Son nəfəsində ərinin fotosunu əzib atdı

Son nəfəsində ərinin fotosunu əzib atdı
23 iyun 2011
# 11:30
2002-ci il 17 avqust günü dünyasını dəyişdi nənəm. Təxminən bir həftə can verdi nənəm. Nənəmim beləcə əzabla can verməsi az qala uşaqlı-böyüklü bütün kəndçilərimizə qəribə gəldi. Çünki nənəmgilin nəsil-nəcabəti demək olar ki, biz tərəflərdə “xoşbəxt ölüm” deyilən bir ölümlə gedirdilər dünyadan.

Yəni birdən-birəcə. Nənəmin anası Gövhər nənə 106 yaşında dünyadan getdi. Və elə həmin gün də xəmir qatmışdı. Eləcə də bütün o dünyaya gedən qohumları “xoşbəxt ölüm”lə getmişlər dünyadan. Həm ata qohumları, həm də ana qohumları sanki ömürlərində görmədikləri xoşbəxtliyi ölümlərində görmək səadətinə nəsib olurlar. Lakin səadət nə demək olduğunu bilməyən nənəm bunu öləndə də görmədi. Gözümüzün önündə çox əzab çəkirdi nənəm.

Və qohumlardan biri dedi ki, bunun gözlədiyi var, o gəlməsə canını tapşıran deyil. Bəs kim olasıdı bu gözlədiyi? Axı olan-qalanı bir oğlu, bir qızı var ki, onlar da kəsdirib başının üstünü. Nəvələrin də hamısı demək olar ki, yanında.

Həmin qohumumuz dedi ki, bu arvad ərini gözləyir, bir şəkli-zadı qalıbmı kişinin, gətirin baxsın, dünyasını dəyişsin, yazıqdı, canını qurtarsın.

***

Babam 37-ci il siyası məhbuslarındandır. Atam 37-ci ildə gəlib dünyaya. Heç babamın üzünü də görməyib. İndi nənəm babamı görüb ölmək istəyirdi. Amma babamın 40-cı illərdə ölüm xəbəri gəlibmiş kəndə. Bizimkilər də pal-paltarını ortaya qoyub ağlaşma qurublarmış o zaman. Lakin 91-ci ildə məlum oldu ki, babam 1956-cı ilə qədər yaşayıb. Sonra da eşitdik ki, Qazaxıstanda əsli gəncəli olan bir rus qadını ilə evlənibmiş. Bir oğlu, bir qızı da varmış. Oğluna atamın, qızına da nənəmin adını veribmiş

– Hidayət və Fatma. Babamın soyadı bizim kükümüzün adı ilə yazılmışdır

– Hacıməmmədov. Amma atam bu soyadı götürə bilməmişdi. Çünki bu soyad “xalq düşməni”nin soyadı olmuşdu. Buna görə də atama babası Həsənin adını soyad kimi yazıblar. Amma sonralar babamın deyilən ailəsindən heç bir səs-soraq çıxmadı. Əgər bu deyilənlər düzdürsə, atam öz qardaşı ilə ad bir, soyad ayrı qardaş olur.

***

Nə isə, nənəm ömrü boyu bu xəbərdən heç darılmamışdı. Əksinə, sanki öz ərinin hünəri ilə öyünürdü. Neçə qadın sayırdı kənddə ki, onun ərinin dərdindən ölürmüşlər. Hətta ərinin ona xəyanət etməsi ilə də öyünürdü hardasa. Heç vaxt da tərəfini verməmişdi. Heç qayınatasının da tərəfini verməzdi. Fəxrlə deyərdi ki, mən Gülnaz oğlu Həsənin gəliniyəm. Mənim qayınatam vurduğu nişanı heç kim vurmayıb, atdığı gülləni heç kim atmayıb.

Görsə ki, anam atamın dalınca danışır, həmən sözünü kəsərdi: “O Gülnaz oğlu Həsənin nəvəsidir, sən kimsən bəs?!

Və ən çox da ərinin Metex qalasından qaçmasından danışardı ağızdolusu. Demək, babam hələ 37-ci ildən əvvəl də bir neçə dəfə həbs olunubmuş. Və böyük qardaşı ilə Sibirdən qaçıb gəlib çıxır Tiflisə ki, burda da həbs edib salırlar Metex qalasına. Hər iki qardaş qaladan qaça bilirlər.

“Qaçaq Kərəm” romanını oxumuzsunuzsa, orda Qaçaq İsmayılın həmin qaladan qaçması səhnəsi var. Babamgil də eynən İsmayıl kimi qaçıblarmış Metex qalasından. Yəni kəndirlə sallanıb sonra ayaqlarını divara möhkəm vurub da xeyli yellənəndən sonra kəndiri buraxıb Kürə düşməklə.

“Qaçaq Kərəm” nənəmin bəlkə də əlinə götürdüyü yeganə kitab idi. Hətta üç ay yayı dağa köçəndə də kitabı bar-barxana ilə yaylağa aparardı. İsmayılın Metex qalasından qaçması səhnəsini dəfələrlə oxudardı mənə.

Hətta bir dəfə nənəmi kəmərlə möhkəm döyübmüş də. O da böyük gəlinlə davasının üstündə imiş. Di gəl ki nənəm sanki bununla da fəxr edirdi. “İndiki kişilər kişidirmi!?” - deyirdi.

***

Biz üç qardaşıq. Heç birimizə babamın adının qoyulmasına icazə verməyib nənəm. Eləcə üzümüzə baxıb “Bunnan İrvahamxallı (İbrahimxəlil) olmaz” - deyib. Ən çox ortancıl qardaşımın xətrini istəyirdi nənəm. Dediyinə görə, babama oxşarlığı varmış. Mənə isə ömrü boyu yazığı gələrdi hardasa. Pensiyasından ən çox pulu da buna görə mənə verərdi. Adımı “Əliküt”, yəni əlindən heç bir iş gəlməyən” qoymuşdu. Hətta mən tələbə olarkən dəfələrlə valideynlərimi yanıma göndərmək istəyibmiş ki “gədə indi orda acından öldü. Nənəsi ölmüşün əlindən heç nə gəlmir”
İndi isə can verirdi nənəm. Hələ də babamı gözləyirmiş. Hətta bir dəfə eşitdik ki, “gəlmədi uşaqları tapşırıb gedim” - deyir.
Biz onda Xanlıqlar kəndindəki qaçqınlar qəsəbəsinə yenicə köçmüşdük. Lakin “Aybənbiz” şadlıq evindəki otağımızı da əldən vermək istəmirdik ki, birdən burda qalanlara ev verər hökumət. Buna görə də ailənin bar-barxanası demək olar ki, ikievli olmuşdu. Ailə albomu da “Aybəniz” şadlıq sarayındakı otağımızda idi. Məni göndərdilər ki, get şəkli gətir. Babamın bir türmə şəkli qalmışdı albomun arasında. Demək olar ki, nənəm bu şəkilə baxmazdı da. Onun baxdığı şəkil babamın başqa şəkili idi. O şəkildə babam telli-toqqalı, burmabığlı cavan oğlan idi. Şəkli böyütdürüb divardan asmışdıq. Amma tezliklə şəkli nənəm hardasa gizlətdi. Və elə gizlətdi ki, kənddən qaçarkən biz o şəkli tapa bilmədik. Sən demə, sandıqda imiş həmin şəkil. Nənəm də sandığın açarını ölənə kimi saxladı. Guya ermənilər sandığın qıfılını qıra bilməyəcəklərdi. Əslində, nənəm nə vaxtsa kəndə qayıdacağımıza da inanırdı. İnanırdı ki, gedib o sandığı açacaq.

Mən gedib həmin gün şəkili gətirmədim, sanki bununla nənəmim qatili olacaqdım.

Səhəri gün şəkli kimsə gətirdi. Mən bu səhnəni əldən verə bilməzdim. Maraq məni öldürürdü ki, görüm bu nə məsələdir, görüm, nənəm şəklə baxıb neynəyəcək.

Onun neyləyəcəyini təsəvvür də edə bilməzdim. Artıq ruhu boğazından çıxmaqda olan nənəm qəfildən yataqdan dikəldi və...
Və şəkilin üzünə azacıq baxıb da birdən son qüvvəsini toplayıb şəkili ovcunda sıxıb, atdı bir kənara. Şəkil yerə düşər-düşməz canını tapşırdı nənəm. Şəkil isə ələ gələsi halda deyildi.

Bəxtiyar HIDAYƏT
# 1386 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #