Əli Xəyyamın şeirləri bütün dillərdə pisdir

Əli Xəyyamın şeirləri bütün dillərdə pisdir
22 oktyabr 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Pablo Neruda haqqında” yazısını təqdim edir.

Pablo Neruda ən sevdiyim şairlərdən biridir. Onun ziddiyyətlərlə dolu zəngin həyatının arxasında ürəyə yağ olub yayılan, insanı ədəbiyyatın intəhasız gücünə inandıran şeirləri nüvə kimi alışıb yanır. Mən həmişə inanmışam ki, yaxşı şeirlər insanı yaxşılığa səsləyir. Məsələn, köhnə sevgililərimdən biri Əli Xayyamın əməllicə fanatı idi. Yatıb-durub onun şeirlərindən danışır, öz ağlınının gücü və qüvvəsinə tən adamlara şairi təbliğ edirdi. Öz ağlının gücü və qüvəsinə tən adamlar isə sevindiyindən hoppanıb düşürdülər, bir-birilərini öpüb qucaqlayırdılar və onlar da öz ağıllarının gücü və qüvvəsinə tən adamlara şairi təbliğ edirdilər. Romantik anlarda bir-iki misra oxuyub qanımı tamam qaraldırdı. Qanım qaralsa da, açığı, sən deyən, əhəmiyyət vermirdim. Axı nə üçün əhəmiyyət verim? Oxuyur da özü üçün. Oxunan hər şeyə əhəmiyyət versəm, gərək qulağımda pambıqla gəzim. Azərbaycanda yaşamağın yeganə yolu əhəmiyyət verməməkdir. Əhəmiyyət verən insanlara hamı düşmən kəsilir. Tutaq ki, yorğun, stressli günün acısını almaq üçün gedirsən restorana, boşqabda ləkə görünürsə, bunu ofsianata qətiyyən söyləməmək lazımdır. Ümumiyyətlə, əhəmiyyət verməməli, ləkəni sözün silməli və həmən unutmalısan. Əksinə, əhəmiyyət versən, həmən unutmasan, ofsiantı çağırıb nəzakətlə ləkəni göstərsən və desən ki, bunu masaya təmiz qoymaq onun vəzifəsidir və hamı öz vəzifəsinin öhtəsindən gəlməyi bacarmalıdır, daha özündən küs. Bunu deməklə dəqiq bir nəfər düşmən qazanırsan.
Tutaq ki, səni nəyin əsəbləşdirdiyini, incitdiyini bilsələr, gedib-gəlib durmadan o şey haqqında danışacaqlar, sənə acıyacaqlar, heç bir təsir qüvvəsi olmayan kömək variantları təklif edəcəklər. Yaranı deşəcəklər, deşəcəklər və sonda daha səni heç nə incitməyəcək. Dərdin bayağılaşıb dağılacaq. Dərdin bayağılaşması çox çətin, əziyyətli prosesdir. Ulu Tanrı bunu heç kimə qismət eləməsin.


Beləcə deyirdim, ay keçər, il dolanar, köhnə sevgilim də həyatı gözünün ucu ilə görməyə başlayar və gerçək ədəbiyyatın zövqünə sığınar, daha Əli Xəyyamdan mədət ummaz. Əziz oxucular, həyat belədi; o həmişə sizə lazım olan və olmayan məqamlarda mesaj verir. Mesajı tutdunsa, bəxtəvərsən, tutmadınsa, gərək diri olasan, sonrakı mesajı gözləyəsən. Onu da tuta bilməsən, vəssalam, elə sən Əli Xəyyamın şeirlərini oxuyan sevgiliyə layiqsən. Di get!


Mesaj deyir ki, pis şeir oxuyan adamdan yaxşılıq gözləmə. Əlbəttə, ayrılandan sonra orda-burda adın narkomana çıxacaq, qumarbaza çıxacaq. Daha nə deyim əziz oxucular, elə bu cür də oldu. Sevglimdən ayrıldım. Adıma çıxmayan söz qalmadı.


Ona görə, yaxşı şeiri duyan, o şeirin ləçəklərini ömrün otaqlarına səpən insanlar məhz yaxşı insanlardır. Yaxşı şeir oxuyarkən özümüzlə bərabər həm də başqaları haqqında düşünürük. Eqomuzdan hörülən, bizi özümüzdə əsir saxlayan hasarlara gözəl şeirlərin vasitəsi ilə nəfəsliklər açılır, beləliklə, özgə qəlblərə səyahət edir, onların ağrı-acılarına, sevinclərinə şahid olur və əslində insanların bir-birinə necə bənzədiyini, xəmirimizin eyni yoğrulduğunu öyrənirik. Və yalnız bu zaman insanların üstünə atılan millət, din, dil, ideologiya fərqlərinə acı-acı gülümsəyir, mahiyyətdəki birliyin qabıqdakı fərqlərə uduzmağına üzülürük. Və elə buna görə dünyanın bir ucunda yazılan şeir, dünyanın başqa ucunda insanlara toxunur, onların qəlbini oxşayır, abstrakt hislərinə tərcümə olur. Gözəl şeirlərin enerjisindən, havasından keçib durulursan, həyata, insanlara, gündəlik məişət qayğılarına münasibətin dəyişir və ətdən, sümükdən bədəninin içində pörşələnən ürəyin fərqinə varırsan. Bu hiss insanları birləşdirir, sülhə, əmin-amanlığa səsləyir, müharibəni, savaşı pisləyir və göydəki cənnət idealını sözün sehriylə yerə endirir.


Azərbaycan ədəbi mühitində son illərin əlamətdar hadisələrindən biri Pablo Nerudanın seçilmiş şeirlərinin çap olunması idi. Şeirlər “Ümidsizlik nəğməsi” adı altında, çox sevdiyim Salam Sarvanın tərcüməsində işıq üzü görmüş, kitab bazarına səssiz-küysüz daxil olmuşdu.


Bildiyimiz kimi tərcüməçilik dünyanın ən çətin peşələrindən biridir. Xüsusiylə, şeir tərcüməsi müəllifi və ədəbi materialı dərindən duymağı tələb edir. Bununla bərabər tərcüməçi hər iki dili mənimsəməli, mübadilənin öhtəsindən məsuliyyətlə gəlməlidir. Onu etiraf etməliyik ki, şeir tərüməsi mahiyyət etibarı ilə mümkün deyildir. Heç bir şeir yazıldığı dilin enerjisindən, havasından, özünəməxsus cazibəsindən kənarda ayaq aça bilməz. (Əli Xəyyamın şeirləri burada istisnadır. Onun şeirlərini hansı dilə tərcümə eləsən, yenə eyni dərəcədə pisdir). Tərcümə olunan şeir həm özüdür, həm də özü deyildir. Bununla bərabər şeir tərcümə olunduğu dildə də nələrsə qazanır ki, onun qazandığı xüsusiyyət yazıldığı dildə mövcud deyildir.
Ümumiyyətlə, tərcümə işində ikili yanaşma mövcuddur. Birinci yanaşma onu müdafiə edir ki, yazıçılar, şairlər tərcümə işi ilə məşğul olmamalıdırlar. Ona görə ki, hər müəllifin öz üslubu, öz ədəbi dünyası mövcuddur, yazıçılar, şairlər tərcümə işinə girişdikləri zaman iki ədəbi dünya bir-biri ilə çarpışmağa başlayır, hər iki tərəf nəsə itirir, nəsə qazanır. Və tərcümə olunan əsərin orginallığı tərcüməçi-yazıçının diqtəsi ilə itir. Hamımızın sevərək oxuduğumuz Çingiz Aytmatovun “Əlvida, Gülsarı”, Qabirel Qarsiya Markezin “Gözlənilən qətlin tarixçəsi”, Henrix Böllün “O illərin çörəyi” povestləri və Konstantin Paustovskinin hekayələri dəyərli sənətkar Əkrəm Əylislinin tərcüməsində işıq üzü görmüşdür. Bu əsərlərdən Əkrəm Əylislinin qələminin təsiri asanlıqla duyulur, onun orginal varinatda olan keyfiyyətləri silinir və bir müəllif kimi Əkrəm bəyin ədəbi keyfiyyətləri ilə əvəzlənir. Bu nə qədər doğrudur?


İkinci yanaşma ondan ibarətdir ki, xüsusiylə, şeir tərcümələrini şairlər etməlidir. Ona görə ki, tərcüməçilər şeirin dərinliklərini, ölçülərini bilmək öhtəlikləri yoxdur. Şeirin dərinliklərini, ölçülərini bilsələr belə, onun konkret material üzərində tətbiq eləmək müşkül işdir. Buna görə yaxşı şairləri yaxşı şairlər tərcümə etməlidir ki, ortaya yaxşı şeirlər hasil olsun. Bəli.


Dəyərli Salam Sarvanın dəyərli Pablo Neruda tərcümələri ədəbiyyatımızın unikal tapışmalarından biri olmuşdur. Bu birlikdən hasil olan gözəl şeirlər ürəyimə yağ olub yayıldı və amansız insan münasibətlərinin, içimizi gəmirən qayğı qarışqalarının əhatəsində həyatın gözəl, dövranın yaşanmalı dövran olduğunu bir daha anladım.


Son olaraq kitabdakı şeirlərdən birini yazıya əlavə edir və vaxtımı donururam.

Həmişə

Əvvəllər nə olubsa, olub:
daha dəyməz qısqanmağa

Lap bir kişi çiyinlərinin
axasında gəl,
lap saçlarının topasındakı
yüz kişiylə gəl,
lap bədəninin hər yerinə səpələnmiş
min kişiylə gəl
lap nə vaxtsa sularında boğulmuş bədənlərlə dolu
çayla gəl:
qarşılayır çayı qəzəbli dəniz,
əbədi daynayan köpük – zamandı!

Və gətir hamısını
səni gözlədiyim yerə...

Biz onsuz da həmişə ikimizin cahanda,
ikimizik,
təkcə bizik:
təkcə sənlə mən varam ki,
Yerdə həyat başlasın.

# 3468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #