sözləri məni ayıltdı:
– Akta qol çəkin.
Mən 7 min dolları polisin önünə atıb dedim:
– Bu pulları sizə bağışlayıram, amma bir xahişim var: qızı bura çağırın?
O, pulu mənə tərəf itələyib dedi:
– Pulunu cibinə qoy. Qız istəmir. Məcburi gətirmək üçün ya prokurorun sanksiyası olmalıdır, ya da məhkəmənin qərarı.
Mən pulu təkrar onun qənşərinə itələyib dedim:
– Heç olmasa telefonla danışdırın. Nə desəniz, eləyərəm. Bircəcə zəng...
Pulu yenə özümə tərəf itələyib səsini sərtləşdirdi:
– Qardaş, sənin puluna ehtiyacım yoxdur! Şəxsi probleminizi özünüz həll edin.
– Qulaq asın. Xahiş edirəm. Həyatımda ilk dəfədir polisi narahat edirəm. Son bir ay xaric heç vaxt polisə getməmişəm. Mənim taleyim həll olunur. Əgər məni o qızla danışdırmasanız, ömürlük nifrət etdiyim adam kimi yaddaşımda qalacaqsınız. Üzünüzdən nur yağır. İnanıram ki, heç kim sizə heç vaxt nifrət etməyib. İndən belə də etməyəcək. Bu bir kişi xahişidir. Mən də hüquqşünasam. Bu bir həmkar xahişidir. Sizi kişi bilib xahiş edirəm. Məni xilas edin.
Şıpı müdaxilə elədi:
– Qardaş, bu dostumdur. Dar gündədir. Kimsə qızla bunun arasın vurub. Bir zəng lazımdır. Bircəcə zəng. Məsələyə aydınlıq gətirsin.
Polis bizi maraqla süzdü:
– Yaxşı. Pulunu cibinə qoy. Gözlə.
Az qaldım polisin əllərindən öpüm. Özümü güclə saxladım. Razılaşmasaydı, ayaqlarına düşüb yalvaracaqdım. Otaqdan çıxıb az sonra geri qayıtdı. Telefonu qulağından ayırıb mənə uzatdı. “Alo” sözünü güclə dedim. Qəhərdənmi, sevincdənmi, bilmirəm, gözüm yaşla doldu.
– Nə var? – Cincilim idi. Onun səsini ilk kəşf olunan qramofondan da eşitsəydim, tanıyardım. Özü idi.
– Cinim, sən sağsan? Cincilim... – gözümdən yaş şoralandı.
– Nə istəyirsən? Məni narahat etmə!
Tez sakitləşdim:
– Cincilim, sənə evdən təzyiq edirlər?
– Yox, niyə ki? Mən artıq başqasıyla nişanlıyam. O sənin tayın deyil. General oğludur.
– Cincilim, yadındadır, deyirdin, sənsiz ancaq 365 gün yaşaya bilərəm?
– Görürsən ki, yaşaya bilirəm. Məni narahat etmə!
– Deyirdin, bir soğan olsun, bir çörək, bir də sən. Bəs nə oldu? Sənə kim nə dedi? Kim yolundan elədi? Atam anamı qumarda uduzubsa, mənim nə günahım var? Qayıt öz dünyamıza. Mən səni dəniz kənarına aparacam. Orda göyün üzündəki buludlara baxacağıq. Hardasan? Gəlim ora. Bax işim düzəlir. Müstəntiq işləyəcəm. Səni sevindirmək üçün çoxlu pulumuz olacaq...
– Tək-tənha bayquş kimi yaşa o dünyada. Gedib orda-burda camaatın zəhləsini töküb məni axtarma. Nişanlım səni dik bölər. O general oğludu, qumarbaz oğlu deyil.
– Bu nəyin nifrətidir? Sən Cincilimsən? Yox, sən Cincilim deyilsən.
– Eşitmirsən ki, mənəm!
– Cincilimsənsə, de görüm, mən sənin ağzından hansı meyvənin dadını verən saqqızı alıb çeynəyirdim?
– Əclaf! Nişanlım eşitsə, səni təpiyinin altında saqqız kimi əzər.
– De görüm, söyüdün altındakı görüşümüzdə mənə nə bağışlamışdın?
– Deyirəm, necə artistsiniz eee! Sən də, anan da. Anan necə artislik edirdi mənə. Siz ailəlikcə əclafsınız!
– Anam haqqında belə danışa bilməzsən. Onun heç bir günahı yoxdur. Murtizanın arvadı sənin anan olsaydı, onu uduzacaqdı.

O sonuncu sözlərimi eşitmədi. Telefonu üzümə qapatdı.

Telefon nömrəsini ekrandan əzbərləsəm də həmin nömrəyə nə zəng çatdı, nə mesaj.

Yox, bu, Cincilim deyildi. O məndən ayrılar, amma nifrət etməz. O, general oğlunu seçər, amma mənə əclaf deməz. O hər şeyin üstündən xətt çəkib? Yox, orda xətt çəkmək mümkün olmayan şeylər var. Yox, o Cincilim deyildi. Ya başına silah dirəmişdilər, ya da o deyildi. Cincilim məni atmaz. General oğlu nədir? Onu duelə çağıraram. Dueli hansı əclaf qadağan edib, görəsən? Rus ruleti oynayaram. Lap iki dəfə beynimə mən sıxaram, bir dəfə o sıxar. O mənim hər şeyimə, bütün ömrümə bir neçə ayın içində sahiblənə bilməz. Bu şeyləri Vaqif elətdirir. Murtuzaya görə. Qız əlimdən çıxsa, Murtuzanı dəqiq öldürəcəm. Həbsə düşüb bütün karyeramı korlayım? Yox, zəhərli göbələyin supunu içirdəcəm o əclafa. Qatıq da verməyəcəm. Gözümün önündə gəbərəcək. İt kimi. Elə edəcəm, iz qalmasın. Amma Cincilimi görüm, sonra. Əvvəlcə onu görməliyəm. Elə bilirdim utandığından məni axtarmır. Bu isə nifrət edir mənə. Mənim nə günahım var, onu soruşacam. Vaqiflə Əsmərin işidir bu. Necə başımı yozdular əclaflar. Qızı necə doldurublar. Qız dəyişib tamam. Yox e, o, Cincilim deyildi. O idi axı. Yox, o deyildi. Heç saqqızı da, nə bağışladığını da demədi. Bəlkə, qəsdən başına silah dayayıblar, demədi ki, axtarım onu. Yox, o qız Cincilim ola bilməz. Cincilim mənə nifrət eləməz. Birdən görüşdüm, Allah eləməmiş, orda da rədd ol dedi, necə olacaq? Üzünə tüpürüb qayıdaram. Yox, mən Cinimin üzünə tüpürə bilmərəm. Qıyammaram ona. Mənim rəngi kölgəmdir Cincilim. O qız Cincilim deyildi. Yox, yox, deyildi. Bəlkə də Allahverdi Yolçuyev, ya da Qorxmaz Əlili idi, onu parodiya edirdi. Onun beynini patronla doldursalar da, mənə nifrət etməz. Cincilim deyildi. Cadu-piti, hipnoz... O qədər şeylər var ki. Müasir texnika az qala adam düzəldir. Yox, onu mütləq tapmalıyam. Cincilimin beyni, ürəyi mənə Əclaf deyər, dili əsla. Əsla! O qız Cincilim deyildi!

Bir dəfə hələ tələbə vaxtı Çinar mənə zəng edib dedi ki, Şıpı əməlini azıb, narkotik qəbul etməyə başlayıb. Dərhal kəndə gedib dostluq borcumu yerinə yetirdim. Şıpını Çinarla birlikdə qəbiristanlığa aparıb, o ki var çırpandan sonra ölənlərinin goruna and içdirdim. Kəndə qaytarıb məsciddə qüsulsüz-zadsız Qurana əl basdırdım. Ağzı-burnu şiş evlərinə aparıb, valideynlərinə onu niyə döydüyümü dedim. Onlar oğlanlarını döydüyümə görə mənə təşəkkür etdilər. Şıpını nə qədər döysəm də, mənə cavab qaytarmadı. Bilirdi ki, haqqına döyülür. Bu dəfə tərsinə oldu. Polisdən çıxanda gözümü bir nöqtəyə zilləyib, edama gedən adamlar kimi səkiylə addımlarımı sürüyəndə, qəflətən Şıpı Cincilimin qaytardığı əşyalarla dolu çamadanı yerə qoyub məni hasara dirədi və var gücü ilə sillə-təpiyin altına saldı.

– Cındır oğlu, cındır! Düşmüsən bir qancığın dalına, səni nə günə salıb. Özündən xəbərin var?! Gəl rədd ol məscidə. Tez!

O var gücüylə məni döyürdü. Mən də ona əl qaldıra bilmirdim. Fərəc bizi birtəhər araladı. Ağlaya-ağlaya Şıpıya dedim:

– O mənim hər şeyimdir! Bundan sonra məndən əl çəkdi.

Şıpını İlk dəfə orda ağlayan gördüm. Məni qucaqlayıb mənimlə birlikdə ağlamağa başladı. Fərəc kompotuma sakitləşdirici dərman qarışdırıbmış. Axtarışı dayandırıb evə qayıtdım. Qanadı sınmış quş kimi gəzirdim. Gözüm bir nöqtəyə zillənirdi.

Səhəri mənə üç zəng gəldi. Birincisi dərzidən idi. Prokurorluq formamı hazırlamışdı. “No” düyməsini basıb pıçıldadım: “Mən nə hayda, sən nə hayda!” İkinci zəng Azər müəllimin köməkçisi idi. Muştuluq istəyirdi. Sentiyabrın 26-sı əmrim veriləcək, müstəntiq kimi işə başlayacaqdım. İşə başlama xəbərinə sevinməyən ilk hüquqşünas idim. Bu yerə namizəd nazir oğlanları növbə gözləyirdi. Mənim işim istəmədən yağ kimi gedirdi. Tanrıya gülümsədim. Ondan istədiyim tək şeyi alıb əvəzində hər şeyi verirdi. “Yəqin Allah belə məsləhət bilir”, – təskinliyi məni sakitləşdirmədi. O belə məsləhət bilə bilməzdi. Ondan cəmi bir şey istəmişdim. Başqa bəndələri kimi üzlülük edib gündə bir şey arzulamamışdım. Əgər Tanrı qarşıma çıxıb, istədiyimi verib ömür boyu namaz qıl desəydi, qılardım. Ya da ölənəcən kilsədə şam yandırardım. Lap bütə də sitayiş edərdim. Heç vaxt ət yeməzdim. İnəklərə baş əyərdim. Lap donuzu müqəddəs bilərdim. Amma Allah nə qarşıma çıxdı, nə zəng elədi, nə də yuxuma girdi.

Üçüncü zəng həyatımın ən pis xəbərini verdi. Sentyabrın 25-i, bazar günü Cincilimlə Seymurun toy günü idi. Xəbəri Günayın anası verdi. Təcili onlara getdim. Günka Cincilimlə əlaqəsinin olmadığını, dəvətnaməni tanımadığı bir nəfərin gətirdiyini bildirdi. Toy dəvətnaməsinin fotosunu mobil telefonla çəkib onlardan çıxdım. Şıpı və Fərəclə birlikdə “Ukrayna dayirəsi”nə yaxın “Təbrik” şadlıq evinə yollandıq. Toy burda olacaqdı.

Genralın oğlunun və özünün kimliyini araşdırdım. Sabiq hərbçi havadarlarını aldatdığına görə hər şeyini alıb, bir quruca general rütbəsini, bir də yaşadığı villanı saxlamışdılar. Sıravi əsgərdən də kasıb bir general idi. Çünki heç bir əsgərin bir milyon üç yüz min dollar borcu yox idi. Aldığı borclarla Türkiyədə qurduğu iş iflasa uğramışdı. Vaqiflə də Türkiyədə tanış olmuşdu. Arvadına aldığı bütün qızıl-zinət əşyaları da daxil hər şeyini satmışdı.

Vaqif general rütbəsinə, Əsmər bijuteriyalara və oğlanın London təhsilinə aldanmışdı. Cincilimə alınan hədiyyələrdən görmüşdülər ki, bunlar imkansız bir ailədir. General hərb işini mükəmməl bilsə də, başqa sahələrdə intellekti yoxdur. Oğlu Seymur gününün əsas hissəsini porno-saytlarda keçirən hörmətsiz bir “mamauşağı”dır. Seymur həm də mənim “toy kasetimi” aparan tələbə idi. Məndən bir üstünlüyü vardı: ingilis dilini bilirdi. Onun da atası mənim atam kimi əclaf idi. Hələ bir il əvvəl Cincilim Londona gedəndə, həmyerli kimi tanış olmuşdu. Ardınca ona girişsə də, Cincilim üz verməmişdi. Sovqat gətirəndən sonra qıza təkrar qarmaq atmışdı. Bu dəfə Cincilim Ərəli unutmaq üçün onun yaxasından bərk yapışmışdı. Məndən heç nə soruşmadan, mənə heç nə demədən ayrılmışdı. Daha doğrusu, məni lazımsız əşya kimi zibilxanaya tullamışdı. Səbəbdən asılı olmayaraq, mənə xəyanət etmişdi. Dinləmədən “edam hökmü” çıxartmışdı.

Bu bir həftə ərzində guya şadlıq evindən müğənni sürprizi olacaqdı. Bu bəhanə ilə sentyabrın 25-nə nəzərdə tutulan toyun yiyəsi ilə – generalla əlaqə saxlamaq üçün nömrəsini aldıq, sonra gəlinlik paltarı bəhanəsi ilə Əsmərin nömrəsini aldıq. Ancaq növbəti cəhdim də boşa çıxdı. Ayın 25-ni gözləməkdən başqa çarəm qalmadı. Həm də dərin axtarışdan qorxurdum. Cincilimin üzümə rədd cavabı verməsi məni affekt vəziyyətə sala bilərdi. Telefondakı söhbətimizə inanmamağa çalışırdım. İnana bilmirdim. Necə deyərlər, bəhanə yerim vardı və bu bəhanə ilə təsəlli tapa bilirdim.

Görünür, general oğlu heç vaxt qazan dibi yeməmişdi. Bakının havası ya cəhənnəm istisi olur, ya cəhənnəm soyuğu. Bu gün istisna idi. Çox sakit və gözəl hava vardı. Coğrafiyada belə havalara şəlakət deyilir. Yəni fırtınadan öncəki sakitlik. Heç kim deyə bilməzdi ki, mən Bakıda gözəl hava görmüşəm. Hər tərəfdə tikilən göydələnlər həyasız Bakı küləklərinin gücünü azaltsa da, hələ ordan-burdan özünü paytaxta dürtüşdürürdü. Bu gün isə küləkdən əsər-əlamət yox idi. Bəxti var imiş general oğlunun. Toyu günü Bakı romantikaya qərq olmuşdu.

Eyvana çıxıb bir neçə siqaret çəkdim. Evdən çıxmağa qorxurdum. Elə bilirdim, hər şeyimi itirəcəm. Özümü son günlər Cincilimsiz bir həyata hazırlamışdım. Uşaqlarla birlikdə olanda bunu əla bacarırdım, amma tək qalan kimi onu istəyirdim. İçki məni daha çox ağladırdı. Siqaret kömək etmirdi. Murtuzanı öldürmək fikrindən daşınsam da, bir narahatlıq vermək üçün evdə hamının yanında dedim:

– Əgər qız əlimdən çıxsa, Murtuzanı öldürəcəm.

Anamın:

– Dünya qızla doludur, – cümləsinin ardınca dediyi sözləri eşitmədim.

Hamı mənə görə qorxurdu. Mosudan bu ismarışımı təcili qayınatasına çatdırmasını istədim: “Onun başını erməni qibləsinə kəsəcəm!” Belə fikrim olmasa da, Murtuzanı həyəcanlandırmaq istəyirdim.

Həmin gün evdən çıxmağa qorxurdum. Sarılmağa təskinlik axtarır, tapa bilmirdim. Kaş Çinar Könülü istəməyəydi. Elə indicə qaçırdardım onu... Yazıq qız gecə-gündüz məndən ötrü mələyir. Mən ona layiq idim. Heyif, Çinar var ortada.

Şıpıyla Fərəc məhləyə gələndə anam eyvandan onları evə çağırdı. Sonra mətbəxdə nəsə xosunlaşdılar. Ard-arda siqaret yandırırdım. Siqaret almaq üçün evdən çıxmalı idim deyə, qutunu boşaltmaq üçün tez-tez çəkirdim. Sonuncunu külqabıya basıb paltarımı dəyişdim.

Qız general oğlunun yanında könülsüz dayansa, toy bitəndən sonra bəy-gəlin maşınının önünü kəsib general oğlunu yaxşıca çırpacaq, Cinimi qaçırdacaqdım. Yox, xoşbəxt görünsə, cəmi altı saniyə onun gözlərinin içinə baxıb gedəcəkdim. Və bir daha heç vaxt üzünə baxmayacaqdım. Cəmi altı saniyə... Bəzi ölkələrdə kiməsə altı saniyədən artıq baxmaq göz təcavüzü sayılır. Ona təcavüz edəsi deyildim. Eyni zamanda nə təhqir ağlımdan keçirdi, nə söyüş, nə şiddət.

Toy başlamağa yaxın Şıpıya maşını şadlıq evinin uyğun yerində saxlamağı tapşırdım. Beynimdəkini dostlarıma dedim. Özüm baxa bilməzdim. Müşahidə aparmağı Şıpıya tapşırdım və nə olur-olsun, mənə qızın bəyin qoluna könüllü girmə xəbərini verməməsini dedim. Özüm özümü aldatmağa başladım. Fərəc yox, Şıpı qızı tanıyırdı. Vədə yetişdi. Yaxasına ağ gül taxılmış sırtıq gülüşlü bəy mənim hər şeyimi yanına alıb şadlıq evinin həyətinə girdi. Mən mümkün qədər uzaqlaşdım. Şıpıdan soruşdum. Qızın oğlanın qoluna girmədiyini dedi. Ona and verdim. And içdi. Dedi, deyəsən, qızı məcbur verirlər. O məni aldadırdı. Cəmalə Seymurun qolunda vağzalı sədaları altında bəy-gəlin masasına doğru addımlamışdı. O, xoşbəxtcəsinə gülümsəmişdi. Şıpı onları görmüş, mənim cinayət etmə ehtimalıma görə yalan danışmışdı. Onun yalan dediyini bilirdim, sadəcə özümü bu yalanın həqiqət olmasına inandırırdım.

Nəsə yazıb gəlinə göndərmək istədim. Toy evini ayıltmaqdan qorxdum. Son ümidimə sarılırdım. Günəş böyüklükdə ümidim küləkli havada sönməyə hazırlaşan şama çevrilmişdi. Planımızı özümüzdən başqa yalnız Çinara bildirmişdik. Adamlar toyun kefini çıxardanda mən ard-arda siqaret çəkirdim. Fərəc manevr edib məlumat gətirirdi. Zibil qutusuna atdığım ikinci siqaret qutusundan sonra dözməyib foyeyə soxuldum. Qız gəlinlik paltarında, arxası mənə tərəf gələcək ərinin qarşısında burcuda-burcuda oynayırdı. Hindistanlı bir kişinin tütək çalıb ilan oynatması yadıma düşdü. Maşına qayıtdım.

Toy bitdi. Gül atma mərasimi başladı. Bu vaxt üstünə “Post Patrul Xidməti” yazılmış iki polis maşını gəlib şadlıq sarayının önündə dayandı. Şam boyda ümidim üfrülüb söndü.

Çinar bizi satıbmış!

Nəfəsim daralırdı. Özümü pis hiss etməyə başlamışdım. Hər şeyini itirən adamlar kimi idim. Siqaret tutan sağ əlim ağzımın yolunu tapmırdı. Nifrət etmək istəyirdim, “bəlkələr” qoymurdu. Lənətlədiyim dəqiqələr bitdi. Mən şadlıq sarayının önünə çıxıb tini burulanda Seymur ağ “Prado”nun arxa sağ qapısını açıb öz Cemasını əyləşdirirdi. Sonra sol arxa qapını açıb özü də əyləşdi. Polis maşınının onları evlərinə qədər müşayiət edəcəyi yəqin idi. Çünki onlar da maşınları işə saldılar. Yeganə çarəm bu müdhiş mənzərəni seyr etmək idi. Artıq hər şeyin bitdiyini qəbul etmişdim. Yaxınlaşıb Cincilimin gözünə görünməkdən başqa bir yolum qalmamışdı. Bəlkə, məni görüb sevincək yanıma qaçardı. Bu da son ümid! Gecə saat 00:18. Bəy-gəlinin toy günü bitmiş, növbəti gün başlamışdı. Bir nəfər bəyə söz demək üçün “Prado”nun arxa qapısına yaxınlaşdı. Seymur şüşəni aşağı saldı. Adam çəkiləndə açıq pəncərədən Cincilimi aydın gördüm. Özü idi. Ağ gəlinlikdə çox idbar göründü. İran ərazisində geniş yayılmış hörümçək quyruqlu gürzə yadıma düşdü. Ən qorxduğum ilan növü idi. Yaxşı gizlənən bu ilan quyruğunu rəqs etdirərək diqqət çəkir, quşlar onun quyruğunu həşərat zənn edib dimdik atanda özü ovlanır. Zəhəri bir tonluq fili öldürə bilir. Mən bu ilanın qorxusundan heç vaxt İrana getməyi arzulamamışam. İlan Cəmaləni açıq pəncərədən aydın görürdüm. “Prado” tərpənməyə hazır idi. Birdən ilan cildli “hər şeyim” boynunu qaz kimi uzadıb yad oğlanın üzündən öpdü. Bütün vücudumla “Cincilim!!!” – deyib hayqırdım və yerindən yenicə tərpənən “Prado”nun kapotuna atladım. Hər iki əlimlə kapotun üst hissəsindən yapışıb şüşənin arxasındakı ilana zilləndim. Düz gözlərinin içinə baxdım.

Mənim həyatım iki hissəyə bölünürdü: həmin ana qədər və həmin andan sonra.

Kinayə ilə gülümsəməyə başladım. Onun qaz kimi boynunu uzadıb özgə oğlanı öpdüyünü öz gözlərimlə gördüm. Bu andan sonra mənə yalvarsa da, onu qəbul etməzdim. Onu mələk bilib heç vaxt öpməmişdim. Mələkləri öpmək olmazdı! İndi həmin qız İranda yaşayan qorxunc ilana dönmüşdü.

Düz gözlərinin içinə baxırdım. Həyatımda ilk dəfə qollarını sinəsinə sıxan və gözləri dolan ilan görürdüm. Qorxurdu. Yanındakı yad oğlana nifrət etmək əvəzinə, yazığım gəlirdi. O bu gecədən etibarən bir gürzə ilə eyni yatağı bölüşəcəkdi. İndən belə Cəmalə mənim üçün heç vaxt həyatımı birləşdirmək istəmədiyim əcinnəyə çevrilirdi. İnsan nəslinin kəsilməsi bahasına olsa belə, ona toxuna bilməzdim. Yüz il onunla iki kvadrat metrlik qapalı yerdə qalsaydım, bir dəfə üzünə baxmazdım. Bu mənim onun gözlərinə sonuncu baxışım idi. Artırmadakı baxışı xatırladım. Xəyalımda bir hörümçəkquyruq ilanın artırmadan quyruğu ilə məni cəlb etməsi canlandı. Onu ilk gördüyüm gün. Çinar kirli barmaqları ilə balaca gürzəni balaca Ərələ göstərib: “O de ha!” – demişdi. Geriyə qayıdıb həyatımı həmin yerdən başlamaq istədim. O balaca Ərələ sarılıb ağlamaq, əlindən tutub evlərinə qaytarmaq istədim. Balaca ilan Ərəli cəlb eləmişdi. Özümə yazığım gəldi.

Düz gözlərinin içinə baxırdım.

Həmin il 365+6 saniyə idi. Tanrı özü də ordakı insanlarla birlikdə bütün dünyanın başını buraxıb “Prado”nun kapotuna sərilmiş bədbəxtə tamaşa edirdi. Onu kosmosdakı kosmonavtın Yer kürəsini istədiyi qədər istəyirdim. İndi həmin kosmonavt yaşadığı Yer kürəsinə baxanda bütün quru və su sahələrinin gürzə ilə dolduğunu görür, geri qayıtmaq istəmirdi.

Altı saniyənin tamamında onun gözlərindən yaş gilələrinin süzüldüyünü gördüm. Simama ciddilik verib kapotun üstündən ayaq üstdə yerə düşdüm. Hamı mənə baxırdı. Rüsvayçılığıma baxan adamlara göz gəzdirdim. Axıracan məğlub olmaq, axıracan rüsvay olmaq istəyirdim. Nə qədər rüsvay olsam, canım o qədər az yanardı. Bu həm də bir zaman hər şeyim olan, indi isə heç nəyimə çevrilən əcinnəyə əzab yaşatmaq istəyimdən irəli gəlirdi. O ərinin altında olarkən, ən ehtiraslı yerdə yadına düşməli idim. Göyə baxdım. Tanrını axtarırdım. O mənim hüququmu pozub istəmədiyim halda uzun-uzadı mənə baxırdı. Göz təcavüzü edirdi. Tanrını görmədim. Mənə baxan adamlara baxdım. Ən şirin xəyalım ən acı həqiqətə çevrilirdi. Ağacların, insanların mənə yazığı gəlirdi. “Prado”nun qarşısında geriyə döndüm. İki polis nəfəri mənə yaxınlaşırdı. Bu vaxt gözlərim doldu, dodağım büzüldü. Yalnız heç vaxt günah etməmiş insanlar – uşaqlar küsəndə belə dodaq büzürlər. Yaxınlaşan polisin birinə elə sol əlimi uzadıb Cinimi-Əcinnəmi göstərdim. Çinar uşaq vaxtı mənə göstərdiyi kimi. Bu vaxt ayaqlarımın dizə qədər yerə girdiyini hiss etdim. Aşağı baxanda dizlərimin yerə gəldiyini gördüm. Yer kürəsi öz oxundan çıxıb sağ sifətimə çırpıldı. Şıpı ilə Fərəcin mənə sarı yüyürdüyü epizod həmin gecə ağlımda qalan son epizod idi.

Sonra eşitdim, sükutu Şıpı pozub:
– Ərəlin başına bir iş gəlsə, sizin var-yoxunuzu s...cəm!
Əsmər məni nəzərdə tutaraq əsəbi halda:
– Oğraşlıq edib evləndi, rədd olsun, əl çəksin qızımdan!
Şıpı:
– Nə evlənmək?! O evlənməyib. O subaydı. Əsgərlikdəydi. Əsgərlikdə kiminsə evləndiyini eşitmisiniz?!
Cincilim açıq pəncərədən bu sözləri eşidib, aşağı düşüb Şıpıdan soruşub:
– Necə yəni, evlənməyib?! Toy kasetinə baxmışam.
– Sizi aldadıblar! Onun ən yaxın dostu mənəm. Evlənsə, bilmərəm?!
Cincilim:
– Bibisi qızını almayıb bu?
– Nə danışırsınız?! Bibisi qızı başqasına gedib. Yaşlı bir “MAXE”-dir – Şıpı dik atılıb ayağa durdu, – Dayan, dayan. Bibisi qızının toyunda buna kostyum geyindirdilər ki, guya hərbi geyimdə videoya düşməsin. Toyda da gəlinin yanında otuzdurub video-foto çəkdilər. Tort qoydular ağzına. Dedilər, Bakıda belə dəbdi. Ay Allah! Ləçər bibisi elədi!
– Şəxsiyyət vəsiqəsində evli yazılmışdı.
– O, vəsiqəsini itirmişdi. Təzəsini aldı. Cibindədir. Gözlə, verim, bax.
– Mən onu axtardım, dedilər, ezamiyyətdədir.
Fərəc söhbətə qarışıb:
– Mən onun əsgərlik yoldaşıyam. O quppaxda idi həmin vaxt.
Cincilim həyəcanlanıb:
– Quppax nədir?
– Əsgərliyin türməsi. Evdəkilər narahat olmasın deyə, ezamiyyət deyirlər. Ərəli bir zabit şərləyib on sutka quppaxa saldırmışdı. Bu yazığın sizi axtarmaqdan başı pozuldu.
Bu vaxt Şıpı vəsiqəmi Cincilimə uzadır:
– Baxın. Boşanmalar azı altı ay çəkir. O, əsgərlikdə ola-ola evlənib boşana bilməz. Sizi aldadıblar.
Cincilim dodaqları səyriyərək vəsiqəyə baxdı.

Xəstəxanada gözlərimi açanda Şıpı, anam, Fərəc və Mosunu gördüm. Ayıldığıma sevindilər. Hər şeyin yaxşı qurtardığını, toyun baş tutmadığını, Cincilimi xalamgilə apardıqlarını dedilər. Sonuncu xəbərə reaksiya vermədim. Qızın hara və necə getməsi mənə maraqlı deyildi. Bir daha onun üzünü görmək istəmirdim. Onun qaz boynunu uzadıb özgə oğlanı öpdüyünü görmüşdüm. Hər ona baxanda o epizod yadıma düşərdi. Bu travma ilə bir ömür yaşaya bilməzdim. Ona nifrət də etmirdim, nifrətin özü də bir hissdir. O hissi bir ilana bəsləyə bilməzdim. Taleyimlə oynayıb məni zibilxanaya atan qız heç bir cinayət törətməmişdi. Bir hüquqşünas kimi, talelərlə oynayan insanlara heç bir cəzasının verilməməsini qanunda ciddi boşluq sayırdım. Məhkəmə önündə “dünən istəyirdim, bu gün yox” kəlməsi bu cür adamları məsuliyyətdən yayındırırdı. Cincilim heç nifrətə də layiq deyildi. Anam durmadan bibimə qarğış edirdi. Həmişə belə edərdi. Ancaq budəfəki qarğışını anlaya bilmirdim. Axı bibimin bu işə nə dəxli vardı? Onunla Cincilimin nə əlaqəsi? Yəqin cadu-piti işinə görə deyirdi.

Az sonra həqiqəti öyrəndim. Cincilim hər şeyi ağlaya-ağlaya danışıbmış. Səbəb nə olur-olsun, o, gözüm görə-görə boynunu qaz kimi uzadıb yad oğlanı öpmüşdü. Qərarım qəti idi: çıxıb getsin, gözümə görünməsin! Bu işdə Murtuzanın, Yetərin, Çinarın günahı olsa da, Cincilimi bağışlamayacaqdım. Könüldə heç bir günah görmürdüm. O məni satmamışdı, almışdı. İstəyi uğrunda mübarizə aparmışdı. Hər kəsi zərərsizləşdirmişdi. Mən də onun etdiyini edərdim. Özümü təkcə Könülün yerinə qoya bilirdim. Digərlərinin yox. Artıq Çinar baryeri də aradan qalxmışdı. Mən ağ bayraq qaldırıb təslim olacaq, öz Könkamı qaçıracaqdım. Söyüdü onun gözləri baxa-baxa kəsəcəkdim. O mənə görə hər şeyindən keçmişdi. Tanrının ədaləti var idi bu işdə. Nə yaxşı, belə oldu, mən Cəmalə adlı əcinnəni tanıdım. İndi azadam. Onu itirmək qorxusu yoxdur canımda. İndiki onu bağışlamaqdan qorxurdum. Amma bağışlamazdım. Heç bir darıxma, istəmə hissim qalmamışdı. Onu görmək belə istəmirdim.

Saat 10-da Azər müəllimin köməkçisindən zəng gəldi.
– Nə təhərsən?
– Sağ olun, müəllim, siz necəsiz?
– Təbrik edirəm, əmrin gəldi. Gəl idarəyə, əmək müqaviləsinə qol çək. Bu gündən işdəsən. Bunu “yumaq” lazımdır.
– Mütləq. Sağ olun. Sevindirdiniz məni.

Birbaşa dərzinin yanına getdim. Prokurorluq işçilərinin formasını geyinib güzgüdə özümə baxdım. Yaraşırdı. Azər müəllimlə görüşüb çıxanda dedim:
– Azər müəllim, ömrümün sonuna kimi sizə borcluyam.
– Elə şeylər danışma. Otağının açarını təhvil götür, iki günə kimi yerləş Bakıya, dördüncü gündən işə çıx.

Otağıma keçdim. Möhtəşəm idi. Çox sevinirdim. Heç bir stress, əsəb, hirs qalmamışdı. Yenidən xoşbəxt olmuşdum. Taleyimdən narazı deyildim. Bircə ona təəssüflənirdim ki, Cincilim kimi ilana görə heç vaxt bir qadına toxunmamışdım. İndi maneə yox idi. Amma yox, Könülümə xəyanət eləməzdim. Dodağını öpdüyüm ilk qız Könül olacaqdı. Çıxıb kəndə gedəcək, söyüdü kəsəcək, Könülü götürüb gələcəkdim. Murtuzanın xəcalətinə görə kənd camaatına görsənmək istəmirdim. Ona görə gecə getməliydim.

Könülə zəng vurdum. Telefonu anası açdı:
– Uşaq hazırlaşdırır. Kimdi danışan?
– Ərəldi.
Qadın diksinib “Aaa”, “Iıı” elədi. Zəhləm gedirdi bu qadından, ona görə açıq və kəsə danışdım:
– Könülə denən, gecə saat bir tamamda Astafın evinin arxasında olsun.
– Niyə?
– Qaçıracaqdım onu. (Qaçıracam onu.)
– Iıı... Anlamadım səni.

Gördüm, qadın əsəbimi pozur, telefonu üzünə qapadıb Şıpı və Fərəclə restorana getdim. Pulum çox idi. 7 min dollardan heç 500 dollar xərcləməmişdim. İşə də girmişdim. Yüksək maaş alacaqdım. Üstəlik, Cəmaləyə aldığım qır-qızıllar xeyli pul edirdi. Onlar artıq Könülümün qızılları idi. Satmayacaqdım.

Anam, bacım, xalam məni yığıb, qızın durmadan ağladığını, məni arzuladığını deyirdilər. İş xəbərini verib anamı sevindirdim. İlan orda olmasa, müstəntiq geyimində gedib lap sevindirərdim.

Anam dedi:
– Qurd keçinin nəyin yeyib?! Yaxşı deyil, qız ağlayır. Deyir, məni bu halımda ancaq Ərəl güldürə bilər. Ancaq Ərəli istəyirəm.
Mən sakitcə:
– Çıxıb getsin ordan, – dedim və “no” düyməsini basdım.
Yenə dalbadal zəng gələndə telefonu söndürdüm.

8-ci kilometrin bazarından iti balta və mişar aldım. Şıpı bərk qorxdu. Elə bildi, başıma oyun açan adamları öldürmək istəyirəm. Onu söyüdü kəsəcəyimə inandıra bilmədim.
– Yox bir! Kimə gəlirsən?! Uşaq deyiləm. Yuxa qulağı sulama.
Ona söz dediyimə peşman oldum. Yaxşı bilirdim ki, dabanını dabanımdan aralamayacaq və polisə verməli də olsa, kəndə getməyimə imkan verməyəcək. Mənsə gecə kəndə gedib Könülümün gözü önündə söyüdü kəsəcək, Astafın evinin arxasında onu qucaqlayıb öpəcəm. Könül üçün darıxmağa başlamışdım.

Mənə zəng çatmayanda anam narahat olub Şıpıya zəng etdi. Kənara çəkilib xosunlaşdı. Balta söhbəti anamı bərk qorxutmuşdu. Bir neçə dəqiqədən sonra yenə Şıpıya zəng gəldi. O həyəcanlı halda: “Gəlirik, gəlirik”, – deyib telefonu bağladı və üzünü mənə tutdu:
– Gülüş bibimin vəziyyəti pisləşib. Həkim çağırıblar. Durun, getdik.

Anamın qəsdən belə etdiyini bilirdim. İlan olan evə məni çağırmağın başqa yolu yox idi. Mən yatan xəstəxana xalamgilə yaxın olduğundan, hamı onlarda idi. Müstəntiq geyimində xalamgilə girəndə sevinc və alqış sədaları qopdu. Hamı məni qucaqlayıb öpür, təbrik edir, xoş sözlər söyləyirdi. Kirvəm də evdəydi. İlanı da ötəri gördüm. Xalamın yubka-koftasını geyinmişdi. Anamın öndən düymələnən jaketi də əynindəydi. Gənc qızdan çox, atılmış qocalara oxşayırdı. Üzünə baxmadan içəri keçdim. Onu qaçırtmamışdım, özü gəlmişdi, ona görə, məndən şikayət edə bilməzdi. Anamı divana uzadıb qan təzyiqini ölçürdülər. Məni görəndə sevincindən gözü doldu. Gülüb dedim:
– Day yaxşı, artistlik qurtardı, qalx otur.
– Maman boyuna qurban, nə yaxşı, düzəldi işin?
– Düzəlməyə bilərdi?! Sağ olsun Azər müəllim. Gərək ona yaxşı bir hədiyyə alam. Ay maa, iş otağımı da gördüm, elə qəşəng idi.
Xalam kövrəldi:
– Kaş Əhəd baban səni belə görəydi, ay Ərəl.
Anam şükür elədi:
– Hər şey yaxşı qurtardı, – sonra səsini qısdı, – Qıza güldən-zaddan alaydın gərək.
– O, gülə layiq deyil.
– Peşman eləmə bizi. Baltanı neynirdin? Bu paltarda adam öldürəcəkdin?
– Ağac var, onu kəsəcəm.
– Həbsxanaya düşüb məni ortalıqda qoyacaqdın?!
– Narahat olma, it-qurddan ötrü karyeramı təhlükəyə atmaram. Uzağı Yetərin - bibimin adı Yetər idi - üzünə tüpürərəm. Buna da deyin, çıxıb getsin. İstəmirəm daha.
– Yazıq səhərə qədər ağlayıb. Bir səhvdir, olub. Onun günahı yoxdur. Yetəri görüm, balalarının qanını yalasın.

İlan, bacımla birlikdə digər otaqda idi. Bir az bacım oğluyla oynadım, kefim açıldı. Cincilimin belə rahat getməyəcəyini bilib, ikilikdə qovmaq istəyirdim. Ona iki sual verəcəkdim. Bu bizim son danışığımız, son görüşümüz olacaqdı. Bağışlayan deyildim. O qaz kimi boynunu uzadıb yad oğlanı öpmüşdü.

Anama pul verib, işə düzəlməyimlə əlaqədar öz evimizə yeyib-içmək hazırlamasını xahiş etdim. Hamını bizə dəvət etdim və qızla təkbətək qalmaq istədiyimi bildirdim. Az sonra Şıpı və Fərəc də daxil olmaqla hamı mənim evimə getdi. Xalam qapının açarını mənə verdi, suyu-qazı söndürməyi dönə-dönə tapşırandan sonra o da getdi. Mənzildə ikimiz qaldıq. Hər tərəfə öldürücü sükut çökdü. Asta-asta o olan otağa keçdim. Birdən bağışlayaram deyə özümə fikirləşmək fürsəti vermirdim. Çiynindən yapışıb qapıya tərəf itələdim:
– Cəhənnəm ol, get burdan! Rədd ol!

Ondan Murtuzanın oğlu kimi şərəfsizcəsinə ayrılmaq istəyirdim. Alçaltmaq istəyirdim onu. Ürəyində özümə qarşı nifrət yaradıb, bütün həyatı boyu travma yaşamasını istəyirdim:
– Hər qıza qismət olmur general oğlu! Nahaq ayrıldın! Get, qucaqla onu, öp yanağından!

Danışırdı o da: “Sənin qıyıb öpmədiyin dodaqları o murdarladı”, – deyirdi, – “Dünəndən bəri özümdən iyrənirəm. Sən məni xoşbəxt eləməyi fikirləşirdin, o isə yatağa salmağı. Həvəsini öldürəndən sonra mənə corablarını geyindirəcəkdi. Məni bağışlama. Mən sənə layiq deyiləm”.
– Belə danışırsan ki, hisslərimə toxunasan?!
– Qərarımı vermişəm. Bir kağız yazıb cibimə qoyacam: “Ölümümə görə heç kim günahkar deyil”. Sonra əlimi tutduğun Qız qalasına çıxıb özümü atacam.
– Cəhənnəmə at!
– Ölümü də çox görürsən mənə?!
– İntiharı sənin kimilər eləməz. Ona iradə lazımdır. Sən xəyanətkarsan. Get masaj yerlərinin birində işlə. Dədən yaşda kişilər yaxşı pul verər sənə. Cavansan, qəşəngsən...
– Bu sözlərə layiq deyiləm...
– Bundan artığına layiqsən! Çıx get burdan! Ləçər! Al bu da yolpulun! – stolun üstünə iki “məmməd” atdım, – Bir qara qəpiklik qiymətin yoxdur gözümdə, bunu da cəhənnəm olub getməyin üçün verirəm.

Yox, sakit danışırdıq, ona belə sözlər demirdim.
– Məni niyə axtarmadın, Cincilim, hər şeyi özümdən niyə soruşmadın?
– Çox axtardım, Ərəlim, tapmadım, – ağlamağa başladı. – Nə desən, haqqın var. Söy məni, ürəyin rahatlasın.
– Tapana qədər axtarmalı idin. Əlim-qolum bağlı idi. İxtiyarım özümdə deyildi. Əsgər idim mən, əsgər!
– Aldatdılar məni. Toy kasetini göstərdilər. Şəkillər göstərdilər. İnandırdılar.
– Quppaxda bütün əzablara sənə görə dözürdüm. Heç kimi vurmurdum ki, tutularam, sənə həsrət qalaram. Sənin kimi etibarsıza görə!

Qəfil ayaqlarıma düşdü. İlana dönüb məni çalacağından qorxdum. Amma ilan deyildi. Məsum üzlü Cincilim idi. Ağlayır, bağışlanmasını diləyirdi. Sağ ayağımdan yapışdı. Ayağımı geri çəkib pəncərəyə tərəf getdim. O yenə mənə sarı sürünməyə başladı. Məsafə uzaq olduğundan nəfəsi kəsilmişdi. Çatanda arxadan hər iki ayağımı elə qucaqladı ki, tərpənə bilmədim. Aşağı baxdım. Göz yaşları ilə dolmuş gözləri altdan-yuxarı mənə zillənmişdi. Dili ilə bağışla demirdi bu dəfə, dilsiz yalvarırdı. Gözləriylə, ya öldür, ya bağışla, deyirdi.

Biz danışırdıqsa, bayaqdan qulaqlarımı batıran sükut nə idi?
Cincilim ayaqlarıma düşmüşdüsə, qarşımda dayanan kim idi?
Yox, onun səsini ilk dəfə indi eşitdim:
– Forma çox yaraşır sənə, – gülümsədi.
Üzünə baxdım. O idi. Uşaqlığımda toppuş əllərini dişləmək istədiyim Cincilim.
Saqqızı yox idi. Bunu bilə-bilə soruşdum:
– Ağzında saqqızın var?
Havalanan adam kimi səsli gülməyə başladı. Sonra başıyla təsdiqlədi.
– Ver çeynəyim.
Gözünün yaşı sevinc yaşlarına dönüb ağzına tərəf şoralandı.
– Özün götür.
Gülümsünüb barmaqlarımı dodağına tərəf uzatdım.
– Əlinlə yox, dodaqlarınla götür.
Mən dodaqlarımı onun dodaqlarına toxundurdum. Göz yaşımız bir-birinə qarışıb ağzımıza doldu. Göz yaşı duzludur. Aranın şoran suları kimi. Dodaqlarımızı bu duz dadından ayıra bilmirdik. Əllərimiz özündən ixtiyarsız bir-birinin içinə keçirdi. Mən o əlləri ilk dəfə bənövşə oynayanda tutmuşdum.

# 98 dəfə oxunub

Oxşar xəbərlər

Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

Bir çamadanlıq ömür - Kəmalə Mirzəyevanın essesi

11:30 23 aprel 2026
Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

15:00 22 aprel 2026
Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

Məkanın fövqündə - Orxan İsmayılovun hekayəsi

14:20 22 aprel 2026
"Məni əvvəlki vəziyyətimə qaytaran Allah sizi də qaytarar..." - "Don Kixot"dan bir hissə

"Məni əvvəlki vəziyyətimə qaytaran Allah sizi də qaytarar..." - "Don Kixot"dan bir hissə

13:40 22 aprel 2026
Ölümdən güclü - Alpay Azərin hekayəsi

Ölümdən güclü - Alpay Azərin hekayəsi

12:00 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər