Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fariz Yunislinin "Bircə dəfə" hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Ömür xalısı yarımçıq qalan anamın vəfatının ildönümünə
Atam xalça toxuduğun zaman, hana başında görüb bəyənmişdi səni. Xalça sexinin müdiri barəndə o qədər gözəl sözlər demişdi ki. Xüsusilə mahir xalça toxumağınla gözəl xasiyyətinin bir-birini tamamlaması fikri atamın ürəyinə yağ kimi yayılmışdı. Sən xalı toxumaqda nə qədər usta olsan da, ömür xalçanın cəmi 46 ilməsini vura bildin...
Mən 30 ildən çoxdur anasız günləri xatırlayır, bu böyük yoxluğun varlığını təsəvvürümdə canlandırmağa çalışıram. Ailəmizdə hər kəs məni aldadırdı. Məni görən kimi söhbətlər kəsilir, pıçıldaşmalar başlayır, mövzu başqa səmtə yönəldilirdi. Sənin atan evinə getdiyinə inanmışdım. Həmyaşıdlarım və bir qədər böyük uşaqlar sənin vəfatını bilə-bilə məni sorğu-suala tuturdular:
– Anan hardadı?
– Gedib Dəstəyurda.
– Nə vaxt gələcək?
– Atam deyir, tez gələcək...
“Gələcək” kəlməsini elə inamla deyirdim ki, sanki sən dirilib gələcəksən, bizim üstümüzdən yetim adını götürəcəksən. Dükançımızın oğlu isə baltanı lap dibindən vurmuşdu:
– Nənəmlə anam dünən sənin adını çəkib ağlayırdılar. Deyirdilər ki, uşaq atadan yox, anadan yetim qalır...
Bir gün atamın məni görcək əlinin kəfəsiylə gözlərinin yaşını sildiyini hiss elədim, israrla niyə ağladığının səbəbini soruşdum:
– Nə ağlamaq, bala, əl-üzümü yumuşam. Qaşlarım elə qalındı ki, özündə bir aləm su saxlayır, onu silirəm...
Səhəri gün yenə təsadüfən atamı ağlayan gördüm. Bu dəfə kişi məni qabaqladı:
– Bala, sevincdən ağlayıram. Gör sevinmək üçün nə qədər səbəbim var. Sizin varlığınıza sevinirəm. Qorxuram naşükürlük eləyəm, sizlərdən uzaq düşəm.
Atamın az qala hər gün ağlaması məni şübhəyə salırdı. Elə bilirdim ki, məndən nəyisə gizlədirlər.
Bir gün atam üzünə zorla təbəssüm verərək dedi:
– Başına dönüm, anandan yana elə darıxıram ki! Görəsən, o heç darıxmır?!
Yox, əgər darıxsaydı, ta çıxıb gələrdi. Amma gəlmir, gərək özüm gedəm... Əvvəllər birtəhər dözürdüm onun yoxluğuna. İndi görürəm ki, alışa bilmirəm. Amma sizlərlə, ələlxüsus da bacınla, sənlə təsəlli tapıram...
Gözlərim atamdan asılı qalmışdı. Birdən sanki yuxudan ayıldım, təəccüblü-təəccüblü:
– Ata, nolar, gedək anamın yanına! – dedim.
Kişi bir anlıq tutuldu, ancaq özünü itirmədi:
– Bala, getməyə gedərik. Bilirsən ki, anan çox uzaqdadı. Həm də bu bir ev dolusu adamı kimə tapşırım, necə eləyim?! Deyirsən, bəlkə, mən istəmirəm, lap burnumun ucu göynəyir. Sən indi ana qayğısı, ana nəfəsi görməsən, bəs nə vaxt görəcəksən. Mən də istəyirəm biz birlikdə olaq!
Bunları deyəndə atamın çənəsi əsir, sözlər ağzında dolaşırdı.
– Ata, anamı yuxuda görə bilərəm? Heç sənin yuxuna gəlibmi? – deyə soruşdum.
– Bala, ha çox. Ancaq yuxuda görüşəndə nə qədər çağırıram, elə bil heç nə eşitmir...
– Mən yuxuda görsəm, danışacam. Yəqin ki, məni eşidər. Elə bir dəfə ağlamağımı görsə, məni bağrına basacaq...
Atam şorbasına doğrayacağı quru lavaşı əvvəlcə sənin üçün gözlərindən axan yaşla isladırdı. Bizləri bircə gün də ac-susuz qoymazdı. Hətta bığı ütülməsin deyə, ağzını parça ilə sarıyıb təndirə də əyildi. Yaxın qohumların bizlərdən birini aparıb saxlaması təklifi ilə heç vaxt razılaşmadı. Çünki sən ona elə bir əmanət tapşırmışdın ki, bir an da olsun, gözdən qoya bilməzdi. Üstümüzdə nanə yarpağı kimi əsirdi.
Atamın gətirdiyi yeni ana əziyyətimizi çox çəkdi. Böyük qardaşımın dilincə "bacı" deyə müraciət etdiyimiz insan bizə gözün üstə qaşın var demədi. Hər gün atamızın göz yaşına o da şərik oldu...
Narahat olmayaq deyə, atamla sənin böyüdülmüş birgə şəklinizi 2-3 il zirzəmidə sandıqda saxlamışdılar – bizi ovutmaq üçün. O şəkillər otağın divarından asılan günü kimsənin görməsini arzulamıram... Həmin məşum anlarda qardaş-bacıma qoşulub ağlaya bilmədim. Çünki hələ də əmin idim ki, sən gələcəksən. Elə bilirdim ki, analara öz balasını yetim qoymağa kimsə səlahiyyət verməyib. O zaman yeni anamız da onlara qoşulub ağlayırdı. Bu xanımdan bir qardaş, bir bacım da doğuldu. Onlar da bərkə düşəndə bizim kimi sənin ruhuna and içirdilər...
Bir qədər böyüyəndən sonra mənə elə gəlirdi ki, divardan asılan həmin çərçivədən ağ kəlağayılı şəklin deyil, özün boylanırsan. Təkcə boylanmırsan, gözlərini qırpmadan bizə nəzarət edir, muğayat olursan...
Hər il bir oğul dünyaya gətirməyin bəziləri üçün böyük dərdə çevrilmişdi... Yeganə qızın doğulanda bir qədər rahatlamışdın. Bacın olmadığı üçün qızın həm də sənə sirdaş olacaqdı. 25-30 yaşlarında iki qardaş itirmiş bacı kimi qızın sənə çox gərək idi... Amma saçını hörüb birinci sinfə yola sala bilmədin. Bacım məktəbə qədəm qoyanda müsibət qopmuşdu. Müəllimlər, yaşlıdan cavana, qadından kişiyə – hər kəs göz yaşı tökmüşdü. Artıq o, “anasız qız” adını daşımağa məhkum olmuşdu...
Bizdən yana özünü oda-közə atan nənəm 90 yaşına çatsa da, əyləşdiyi yerdən zor-güclə qalxanda uşaq kimi anasını arzulayırdı. Mən də bir əsgərlikdə, bir də toyum ərəfəsində sənin yoxluğunu daha çox hiss elədim. 25 yaşda əsgər paltarı geyinsəm də, həftə sonları oğlunun yanına gələn anaları görəndə nisgilim dünya boyda olurdu. Əsgərlər analarının boynunu qucaqlayanda mən də sənin həsrətini bağrıma basırdım...
Hər kəs atasının güclü, müdrik, anasının gözəl, qayğıkeş olduğunu qəbul edir. Ağlım kəsəndən sənin haqqında doğmaların, qohumların fikirlərindən daha çox yadlardan eşitdiklərim mənim üçün meyar olub...
Hərdən məndən böyük qardaşlarıma, bacıma sənin, bir dəfə də olsun, yuxuma gəlməməyindən şikayətlənirəm. Deyirlər ki, biz anasız qalanda mən iki yaş yarımlıq olmuşam, səninlə ünsiyyətim, hissi bağlılığım olmayıb. Bu da yaddaşımda iz sala bilməyib. Mən də cavab verirəm ki, məgər mədəniyyətimizin peyğəmbəri Üzeyir Hacıbəyli, ədəbiyyatımızın əfəndisi Hüseyn Cavidlə canlı ünsiyyətim olub? Hər ikisini yuxuda görmüşəm. 2014-cü ilin 30 iyulunda ailəmizə əkiz övlad nəsib olmuşdu. Hələ doğum evində idilər. Günorta evdə bir anlıq yuxuya getdim və Cavidli bir dünyaya düşdüm. Camaatın qarşısında nitq söyləyən dahi şair-dramaturq “Mən Tanrının izzət göstərdiyi bəndələrdənəm. Adımın qarşısına “Cavid” yazıldı!” deyirdi...
Ancaq mən o möcüzəli günü – yuxuda sənin yerişini görmək, danışığını eşitmək istəyirəm. Özü də 46 yox, 82 yaşında – qırışlarının həyat ağacı yaratdığı simanı... Heç olmasa bircə dəfə...
Vəfatından 21 il sonra adını verdiyimiz 16 yaşlı nəvən Mərcan məzarının yanında torpağa tapşırılıb. Onun məzar daşına qiymətli şairimiz Hüseyn Bağıroğlunun "Bu dünyadan hərəyə bir daş çatar, O da olar kədərli qəbir daşı" misralarını həkk elətdirdim...
Ana, səndən bizə tək elə “kədərli qəbir daşı” yox, çox şey çatıb; qətiyyət, qürur, dürüstlük, ədalət... Minnətdaram!
iyun 2021