“Həyati dinləyəcəyik, Orxan, kitab çıxaracağıq, sonu olan həyat sonsuz əsərlərlə utanacaq!” - 7 Aprel 2019-cu il tarixində yazıçı dostumun dama-dama naxışlı dəftərimin qapaq səhifəsinə yazdığı bu cümləni aylar sonra oxuyanda nədənsə içimdə şirin bir qıdıqlanma yarandı.
Seyrək-seyrək baxdığım, hərbi xidmətdən sonra isə tamam-kamal unutduğum qeyd dəftərlərimə yenidən qayıtmaq zamanda səyahət kimi həzli bir məsələydi. Zaman meh kimi əsib üstümdən ötmüşdü. Keçmiş unudulan adamlar, unudulan məkanlar, unudulan xatirələr bataqlığına çevrilib buğlana-buğlana qalmışdı, ancaq həmin qeyd dəftərlərini oxuyanda, həyatımın necə incə detallarınacan bu qeydlərə köçürüldüyünə heyrətləndim.
1 Fevral 2018-ci il tarixli qeyddə belə yazılmışdı: “Həyatımı düzənə sala bilmirəm. Yorğunluq nəsr yazmaq üçün tələb olunan intizamı tapmağa əl vermir. Evə getmək, yemək bişirmək... bəlkə də, bütün gün ac qalmaq ehtimalım məni sıxır”.
2018-ci ilin qışını xam yaddaşla xatırladıqca o saat dövrün köhnə-kürüş romantikası parlamağa başlayır. Yaşamadığımız və ya yaşayıb təsirini büsbütün soyunub soyuduğumuz həyatların insanı həm qorxulu, həm həzli bir cazibəyə bürüdüyünü, o həyatları xatırladıqca və təsəvvür etdikcə sabit bir nəşə içində qurdalandığımızı görürəm. Böyük yazıçıların, məşhur futbolçuların, film ulduzlarının və s. həyatlarını izlədikcə “onun yerində olsaydım...” deyib xəyala dalmağımız, həyatımızın ən xoşbəxt günlərini, yaşayıb bitirdiyimiz anları xatırlamaqla, bəlkə də, eyni dərəcəli hislərdir. Hər ikisi nəhəng və bariz bir aldanışdan ibarətdir.
Bunu Bodler yazmışdı: “İnsan olmadığı yerlərdə xoşbəxtdir”.
Keçmişə bu qədər ağzı sulana-sulana baxan adam kimi deyirəm, köhnə qeyd dəftərlərimi oxumaq xam yaddaşımın disko işıqlarının, retro musiqilərinin müşayiətində xatırladığı hadisələrin əslində yaşandığı zaman məni necə ruh düşkünlüyünə salıb canımdan ağrı kimi, əzab kimi çıxdığını xatırladacaqdı. İstənilən hadisə insan beyninə inikası ilə yazılır. Biz obyekti onun bizdə yaşatdığı hislərlə xatırlayırıq. Bəzən, hislər unudulur, bəzən obyekt, ancaq ondan həmişə köntöy bir iz qalır. Bu iz aldanışın bünövrəsidir, çünki gerçək mənada heç vaxt əvvəlki biz olmayacağıq və insan ruhu öz elastikiliyini qoruduqca, həyatımızın ən gözəl günləri deyib arxasınca qaçdığımız hadisələri tapdığımız anda belə ( nə xoş! ) bizi bürüyən sıra-sıra anların təsiri ilə yenidən eyni reaksiyaları verəcəyik. Sonda yenidən peşmanlıq və yeni bir axtarış.
Qədim Yunan mətnlərindən (əslində paradoks idi) birində, təxminən, belə bir əhvalat vardı. İki şəhər dövləti dəniz müharibəsində qarşı-qarşıya gəlir. Onlarla insan qanlı müharibənin qurbanı olur. Qalib gələn tərəf fərəh və qürur hislərini pərçimlədib döyüşdə iştirak edən gəmilərdən birini xatirə məbədi kimi limanda saxlayır və döyüşün hər il dönümündə insanlar gəmini ziyarət etməklə onun timsalında vəfat edən yaxınlarının xatirəsinə ehtiramlarını bildirirlər. Ancaq zaman durmur. İllər sonra gəmi çürüməyə, sıradan çıxmağa başlayır. Əvvəl göyərtədə baş tutan yığıncaqlar, bu dəfə limanda keçirilir. Əlbəttə, gəmi tədricən sıradan çıxır. Keçən zaman dənizin dəlisovluğu, dalğaların sərtliyi və nəmişliklə birləşib taxtalara qurd salır. Gəmi yırğalana-yırğalana dünyadan çökür. Bu gün bir taxta, sabah başqa biri və insanlar hər dəfə zay olan hissələri başqaları ilə əvəz etməyə məcbur qalırlar.
Şəhər əhalisindən bir nəfər sıradan çıxmış hissələrin atılmasına izn vermir. Onları həyətində toplayır və qurdları öldürmək üçün xüsusi məhlullar hazırlayır.
Zaman yenə durmur. Günlərin bir günü döyüşdə iştirak edən gəmidən bircə hissə belə qalmır. Mənə görə əhvalatın ən maraqlı hissəsi bundan sonra başlayır.
Sıradan çıxmış parçaları toplayan şəxs bərpa etdiklərindən həyətində yeni (?) gəmi düzəldir. İnsanlar isə bütün hissələri təzəsi ilə vəz olunan gəmini ziyarətə davam edirlər. Onun qarşısında təzimə dayanır, sanki döyüşdə həlak olmuş yaxınları son nəfəslərini bu gəminin göyərtəsində veribmişlər kimi ehtiramla baş əyirlər.
Əziz oxucular, indi ortada iki gəmi var.
Bəs döyüşdə iştirak edən gəmi hansıdır? İnsanların hər il qarşısında təzimə dayandıqları, yoxsa sözügedən şəxsin həyətində bütün gözlərdən və ehtiramdan uzaq uyuyan ?
İnsan həyatı boyu həmin gəminin taleyini yaşayır. Əsl “mən” hansıdır? Birinci sinfə gedən çolkalı, boyu bir balaca uşaq, yoxsa universitetdən məzun olduğu gün papağını göyə tullayan gənc, yoxsa tamam başqa birisi, indi bu yazını yazan adam?
Aylar sonra qeyd dəftərlərimi oxuduqca vərəqlərin yalnız sözlərlə danışmadığını gördüm. Dalğınlıqla çəkilən fotolar, zehnimin labirintlərində dolaşan ruhların nəğmələriydi. Bəzən həyatın adi dərdlərindən yorulmuş başımı mizin üstünə sərib qaraladığım fotoya aylar sonra baxanda tutaq ki, fılan gündə, fılan ayda, fılan ildəki beynimin içinə baxırammış hissini yaşayırdım. Naşılıqla çəkilən insan sifətlərini izləyir, “Sizi hardan tanıyıram?”, “Bəlkə, qrup yoldaşım olmusunuz, bəlkə, avtobusda (məsələn 3 nömrəli) yanaşı oturmuşuq?” – deyib unutduğum adamlarla yenidən tanış olmaq istəyirdim. Ruhumun möhürü vərəqlərə vurulduqca şəkli çəkərkən keçirdiyim hisləri düşünürdüm. “İllər sonra bu şəkillərə, yazılara baxacam. Görəsən, nə hiss edəcəm...?” İndi həmin yerdəyim və içimdə üç hiss peyda olmuşdu.
- Şəkilləri çəkən adamın tamam yad, mənə heç bir bənzəri olmayan bir adam olduğu.
- O adamla mən eyniydik. Sadəcə aradan keçən müddət ərzində yaşanılan hadisələrin hələ heç birindən onun xəbəri yoxdu. Mənim üçün keçmiş, onun üçün gələcək idi.
- O adam həm mən idim, həm də mən deyildim.
Qeyd dəftərlərimi getdiyim hər yerdə özümlə aparırdım. 1 Mart 2019-cu il tarixdə yazıçı dostlarımla Hüseyn Cavid parkı yaxınlığında yerləşən “Yanardağ” kafesində görüşmüş, yaxşıca içib özümüzü həyatın fövqündə, ədəbiyyatın bağrında hiss etmişdik. Bir neçə saatlıq söhbətin demək olar ki, ən yaddaqalan hissələri sərxoşluğuma rəğmən qeyd olunmuşdu. Həmin görüşdən sonra yeni müəlliflər kəşf etmiş, bu hisdən xoşbəxt olmuşdum.
Aradan aylar keçib. Bu gün həmin səhifələrə baxanda yazılardan və şəkillərdən daha çox vərəqin üzərində hopub qalmış araq “rumka”sının dairəvi ləkəsinə diqqət kəsilirəm. Bu ləkədə 1 Mart 2019-cu il tarixi yenidən xortlayıb oyanır, həmin günü büsbütün yenidən yaşayıram və həmin tarixdə “rumka”nı başına çəkib vərəqin üstünə qoyan adamın, həqiqətən, mən olduğuna inanıram. Bir ucdan da söhbətin istiliyini lap yaxından duyur, danışılanların başın ayağın tutub lazımi qeydləri eləmək üçün qeyd dəftərimə necə yaxın dayandığımı görürəm. Bu xəstəlikli ruh halından hələ də içimdə bir az olsun qaldığına görə sevinir, onun böyük bir hissəsini aradan keçən azğın zamana qurban verdiyimi görüb üzülürəm.
2017-2018-ci illəri əhatə edən qeyd dəftərlərimin böyük hissəsi dərs auditoriyalarında yazılıb. Xatırladığım bir əhvalat, həmin əhvalatın üzərimdə əsən təsiri, müəllimin, ya tələbələrin diqqət çəkən sözləri elə səliqəsiz, sivri xətlə yazılmışdı ki, sanki, hərflər ağ vərəqə umursamazca səpələnmişdi. Gecələri Marsel Prust oxuduğum günlərin səhəri yorğunluqdan, yuxusuzluqdan dizlərim qatlanardı. Bu uzun və kol-kos kimi bir-birinə dolaşan cümlələri zehninin labirintlərində qurub məna vermək on doqquz, iyirmi yaşlı bir gənc üçün itin zülmüydü. Ancaq yüksək ideallardan qol götürdüyüm zamanlar həyatın adiliyi məni elə bürüyərdi ki, kitablardakı parlaq həyatları unudub reallığın sərt döngələrində yolumu itirərdim. Bundan qorxardım. Prust oxumaq o zamanlar mənim üçün getdikcə yontulan mütaliə zövqümü müdhiş bir həzlə pərçimlədib reallığın şərh edə bilmədiyi ilahi zövqlərə qonaq eləmişdi. Ədəbiyyatın həyatın adi detallarında gizləndiyini, yazmağın başdan-başa xatırlamaq olduğunu Prustdan öyrənəcəkdim.
Zaman yaddaşımda yer eləmiş adamların, hadisələrin vurub rəngini sozaltmış, tiftiklənən paltar kimi hadisələr də, adamlar da gəminin asta-asta sahildən uzaqlaşıb üfüqdə itməsi effektiylə unudulmuşdu.
İndi həmin qeydləri oxumaq adicə səliqəsiz xətdən gözümdə disiplinsiz, iradəsiz, ancaq səmimi bir obrazın canlanmağına bəs edir. Darıxdırıcı universitet mühazirələrində qrup yoldaşlarımdan ( çoxu qızlar idi ) aldığım müsahibələri aylar sonra yenidən oxumaq məni eyni həyatı təkrar yaşayırammış hissinə bürüyür. O müsahibələrdən birini aylar sonra oxuyanda səmimiliyi siz də görün, istədim. Sualları verərkən ağlıma gələn fikirlər dərinliyi və ümidsizliyi ilə məni vahimələndirsə də, dörd il ərzində səssiz-sakit tanıdığım, ortalıqda qaradinməz dolaşan qrup yoldaşımı əslində tam mənasıyla tanımadığıma görə bir ucdan özümə əsəbiləşir, bir ucdan da, belə xarakterləri dərindən tanımağın mümkünsüzlüyünü duyub özümü sığortalayırdım. Xatırlamaq yenidən yaşamaqdır, əziz oxucular.
4 Aprel 2017-ci il tarixli qeyddə suallarıma ustalıqla cavab verən qrup yoldaşımın üzünü indi çətinliklə xatırlayıram. Ancaq yazını oxuduqca həmin an keçirdiyim hislər yenidən birə-bir içimə axır. Suallar beləydi:
– Xoşbəxtlik nədir?
– Azadlıq.
– Gündəlik yaşantını hansı cümlə ilə izah edərdin?
– Bədbəxtlik içində xoşbəxtlik axtarışı.
– Səni nələr yorur, yorularkən nə haqqında düşünürsən?
– Düşüncələrdən yoruluram. Yorularkən daha çox düşünürəm.
– Avtobusda, metroda, yəni həyatın gözləməkli anlarında ağlından hansı fikirlər keçir, nə haqqında düşürsən?
– Keçmiş haqqında.
– Güzgüyə baxırsan və ya qar yağır, hər tərəf ağappaqdır və sən pəncərə önündə dikilib bu mənzərəni izləyirsən. Nə düşünürsən, Günel?
– Əsl məni görürəm. Əsl mən haqqında düşünürəm. Birdən yalqızlıq, kimsəsizlik, atılmışlıq hisləri baş qaldırır. Ancaq bu hislər məndən kənarda, mənə dəxli olmayan, sanki, fiziki şeylərdir. Özümü yalqız hiss etmədiyim yeganə an bəlkə də həmin andır!
Qeyd dəftərlərim ilə həyatı ortaq yaşamışam. Bu həyata şahidlik edənlər yalnız səliqəsiz cümlələr, naşı şəkillər, pinti ləkələr deyildi, həm də gələcəkdə baxaram, günü xatırlayaram düşüncəsi ilə vərəqlərin arasına sıxıb gizlədiyim çiçəklər, teatr biletləri, çeklər və s. əşyalar idi. Əşyalara qarşı həddən ziyadə həssas olduğumdan vərəqlərin arasında sıxılıb qalan “qılpını” görəndə onu yenidən kəşf edirmiş, sanki həyatımda ilk dəfə “qılpın” görürmüş kimi təəccüblə baxıram və həmin günü büsbütün xatırlayıram.
Məsələn, xatırlayıram ki, teleqülləyə yaxın boş bir sahə var. Bilmirəm, o yer indi dururmu, əgər durursa, demək, sarı qılpın zəmisi torpağı ədyal kimi örtüb. Geniş ərazidə bircə qaya parçası var, qılpının bezdirici qıdığından qaçmaq üçün həmin qayanın üstünə çıxırıq. Xırda daşlardan dairəvi içlik düzəltmişik. Pivə şüşələri qayanın nahamar səthindən sürüşməsin deyə şüşəni daşa söykəyirik. O yerdə tez-tez görüşürük. Elmlərdən, təxmin edirəm, üç nömrəli avtobusa minir, Bilologiya İntitutunun qarşısında düşürük. Sonra? Sonra həmin qayanın üstünə yüyürürük.
O qılpının qısa, düz saçlarını sığallayır, bəzən zarafatla dodağının üstünə qoyub “Evin kişisi gəldi... Ya mənim olacaqsan, ya qara torpağın... Bıçaq çıxdı, qan çıxdı...” deyib qollarını Xərçəng ayaqları kimi kişiyana açır, hıçqıra-hıçqıra gülümsəyir. Gülərkən “bığı” sürüşüb dodağından düşür. Yensini qoparır, eyni zarafatı dəfələrlə təkrar edir və hər dəfə eyni istiliklə pıqqıldayıb özündən gedir. Çantamda qanımıza qarışıb bizi yelləmək üçün bumbuz gözləyən pivəyə dadanırıq. Həyatın bu adi günündə, təsirsiz payız günəşinin altında şəhəri ayağımıza alıb hər şeydən yuxarıda olmağın ləzzətini duyuruq. Sərxoşluq canımıza oturan kimi baş-başa verib piyada şəhərin canına düşür, yolları ayaqdan salırıq. Tanımadığımız, yalqız insanların yaşadığı, natəmiz küçələrdə dolaşıb şəhəri şirə kimi canımıza çəkirik və elə bilirik ki, heç nə bitməyəcək, elə bilirik ki, həyat elə burdan ibaarətdir.
Aylar sonra vərəqlərin arasında sıxılıb qalan qılpını görəndə mən də elə düşündüm. Sanki, heç nə bitməyəcək, sanki, həyat elə o andan ibarətmiş. Ancaq zamanla çox daş laxladı, həyatı üzdən yaşadığım, yəni yağlı yerindən keçdiyim tələbəlik illərim bir qılpının ətrafında fırlanıb sona yetdi. O adamla da həyatın çox üzünü görüb papağımızı göyə atdıq. Ayılanda bir cüt qılpından özgə heç nəyimiz qalmamışdı.
7 Aprel 2019-cu il tarixinə yenidən qayıdıram. Həmin gün yazıçı dostumla Elmlərdəydik. Mavi gözlü xanımın ofisiant işlədiyi yeraltı kafesində əməllicə söhbət eləmişdik. Markesin xatirələr kitabını yenicə oxuyub bitirmişdim. Söhbət Markesdən gedirdi. Qeyd dəftərim həmişəki kimi masadaydı. Yazıçı dostum dəftəri götürdü və səliqəsiz xətlə nəsə yazıb dəftəri bağladı. Mavi gözlü xanım bakallarımızı götürəndə hesabı çoxdan verib qalxmışdıq. Həmin gün evə çatan kimi dəftəri açıb dostumun səliqəsiz xətlə yazdığı cümləni oxudum. Yazı beləydi:
– Gəmi kimi yorğunam.
– Qədim Yunan mətnindəki gəmi kimi – mən içimdə dedim və nəyisə unudan adam ədasıyla başımı qaşıyıb heç vaxt bilmədiyim bir şeyi xatırlamağa çalışdım.