Yesugey kişinin oğlu - Bəhruz Tağızadənin hekayəsi

Yesugey kişinin oğlu - Bəhruz Tağızadənin hekayəsi
26 mart 2026
# 12:00

Kulis.az Bəhruz Tağızadənin "Yesugey kişinin oğlu" hekayəsini təqdim edir.

Bu hekayə hörmətli Akademik Nizami Cəfərova ithaf olunur.

1221-ci ilin yazının sonuna yaxın Bəmyan vadisi hələ nəfəs alırdı.

Qayalar üzərində oyulmuş buddalar buludları, gəlib-gedən tacir karvanlarını seyr edirdi. Bu buddalar bundan belə yeddi yüz səksən il boyunca — ta Talibanlar tərəfindən partladılana qədər — heç kimə pislik etmədən baxacaqdılar. Dağlar yerində idi. Torpaq yerində idi.

Yerində olmayan yalnız zamandı.

Uzaqdan qalxan tozanaq, at nallarının quru torpağa çırpılan səsi bu vadinin qulağına zəhmlə pıçıldayırdı:

“Bu gün səni qana bulayacağam.”

Bir azdan təslim olmağı yox, qəhrəmanlığı seçən Bəmyan hakimi adını tarixə yazmağa belə macal tapmayacaqdı. O, Çingiz xanın hədə məktubunu xatırladı:

Mən Çingiz xanam.
Səhraların hökmüyəm, yolların yiyəsiyəm.
Zamanı sürən adamam.
Təslim olanın qanı yerə axmaz.
Boyun əyənin evi yanmaz.
Sözüm göylər qədər ağırdır.
Qərarın özün qədər yüngül olmasın.

Cavab qısa olmuşdu:
— Biz sənin hökmünlə yox, öz qərarımızla yaşamağı seçirik, Çingiz xan.

İndi monqol atlarının sayı Bəmyandakı otların sayından çox görünürdü.

Mühasirə başlayar-başlamaz Çingiz xanın özündən də dikbaş on yaşlı nəvəsi Mütügen ox məsafəsindən irəli getməmək barədə verilən məsləhətlərə məhəl qoymadı. Özünü gözə soxmaq üçün rəqibin yüz otuz yeddi metrlik məsafəsində, özündən böyüklərə yersiz göstərişlər verə-verə əl-qolunu ölçürdü.

Xarəzm ordusunun iyirmi üç yaşlı əsgəri Səidin içində isə iki duyğu çarpışırdı: isti bir qorxu və qəribə bir inam. Qorxu deyirdi ki, hələ monqolları məğlub edən olmayıb. İnam isə pıçıldayırdı ki, Allah onların tərəfindədir. Səidin ağlına gəlməzdi ki, həmin gecə Allahdan başqa onların tərəfində olan hər kəsin , son günü olacaq.

O, əlini tirqabına atdı. Bəmyanı yer üzündən siləcək lənətli zirehdeşən oxu digər əlli doqquz oxun arasından ayırdı. Ağacdan, buynuzdan və vətərdən hazırlanmış yayına yerləşdirib gərdi. Ox monqol ordusunun mancanaq quran bölüyünü nişan almışdı, amma havada xoşagəlməz bir süzüşlə istiqamətini dəyişdi və Mütügenin boğazına saplandı.

Uşaq yerə yıxıldı.

Döyüşün iyirmi yeddinci dəqiqəsində Minbaşı Boroqulun hücum bölüyündən Onbaşı Toqta arxadakı təpədə, daşınan qızıl taxtında oturub zəhmi ilə döyüşü idarə edən Çingiz xanın hüzuruna gətirildi. Bir dizi yerdə, boynu əyilmiş halda dedi:
— Nəvəniz Mütügen öldü.

Çingiz xan gözünü qarşısındakı Bəmyan xəritəsindən ayırmadan cavab verdi: — Oğlanlarımı bura çağırın.

Qoruyucu bölüyün rəisi Qutula oğullarının dördü də yığıldıqdan sonra onların silahlarını aldırıb çadıra buraxdı. Oğlanlar atalarının sol tərəfində sıra ilə düzülmüşdülər. Çingiz xan ikinci oğlu Cığataya baxdı:
— Cığatay, ağlamağını qadağan edirəm. Oğlun Mütügen öldü. Qisasını al.
— Alacağam, ata.
Çingiz xan uca səsin əmrin qüvvətini azaltdığını bilirdi. Heç vaxt qışqırmazdı. Amma bu dəfə səsi çadırın divarlarını yarıb çıxdı:
— Bu torpaqda nəfəs alan hər şey öldürülsün!
Döyüş təcrübəsinə yaxşı yiyələnsin deyə sevimli nəvəsini bura öz əmriylə gətirmişdi. İndi zamanı geri qaytara bilmirdi.
Monqol ordusu iki həftəyə Bəmyanı torpağa basdırdı. Şəhər tək bir rəngdə görünürdü — sarı torpaq rəngində. Yandırıb qaraltdıqları yerləri də torpaqla örtmüşdülər. Bu günlər ərzində Çingiz xan Mütügenin qisasını aldı. Onu öldürən tərəfdən nə insan qaldı, nə iz. Deyirdilər ki, o yurdda pişiyin belə canı bağışlanmadı.
Bu gün qələbə qeyd ediləcəkdi. Şərab içməyə icazə verilmişdi. Tonqallar qalxacaq, qılınclar susacaqdı.
Çingiz xan isə çox illər əvvəl tayçuitlərlə döyüşdə qənimət götürdüyü, ən sevdiyi kənizi — Xulanı xəlvətə çağırmışdı.
Xulan nadir insanlardan idi ki, baxışları ilə həyatını xilas etmişdi. Gecə döyüşündə alovlanan tayaların işığında Çingiz xanın bir əlində tatar yayı, bir əlində qılınc, at belində vuruşmasına tamaşa etmişdi. Torpağın qucağından ona baxan tayçuit qızını görən Çingiz xan mühafizəçilərinə demişdi: — Bu qız qalacaq.

Səbəbini deməmişdi.
İlk xəlvətində soruşmuşdu: — Qorxursan?
Xulan başını qaldırmışdı: — Qorxudan böyük dərdim var.
Çingiz xan onun bütün ailəsini qılıncdan keçirmişdi. Bir qədər susduqdan sonra: — Qardaşın yaxşı döyüşmürdü.
Xulan gözlərini yerə dikmişdi: — O qaçmadı.
Çingiz xan hara getdisə, Xulan üçün darıxmağa başladı. Səfərlərdə onu özü ilə apardı. Xulandan şikayət edənin boynu vuruldu, Xulanın şikayət etdiyinin beli qırıldı. Hamı bunu gördü və tayçuit qızından qorxmağa başladı.

O, yeganə düşmən qızı idi ki, Çingiz xan onu sevmişdi. Necə ki, anasını və arvadı Börteni heç vaxt edam etdirməzdi, eləcə də Xulan kənizin ölümü onu sarsıdardı. Zamanla Çingiz xana ən cəsarətli sualları verə bilən tək qadına çevrildi. Qaraqumdakı sarayda ikinci, səfərlərdə isə tək hökm edən qadın oldu.
O, ailəsinin qisasını ala bilməyəcəyini anlayıb xəlvətdəki inildəmə rolunu ustalıqla oynadı, dünyanı fəth edən kişini gözəlliyi ilə diz çökdürdü.Heç Roma Papasınında hünəri çatıb Çingiz Xana adı ilə Timurçin deyə bilməzdi, tayçuit kənizi deyirdi.O daxilən Çingizə xan kimi yox Yesugey kişinin oğlu kimi baxırdı. Onun mənsub olduğu tayfa Çingiz xanı qəbul etmirdi. Bu dünyada gəlmiş-keçmiş elə bir qadın olmadı ki, Allahdan sonra dövrünün ən güclü varlığının gözlərinin içinə baxıb: — Sən insan deyilsən, — desin.Xulan demişdi.
Çingiz xan gülümsəmişdi: — Yaratmaq üçün öldürməliyəm. Mən qanı sevmirəm, itaət edənləri sevirəm. Öldürməsəm itaət olmaz-əliylə çadırın çölünü göstərib-onlar mənə yox qorxuya itaət edirlər.
Elə bil bütün işğalları tayçuit qızına lovğalanmaq üçün edirdi.Xulan güləndə dodaqlarında kölgəli mötərzə açılırdı.Çingiz xan gülərkən kölgələnən dodaqları heç kimdə görməmişdi. Çingiz xan bu kənizinə xatun məqamı vermişdi.

Qutlama gecəsi bitmişdi. Az əvvəl göyə qalxan gülüşlər indi torpağın sinəsinə çökən xorultulara qarışırdı.
Xulan xatun çadırın pərdəsini aralayıb çölə baxdı. Çöl sakit görünürdü, amma o bilirdi — bu səssizlik yuxu deyildi, keşik idi.
Xanın çadırı heç vaxt bilinməzdi. Hətta o belə bəzən son anda xəbər tutardı harada qalacağını. Bu, qorxu deyildi; bu, yaşamaq qaydası idi. Çünki hakimiyyət yatanda ölüm oyanardı.
Mərkəzə yaxın çadırın ətrafında ilk halqa dayanmışdı — ən yaxın keşikçilər. Ailələri sarayda saxlanılan, taleyi xana bağlanmış adamlar. Bəziləri onun uşaqlıq dostları idi. Onlar silahlarını çıxarmadan yatırdılar. Gecələr atlar yəhərli olardı. Qılıncları yanlarında, yayları əllərinin altında. Xulan onların gözlərində yuxu görməmişdi heç vaxt — yalnız sədaqət və qorxu.
İkinci halqa çadırı səs məsafəsində dövrəyə almışdı. Orada xidmət şərəf idi, amma yuxu ölüm. Göz qapanarsa baş gedərdi. Bu dəstədən yüksələnlər çox olurdu — qənimətin ən yaxşı payını alanlar da onlar idi.

Onların qurduğu dairənin üzərindən yalnız quş uça bilərdi. O da təhlükə sayılmazdı. Çünki təhlükə qanadlı deyil, niyyətli olur.
Üçüncü halqa isə bütün ordugahı qoruyurdu. Oraya icazəsiz yaxınlaşmaq hökm deməkdi — sözsüz, sualsız ölüm.
Xulan xatun çadırın içinə qayıtdı. Xan yatmış kimi idi.O xan olsada əsgər həyatı yaşayırdı. Amma o bilirdi — bu adam heç vaxt tam yatmır. Bir quş qanad çalsa, bir at nəfəs alsa, o oyanardı.
Xulan xatun bir müddət səssiz oturdu. Çöldə atların nəfəsi eşidilirdi. Çırağın işığı çadırın divarında tərpənirdi.
— Timurçin...
Xan gözlərini açmadan cavab verdi:
— Oyağam.
— Bu qədər keşik, bu qədər qadağa... insanı yormur?
Bir az sükut oldu.
— Yorulan adam hökmdar olmaz, Xulan.Yatan adamın nəsə yaratdığını görən olmayıb. Yuxuda qurulan imperiya səhər dağılır.
— Mən qorxudan demirəm, sakitlikdən deyirəm. Burda hamı oyaqdır. Heç kim yatmır.
— Yatan adam dünyadan xəbərsiz olur.
-Çarçılar qışqırırdılar ki, bu torpaqda ilanlar tüğyan edir. Mən isə anladım onların niyə belə dediyini.
Timurçin heç nə demədən ona tərəf döndü.
Xulan davam etdi:
— Qorxu yaratmaq üçün. Adamlar ayıq yatsınlar deyə sən belə istəmisən.
— Bu lənətli torpaqda ilan çoxdur.
— Bəs niyə məmləkətdə ilan öldürməyi qadağan etmisən?
— Heç bir heyvanın, heç bir bitkinin kökünü kəsib axırına çıxmaq olmaz. Ola bilər ki, bir gün bütün cahan xəstəlikdən yaxa qurtarmaq üçün ilan zəhərinə möhtac qalsın.
— Niyə pişik yox, quş yox — məhz ilan yazılıb yasada? Qorxu yaratdığına görə?
— Qorxu yaratmaq ilanın qudrətidir. İlanı qartal öldürməlidir, kirpi öldürməlidir — insan yox.
Xulan bir qədər susdu.
— Səni qoruyan bu adamlar deyil.
— Bəs nədir?
— Qorxu.
— Demək sən də məndən qorxursan?
Xulan başını yavaşca yellədi.
— Yox...Mən səndən yox, sənsiz qalmaqdan qorxuram.Bu gecə dərdini unutdurmaq istəyirəm. Cənnəti hiss etmək istəyirəm-dedi ailəsinin qatilinə.

Qızılla naxışlanmış metal çırağın işığından əmələ gələn çadırın divarlarındakı bəzəkli şögələr fitilin sönməyi ilə yox oldu . Çadır qaranlığa qərq oldu.

Birazdan hər ikisi tərli halda ayağa durdular. Xulan Timurçini qucaqlayıb dedi:
- O oğlanın canını bağışla. Mütügenin ruhu sevinər.
- Günahı nədir?
- Sənin əmrini pozub. Yatan körpəni öldürməyib. Başqa əsgərlər öldürüb körpəni.

Çox uzaqda bir keşikçinin addım səsi eşidildi — və gecə yenə oyaq qaldı.

Düşərgə gecə qəribə bir səssizlik içində idi. Atlar yüyən çeynəyir, külək çadırların kənarını asta-asta tərpədirdi.

Mərkəzi ordunın arxasında, iki halqa keşikçinin arasında bir çadır qurulmuşdu. O çadır nə xaqanın idi, nə də sərkərdələrin. Orada hökm gözləyən adam saxlanılırdı.
Əsgərin əlləri qalın dəri qayışla arxadan bağlanmışdı. Ayaqları sərbəst idi, amma hər addımı nəzarət altındaydı. Qaçmaq mümkün deyildi — monqol düşərgəsində divar yox idi, amma hər nəfəs divardan möhkəm idi.

Xulan uzaqdan dayanıb ona baxdı. Çadırın ağ parçası ay işığında solğun görünürdü. Keşikçilər qılınclarını çıxarmadan dayanmışdılar. Onların sükutu hökmün səsindən ağır idi.

Sabah köç əmri veriləcəkdi. Çadırlar söküləcək, dirəklər yığılacaq, yük arabalarına atılacaqdı. Həbsxana da çadır kimi yığışacaqdı.

Əsgəri atlı dəstənin ortasına alacaqdılar. Əlləri bağlı halda, iki süvarinin arasında aparılacaqdı. Bu həbs daşdan deyildi — iradədən idi. Bu həbs divarla yox, qanunla qurulmuşdu.

Xulan bilirdi ki, burada uzunmüddətli zindan yoxdur. Monqol qanunu ya bağışlayar, ya da birdəfəlik hökm verərdi. Gecənin qaranlığında hökm gözləyən adamın taleyi sabahın işığı ilə ya kəsiləcək, ya da azadlığa çıxacaqdı.

Uzaqda, mərkəzi çadırda oturan Timurçin susurdu. Onun ordusunda həbsxana çadır idi, amma qərar daşdan da sərt idi.

Külək bir anlıq gücləndi. Çadırın parçası dalğalandı. Xulanın ürəyindən keçdi ki, bəzən ən ağır zindan insanın öz gözlədiyi hökmdür.

Gecə tam çökəndə keşikçilər birdən düzləndilər. Uzaqdan addım səsi eşidildi.

Timurçin yaxınlaşırdı.

Onun gəlişi hay-küylə olmurdu. O gələndə külək belə səsini yığışdırırdı. Keşikçilər baş əydi.
Məhbus diz üstə çökmüşdü. Əlləri arxadan bağlanmış, başı aşağı idi. Amma Çingiz xan yaxınlaşanda başını qaldırdı. Qorxu vardı — lakin yalvarış yox idi.
Çingiz xan bir müddət susdu. Əsgərin üzünə diqqətlə baxdı.
— Əmrimi niyə pozdun? — səsi sakit idi, amma çadır dirəkləri qədər sərt.
Əsgər udqundu.
— Mən pozmadım, uca xaqan. Mən... mən körpənin orda olduğunu görmədim.
-İçəri girəndə qundaqdakı uşaq nəfəs alırdı-onu ələ verən döyüşçü yoldaşı dilləndi.
Çingiz xan icazəsiz danışan əsgərin səsini eşidəndə başını yavaşca qaldırdı. Onu üzdən tanıyırdı.
Uzunboylu, iyirmili yaşlarında, həddindən artıq səliqəli geyinən, hər fürsətdə özünü gözə soxmağa çalışan o gənc bölüyündə carçı idi. Səsi gur, addımı iti, baxışları isə daim yuxarı — daha yüksək məqam axtarırdı.

Qolları bağlı əsir onun onbaşısı idi.

Hamı anlayırdı ki, bu ittiham təkcə əmrlə bağlı deyildi. Gənc əsgər vəzifəyə yüksəlmək üçün qarşısındakı maneəni aradan götürmək istəyirdi. O, sadiqlik və mərdanəlik nümayiş etdirirmiş kimi danışır, amma başqasının ölümü bahasına irəli çıxmağa çalışırdı.

İttiham ağır idi:

Onbaşı bələyə bürünmüş körpəni öldürməmişdi.

Halbuki Çingiz xan əmr vermişdi — nəfəs alan hər şey öldürülsün.

Onbaşı qılıncını qaldırmışdı… amma endirməmişdi.Bunu öz bölüyündən 2 əsgər görmüşdü.

Sükut.

Külək çadırın kənarını tərpətdi. Xulan bir az aralıda dayanmışdı. Çingizin sifətində kölgə gəzişdiyini gördü.
— Demək, uşaq sağ idi? — Çingiz xan icazəsiz danışan əsgərə baxaraq soruşdu.
— Bəli,böyük xaqan. Onbaşı qılıncını qaldırdı... amma endirmədi.
Çingiz xanın baxışları sərtləşdi.
— Sən onun üzünə niyə durdun?
Əsgər gözlərini qaçırmadı. Səsində qəribə bir arxayınlıq vardı.
— Çünki həqiqət budur. Mən yalan danışa bilmərəm. Ölüm varsa, qoy həqiqətlə olsun.
Bu sözlər havada asılı qaldı.
Çingiz bir addım geri çəkildi. Ay işığı sifətinin yarısını işıqlandırdı, yarısını kölgədə saxladı.Məhkun əsgərin üzünə baxdı.

Və o an…

Onda bir şey gördü.

Qorxu yox. Yalan yox.

Vicdan.

Bu, təhlükəli idi. Çünki vicdan Çingiz xanın ən qatı düşməni idi. O, imperiyanı tərəddüdsüzlük üzərində qurmuşdu. Əmr tərəddüd tanımazdı. Qanun hissə yer qoymazdı.

Vicdan isə əmrin içinə su qatırdı.

Əgər bu səs orduda yayılardısa, qılınclar ağırlaşardı. Əsgərlər düşünməyə başlayardı. Düşünən ordu isə zəifləyərdi.

Qarşısında diz çökmüş bu adam əmri yox, içindəki səsi seçmişdi.

Çingiz ağır səslə soruşdu:
- Qılıncı niyə endirmədin?
-Mən çox adam öldürmüşəm. Körpəni isə görmədim.
- Monqol ordusunda əmr qanundur, — dedi.

Hamı hökmü gözlədi.

Sonra Çingiz xan ağır səslə əlavə etdi:
— Sənə inanıram, igidim, — deyə qolları bağlı əsirə xitab etdi.
Bu söz gecəyə ildırım kimi çaxdı.
Keşikçilər bir-birinə baxdı. Xulan nəfəsini dərdi.
— Qayışları açın.

Onbaşının əlləri azad edildi. O, yenə də diz üstə qaldı — lakin artıq məhkum kimi yox, ləyaqətini qorumuş bir əsgər kimi.
Çingiz xan üzünü çevirmədən dedi:
— Bu gecə öyrəndim ki, bəzən qılıncı endirməmək də igidlikdir.
Carçı olan gəncin sifətindəki rəng dəyişdi. O an hamı başa düşdü ki, xaqan həqiqəti eşitmişdi — amma niyyəti də görmüşdü.
Çingiz qaranlığa doğru addımladı.
Xulan anlayırdı — Mütügenin ölümü Timurçinin içində görünməz bir yara açmışdı. O yara onu zəif etməmişdi. Sadəcə, hökm verəndə artıq təkcə xaqan yox, ata da danışırdı.
Gecə sakitləşdi.
Səhər açılmamış düşərgədə köç əmri verildi. Çadırlar sökülür, dirəklər yığılır, atlar yəhərlənirdi.
Carçı əsgər hər zamankı kimi irəli çıxmaq istədi. Səsi ilə köç əmrini çatdıranlardan biri o idi. Amma bu dəfə Çingiz xan əlini qaldırıb onu saxladı.
— Bu gündən carçı o deyil, — dedi sakitcə.
Söz qısa idi, amma kəsərli.
Hamı başa düşdü.
Carçı olmaq sadəcə hayqırmaq deyildi — xaqanın nəfəsini daşımaq idi. Bu, etibar idi. Etibar isə bir dəfə çat verdisə, səsi də əvvəlki kimi çıxmazdı.
Gəncin sifəti soldu.
Çingiz ona yaxınlaşdı. Səsini yalnız ətrafdakılar eşidəcək qədər alçaltdı:
— Sən həqiqəti dedin. Amma niyyətini gizlədə bilmədin. Monqol ordusunda vəzifə qılıncla alınar, yoldaşının qanı ilə yox.
Carçı susdu.
— Səni yüzbaşı etməyəcəyəm. Amma səni öldürməyəcəyəm də.

Bir anlıq gəncin gözlərində ümid parladı.
- Sən ön dəstədə gedəcəksən. Ən çətin yürüşlərdə. Ən təhlükəli keçidlərdə. Orada igidlik göstərsən, məqam səni özü tapar. Göstərməsən — külək adını aparar.

Bu hökm açıq cəza deyildi. Amma hər kəs bilirdi ki, ön dəstə ya şöhrət, ya da məzar deməkdir.

Xulan uzaqdan baxırdı.

O an anladı ki, Çingiz təkcə qılıncla hökm vermir. Bəzən insanı öz niyyəti ilə üz-üzə qoymaq daha ağır cəzadır.

Onbaşı azad edilmişdi. Carçı isə azad görünürdü — amma indi taleyini sübut etməli idi.

Düşərgə hərəkətə gəldi.

Toz qalxdı.

Və o səhər hər kəs bildi ki, xaqanın gözü yalnız deyilən sözə yox, sözün arxasındakı niyyətə də baxır.

# 118 dəfə oxunub

Oxşar xəbərlər

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə

"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə

15:00 24 mart 2026
Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

11:49 23 mart 2026
Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

16:00 22 mart 2026
Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

11:30 22 mart 2026
Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

11:00 21 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər