Xəyanətə sürükləyən səbəb

Xəyanətə sürükləyən səbəb
20 iyun 2025
# 14:00

Kulis.az Günel Novruzun "Məhkəmə salonlarında bitən illüziyalar..." yazısını təqdim edir.

Bu yaxınlarda Ulucay Akifin “Boşanmaların əsas səbəbi nədir?” adlı yazısını oxudum. Müəllifin bu mövzuya cavab olaraq əsas arqumenti yanlış seçimlər oldu. Bir çox maraqlı məqamları açıqlasa da, yanlış seçimlərin səbəblərinə daha dərindən toxunmayıb. Bəs niyə kişilər və qadınlar bu qədər yanlış seçimlər edirlər?

Kişilərin səhvləri bəzən daha açıq və güclü şəkildə təzahür edir. Kişilər çox zaman münasibət və sevgi məsələlərində impulsiv qərarlar verir – yəqin ki, hormonal olaraq... Ən sadə halda, cəmiyyət, xüsusən, qadınlar, kişilərdən daim güc və iqtidar gözləyirlər.

Məsələn, bəzi kişilər yalnız fiziki cazibə və ya sosial statusları səbəbindən, ya da bir bibi ya da xala məsləhəti ilə qadınları seçirlər. Lakin bu, çox vaxt yanlış seçimlərə səbəb olur, çünki belə əlaqələr dərin və davamlı olmur. Kişilər çox vaxt öz emosional ehtiyaclarını açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Güclü və əzmkar görünmək istəyərkən, həqiqi hisslərini gizlədirlər və nəticədə özlərinə uyğun olmayan bir həyat yoldaşı seçirlər. Ən çox istədikləri, idealizə edilmiş bir qadındır, amma reallıq bambaşqadır. Kişilər bibi və xala tövsiyəsi ilə ailə qursa da, sonralar emosional ehtiyaclarını ödəmək üçün başqa qadın axtarırlar.

Qadınların yanlış seçimləri isə bəzən cəmiyyətin gözləntiləri ilə sıx bağlıdır.

Cəmiyyət qadınlardan "sevgi" və "ailə" kimi anlayışlara xidmət etmələrini gözləyir. Bu gözləntilər qadınları, bəzən öz hisslərini və ehtiyaclarını kənara qoymağa vadar edir. Cəmiyyət, əsasən də, kişilər, qadınlara ailədə “fədakar qurban” rolunu yükləyir. Onların ailədə hər zaman səbirli, dözümlü olmaqları, fiziki, psixoloji və iqtisadi təzyiqlərə boyun əymələri gözlənilir. Bu isə qadınları çox vaxt öz arzularını və istəklərini ikinci plana atmağa məcbur edir.

Qadınlar bəzən, sadəcə, ana roluna bürünüb, həm özünün, həm də ərinin emosional və fiziki ehtiyaclarını unudur.

Çox vaxt həyat yoldaşına, sadəcə, “dost” və ya “sevgili” olmağın vacibliyini gözardı edirlər.

Sonradan isə evdən uzaqlaşmış həyat yoldaşını geri qaytarmaq ümidiylə ya falçı-baxıcı qapılarında ağac kimi bitirlər, ya da evdə kişinin gününü göy əskiyə bükürlər.


Yaxud da bəzi boşanan qadınlar “mükəmməl” bir kişini tapmaq arzusuyla gözlərini bağlayıb özlərinə uyğun olmayan insanlarla əlaqələr qurur, həyatlarında dəstək və sevgi gözləyir. Amma nəticə "heç nə" olanda və bu ehtiyacları qarşılanmayanda növbəti xəyal qırıqlığı baş verir. Çox erkən yaşlarda - romantik hisslərə əsaslanıb, “bütün həyatımı bu insana həsr edəcəyəm” fikri ilə qərar verənlər də sonradan səhv etdiklərini başa düşürlər.

Kişilər və qadınlar arasında yanlış seçimlərin səbəbləri çox vaxt oxşar olsa da, cəmiyyətin fərqli gözləntiləri və rol təzyiqləri onların seçimlərinə müxtəlif şəkildə təsir edir. İnsanlar özləri də bəzən yetkin düşüncədən uzaq, idealizə edilmiş münasibətlər və ya şəxslər üzərində qurmağa meyllidir. Onlar sevgi, yaxınlıq və dəstək tapmaq istəyirlər, amma bu istəyin arxasında çox zaman ehtiyaclar, qorxular və gözləntilər durur.

Əlavə olaraq, insanlar bəzən tələskənlik, maddi düşüncələr, ailə təzyiqləri və cəmiyyətdəki stereotiplər kimi amillər səbəbindən yanlış seçimlər edirlər. Psixoloji olaraq yetkinləşməmiş və xaraktercə bir-birinə uyğun olmayan insanlar arasında qurulan ailələrin ömrü çox vaxt ya məhkəmə salonlarında, ya da digər travmatik şəkildə sona çatır.

Yanlış seçimlərin kökündə çox zaman kənar təzyiq, ənənəvi gözləntilər və şəxsi mənəvi-emosional boşluqlar dayanır.

Həm kişilər, həm də qadınlar öz ehtiyaclarını və duyğularını kənara qoyaraq, sosial normalara uyğun hərəkət etməyə çalışırlar. Amma hər iki tərəf də öz içindəki həqiqəti və özünü anlamağa çalışmalıdır.

Romantizmdən daha çox, real, güclü və səmimi əlaqələrə yönəlmək lazımdır. Həm kişilər, həm də qadınlar yalnız özlərini tanıyandan və dərk edəndən sonra, öz ehtiyaclarına və duyğularına uyğun seçimlər etməlidirlər.


Əks halda, bu ölkənin vəkilləri və hakimləri daim boşanma məsələləri ilə məşğul olacaq...

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

18:35 13 noyabr 2025
“Mən Hötenin qəlbindəki son pıçıltı idim...” - Qoca şairin gənc muzası

“Mən Hötenin qəlbindəki son pıçıltı idim...” - Qoca şairin gənc muzası

17:21 13 noyabr 2025
Raskolnikov, Onegin, Oblomov...   - Rus ədəbiyyatının  ən arzuolunmaz kişi obrazları

Raskolnikov, Onegin, Oblomov... - Rus ədəbiyyatının ən arzuolunmaz kişi obrazları

17:20 13 noyabr 2025
Dövlət Xidmətinin rəisi:  "Tarixi abidələr mərhələli şəkildə bərpa edilir" - Müsahibə

Dövlət Xidmətinin rəisi: "Tarixi abidələr mərhələli şəkildə bərpa edilir" - Müsahibə

16:55 13 noyabr 2025
Çıraqqalada  infrastruktur yaradılacaq

Çıraqqalada infrastruktur yaradılacaq

15:18 13 noyabr 2025
Napoleonun brilyant broşu  3,5 milyon dollara satıldı

Napoleonun brilyant broşu 3,5 milyon dollara satıldı

15:00 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər