Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi

Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi
4 iyun 2026
# 10:00

Bu gün tanınmış ispan şair və yazıçı Xuan Qoytisolonun anım günüdür.

Kulis.az ədibin "Gecə yoxlaması" hekayəsini Səkinə Hüseynovanın tərcüməsində təqdim edir.

Üç yüz otuz iki nömrəli şose yolu Los Alkasares hərbi-dəniz bazasının yanından keçib, yerə qanadlı kölgələr salan saysız-hesabsız yel dəyirmanlarının kəsib-doğradığı quru düzənliyə çıxır. Elə bil qarşındakı "Don Kixot" əsərinin qravürlərindən biri, ya da rəngi bozarmış holland açıqcasıdır. Bu yerdə külək ara vermir, nəhəng cırcırama qanadlarına oxşayan dəyirman pərləri boğuq gurultu ilə fırlanır.

Qaş qaralırdı, üfüq qan rəngində idi. Yadımdadır, biz palma meşəliyinin yanında dayandıq; axşamın düşməsini xəbər verən quşlar səs-küy salmışdılar, külək dəyirmanların həzin gurultusunu əks etdirirdi, uzaqdan eşidilən uşaq səsləri və ovçuların atdığı güllələrin səsi elə bil başqa aləmdən gəlirdi. Biz hətta maşından da düşmədik, Kartaxenaya tələsirdik.

Bir gün əvvəl Valensiyada gecələmişdik, irəlidə bizi cənub gözləyirdi, uşaqlar ad günlərini necə gözləyirlərsə, biz də ora elə can atırdıq. Tər-təmiz, səliqəli, varlı kəndlər səpələnmiş Levanta düzləri geridə qalırdı və bizə elə gəlirdi ki, yeni, naməlum həyata doğru sürətlə irəliləyirik. Klaudiya buralarda olmamışdı, mən də bu yerlərə yaxşı bələd deyildim. Avqust yarmarkasının qızğın vaxtında keçdiyimiz tozlu küçələri olan qəsəbə indiki kimi gözümün qabağındadır. Bir oğlan uşağı dalımızca qışqırdı:

- İşlər kəlləmayallaqdır, arvad maşın sürür.

Qazmaçı qəsəbəsinin dağ döşünə sancılmış daxmaları gözdən itəndən sonra axır ki, Kartaxena göründü, elə o dəqiqə, atıcılara məxsus gizli bir qabaqcadanduyma hissi ürəyimi dəldi: hədəfə vurmuşam. Gün batmışdı, limana qaranlıq çökürdü. Dənizçilər dəstə-dəstə sahildə gəzişirdilər, axşam toranında suya dalmış gəmilərin silueti aydın sezilirdi. Ayaqçılar mehmanxanaların ünvanını bərkdən deyədeyə bizə tərəf cumdular. Mən pəncərədən çığırdım:

- Mehmanxana tapmışıq.

Bu yaxınlarda taxtabiti dolu bir mehmanxanada gecələmişdik, indi də bir az yaxşısında rahatlanmaq istəyirdik. Bir neçə dəqiqə liman məhəllələrində dolaşdıq. Sonra dolama yollarla "Mediterraneo" mehmanxanasına sarı yönəldik: yol göstəricisində ancaq onun ünvanı vardı. Mehmanxananın tini Prefumo meydanına çıxırdı, yer xoşumuza gəldi.

Parça dükanının yanında Klaudiya maşını saxladı, biz də gur işıqlı barlara, mağaza vitrinlərinə tamaşa eləməyə başladıq. Meydanda çoxlu əsgər və matros vardı, bir bölük əsgər hərbi idarənin qapısında qarovulu dəyişməyə hazırlaşırdı. Çamadanı çiynimə alıb, mehmanxana inzibatçısına yaxınlaşdım. Ayaqçı bizi nömrəyə ötürdü. Xidmətçi qadın dərhal duşu hazırladı, əl-üzümüzü yuduq, yorğunluğu unudub, küçəyə çıxdıq.

Liman şəhərlərini lap binadan xoşlayıram; yaxşı istirahət haqqında təsəvvürüm həmişə duz, qətran iyi ilə, gəmi fitləri ilə, dənizin yaxın olduğunu bildirən uğultu ilə bağlıdır. Keçən illər mən qənaətlə yığdığım pulu Hamburq, Antverpen, Havr limanlarında, meyxanalarında istirahətə sərf eləməyə çalışırdım.

İndi isə yeni təəssüratlardan vəcdə gələrək, meydanda gəzişir, alpinistlərə, isveçrəlilərə, inəklərə, dağlara olan ikrah hissimizi bir-birimizə bildirirdik. Mərkəzi küçə mənə Sevilyadakı İlan küçəsini xatırladırdı: bar və kafelərin stolları yolun ortasına düzülmüşdü, gəlib-keçənlər onların arasından özlərinə birtəhər yol açmalı idilər. Bircə qadın da gözə dəymirdi. Kişilər stolların ətrafına yığışıb, qayğısız halda çənə döyürdülər, çəkməsilənlər də şotka-kremlə belədən-belə şütüyürdülər.

Bəzən rastımıza gələn soldatlar Klaudiyanın dar şalvarına görə bizə atmacalı sözlər deyirdilər. Şam vaxtı yaxınlaşırdı, havanı qızardılmış balıq iyi bürümüşdü. Biz barların birində hərəmizə bir qədəh mansanilya, o birində kiçik bir qrafin ağ şərab içdik. Nəhayət, mahnı sevənlərin bir aşxanasını tapdıq, içəri girdik; Klaudiya madridsayağı hazırlanmış içalat sifariş etdi, mən də bir düjün bişmiş sardina. Stollar taxtadan idi və müştərilər özləri özlərinə qulluq etməli idilər. Burada əsgərlər, beret qoymuş, alabəzək köynək geymiş, qazmaçılar, yaxası açıq matroslar oturmuşdular.

Kimisi qabda özü üçün xörək, kimisi də şərab, ya da bir parça çörək gətirmişdi. İçəridə tər iyi, xörək iyi vardı. Əsgərlər hay deməmiş bir qrafin qırmızı şərab dalınca cumur və içərək, ahənglə əl vururdular. Onlardan enlikürək, dolu bədənli birisi cır səslə oxuyurdu. Onun yanında nərmənazik, sarışın bir əsgər divara söykənib içirdi. Yoxsul, adi vətəndaş paltarı geymişdi, yoldaşları yaxasından yapışmışdılar ki, gərək oynasın.

- Kazarmada ən yaxşı rəqqasdır, - deyə arıq bir cavan mənə izahat verdi.

- Əgər meydana girsə, hamını qatlayıb cibinə qoyar.

Soruşdum:

- Haralıdır?

- Buralıdır, Palos yaxınlığından.

Başqa bir əsgər stolumuza yaxınlaşıb, onun bütün həyatını, sərgüzəştlərini bizə danışdı. Yetimdir, daş karxanasında işləyib, nə yazmağı bilir, nə də oxumağı. Barselona kimi bir böyük şəhərdə bu oğlan tez yüksələ bilərdi. Buna o, zəmanət verir: bir vaxt orada yaşayıb və oradakıların rəqs hərisliyinə bələddir.

- Əgər bir impressario tanıyırsınızsa, onunla tanış eləyin, peşman olmazsınız.

- Adı nədir? - Lopes Rosas Qonsalo... Ancaq hamı onu "Artist" çağırır. O danışan müddətdə iki nəfər də bizə yaxınlaşdı, onlar da təsdiq elədilər: Artist şəhərdə ən yaxşı rəqqasdır, ən çətin rəqsləri ustalıqla oynayır, amerikalıların çempionu ilə yarışıb və ona qalib gəlib...

- Amerikalıların?

- Eskombrerasda mərkəzi xətdə işləyənləri belə adlandırırdılar.

- Hansı mərkəzi xətdə?

- İstilik xəttində.

Onlar bir neçə mindirlər. Görünür, amerikalılar tələsirlər, maaşı hamıdan çox verirlər. Məni bu "amerikalılardan" biri ilə tanış etdilər: qara, qalın qaşları olan, göllərin suyu kimi mavi gözləri dərində yerləşmiş adam. O da Artistin rəqsini görmüşdü.

-Hə, bir gecə, direktorun və mühəndisin yanında azı üç saat fandanqo, tientos, soleares rəqslərini oynadı. Onu bizimkilərlə yarışmağa gətirdilər, o da tikintimizin ən yaxşı rəqqaslarını utandırdı...

- Siz gərək onun rəqsinə baxasınız. Onun xatirinə bura gəlməyə dəyər. Artist, hamının ona maraqla baxdığına etina etmir, dodaqlarını şərab stəkanından ayırmırdı. Öz fikir-xəyal aləminə qapılıb, yoldaşlarına laqeyd nəzərlərlə baxır və alnına tökülən telinin ixtiyarsız hərəkətlə sığallayırdı.

Həmişə belədir, deyə arıq oğlan izah elədi. Əməlli-başlı keflənməyincə yerindən tərpənməz.
Kapral da Kataloniya ləhcəsilə:
- Gəzməyi, kefi xoşlayan zabitimiz həmişə onu öz dəstəsinə qoşur, - dedi.
- Zabit Ramosun nişanlısı Əndəlis rəqslərinin məftunudur.
- Keçən bazar günü onu təpə meyxanasına aparmışdılar, ordan xərəkdə endirdilər.
- Təkbaşına bir şüşə cirə arağı içdi.
- Bir axşama iki şüşə konyak içdiyini özüm görmüşəm.
Əsgərlər Artisti dövrəyə aldılar: köynəyindən, ayağından dartırdılar, birisi altındakı stulu çəkməyə can atırdı. Kapral da ayağa durdu və onun qulağına nə isə pıçıldadı. Cavan oğlan tələsmədən başını döndərdi və onun baxışından hiss elədim ki, kapral ona bizim barəmizdə nə isə deyib.
Kapral:
Şəhərin şərəfini ayağa salmamalısan, - deyib bizə göz vurdu.
- Senyorlar gəlmədirlər və sənin necə rəqs elədiyinə baxmaq istəyirlər.
Görünür, bu sözlər təsirsiz qalmadı, Artist yerindən qalxdı və salamlaşmaq üçün bizə yaxınlaşdı. İndi onun üzünə gur işıq düşmüşdü, mən də onu yaxşı-yaxşı görə bildim. İlk baxışda mənə göründüyündən də arıq, zərifdi, görkəmi də vaxtsız qocalmış adamın görkəmi kimi xəstə, yorğun idi.
O, Klaudiyaya üz tutdu:
- Sizin üçün rəqs elərəm.
Onun bu qərarı alqışlarla qarşılandı. Arıq oğlan zalın qapısında yox oldu və tez də gitara ilə bərabər qayıtdı. Bir müddət onu köklədi, əsgərlər də yer açmaq üçün stulları kənara çəkdilər.
Artist gözlərini yerə dikib dayanmışdı, bir çəngə sarı teli alnına tökülmüşdü. Kataloniyalı kapral Klaudiyanın yanında oturub, özündən razı halda gülümsündü:
- Bu mursiyalılarla ancaq belə rəftar eləmək lazımdır. Dəbərtməsən, yerlərindən tərpənməzlər.
Bir sahibi bütün bu hazırlığa baxmaq üçün bizə yaxınlaşdı, məndə hər adama bir stəkan şərab sifariş elədim. O:
- Ancaq dava salmayın, - deyə xəbərdarlıq etdi, qonşular şikayətlənərlər, mən də cərimə verməli olaram.
Kapral qışqırdı:
- Narahat olmayın, don Anxel, hər iş qaydasıyla gedəcək!
- İspanlara yaraşan kimi.
- İspanlara və kişilərə.
- Deyirəm ki, keçən dəfəki kimi dava salmayın.
- Keçən dəfə dava salan biz deyildik.
- Siz ya başqaları, nə təfavütü?!
- Arxayın olun, şef.
- Biz vəd elədik də, daha nə...
Gödək əsgər əlini qaldırıb, sükut yaranmasını gözlədi, hamının nəzəri Artistin zərif bədənində qərar tutdu.
- İndi o, rəqsə hazırdır, - deyə kapral bizə izahat verdi. - Siz qeyri-adi oyun görəcəksiniz.
"Amerikalı" da təsdiqlədi.
- Hə, belə şey tək-tək ələ düşər.
Gitaraçı fandanqo rəqsini çaldı, "Kartaxena uğrunda! Kazarma uğrunda!" səsləri altında əsgərlər əl vurmağa başladılar.

II

"Amerikalı" haqlı idi: təkcə Artistin rəqsini görmək üçün Kartaxenaya gəlməyə dəyərdi. O gecədən on bir ay keçsə də, Artist gözümün qabağından getmir: səliqəli, yüngül hərəkətli, vəcdə gəlmiş, bir çəngə saç üzünə tökülüb, hərəkətləri dəqiq, yığcam, hamının ona heyranlığına sanki laqeyd. Onun rəqsə nə vaxt başladığı və bizi bardan nə vaxt qovduqları yadımda deyil. Bar sahibi stəkanları bir neçə dəfə şərabla doldurdu, biz də qədərindən çox içdik. Ancaq o yadımdadır ki, vecsiz bir matros Artistlə oynadı və gitaranın gur akkordları altında onlar hindu-apaşların rəqsini yamsıladılar.

Klaudiya da mənim kimi vəcdə gəlmişdi və stolun altında hey əlimi sıxırdı. Artist əsil artist idi! Bayramların heç birində belə coşqun, istedadlı rəqqas görməmişdim. Bardan çıxanda şərab dostları onu çiyinlərinə alıb, nəğmə oxuya-oxuya, hay-küylə xeyli apardılar.
Küçələr hələ adamla dolu idi, biz içmək üçün bir neçə bara girdik.
Artist sanki yorulmaq bilmirdi, xahiş elədikcə oynayırdı. Sarı tellər alnına yapışmışdı, üzündən tər axırdı.
Bircə dəfə o, stəkanını stəkanımıza vurmaq üçün bizə yaxınlaşdı, üç-dörd kəlmə danışdı. Səsi uşaq səsinə oxşayırdı. Soruşdu ki, rəqs xoşumuza gəlib, ya yox. Cavab verdik ki, çox, o da razı halda susdu.
Az sonra yoldaşları onun üçün yenə içki gətirdilər. Əvvəlcə onun haqqında danışan adam kapralla mübahisəyə girişdi. Qalanları onları ayırmağa başladılar, kim isə təpə meyxanasına getməyi təklif etdi.
Prefumo meydanının sol tərəfində, hərbi idarənin qapısı ilə üzbəüz dar, əyri bir küçə şəhərin aşağı hissəsini El Molitene rayonu ilə birləşdirir. Yoxuş dikdir, asta yeriməli olursan. Nəhayət, qaz fanarı ilə işıqlanmış meydana çıxırsan; liman şəhərinə məxsus, kiçik, yöndəmsiz meydan; eyvanlarda paltar səriblər, zir-zibilin üstündə pişiklər ordan-ora qaçır. Elə bil başqa aləmə düşürsən; havanı çürüntü iyi bürüyüb, radiolar boş yerə bağırır, gitaranın boğuq dınqıltısı eşidilir. "Mayami", "Yaşıl palma", "Fanar", "Gəmicik"barları bir-birinə qısılıb, onların rəngbərəng: qırmızı, yaşıl, bənövşəyi, mavi işıqları gecəni parlaq, rəngarəng çələnglə bəzəyir.
Klaudiya ilə mən belə təzadı gözləmirdik və bu tamaşaya valeh olub, ayaq saxladıq. Qardemarinlər, matroslar, əsgərlər bardan-bara gedirdilər, bəziləri dönüb Artistlə salamlaşırdı. Qarabuğdayı, boyalı bir qızla qol-qola gedən amerikan zabiti yanımda qaldı; o, sərxoş idi və bizimlə yenə içmək istəyirdi. Oyuncaq tapancası ilə tindən bizə atəş açan oğlan uşağı xatirimdədir; anası onun qulağından yapışıb, evlərinə apardı...
Biz bir bara girdik, uzun piştaxtanın arxasında beş-altı qadın dayanmışdı. Kənar stollardan birinin arxasında zabitlər oturmuşdular, Artisti görən kimi ayağa qalxdılar.
- Budur gəldi!
- Köpək oğlu!
- Hansı cəhənnəmdə qalmısan?
- Yoldaşlarımla idim.
- Biz hər yerdə sizi axtarırıq.
- Bilmirdim... Mənə heç kim heç nə deməyib.
- Heç kim, heç kim... Yaman şeysən.
- Əməlli-başlı da keflənmisən, hə?
- Qaydasınca, leytenant.
- Ona görə də bizimlə qalırsan və bu dəqiqə də oynamalısan. Hә, tez ol.
- Gitara yoxdur.
- Olmasın. Gitarasız da oynarsan.
- Necə əmr edirsiniz.
O, üzr istəyirmiş kimi bizə tərəf döndü, zabitlər əl vurmağa başladılar. Bir göz qırpımında bardakılar onu dövrəyə aldılar. Əsgərlər də ritmlə əl çalırdılar, biz Klaudiya ilə piştaxtanın yanında dayandıq.
- Xoşunuza gəlir, hə?
Bu, kapralla mübahisəyə girişən adam idi.
- Bəli, çox.
- Ömrümdə çox rəqqas görmüşəm, amma beləsinə rast gəlməmişəm.
O, xırıltılı səslə danışırdı, elə bil sıxılırdı. Bir neçə kəlmə ilə oğlanın tərcümeyi-halını bildirdi: müharibədən sonra ata-anasını güllələyiblər, onu əmisi saxlayıb, rəqs eləməyi ona heç kəs öyrətməyib.
- Heç kəs?
- Heç kəs. Hər şeyi özü öyrənib, daş karxanasında...
O dedi ki, işdən sonra böyüklər oğlanı özləri ilə içməyə aparırdılar. Şəhər kənarındakı meyxanada radioya qulaq asırdılar. Hər dəfə musiqi çalınanda oğlan oynayırmış... Musiqidəki ahəngi duymaq onun qanında var. Daş karxanasının fəhlələri də onu doğma oğul kimi sevirdilər, o, rəqsi fəhlələrin gözü qabağında öyrənib, onun rəqsi başqalarında olduğu kimi, adi öyrənmə, əzbərləmə deyildi, qəlbinin dərinliklərindən gəlirdi.
- Dəyərli oğlandır, bəli, - deyib sözünə yekun vurdu. Həm də xeyirxah, rəhmlidir. Belələri qızıla bərabərdir...
- Elədir, bu, o saat gözə çarpır...
- O, yox deməyi bacarmır və qəpik-quruşa oynayır. Hamı da bundan istifadə edir.
- İstifadə edir? Neсə?
- Sıxıb suyunu çıxarırlar. Əvvəlcə içirdirlər, sonra da yorulub əldən düşüncə oynadırlar.
O, söhbətinə davam edirdi:
- Zabitlər onu həmişə dallarınca sürüyürlər. Kazarmada iş-gücləri yox, az qala hər gecə keflənirlər. "İqamətgah" meyxanasında başlayırlar, əgər əngəl-filan olmursa, qadın ələ keçirmək, ədabazlıq eləmək üçün təpəyə qalxırlar. Veclərinə də deyil ki, oğlan səhər altıda yuxudan durmalıdır. Ardınca növbətçi göndərib, yatağından çıxardırlar... Bəs o? O, nə üçün gedir?

Əsgər əsəbiliklə:
- Elə mən də ona bunu deyirəm. O, zabitlər kimi gündüz yata bilmir. Bədəncə də zəifdir... Ömrü uzunu işləyib, yeddi yaşından.
Artist rəqsi qurtarıb, nəfəsini dərmək üçün dayandı. İndi oğlan uşağına oxşayırdı: alnında həlqələnmiş tellər, baxışı dumanlı, sual dolu. Rəngli köynəyi yamaq-yamaqdı, şalvarını da belində qayış əvəzinə, bir parça köhnə ip bağlayırdı.
Dostu gileylənirdi:
- Onların bu oğlana zərrəcə hörmətləri yoxdur. Mənim atam daş karxanasında onu tanıyırdı, danışırdı ki, orada onu qiymətləndirirdilər... Burdakı kimi yox. Kimin kefinə düşür, onun suyunu sıxıb çıxarır, bu adamın dəyəri nədir, buna tüpürürlər.
Artistin gicgahlarındakı damarlar şişib qalxmışdı, mənim vücudumdan gizilti keçdi.
Klaudiya soruşdu:
- Xidməti nə vaxt qurtarır?
Əsgər məyusluqla cavab verdi:
- On aydan sonra. Gələn yay.
- Heyf, - dedim.
- Hə, heyf.
- Madriddə ona tez iş tapardım.
- Bəli.
O da Antonio və Fange cinsindəndir...
- Bəli.
- Dost-tanışım var, ona kömək eləyə bilərdim.
-Bəli, bəli.
O, mənim fikrimi başa düşmüş kimi gözlərini yerə dikdi və siqaret yandırdı.
- O əsil artistdir, dedi. - Əbəs yerə puç olub getsə, çox təəssüf.

# 117 dəfə oxunub

Oxşar xəbərlər

Balaca qadın -  Frans Kafkanın novellası

Balaca qadın - Frans Kafkanın novellası

18:45 3 iyun 2026
Marmelad - Sara İbrahimin hekayəsi

Marmelad - Sara İbrahimin hekayəsi

14:00 3 iyun 2026
Alman kilsəsi - Afaq Məsudun hekayəsi

Alman kilsəsi - Afaq Məsudun hekayəsi

10:00 3 iyun 2026
"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

13:40 2 iyun 2026
Sezai bəy - Orxan Kamalın hekayəsi

Sezai bəy - Orxan Kamalın hekayəsi

11:00 2 iyun 2026
Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər