Xalça oğrusu - Tural Turanın hekayəsi

Xalça oğrusu - Tural Turanın hekayəsi
21 fevral 2024
# 09:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Tural Turanın "Xalça oğrusu" hekayəsini təqdim edir.

Məscidin həyətinə toplaşmış kənd camaatı qaşlarını düyünləyib bir qolu polis serjantının biləyinə qandallanmış Sayalı arvada baxırdı. Sayalı arvad başını yerdən qaldırmırdı. Arabir şalını gözünün üstünə çəkirdi ki, ona baxan qonum-qonşuları ilə göz-gözə gəlməsin.

Camaatı məscidin önünə Axundun köməkçisi Yelli Möşü küyləmişdi. Axundunmu tapşırığı idi ya öz yastığının altından çıxmışdı, orasını bilmirəm. Qarayallı camaatına da bir hay bəsdi. Hamı hoqqa-mərəkə armağıdı. Nəsə olsa, camaat işini-gücünü atır, tamaşaya durur, kişilər çayçıda, arvadlar yolda-yolaqda, bulaq üstə bir həftə həmin hadisədən gap edir... Ta təzə hoqqa-mərəkə, tamaşa qurulana kimi...

Kəndin cavan dindarları bir qolu qandallı arvada atmaca atmağa başladılar:

- Əxlaxsızın biri, əxlaxsız!
- O göydəki Allah səninq əllərinqi qurudajax!
- Tutduğu işə bax bir!
- Ayıvına kül olmuş!

İncəvara, məscidin çəpərinin o tayında qalmış bulaqbaşı, yol-yolaq arvadları dinmirdilər. Eləcə olub-bitənə baxırdılar. Hamını süzürdülər. Bəzən Sayalının danışığından bezib burnunu eşən Kalsühsün Qasıma baxırdılar, bəzən də yanqırları ətinə batmış dırnağını yeyən Tərəkə Temiri süzüb irişirdilər...

...Müstəntiq Tumarlı sözə başlamazdan əvvəl səsini arıtlamağa başladı. Udqundu. Camaatın səsi kəsildi. Dillərindən çıxanlarını çuval-çuval baxışlarına yüklədilər. Sayalı arvada zillənən o baxışları mənəm-mənəm deyən gönüqalın təlxək də həmin yükün altında arxı o tərəfə keçə bilməzdi.

Sonra müstəntiq Sayalı arvada birinci sualını verdi.
- Nə vaxt oğurladın xalçanı?
- Gecə birə işləmiş. Axund gedəndən sonra...

Axundun qaşları düyünləndi. Yumruğu sıxıldı. Sonra müstəntiqə baxıb əlini boşaltdı. Baxışlarını Sayalı arvaddan çəkib aşağı dikdi, sol əlindəki üzüyü ilə oynamağa başladı.

Kapitan Tumarlı isə camaatın baxışları altında sorğu-suala davam edirdi. Aranı yumşaltmaq üçün sualları da mollasayaq verməyə üz qoydu:

- Niyə oğurladın Allah evinin xalçasını?

- Evimiz soyuqdur. Üzr istəyirəm, uşaqlar körpədi. Balacanın 5 yaşı var. Titrəşirdilər. Ürəyim dözmədi. Yoldaşım şəhiddi. Dörd ildir ki, ailəni mən dolandırıram. Səhərdən axşama kimi xəstəxanada oluram. Süpürgəçi işləyirəm. Uşaqlar da torpaq döşəməli damın altında qalır. Birdən ağlıma gəldi ki, məscidin xalçasından kəsib evə gətirim, uşaqların ayağının altına salım.

- Sonra gedib kəsib gətirdinq eləmi?

- Yox, birinci dəfəmə ürəy eləyə bilmədim. Qorxdum.

- Kimdən qorxdun?

- Allahdan, axunddan, dindarlardan, adamlardan, sizin özünüzdən.

- Bəs sonra niyə qərarını dəyişdin?

- Balaca gədəmin üzünə baxdım. Gömgöy göyərmişdi. Sanki tanrı da dedi ki, bu uşağa yazıqdı, nətəri anasan, dur get kəs...

- Bəs niyə kəsirdin, bütöv aparardın də?

- Artığı mənim nəyimə lazım - bir anlıq duruxur - hamı bilir, komamız dördün-üçə bir daxmadı. Başımdakı şalımı açdım, bu şalla evi metrələdim. 7 şal uzunu gəldi, 5 şal eni... Cehizlik yorğan qayçımı çəkməcədən götürüb getdim məscidə. Elə girişdəncə kəsdim. Ayağımda palçıqlı qaloş vardı deyə çox içəri keçmədim. Xalçanı evə gətirdim. Sonra da ürəyim durmadı. Gedib “uçasqovıya” dedim...

Müstəntiq tutuldu. Camaatın zilə qalxan tənəli sözlərini bir qədər yumşaltmaq üçün ikinci sualını verdi:

- Bəs qorxmadınmı Allahın qəzəbinə tuş gələrsən?

Sayalı arvadın çiyinləri titrədi. Bir qədər duruxdu. Xəfifcə udqunduqdan sonra aramla dilləndi:

- Bu 45 ildə Tanrıdan 3 metrlik xalça oğurlamışam. Allah böyühdü, rəis. Bağışdıyar yəqin... Məni bağışlamasa da, atasız tifillərimə görə keçər günahımdan... Kaş ərimi müharibəyə aparmıyeydılar, ölmüyəydi, bu gün mən yox, o çıxaydı camahatın qavağına...

Məscidin qabağına yığışan yaşlılar Sayalı arvadın sözün mıxını hara çaldığını o saat anladılar. Başları yorğun saat əqrəbləri təki ağır-ağır aşağı dikildi.

...Hamı susmuşdu. Sayalı arvadı polis maşınına mindirib aparmaq istəyəndə başını qaldırıb məscidlə üzbəüz qəbiristanlığa – müharibədə həlak olmuş ərinin məzarına baxdı. Kişinin qəbri camaata arxasını çevirmişdi. Elə o da arxadan dilləndi:

- Məni bağışla, kişi. Allahla bu gündən küsülüyük, uşaqlarımızı sənə tapşırıram.

Müstəntiq Sayalı arvadı polis maşınına mindirib apardıqdan sonra azan verildi. Dindarlar məscidə doluşdular. Sayalının tamaşasına gələn yaşmaqlı kənd arvadları isə evlərinə dağılışdı. Mən qoyunları xalxaldan açıb örüşə aparanda xalça oğrusunun ayağı qaloşlu körpələri hələ də məscidin qabağında torpağın üstündə oturub oynaşırdılar...

# 4763 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər