Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Qafar Rüstəmovun "Brus Li zərbəsi" hekayəsini təqdim edir.
Səməd məndən iki yaş büyük olsa da, bir sinif yuxarıda oxuyurdu. Mən dörd, o da beşinci sinifdə idi. Kəmsavadlığı müəllimləri təngə gətirmişdi, axırda bir il sinifdə qalmışdı. Məktəbdə özünü büyük göstərmək üçün çok vaxt məndən aralı gəzirdi, sanki hər gün məhəllədə mənimlə futbol oynayan, güləşən bu deyildi. Onun nə üçün belə elədiyini uşaq ağlımla yaxşı başa düşürdüm. Xətrinə dəyməmək üçün üzünə vurmurdum.
Axırıncı dərsdən qaçardı. Yeni sinifə öyrəşə bilmirdi, daha doğrusu, qüruruna sığışdıra bilmirdi.
Necə ola bilərdi ki, səbəbsiz yerə onu sinifdə saxlamışdılar... Sinif rəhbərinin qarasınca bir sicilləmə söyüş söyürdü.
- Dayan görək, - arxadan səsləndi.
- Yenə əkildin?
- Cındır Çimnazın dərsidi. Boş-boş danışır.
Çantasının bir qolunu çiyninə ilişdirmişdi. Tez-tez dodaqlarını dişləri ilə sıxır, sonra da yerə tüpürürdü.
- Könül bu gün mənə “hə” dedi, - nəfəs dərib danışmağa davam elədi. Bu nəfəs dərmə məsələsini yaxşı bilirdim. Bundan sonra xəyalla gərçək bir-birinə qarışır, Səməd mətləbdən mətləbə adlayıb üyüdüb tökərdi.
- Dedim, az, məktubu oxudun? Gördüm gülür, bilirsən də, hırıldamağı var e, onun kimi. Bildim ki, bu artıq mənlikdi. Gördüm, ədəbiyyat sinifi boşdu, ətrafda da heç kim yox, dedim, gəl ardımca. Əvvəlcə mattım-mattım baxdı. Sonra ardımca gəldi. Qardaşın nə hoqqa qayırdı içəridə!
Səmədin xəyal dünyasındakı sevişmə səhnələrini əzbərləmişdim. O, qızı qucaqlayır, öpür, qız da Hindistan filimlərindəki kimi kənara qaçıb ona tərəf baxır. Sonra yenə Səməd onu qucaqlayır və bu dəfə dodaqlarından öpür. Belə səhnələri təkrar-təkrar danışmaqdan yorulmurdu.
Səmədin atası üç il əvvəl vəfat etmişdi. Anası və bir qardaşı ilə təkbaşına qalmışdılar. Qardaşı ondan iki yaş böyük idi. O tez-tez qardaşı ilə də dalaşırdı. Nə vaxt onu oynamaq üçün çağırmağa getsəm, həyətlərindən qışqır-bağır səsləri gəlirdi.
Əslində, anam onlara getməyə icazə vermirdi. Səmədgildən zəhləsi gedirdi, ən çox da anaları Gülnarədən. Onun adını eşidən kimi üz-gözünü turşudur, qarasınca nəsə başa düşə bilmədiyim sözlər deyirdi. Nifrətin səbəbi mənə sirr idi.
Bir dəfə qonşuluqdakı qadın bizə gəlmişdi. Həyətdə oynayırdım. Su içmək üçün evə çıxanda anamın səsini eşitdim.
- Kül onun başına, deyir, camaat sırada durub ee. Xanış, Səftər, Əlabbas...
- Qoca kaftar Qulamı onlardan çıxanda görüblər.
- Qonşu deyir, gecələr elə vur çatlasın olur evdə. Adamın o iki tifilə yazığı gəlir. Nə olacaq onların axırı?
- Sənə deyim, elə onun öhdəsindən o uşaqlar gələcək. Yoxsa kimdi onun əlin-ayağını yığan, abırsız şeydi. Kəndin ortasında elə gəzir, elə bil belə də olmalıdır. Yazıq Xanhüseynin ona görə ürəyi partladı, bu işə hansı ər dözər.
- Daha demə, - anam başını yellədə-yellədə ona qulaq asırdı. Məni görən kimi ikisi də xırp səslərini kəsmişdi.
Anamdan gizlincə gedib Səmədi bayıra çağırardım. Evlərindən kənar bir yerdə futbol oynayır, ya da elektrik məftillərinə qonan quşları daşlayırdıq. Hasarlardan çölə sallanan meyvələri oğurlayıb yemək isə ən sevdiyimiz fəaliyyət idi. Ələlxüsus, kimsə evdən çıxıb qışqıranda ürəyim yerindən çıxır, tez oradan qaçıb uzaqlaşırdıq. O, həmişə məni qabaqda göndərirdi, əgər səs-səmir olmasa ardımca gəlirdi.
Bir dəfə ondan soruşdum ki, atan necə vəfat edib. Bu suala cavab vermək üçün çoxdandır hazırlaşırmış kimi ard-arda uzun bir hekayə danışmışdı.
- Kəndin qoyun-quzusu tez-tez yoxa çıxırmış. Onda biz heç doğulmamışdıq. Keçən il oynamağa getdiymiz meşə var idi e, bax orada böyük bir dənə şir var imiş. Heyvanları tutub yeyirmiş. Bütün kənd zar-zar ağlayırdı. Bilmirdilər, nə eləsinlər. Atama deyiblər ki, onun öhdəsindən sən gələrsən. O da evdəki tüfəngi götürüb meşəyə gedib. Fit çalan kimi şir nərildəyə-nərildəyə ona tərəf gəlib. Atam silahı kənara atıb onunla güləşməyə başlayıb, bir dənə badalaq, şir sərələnib yerə. Belindəki xəncəri çıxarıb şirin boğazına dirəyib. Gözünü qırpmadan şirin başını kəsib. Yaman yorulubmuş, üstü-başı da qan içində. Kölgəlikdə uzanıb tez yuxuya gedib, oyananda nə görsə yaxşıdı, əclaf Xanış tüfəngi götürüb ona tərəf tutub. Üstəlik, sırtıq-sırtıq gülürmüş. Atam ayağa qalxmaq istəyəndə gülləylə vurub onu öldürüb. Guya ki, şiri bu öldürüb, camaat elə bilsin ki, qəhrəman budur. Amma indi kənddə hamı bilir ki, o, oğraşın biridir.
Səmədin danışdığı hadisə mənə hansısa nağılı xatırlatsa da, inanmışdım. Əgər belə hadisə baş verməsəydi, bütün bunları necə danışa bilərdi. O gündən sonra Xanışı görən gözüm yox idi.
- Mənə bax, bərk acmışam. Bəlkə, Mirhəsəngilin həyətindən heyva oğurlayaq.
- Gəl gedək evə, - etiraz elədim, - Evə nə qalıb ki.
- Eee, qorxaq, burada nə var e... Ora bax, ağacın yarısı hasardan çöldədi. Bəlkə də, günorta vaxtı qoca kaftar yatır.
- Yaxşı.
- Mən buradan baxıram, gələn olsa fit çalacam.
Ot basmış hasara tərəf oğrun-oğrun addımladım. Mirhəsən kişi qoca arvadı ilə tənha yaşadıqlarına görə həyət-bacalarındakı otları təmizləyə bilmirdilər. İlan mələyən bu həyətdə hər cür dadlı meyvələr bitirdi. Xəsis olduqlarından nə bu meyvələri yığıb kimsə verir, nə də dərilməyinə icazə verirdilər.
Əlimi uzadıb heyvaları dərməyə başladım. Beşinci heyvaya əlimi uzadırdım ki, xışıltı səsi məni diksindirdi, elə bil, otların arasında porsuq hərəkət edirdi.
- Köpəy uşağı, rədd olun burdan!
Var gücümlə qaçmağa başladım. Onsuz da arxamca gələ bilməzdi. Ancaq məni tanısaydı, anama xəbər verə bilərdi. Səməd yenə ortalıqda görünmürdü. Elə bil, əppək olub göyə uçmuşdu. Çantamı yerdən götürüb evə tərəf qaçmağa başladım.
- Ala yavaş, hara qaçırsan?
Arxın kənarında yerə çömbəlmişdi. Dodaqlarını dişləri ilə sıxıb bir lomba tüpürcəyi kənara tüpürdü.
- Götürə bildin nəsə?
Onun sırtıqlığına çoxdan bələd idim.
- Heç olmasa çantamı götürərdin.
- Əşi, nə bilim e, dedim, özün götürərsən. Ver görüm, birini dişləyim.
Heyvanı hərrə dişlərinə sancanda meyvənin suyu fırçıltıyla ətrafa sıçradı.
- Oxay, ləzzətlidi e. Mirhəsən gorbagor imkan vermir ki, gedib rahat yeyək.
- Səncə, bizi tanıdı?
- Yox əşi, kor şeydi, yalandan hay-küy basır.
Heyvadan iri bir dişləm daha qopardı. Böyük tikəni ağzında güclə fırlada-fırlada dedi:
- Gör axşam başıma nə gəlib. Gecə saat bir-iki olardı, çölə çıxmışdım. Həyət də zülmət qaranlıq. Tualetə tərəf gedirdim ki, gördüm, bizim alça ağacının altında kimsə gizlənib. Məni görən kimi tez başını aşağı əydi. Cəld ona tərəf yaxınlaşdım. Bir də görəm kimdi?
- Kimdi?
- Oğraş Xanış.
- O orada nə gəzir?
- Qan vurdu beynimə, Brus Li kimi uçdum havaya. Mən də yuxarı qalxdımsa, gərək adamı vuram. Təpiyim düz tutdu bunu burasından. – Əli ilə boynunu şappıldatdı. - Yıxıldı dalı üstə. Yapışdım bunun boğazından, nə yemisən, turşulu aş, - o qədər çırpdım bunu. İt kimi zəngildəyirdi.
Heyvadan bir dişləm daha götürüb gülməyə başladı.
- Nə gülürsən, qırışmal, deyəsən, bu gün beş almısan. - Xanış rişxəndlə baxırdı. Başımız söhbətə elə qarışmışdı ki, onun nə vaxt gəldiyindən xəbərimiz olmamışdı. Otuz beş-qırx yaşlarında olan Xanış üz-gözü həmişə saç-saqqalla gəzərdi. Arvadı Ceyranla tək yaşayırdı, uşaqları yox idi. Üzünə deməsələr də, kənddə hamı ondan çəkinərdi, bilmirdim, taleyi-bəxti qara gəldiyinə görə, yoxsa zəhmi-zabitəsinə görə. Hər nə səbəb olursa-olsun, ikimiz də yerimizdə donub qalmışdıq. Əsas da Səməd qorxudan sarısını udmuşdu, çünki danışdıqlarını Xanış eşidə bilərdi.
- Mama evdədi?
- ...
- Axşam qapını arxadan bağlamayın ha, gecə gələcəm.
Xanış Səmədin yanağından iki barmağı ilə yüngülcə çimdik götürüb gülümsədi:
- Qırışmal!
Xanış yanlarına basa-basa asta addımlarla bizdən uzaqlaşırdı. Səməd yumruğunu sıxıb doluxsunmuşdu. İndi onun ağlından nə keçdiyini bilirdim. Səməd “Ay oğraaaaş!” - qışqırır, Xanış arxaya çönür və ikisi göz-gözə gəlirlər. Sonra Səməd ona tərəf qaçır və Brus Li kimi havaya yüksəlir, düz sifətinə yağlı təpik ilişdirir. Xanış zərbənin təsiri ilə beş-on metr uçub kənara düşür. Yerdə sürünə-sürünə Səmədə tərəf gəlir. And-aman edir ki bağışlasın, bir daha onların evlərinin həndəvərində gəzməyəcək.