Xudu Məmmədovun oğlu: "O demişdi ki, biz Xudu Məmmədovu ölümə məhkum etmişik" - Müsahibə

Xudu Məmmədovun oğlu Toğrul Məmmədov

Xudu Məmmədovun oğlu Toğrul Məmmədov

15 oktyabr 2026
# 10:00

Bu gün Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədovun anım günüdür.

Kulis.az "Atamın xatirəsi" layihəsi çərçivəsində Ülvi Bahadırın alimin oğlu Toğrul Məmmədovla müsahibəsini təqdim edir.

— Toğrul bəy, Xudu bəy əvvəl sizi həkimliyə, sonra isə neft institutuna yönəltmək istəyib. Halbuki sizin əsas marağınız elektronika olub. Atanızın istəyi ilə şəxsi seçiminiz arasında sonda kim qalib gəldi? Xudu Məmmədovun oğlu olmaq sizə hansı qapıları açdı, hansıları bağladı?

— Səkkizinci sinifdə oxuyanda atam mənə həkimlik oxumağımı məsləhət gördü. Halbuki mənim çoxdankı arzum texnika, xüsusən də elektronika sahəsi idi. İlk ağlıma gələn bu oldu ki, biologiyanı yaxşı bilmirəm. Orta məktəb səviyyəsində müəyyən qədər məlumatım vardı, amma tibb təhsili almaq üçün biliklərim kifayət etmirdi. Atam narahat olmamağımı, müəllimdən xahiş edərək mənimlə məşğul olacağını və biologiyanı öyrənəcəyimi dedi.

Sonra bildirdim ki, qeyri-üzvi kimyanı başa düşürəm, amma üzvi kimya mənə çətin gəlir. Mürəkkəb molekulların quruluşunu, halqalı birləşmələri və sairəni dərk edə bilmirəm. Atam buna da narahat olmamağımı, üzvi kimyanı özünün öyrədəcəyini dedi.

Həmin vaxt iş masamın üstündə elektron sxemi yığırdım. Atama izah etdim ki, futbola elə də böyük marağım yoxdur, yalnız “Qarabağ” oynayanda izləyirəm. Amma uşaqlar məni futbol oynamağa çağırsalar, sxemi yarımçıq qoyub onlarla oynaya, sonra qayıdıb işimi davam etdirə bilərəm. Həkim olsam, xəstənin üzərində işləyərkən, məsələn, əməliyyat zamanı uşaqların çağırışına gedə bilmərəm.

Atam güldü və dedi, aydındır, səni fikrindən daşındıra bilmədim.

Sonra məni indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə apardı. Atam maraqlandığım sahənin ən yaxşı burada tədris olunduğunu dedi və ora daxil olmağımı məsləhət gördü. Beləcə, ixtisas seçimimlə bağlı söhbətimiz yekunlaşdı. Atam bir daha bu məsələyə qayıtmadı.

— Hazırda hansı sahədə çalışırsınız?

— İxtisasım avtomatika sistemlərinin elektronikasıdır və hazırda da bu istiqamətdə çalışıram. Müxtəlif vaxtlarda, müxtəlif yerlərdə işləmişəm, amma gördüyüm işlər həmişə bu və ya digər formada əsas ixtisasımla bağlı olub.

Atamın anası bəy qızı idi. Qarabağ bəyi Hacı bəyin qızı Şirin xanım. Cavan yaşında vəfat etdi. Bu, onun həyatının ilk ağrısı oldu. Digər tərəfdən, 1937-ci ilin hadisələri, müharibənin ağrıları və sonrakı çətin illər onun xarakterinin formalaşmasına böyük təsir göstərdi. Bütün bu çətinliklər onu daha da möhkəmləndirdi, əzmli və mübariz bir insan kimi yetişdirdi. O, çətinliklərə sinə gərməyi və onların öhdəsindən gəlməyi bacarırdı.

— Sizə münasibəti necə idi?

— Mənə qarşı hər zaman ata-bala münasibəti göstərirdi. O, məni nəsihətlərdən çox, öz nümunəsi ilə tərbiyə edirdi. Məsələn, bir dəfə mənə elə bir söz dedi ki, həmin söz mənə çox dərindən təsir etdi. Uşaq vaxtı düşünürdüm ki, kaş məni döyərdi, amma o sözü deməzdi. Çünki döyülməyin ağrısı bir-iki günə keçib gedərdi, amma həmin söz bir ay boyunca fikrimdən çıxmadı.

Bir dəfə dostlarımla bölüşmək istəmədiyim bir hadisəyə görə məni elə danladı ki, bu, mənim üçün yaxşı dərs oldu. O, mənə başa saldı ki, başına gələnləri, yaşadıqlarını böyüklərlə və dostlarınla bölüşmək çox vacibdir. Bunun insana fayda verdiyini anladım.

— Bəs evdə qayda-qanun necə idi?

— Evdə müəyyən qaydalar vardı. Amma o, nəyisə açıq şəkildə qadağan etmir, “olmaz” demirdi. Bununla belə, nəyin yolverilməz olduğunu özün anlayırdın. Bu, onun üçün kifayət idi.

— Sovet dövründə atanızın baş verənlərə münasibəti necə idi?

— Onun bu məsələlərlə bağlı kifayət qədər konkret fikirləri vardı. Hər şeyi görüb yaşamış insan kimi nəyin yaxşı, nəyin pis olduğunu yaxşı bilirdi. O, təkcə sovet mətbuatını oxumaqla və televiziyaya baxmaqla kifayətlənmirdi, xarici ölkələrin radiolarına da qulaq asırdı.

— Sizin texnikaya marağınız necə yarandı?

— Hələ pioner olduğum vaxtlardan elektronika ilə maraqlanırdım. Bir dəfə xarici radioların yayımlarına mane olan siqnalları aradan qaldırmaq məqsədilə bir qurğu düzəltdim. Amma qurğu o qədər də güclü deyildi. Yalnız qonşu otaqda yerləşən atamın radioqəbuledicisinə təsir göstərə bilirdi, radiotezliklərə nəzarət edənlərin diqqətini isə cəlb etmirdi.

Bir gün atam İngiltərədən qayıdanda özü ilə türk müğənnilərinin Azərbaycan xalq mahnılarını ifa etdiyi vallar gətirmişdi. Mən də həmin vallardakı musiqiləri qurğum vasitəsilə yayımlamağa başladım. Bir neçə mahnını səsləndirib efirə ötürdüm. Təsadüfən həmin siqnalı tutan atam otağıma gəldi. Texniki yaradıcılığımı görəndə çox sevindi. Səsin təmiz gəlməsinə təəccüblənərək dedi ki, nə yaxşı, səs keyfiyyəti də yaxşıdır. Bu dəfə məni danlamadı, çünki qurğudan faydalı iş üçün istifadə edirdim.

— Ananız da elmi işçi olub.

— Bəli. Atamla institutda tanış olublar. Əvvəlcə Neft və Kimya İnstitutunda müəllim işləyirdi, sonradan Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışmağa başladı. Rentgen-struktur analizi sahəsində, maddələrin quruluşunun rentgen avadanlığı vasitəsilə öyrənilməsi istiqamətində tədqiqatlar aparırdı. Beləliklə, valideynlərimin elmi fəaliyyət sahələri müəyyən qədər bir-birinə yaxın idi.

— Bəs 1980-ci illərdə atanızın siyasi fəaliyyəti evdə hansı gərginliklərə səbəb olurdu? Ananızın və ya sizin ona “dayan” dediyiniz vaxtlar olub, yoxsa əksinə, onu dəstəkləyirdiniz?

— Heydər Əliyevin “Literaturnaya qazeta”nın müxbirinə verdiyi məşhur müsahibə var idi. “Qoy ədalət zəfər çalsın” adlanırdı. Həmin yazı sonradan nəşr olunan broşürdə də yer almışdı və cəmiyyətdə böyük rezonans doğurmuşdu. Xudu Məmmədov da həmin müsahibədə səsləndirilən fikirlərə ziyalı və alim mövqeyindən münasibət bildirmişdi. Heydər Əliyevin irəli sürdüyü müddəaları necə dərk etdiyini, onlara münasibətini və öz mövqeyini yazıda ifadə etmişdi.

Dostları Nurəddin Rzayevlə Bəxtiyar Vahabzadə yazının qaralamasını görəndə ona demişdilər ki, yox, bunu qətiyyən heç yerə göndərmə, heç kimə göstərmə.

Dostları yazını göndərməməyi məsləhət görsələr də, atam heç nə demədən onu olduğu kimi “Kommunist” qəzetinə göndərib. Yazı birbaşa Heydər Əliyevə çatmışdı. O, yazının üzərinə bir qeyd yazmışdı: “Olduğu kimi dərc olunsun”.

Beləliklə, məqalə olduğu kimi çap edildi. Bu gün də atamın publisistik yazılarından ibarət topluda həmin mətn var.

İndi düşünəndə, sovet dövründə belə bir yazı yazmağın özü böyük cəsarət tələb edirdi.

— Dostlarının qorxusu nədən qaynaqlanırdı?

— Sovet dövründə düşünürdük ki, SSRİ unitar dövlətdir, onu təşkil edən qurumlar da vahid sistemin tərkib hissələridir. Dövlət Təhlükəsizlik Komitəsinin də bütöv və yekcins bir qurum olduğunu, orada çalışan insanların eyni cür düşündüyünü zənn edirdik. Amma reallıq fərqli idi.

Həmin qurumda elə insanlar vardı ki, Xudu Məmmədovun və ya başqa bir Azərbaycan ziyalısının həyatına gözünü qırpmadan qəsd edə bilərdilər. Ancaq həmin qurumun içindən çıxmış Heydər Əliyev kimi insanlar da var idi.

Bunu əsassız demirəm. Heydər Əliyevin öz çıxışlarında bu barədə dedikləri var. O, təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda qarşılaşdığı çətinliklərdən, həmin qurumlarda müxtəlif millətlərin nümayəndələrinin üstünlük təşkil etməsinin yaratdığı problemlərdən danışıb. Bu məsələlərin xalqımıza hansı ağrı-acıları yaşatdığını da vurğulayıb.

1937-ci ilin hadisələrini xatırlayaq. Məsələn, Gürcüstanda İşğal Muzeyi var. Orada güllələnmə siyahıları saxlanılır. Həmin siyahıların altında üç nəfərin imzası olur və onların arasında erməni imzasına da rast gəlinir. Azərbaycanda isə bu cür materialların nümayiş etdirildiyi, həmin siyahıların açıq şəkildə qorunduğu bir muzey yoxdur. Burada da belə sənədlər üzə çıxsa, təəccüblənmərəm.

Heydər Əliyev çıxışlarından birində deyirdi ki, Stalin öldükdən sonra təhlükəsizlik orqanlarında bacardığı qədər kadr dəyişiklikləri aparmağa başlayıb. Bu dəyişikliklər nəticəsində müəyyən qədər tarazlıq yaratmaq mümkün oldu.

— Dediyiniz kimi, atanız ana tərəfdən bəy nəslindən idi. Sovet dövründə bəy nəslinə mənsub olmasına görə ona təzyiq göstərilirdimi? O zaman mülkiyyətə münasibət, keçmiş zadəgan və bəy ailələrinə yanaşma fərqli idi.

— Təsəvvür edin, nə Şirin xanımın, nə də onun atası Hacı bəyin qəbrinin yeri məlumdur. Torpaqlarımız işğaldan azad olunandan sonra da yaşlı adamlardan soruşdum, araşdırmağa çalışdım. Həmin ərazidə köhnə qəbirlərdən yalnız Novruzlu İskəndərin qəbri qalıb. Şirin xanımın və Hacı bəyin məzarlarının yeri isə bəlli deyil. Bu da o dövrün qorxu və təzyiq mühitini göstərən məqamlardan biridir.

Amma sırf bəy nəslindən olduğuna görə atamın təzyiqlərlə üzləşdiyini deyə bilmərəm. Ola bilsin, müəyyən çətinlikləri olub, sadəcə, mənə danışmayıb. Atam Kommunist Partiyasının üzvü idi. Əgər bu məsələ onun qarşısında ciddi maneəyə çevrilsəydi, yəqin ki, partiyaya qəbul olunmazdı. Ona görə də bu amilin həyatında həlledici çətinlik yaratdığını düşünmürəm.

—Ağdamda atanızı hərarətlə qarşılayır, insanlar dərdlərini ona danışırdılar. Rayonun o vaxtkı birinci katibi Sadıq Murtuzayev isə onunla birgə müxtəlif tikinti layihələri həyata keçirdiyini qeyd edib. Atanızın bu nüfuzu nəyə söykənirdi: elmi şöhrətinə, yoxsa Qarabağ insanlarının ona olan inamına? O, şöhrətindən insanlara konkret kömək etmək üçün istifadə edirdimi?

— Atam öz nüfuzundan istifadə edərək tanıdığı və tanımadığı adamlara kömək etməkdən heç vaxt çəkinmirdi. Üstəlik, kömək etdiyi insanların əksəriyyəti tanımadığı adamlar olurdu. Onun fəaliyyəti yalnız Qarabağla məhdudlaşmırdı.

Məsələn, Zaqatalaya səfərlərinin birində Zeynal müəllim və rəhmətlik Şahmar müəllimlə birlikdə olub. Orada adi bir zəhmətkeş onun kim olduğunu öyrənəndə Xudu Məmmədovla görüşmək imkanı yarandığına çox sevinib. Həmin səfər Hacı Muradın qəbrini ziyarət etmək məqsədi daşıyırdı. Bu, əlbəttə, sovet dövründə baş verib.

Atam harada olmasından asılı olmayaraq, elmə, təhsilə və sənətə maraq göstərən insanlara bacardığı qədər yardım edirdi. Onlara yol göstərir, istiqamət verir, imkanları daxilində dəstək olurdu.

Təxminən bir il əvvəl Qazaxdan olan bir rəssam haqqında məlumat aldım. Hələ şəxsən tanış olmaq imkanım olmayıb, amma ümid edirəm ki, görüşəcəyik. Çox maraqlı insandır, qeyri-adi və gözəl əsərləri var. Danışırdı ki, Xudu Məmmədov onların məktəbinə gələndə onun rəsmlərini görüb və rəssamlıqla ciddi məşğul olmasını məsləhət görüb.

Sonra atam həmin vaxt orada olmadığı üçün Bəxtiyar Vahabzadədən xahiş edib ki, bu gəncə istiqamət göstərsin, onu Bakıya gətirsin və hansı ali məktəbdə, hansı ixtisas üzrə təhsil ala biləcəyini izah etsin.

Atam təkcə istedadlı gənclərə deyil, birlikdə çalışdığı insanlara da dəstək olurdu. Onunla birgə işləyən Elman Mövsümovun belə bir xatirəsi var. Bir dəfə Xudu Məmmədova deyib ki, hər şeyin borcunu ödəmək olar, amma bu səmimiyyətin borcunu necə ödəyəcəyəm?

Atam isə cavab verib ki, bu səmimiyyətin borcunu ondan sonra gələn tələbələrə, həmin yolla addımlayan insanlara ödəməlidir. Onun özünə heç nə borclu olmadığını deyib.

Mən uşaq olanda qohumlarımızdan kiminsə instituta işi düşəndə gəlib bizdə qalması yadımdadır. Atama hər tərəfdən məktublar gəlirdi. Müxtəlif bölgələrdən, müxtəlif insanlardan yazırdılar.

Bir gün onu çox kədərli gördüm. Yaxınlaşıb nə baş verdiyini soruşanda məktublardan birini göstərdi. Məktub Qərbi Azərbaycandan göndərilmişdi. Orada insanların incidilməsindən, baş verən narahatlıqlardan bəhs edilirdi. Bu, təxminən 1980-ci illərin əvvəlləri idi. Həmin vaxt geniş ictimaiyyət baş verənlərin mahiyyətini indiki qədər dərk etmirdi. Bəzi insanlar vəziyyəti bilsələr də, bu barədə məlumatlar geniş yayılmamışdı. Atama göndərilən məktublar isə həmin hadisələrin onun üçün nə qədər ağrılı olduğunu göstərirdi.

Sovet dövrünün təhsil sisteminin də haqqını verməliyik. Bütün çatışmazlıqlarına baxmayaraq, bir xalq olaraq həmin sistemdən faydalanmışıq. Yusif Məmmədəliyev buna nümunədir. O, müharibə illərində aviasiya üçün mühüm əhəmiyyət daşıyan yanacaq sahəsində tədqiqatlar aparıb və qısa müddətdə vacib nəticələr əldə edib.

Əlində bütün avadanlıqlar, lazımi imkanlar olduqda nəsə yaratmaq nisbətən asandır. Amma məhdud imkanlarla, demək olar ki, yoxdan bir nəticə ortaya qoymaq tamam başqa məsələdir.

Yusif Məmmədəliyevin neft və kimya sahəsindəki tədqiqatları, istehsal proseslərinin səmərəliliyinin artırılmasına verdiyi töhfələr də məlumdur. Bu baxımdan onun elmi fəaliyyətini yalnız bir istiqamətlə məhdudlaşdırmaq olmaz.

Bu gün təhsil ətrafında müxtəlif fikirlər, sistemlər və yanaşmalar var. Mən istəyərdim ki, bizim təhsilimizdən yenə Yusif Məmmədəliyev səviyyəsində işlər görə biləcək alimlər yetişsin. Başqa ölkələrdə müəyyən dar sahələr üzrə çalışan, kiminsə elmi fəaliyyətinə töhfə verən mütəxəssislər yetişdirmək də əhəmiyyətlidir. Ancaq arzum budur ki, Azərbaycanda da öz elmi imkanları ilə böyük nəticələr ortaya qoyan, mühüm kəşflərə imza atan insanlar yetişsin.

— Atanızın 1960-cı ildə yazdığı monoqrafiyanı London nəşriyyatlarının sifarişinə baxmayaraq, Azərbaycan dilində hazırladığı deyilir. Bu, ideoloji qərar idi, yoxsa emosional seçim? Ona “səhv etdin” deyənlər olubmu?

— Yəqin ki, “səhv etdin” deyənlər olub. Amma məncə, bu qərar nə ideoloji, nə də sırf emosional idi. Bu, milli düşüncədən, milli baxışdan qaynaqlanan seçim idi. Xudu Məmmədov milli dəyərlərə, vətənpərvərlik prinsiplərinə başqa dəyərlərdən üstünlük verirdi.

Əlbəttə, əsərini ingilis dilində də yaza bilərdi. İngilis dilini bilirdi. Rus dilində yazsaydı, ölkə daxilində, ingilis dilində yazsaydı, xaricdə daha geniş qarşılanmaq imkanı olardı. Ancaq əsərini Azərbaycan dilində yazmaqla göstərirdi ki, Azərbaycanda da bu sahəni bilən, araşdıran, çalışan və real nəticələr əldə edən alimlər var.

Təəssüf ki, indiki dünyada da bəziləri bizi özlərinə sərf edən şəkildə görmək istəyirlər. Azərbaycanı olduğu kimi tanımaq və qiymətləndirmək əvəzinə, stereotiplərlə yanaşırlar. Sovet məkanından olan azərbaycanlı haqqında düşünəndə onu yalnız bizneslə məşğul olan biri kimi təsəvvür edirlər. Xaricdə yaşayan azərbaycanlıya isə bəzən elmdən və bilikdən uzaq insan kimi yanaşırlar.

Atamın fəaliyyəti belə stereotipləri dağıtmağa, Azərbaycan alimi obrazını formalaşdırmağa xidmət edirdi. O, göstərmək istəyirdi ki, Azərbaycan elminin də özünəməxsus potensialı, ciddi nəticələri və dünya elminə verə biləcəyi töhfələri var.

Onunla birgə çalışan adamlardan biri danışırdı ki, atam xaricdən gələn alimləri qarşılayır, onlarla görüşür, imkan daxilində Azərbaycanı tanıdırdı. Təbii ki, sovet dövründə ölkəni başdan-başa gəzdirmək mümkün deyildi. Müəyyən məhdudiyyətlər və icazə verilən yerlər vardı. Buna baxmayaraq, o, əcnəbi alimlərə bacardığı qədər ölkəmizi göstərməyə çalışırdı.

Bir dəfə belə görüşlərin birində xaricdən gəlmiş alim atamın tələbələrinin və onunla birlikdə çalışan insanların işlərini yüksək qiymətləndirib. Həmin görüşdən sonra atam demişdi ki, kaş bir gün xarici alimlər də Azərbaycan alimlərinin verdiyi qiymətlə fəxr etsinlər.

Bu fikir onun elmə və milli ləyaqətə münasibətini çox aydın ifadə edir.

— Atanız 1976-cı ildən AMEA-nın müxbir üzvü idi, amma bir çox mətnlərdə onun haqqında akademik kimi yazılır. On iki il ərzində tam üzvlüyə irəli sürülməməsi bürokratik təsadüf idi, yoxsa siyasi maneə ilə bağlı idi? Bu barədə nə bilirsiniz?

—Atamın iş yoldaşları ona müraciət edərək deyiblər ki, sənədlərini təqdim et, sənə səs verəcəyik. O da sənədlərini hazırlayıb təqdim edib. Amma səsvermə zamanı ona bir nəfər də səs verməyib. Sıfır səslə qalıb və seçilməyib. İkinci dəfə də eyni hadisə baş verib.

Üçüncü dəfə isə hadisələr fərqli cərəyan edib. Bu əhvalatı mənə həmin prosesin içində olan bir adam danışıb. Atam özü bu barədə söhbət etməyib.

Belə danışılır ki, axşam saatlarında Heydər Əliyev Elmlər Akademiyasının prezidentindən vəziyyətin necə olduğunu, işlərin yekunlaşıb-yekunlaşmadığını soruşub. Akademiyanın prezidenti də bəzi adamların səsvermədən keçdiyini, ancaq Xudu Məmmədova səs verilmədiyini deyib.

Heydər Əliyev təəccüblənərək soruşub ki, necə yəni səs verməyiblər? Ona cavab veriblər ki, yer yoxdur. Heydər Əliyev isə deyib ki, necə yəni yer yoxdur? Elə indi zəng edin, əlavə bir yer tapın.

Beləcə, gecə əlavə yer ayırılması üçün tədbir görülür. Dəqiq necə həll edildiyini bilmirəm, amma deyilənə görə, əlavə yer tapılır və səhəri gün səsvermə ilə bağlı iclasda Akademiyanın prezidenti həmin yeri Heydər Əliyevin Xudu Məmmədov üçün ayırtdırdığını bildirir.

— Xalça naxışları ilə kristal qəfəs quruluşları arasında eynilik aşkarladığı deyilir. Vəfatından üç gün əvvəl Rafiq Əliyevə Şur, Çahargah və Segahın rəng sxemlərini göstərərək bu istiqamətdə araşdırmaları qeyri-səlis məntiqlə davam etdirməsini xahiş edib. Skeptik baxımdan yanaşanda bunlar elmi sübutdan daha çox maraqlı analogiyalara bənzəyə bilər. Atanız bu fərqi görürdümü? Fikirlərini hansı jurnalda, hansı metodologiya ilə təqdim etmişdi? Bu istiqamətdə araşdırmaları bu gün davam etdirənlər varmı?

— Atamın bu müşahidələri və gəldiyi nəticələr “Naxışların yaddaşı” kitabında əks olunub. Bu kitab Azərbaycanda kristal quruluşları ilə xalça naxışları arasındakı uyğunluğu araşdıran ilk nəşr idi.

Burada söhbət sadə analogiyadan getmir. Məsələ daha mürəkkəb və dərindir. Xalçaları toxuyan nənələrimizin nə kristal quruluşlarını öyrənmək üçün cihazları, nə də müasir elmin bu sahədəki bilikləri vardı. Onların müşahidə edə bildikləri əsasən ətraflarındakı təbiət idi.

Bəzən belə ehtimallar irəli sürülür ki, keçmişdə daha fərqli sivilizasiyalar olub və sair. Bunlar ehtimallardır. Ancaq bildiyimiz odur ki, həmin sənətkarların əlində xüsusi avadanlıq olmayıb. Onların gördüyü, müşahidə etdiyi və dərk etdiyi təbiət olub.

Təbiətdə yaşayan insanın həndəsi quruluşlara və həndəsi naxışlara meyil göstərməsi də maraqlı məqamdır. Şəhər mühitində yaşayan insanlar isə çox vaxt təbiət mənzərələrinə üstünlük verirlər. Məsələn, şəhərdə yaşayan adam evinin divarından dağ, göl və ya meşə mənzərəsi asmaq istəyir. İnsan bəzən öz həyatında çatışmayanı sənətdə axtarır.

Məsələyə başqa baxış bucağından da yanaşmaq olar. Əgər dünyanın bir yaradıcısı olduğuna inanırsınızsa, həm xalçanın, həm də maddənin quruluşunu həmin yaradıcılığın təzahürü hesab etmək mümkündür. Yaradan birdirsə, bu quruluşlar arasındakı uyğunluq təəccüblü görünməyə bilər. Başqa yanaşmaya görə isə təbiət həm xalça toxuyan insanın təfəkkürünü, həm də maddənin quruluşunu formalaşdırıb. Yəni hər ikisinin başlanğıcında eyni təbiət dayanır.

Bəzən naxışların və mücərrəd sənətin inkişafını İslam dini ilə əlaqələndirirlər. Amma bu, tam doğru yanaşma deyil. Türkiyədəki məşhur Göbəklitəpə arxeoloji ərazisində İslamdan xeyli əvvəlki dövrlərə aid həndəsi təsvirlər aşkarlanıb. Bu da həndəsi formaların və mücərrəd təsvirlərin İslamdan çox əvvəl mövcud olduğunu göstərir.

Bəli, bu istiqamətdə çalışanlar var. Məsələn, İmaməddin Əmiraslanov həmin məsələlər üzərində işləyir. O, kürə formasında olan bir quruluş haqqında yazıb. Bu, eyni prinsiplərlə qurulan, lakin artıq ikiölçülü müstəvidə deyil, üçölçülü fəzada mövcud olan formadır.

Qubada da naxışlar və nano sənət istiqamətinə həsr olunmuş maraqlı bir qalereya var. Orada həm Xudu Məmmədovun yaratdığı işlərdən, həm də onun tələbələrinin və davamçılarının əsərlərindən istifadə olunub.

Atamın araşdırdığı naxışların maraqlı xüsusiyyətlərindən biri də boş sahənin, yəni fonun ayrıca element kimi qəbul edilməsidir. Naxışa diqqətlə baxanda görürsünüz ki, orada boş yer yoxdur. Naxışın öz elementləri ilə yanaşı, həmin elementlərin arasında qalan sahə də ayrıca quruluş yaradır. Hansının fiqur, hansının fon olduğunu bəzən müəyyənləşdirmək mümkün olmur. Buna komplementarlıq prinsipi deyilir.

Xudu Məmmədovdan sonra Siyavuş Dadaşov da bu istiqamətdə araşdırmalar aparıb. O, miniatür sənətinin, memarlığın və xalça sənətinin dilini öyrənən üç fundamental əsər yazıb. Bunlar atamın ortaya qoyduğu sualların davamı kimi də qiymətləndirilə bilər.

Məncə, Xudu Məmmədovun ən böyük töhfələrindən biri məhz bu sualı ortaya qoyması idi: bizim sənət dilimiz necə formalaşıb və onun özünəməxsusluğu nədən ibarətdir? O, türk xalqlarının sənət dilini anlamağa çalışırdı.

Mən də qonşu xalqların mədəniyyəti ilə həmişə maraqlanmışam. Başqa bir dildə danışan insanın dilini bilməsəm də, bəzən fikrini necə ifadə etməsindən, seçdiyi sözlərdən onun kim olduğunu təxmin edə bilirəm. Yazdıqlarını oxuyanda da eyni şey baş verir. Bəzi dil xüsusiyyətləri insanın kimliyini və düşüncə tərzini müəyyənləşdirməyə imkan verir. Mədəniyyətləri də bir-birindən fərqləndirən məqamlardan biri onların sənət dilidir.

Məsələn, Avropa mədəniyyətində uzun müddət təsviri sənət aparıcı mövqedə olub. İnsanlar gördüklərini — insanı, dağı, iti, pişiyi və digər obyektləri təsvir ediblər. Bizim ənənəvi sənət dilimizdə isə təkcə gördüyümüzü deyil, düşündüyümüzü də ifadə etmək meyli güclüdür.

Xalça bu baxımdan böyük tərbiyəvi əhəmiyyət daşıyır. Uşaq xalçanın üzərində iməkləyəndə onun naxışlarını izləyir, həmin formalarla ünsiyyətdə olur. Beləcə, onun təfəkkürü də bu mühitdə formalaşır. Əsrlər boyu bu sənət dili ilə danışmışıq.

Amma müasir dünya tədricən təsviri sənətdən uzaqlaşır. Bu gün Avropada, Amerikada və digər Qərb ölkələrində realist portret sənətinə əvvəlki kimi ehtiyac yoxdur. Kiminsə portretini çəkmək əvəzinə, telefonla şəklini çəkmək kifayətdir. İnsanlar düşünürlər ki, fotoqrafiya belə bir imkanı verdiyi halda, eyni təsviri yenidən yaratmağa nə ehtiyac var?

Atamın yanaşması isə sənətin yalnız gördüyümüzü təkrarlamaqdan ibarət olmadığını göstərirdi. Əsas məsələ düşüncəni, quruluşu və mənanı ifadə edə bilməkdir.

Bu istiqaməti davam etdirən başqa alim və tədqiqatçılar da var. Onlardan biri İlham Ənvəroğludur. Xudu Məmmədovun sağlığında o, hələ gənc idi. Əvvəl Əzimzadə məktəbində oxuyub, sonra İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Hazırda Türkiyədə sənət sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən birinin dekanıdır. Bu yaxınlarda həmin vəzifəyə seçilib. O da Xudu Məmmədovun araşdırdığı istiqaməti davam etdirənlərdəndir.

Xudu Məmmədovun, Siyavuş Dadaşovun və Tofiq müəllimin ətrafında bir qrup gənc də toplaşmışdı. Onlar da bu tədqiqatlara maraq göstərir, həmin istiqamətdə çalışırdılar. Atamla birgə işləyən İmaməddin Əmiraslanov və digər tələbələri də onun elmi irsini müxtəlif istiqamətlərdə davam etdiriblər. Onların arasında Amerikada çalışan, Tayvanda fəaliyyət göstərmiş alimlər var. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan və işləyən həmin insanlar öz elmi sahələrində tanınırlar.

— Xudu bəy palaz toxuyanla muğam yaradan insanın eyni genetik-mədəni kodun daşıyıcısı hesab edirdi. Sovet elmində etnik-mədəni davamlılıq, xüsusilə də türk kontekstində siyasi baxımdan həssas məsələ idi. Atanız bu fikirlərini açıq elmi auditoriyalarda ifadə edirdi, yoxsa daha çox dar çevrədə danışırdı? Buna görə pantürkist olmaqda ittiham olunurdu?

— “Naxışların yaddaşı” kitabı üzərində apardığı araşdırmalara görə, məncə, o dövrdə Azərbaycanda Heydər Əliyev olmasaydı, atamı güllələyə, yaxud Sibirə sürgün edə bilərdilər. Atam öz çıxışlarında bu fikirləri kifayət qədər açıq ifadə edirdi. Deyirdi ki, bizim sənət dilimiz var və bu dildə bizdən başqa hansı xalqların danışdığını göstərirdi. Üstəlik, fikirlərini əsaslandırırdı. Burada söhbət fərziyyədən getmirdi.

Məsələn, Anadoluda toxunmuş xalça və ya kilimlə Azərbaycanda toxunmuş eyni tipli nümunəni müqayisə etdikdə görürsünüz ki, sanki eyni adamın düşüncəsinin məhsuludur. Bu sənət əsərlərində ortaq təfəkkürün izləri görünür.

Bizim sənət dilimizlə Avropanın sənət ənənələri arasında da mühüm fərq var. Avropa sənəti uzun müddət gördüyünü təsvir etməyə əsaslanıb. İndi isə orada da mücərrəd sənət istiqamətində axtarışlar aparılır. Çünki təsviri sənətdə gördüyünü yaradırsansa, ən yaxşı halda müəyyən bir hadisəni, hekayəni şəkil vasitəsilə ifadə edə bilərsən. Bizim ənənəvi sənət dilimiz isə insana öz düşüncələrini, düşüncə tərzini ifadə etmək imkanı verir.

— Xudu Məmmədov uzun müddət “Elm və həyat” verilişinin aparıcısı olub. Sovet televiziyasında sətiraltı mesajları necə çatdırırdı? Verilişlərin redaktəsi, senzurası və ya qadağan olunması ilə bağlı hallar vardı?

— Əlbəttə, televiziyada açıq şəkildə “Gəlin, sovet hökumətini devirək” deyə bilməzdi. Amma maddənin quruluşu haqqında danışarkən müəyyən fikirləri ifadə etmək mümkün idi.

Bu barədə maraqlı bir əhvalat var. Atam maddənin quruluşundan danışarkən sözlərdə də eyni quruluşun özünü göstərdiyini deyirmiş. Məsələn, “xalq” sözünü götürüb tərsinə oxuduqda “qlax” alınır. Bu da “qalx” sözü ilə assosiasiya olunurdu. O, bu cür nümunələr vasitəsilə quruluş anlayışını izah edirdi.

Əgər sovet dövründə Mərkəzi Komitənin katibi çıxışında “Qoy ədalət zəfər çalsın” deyirdisə, bu ifadənin özündə də müəyyən məna axtarmaq olardı. Mən pioner olduğum vaxtlardan sovet sistemini müəyyən qədər tanıyırdım. Belə bir fikir səsləndiriləndə kimlərsə deyə bilərdi ki, deməli, sovet hökumətində ədalət yoxdur ki, onun zəfər çalmasını istəyirsiniz.

Xudu Məmmədov da öz sahəsində bu cür düşünən və müəyyən istiqamətdə araşdırmalar aparan insan idi. Onun daxili dünyası, şəxsi qənaətləri bu istiqamətlə uzlaşırdı. O da öz elmi fəaliyyətində həmin düşüncələrinə uyğun töhfələr verirdi.

— Bəxtiyar Vahabzadənin bir xatirəsini oxudum. O yazır ki, 1970-ci illərin sonunda atanız özünü Azərbaycanın sonuncu kommunisti adlandırıb və türk əsgərinin qapını döyərək onu güllələməsini arzuladığını deyib. Atanız Kommunist Partiyasının üzvü olmasaydı, sovet dövrünün elmi iyerarxiyasında bu qədər yüksələ bilərdi?

— Atam Kommunist Partiyasının üzvü idi. Səhv etmirəmsə, həmin hadisə bu evdə deyil, başqa evdə baş vermişdi. Bir məclisdə oturub arzu və istəklərindən danışırlarmış. Biri Azərbaycanı azad görmək istədiyini, digəri onun elmli olmasını arzuladığını deyib. Atam isə belə bir arzusunu dilə gətirib: qapı döyülsün, ona desinlər ki, Azərbaycanda yaşayan sonuncu kommunist Xudu Məmmədovdur və onu güllələməyə gəliblər.

Bu sözlər təsadüfi deyildi. O vaxt Azərbaycanda özünəməxsus bir mühit vardı. Burada mümkün olan bəzi şeylərin başqa yerlərdə eyni şəkildə baş verməsi çətin idi. Sovet hökumətinin mahiyyəti məlumdur. Bu rejim öz adamlarına divan tutur, dünyanı qan içində qoyurdu. Harada imkanı çatırdısa, müdaxilə edir, gücü çatmadığı yerlərə də başqa yollarla təsir göstərməyə çalışırdı.

Amma məni həmişə düşündürən bir məsələ var. Belə bir totalitar rejimdə Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Əbülfəz Elçibəy və başqa bu cür insanlar necə yetişə bilmişdilər? Sovet cinayət məcəlləsində onların hər biri üçün kifayət qədər ağır maddələr tapmaq olardı. Onların hər hansı bir fikrinə, bircə kəlməsinə görə həyatını məhv etmək mümkün idi. Bəs necə olurdu ki, bu insanlar fəaliyyət göstərə bilirdilər?

Məncə, burada Heydər Əliyevin yaratdığı mühitin və onun himayəsinin xüsusi əhəmiyyəti vardı. Həmin insanlar başqa şəraitdə yetişməyə də bilərdilər. Onların fəaliyyət göstərə bilməsi müəyyən mənada o mühitdən asılı idi.

— Bir müsahibənizdə Mərzilidəki müharibə abidəsində ay-ulduz simvolunun gizlədildiyini demisiniz. Məscidin yanındakı çay evi 1986-cı il iyulun 26-da açılıb və açılış sovet antialkoqol kampaniyası ilə əsaslandırılıb. Sizcə, bunlar sovet kampaniyalarının örtüyü altında milli və dini məna daşımaq üçün şüurlu şəkildə qurulmuş eyhamlar idi, yoxsa həmin mənalar sonradan ailə və mətbuat tərəfindən yozulub?

— Xeyr, bunlar şüurlu şəkildə düşünülmüş addımlar idi. Ağdam məscidini ziyarət etməyə təkcə rayon sakinləri deyil, ətraf bölgələrdən də insanlar gəlirdilər. Həmin dövrdə din qadağa altında olduğuna görə ziyarətə gələnlər arasında inancı həqiqətən güclü olan, bütün risklərə baxmayaraq, öz dini ənənələrini yaşadan adamlar vardı. Onlar bunun təhlükəli olduğunu da bilirdilər.

Çay evi məhz ziyarətə gələn insanların dincəlməsi, bir stəkan çay içməsi, bir tikə çörək yeməsi üçün tikilmişdi. Yayın istisində kölgələnməyə də imkan yaranırdı.

Tikintini əsaslandırmaq üçün sovet antialkoqol kampaniyasından istifadə etmək də əlverişli idi. Deyə bilərdin ki, partiyanın alkoqolla mübarizə kampaniyasına uyğun olaraq çay evi açılır. Halbuki əsas məqsədin ziyarətə gələn insanların orada dincəlməsi, çay içib çörək yeməsi idi. Bir işə hansı adı vermək, onu necə əsaslandırmaq isə insanın öz fərasətindən asılıdır.

— Sadıq Murtuzayev xatirələrində ideyanı jurnalda gördüyü bir nümunədən götürdüyünü, atanızın isə maketi hazırladığını və tikintiyə rəhbərlik etdiyini deyir. Baş memar Naiq Səmədov isə təşəbbüsü Xudu Məmmədova aid edir və tikintinin iki tacir qardaşın maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirir. Siz də ideyanı atanıza aid edirsiniz. Bəs əsl müəllif kimdir? Sovet dövründə özəl vəsait hesabına belə bir obyektin tikilməsi atanızın adını riskə atmırdımı?

— atam həmin jurnalı rayonda olduğum, yay tətilinə getdiyim vaxtlarda tapmışdı. Yapon memarlığına aid bir nümunə idi. Yapon tikililərində evin damının xüsusi quruluşu olur. Atam həmin nümunəni götürüb, sonra onun əsasında maket hazırlayıb.

Yaponiyada çay mədəniyyəti mühüm ənənələrdən biridir. Atam da həmin memarlıq nümunəsindən yararlanmışdı. Amma maketin dam hissəsini məscid quruluşuna uyğunlaşdırmışdı.

Bunu həyata keçirmək asan olmayıb. Tikintidə iştirak edən adamlar həmin quruluşu yaratmaq üçün nə qədər çətinlik çəkdiklərini xatırlayırlar. Uyğun usta tapmaq da, nəzərdə tutulan formanı tikilidə reallaşdırmaq da çətin idi. Amma nəticədə bunu bacardılar.

Təşkilati məsələlərdə Sadıq Murtuzayevin dəstəyinin olduğunu düşünürəm. İdeya və dizayn məsələsində isə Xudu Məmmədovun rolunu əsas hesab edirəm.

— Yəni onu müəllif hesab edirsiniz?

— Müəlliflik məsələsinə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Atam mövcud yapon memarlıq nümunəsini Ağdam şəraitinə uyğunlaşdırmışdı. Bunu nə dərəcədə müəlliflik adlandırmaq olar, bilmirəm. Amma həmin quruluşun prinsipini götürərək yerli koloritə uyğun şəkildə yenidən yaratdığı məlumdur.

— Bir müsahibənizdə atanızın xüsusi cihaz quraraq Türkiyə radiosuna, daha sonra isə “Azadlıq” radiosuna qulaq asdığını demisiniz. Əvvəlcə Türkiyəyə münasibətindən soruşmaq istəyirəm. İkinci məsələ isə bu yayımları dinləyərkən hansısa ehtiyat tədbirləri görüb-görməməsi ilə bağlıdır. Bu işləri gizli şəkildə edirdi?

— Xüsusi ehtiyat tədbirlərindən söhbət gedə bilməz. O, açıq şəkildə qulaq asırdı. Evdə, rayonda, dağda, hamı bilirdi ki, xarici radiolarla maraqlanır. O vaxt bir çox adam xarici radioları dinləyirdi.

Sadəcə, sovet hökumətində istehsal olunan və ya Sovet İttifaqına gətirilən radioqəbuledicilərdə müəyyən tezliklərə məhdudiyyət qoyulmuşdu. Cihazın qəbul etdiyi tezliklərdən başqa, bəzi tezlikləri, xüsusən də arzuolunmaz yayımları dinləməyə imkan verən diapazonları çıxarırdılar.

Məsələn, “Azadlıq” radiosunun yayımını belə bir cihazla dinləyəndə, partiya üzvü olduğun üçün sənə deyə bilərdilər ki, yaxşı kommunist deyilsən, niyə “Azadlıq” radiosuna qulaq asırsan? Atamın buna cavabı da ola bilərdi: “Bilməliyəm də, düşmən nə deyir”.

— Bəs ümumilikdə Türkiyəyə münasibəti necə idi?

— Türkiyə ilə çox yaxından maraqlanırdı. Videomaqnitofonlar yeni çıxanda rəhmətlik Zeynal müəllimin oğlu Hafiz türk filmlərinin kasetlərini gətirmişdi. Atam ondan türk filmləri tapıb gətirməsini və birlikdə baxmağı xahiş etmişdi.

Bir axşam filmə baxanda Hafiz bəy ssenarinin çox primitiv olduğunu dedi. Xudu müəllimdən soruşdu ki, belə sadə ssenarisi olan filmə necə maraq göstərir? Atam isə cavab verdi ki, o, filmin ssenarisinə görə baxmır, orada işlədilən ifadələrlə maraqlanır.

Atam həmin sözlərin bizim danışıq tərzimizə, atalar sözlərimizə nə qədər yaxın olduğuna diqqət yetirirdi. Onu maraqlandıran bu cür ifadələr idi. Film də kənd həyatı haqqında olduğuna görə belə nümunələr çox idi. O, türk dilindəki ifadələri, sözlərin quruluşunu, bizimlə ortaq cəhətləri araşdırırdı. Filmin məzmunu onun üçün ikinci dərəcəli idi.

Sonralar Türkiyəyə getmək imkanı yarananda dostları ona birlikdə səfər etməyi təklif etdilər. Amma atam getmək istəmədi. Səbəbini soruşanda belə cavab verdi ki, mənim qəlbimdə qurduğum bir Türkiyə var. Qorxuram ki, ora gedərəm və onu fərqli görərəm, qəlbimdə yaratdığım obraz dağılar. Mən həmin Türkiyəni yaşatmaq istəyirəm.

— Atanızın Heydər Əliyevlə yeganə görüşünün Elmlər Akademiyası üçün bahalı cihaz alınması ilə bağlı olub. Bundan başqa, aralarında dolayı əlaqə və ya məktub vasitəsilə ünsiyyət olubmu? Atanız Heydər Əliyevə necə yanaşırdı: ziyalıların qoruyucusu kimi, yoxsa rəhbər kimi? Heydər Əliyev 1982-ci ilin sonunda Moskvaya dəvət olunduqdan sonra atanızın şəraitində dəyişiklik hiss olunurdumu?

— Mənim təəssüratıma görə, o vaxt mühit dəyişmişdi. Bu dəyişiklik atama da təsir edirdi. Hətta elə məqamlar olurdu ki, akademiya sistemindən müəyyən qədər incikliyi hiss edilirdi. Əvvəlki vəziyyət artıq yox idi.

Heydər Əliyevin istefasından sonrakı dövrü xatırlayıram. Səhv etmirəmsə, bu, 1988-ci ilin əvvəlləri idi. O, istefa verməyə məcbur edilmişdi. Qorbaçovun niyyəti də məlum idi.

Həmin dövrdə Azərbaycandakı rəhbər şəxslər birbaşa Moskvanın diktəsi altında işləyirdilər. Heydər Əliyev haqqında qəzetlərdə əsassız, onun fəaliyyəti ilə əlaqəsi olmayan yazılar dərc edilirdi. Sovet rejiminin xüsusiyyətlərindən biri də bu idi: mərkəzi hakimiyyətin gözündən düşən adam haqqında nə gəldi yazır, onu nüfuzdan salmağa çalışırdılar. Bu zaman həqiqəti araşdıran da olmurdu. Hər kəs çalışırdı ki, hakimiyyətin xoşuna gəlsin.

Bir dəfə atamdan soruşdum ki, Heydər Əliyevin rəhbərliyi dövründə işləyib, onu tanıyıb, bəs qəzetlərdə yazılanlar nə dərəcədə doğrudur? Atam dedi ki, birincisi, Heydər Əliyev kimisə cəzalandırıbsa, deməli, bunun səbəbi olub. İndi də həmin cəzalandırılan adamlar və ya onların yaxınları fürsət tapıb qisas almağa çalışırlar. Amma onların günahı olub.

Mən uşaq olsam da, çox şeyi görmüşəm. Heydər Əliyev heç kimi səbəbsiz yerə cəzalandırmayıb. Həmin adamlar pis işlər görüblər ki, bunun müqabilində cəzalarını alıblar.

İkinci məsələ Qarabağ əhalisinə münasibətlə bağlı idi. Qəzetlərdə Heydər Əliyevin Qarabağ camaatına qarşı qərəzli mövqedə olduğu yazılırdı. Atam isə deyirdi ki, bax, mən Qarabağ camaatındanam. Oturduğumuz bu evi bizə Heydər Əliyev verib. Əgər Qarabağ camaatına qarşı qərəzli olsaydı, birinci mənə qarşı olardı. Bəs bu ev niyə bizə verilib?

Bu, atamın yaşadığı ev idi. Heydər Əliyevin imzası ilə verilmiş həmin evə köçmüşdük. Ona görə də bu ev mənim üçün iki baxımdan qiymətlidir, həm atamın xatirəsi, həm də böyük bir şəxsiyyətin bizə münasibətinin nişanəsi kimi.

O vaxt kim ağlına gətirə bilərdi ki, vəziyyət dəyişəcək, Sovet İttifaqı dağılacaq və Heydər Əliyev yenidən Azərbaycana qayıdaraq ölkəni ağır vəziyyətdən çıxaracaq?

Xudu Məmmədov da kiminsə xoşuna gəlmək üçün danışan adam deyildi. Nəyisə doğru hesab edirdisə, açıq deyirdi. Əksinə, yanlış hesab etdiyi fikirdən onu döndərmək mümkün deyildi.

Cihaz məsələsinə gəlincə, maddənin quruluşunu öyrənmək üçün Amerika istehsalı olan bir cihaz vardı. Adı “Sinteks” idi. Mən özüm də onu görmüşdüm, bəzən atamın iş yerinə gedəndə cihazla maraqlanırdım.

Sovet İttifaqına həmin cihazdan cəmi bir ədəd gətirilmişdi. O vaxt da sanksiyalar vardı, yəni belə məhdudiyyətlər yeni məsələ deyil. Cihazın Sovet İttifaqına hansı ölkə vasitəsilə gətirildiyini dəqiq bilmirəm.

Həmin avadanlıqla maraqlanan qurumlar arasında Rusiya Federasiyasının Elmlər Akademiyası, Ukrayna, Gürcüstan və Ermənistan vardı. O vaxt SSRİ daxilində bu respublikaların da öz elmi və siyasi nüfuzu var idi. Rusiya və Ukrayna böyük elmi mərkəzlərə malik idi, Ermənistan da sovet rəhbərliyinin xüsusi diqqət göstərdiyi respublikalardan sayılırdı.

Amma atam Heydər Əliyevə müraciət etdi və onun köməyi ilə həmin cihaz Azərbaycana gətirildi, burada quraşdırıldı və istifadə olunmağa başladı. Bu avadanlıq çox vacib elmi istiqamət üçün nəzərdə tutulmuşdu.

İndi yarımkeçiricilərlə bağlı texniki məqalələr oxuyanda, onların quruluşu və perspektivləri haqqında məlumatlarla rastlaşanda həmin dövr yadıma düşür. Bəzi terminləri görəndə xatırlayıram ki, uşaq vaxtı bunları eşitmişəm, burada həmin maddələrin quruluşu üzərində işləyir, müxtəlif birləşmələri araşdırırdılar. Bu, kifayət qədər perspektivli və elmi baxımdan mühüm bir istiqamət idi.

— Milli Azadlıq Qərargahı 1982-ci il dekabrın 12-də Mərzilidə fəaliyyətini dayandırıb. Həmin ay Heydər Əliyev Moskvaya köçüb. Təşkilat 1962-ci ildə yaranmışdı. Sizcə, Heydər Əliyev, eləcə də Dövlət Təhlükəsizlik Komitəsi bu təşkilat barədə xəbərdar idi? Xəbərdar idilərsə, niyə müdaxilə etməyiblər? Xəbərsiz idilərsə, belə genişmiqyaslı gizli təşkilat bu illər ərzində necə gizli qala bilib?

— Hazırda vəzifədə olmasa da, vaxtilə Dövlət Təhlükəsizlik Komitəsində çalışmış qohumlarımdan biri mənə bir kitab göstərmişdi. Həmin kitabda Milli Azadlıq Təşkilatı və Xudu Məmmədovun da bu təşkilatda fəaliyyət göstərməsi barədə məlumatlar vardı.

Mən heç cür təsəvvür edə bilmirəm ki, Heydər Əliyevin bundan xəbəri olmasın. Bunun mümkün olmadığını düşünürəm. Birincisi, hansısa yolla bu məlumatın ona çatmaması inandırıcı görünmür. İkincisi, Heydər Əliyevin insanları tanımaq qabiliyyətini, təfəkkürünü nəzərə alsaq, belə bir ehtimalı özü də irəli sürə bilərdi. O, insanların xarakterini və hansı addımları ata biləcəklərini düzgün qiymətləndirməyi bacarırdı. Hətta ona konkret məlumat verilməsəydi belə, bir neçə dəqiqəlik təhlillə müəyyən nəticələrə gələ, hansı insanların belə bir işə qadir olduğunu söyləyə bilərdi.

Deyirlər ki, Üzeyir bəy əvvəlcə musiqini kağız üzərində yazır, sonra alətdə səsləndirirdi. Adətən musiqiçilər alətin arxasına keçib müxtəlif səsləri yoxlayır, müəyyən bir melodiya yaradır, sonra onu cilalayırlar. Üzeyir bəyin yanaşması isə fərqli idi, əvvəlcə musiqini kağız üzərində qurur, sonra səsləndirirdi.

Bu, kifayət qədər ciddi fərqdir. Elmi tədqiqatlarda da oxşar yanaşma var. Əvvəlcə fərziyyə irəli sürülür, daha sonra onun doğruluğunu yoxlamaq üçün təcrübə aparılır. Təcrübənin nəticəsindən asılı olaraq fərziyyə təsdiqlənir və ya yanlış olduğu üzə çıxır. Amma məqsədsiz şəkildə saysız-hesabsız təcrübələr aparmaqla heç bir nəticə əldə etməmək də mümkündür. Əsas məsələ məqsədyönlü işləməkdir.

Ona görə də məni Heydər Əliyevin bu təşkilatdan xəbərsiz olduğuna inandırmaq çətin olardı. Onun Azərbaycanda gördüyü işlərə də bu baxımdan yanaşmaq lazımdır. Onun iqtisadiyyat, elm və təhsil sahələrində həyata keçirdiyi layihələrə bugünkü nöqteyi-nəzərdən baxanda bunların gələcək müstəqilliyimizin əsasını formalaşdırdığını görürük.

Məsələn, Azərbaycanda hərbi məktəbin yaradılmasına nə ehtiyac vardı? Sovet İttifaqının başqa respublikalarında kifayət qədər hərbi məktəb mövcud idi. Azərbaycanlıları Krasnoyarska, Ukraynaya və ya Rusiyaya göndərmək mümkün olduğu halda, burada ayrıca hərbi məktəb yaratmaq nəyə lazım idi? Bu sualı verənlər az deyildi.

Eyni yanaşma sənayeyə də aiddir. Azərbaycanda neft hasilatı üçün avadanlıqlardan tutmuş ağır sənayeyə və elektronikaya qədər müxtəlif sahələr inkişaf etdirilmişdi. Bütün bunlar gələcək müstəqil dövlətin sənaye və texnoloji bazasını formalaşdırırdı.

Sovet hökumətinə xidmət yalnız neft çıxarıb mərkəzə göndərməkdən, pambıq yetişdirib təhvil verməkdən ibarət olsaydı, Azərbaycanın öz sənaye və elmi potensialını bu səviyyədə inkişaf etdirməyin mənası olmazdı. Məncə, həmin işlər gələcək müstəqilliyin təməllərini yaradırdı.

— 1988-ci il fevralın 22-də Əli Hacıyev və Bəxtiyar Quliyevin Əsgəran yaxınlığında həlak olmasında sonra Xudu bəy elmi işlərini yarımçıq qoyaraq Ağdama gedib. Atanız orada neçə gün qaldı, kimlərlə görüşdü? Rayon rəhbərliyi və Dövlət Təhlükəsizlik Komitəsi buna necə münasibət göstərirdi?

— Qarabağ hadisələri başlamazdan əvvəl də müəyyən narahatlıqlar vardı. Hadisələr başlayanda isə atam bütün işlərini, elmi tədqiqatlarını bir kənara qoyaraq diqqətini tamamilə bu məsələyə yönəltdi. 1988-ci ilin fevral hadisələri zamanı Ağdamda idi.

Əsgəran istiqamətində camaatın qarşısını kəsib onları geri qaytarmağa çalışanlarında o da olub. Bəxtiyarla Əlinin şəhid olmasından əvvəl insanları həmin istiqamətə getməkdən çəkindirməyə çalışırdılar. Çünki qarşı tərəfin ciddi şəkildə silahlandığını bilirdilər. Bizim tərəfdə isə ov tüfənglərini də yığıb aparmışdılar. Beləliklə, insanların əlində, demək olar ki, heç nə qalmamışdı. Əllərində yaba, çomaq və bundan başqa çox məhdud vasitələr vardı. Bir az da irəli getsəydilər, bəlkə onları da əllərindən alardılar.

Atam həmin hadisələrin içində olub və insanları geri qaytarmağa çalışıb. Çünki ora gedənlərin qarşılaşa biləcəyi təhlükəni anlayırdı. Qırğın baş verə, insanlar yaralana və həlak ola bilərdilər. O, əlbəttə, belə bir nəticənin qarşısını almaq istəyirdi. Digər tərəfdən, əliyalın vətəndaşlarımızın dişinə qədər silahlanmış adamların üstünə getməsini də doğru hesab etmirdi. Düşünürdü ki, insanlar hər hansı addım atacaqlarsa, heç olmasa, müəyyən qədər hazırlıqlı olmalıdırlar.

1988-ci ilin yazında mən də bir müddət rayonda qaldım. Fikirləşirdim ki, atam oradadırsa, mənim Bakıda qalmağım düzgün olmaz. Ona görə də Ağdama getdim.

Atamın davranışlarında hansısa qorxu və ya ehtiyat hiss etmirdim. Xaraktercə çox ürəkli, sərt və iradəli adam idi. Bəstəboy olmasına, idmançı bədən quruluşuna malik olmamasına baxmayaraq, kifayət qədər möhkəm xarakteri vardı. Heç nədən çəkinmirdi.

Bəxtiyarla Əli şəhid olduqdan, hadisələrin gedişini gördükdən sonra isə rayon rəhbərliyinə münasibətinin dəyişdiyini düşünürəm. Onlardan müəyyən qədər soyumuşdu. Təbii ki, rayon rəhbərliyi də Bakının göstərişlərinə uyğun hərəkət edirdi. Həmin vaxt Bakıda Əbdürrəhman Vəzirov rəhbərlik edirdi. Ona görə də bu vəziyyət təəccüblü deyildi.

Ağdamda atamın yaxın dostu Zeynal müəllim idi və onlar adətən birlikdə olurdular. Bildiyimə görə, Bəxtiyarla Əlinin dəfn mərasimində də iştirak ediblər.

Həmin vaxt nümayişlərdə iştirak edən insanları incitməyə başlamışdılar. Onları çağırıb sorğu-sual edir, ermənilərə qarşı çıxmaqda və nümayişlərdə iştirak etməkdə ittiham edirdilər. Atam bu barədə Zeynal müəllimə danışmışdı. Zeynal müəllim də həmin işləri görən adamlara çox sərt şəkildə etiraz etmişdi. Onun sözləri o qədər kəskin olub ki, bundan sonra həmin adamlar bir qədər geri çəkiliblər.

— Atanız Qarabağ kəndlərindən Ağdama gələn qaçqınları qarşılayarkən respublika rəhbərliyinin acizliyinə və biganəliyinə dözə bilmirdi. Onun Bakıdakı rəhbərliyə yazılı və ya şifahi etirazları olubmu? Kimə, hansı formada müraciət edirdi və cavab alırdımı?

— Atam həm Bakıdakı, həm də Moskvadakı rəhbərliyə dəfələrlə müraciət edib. Xüsusilə vəziyyət indiki həddə çatmamışdan əvvəl də Dağlıq Qarabağla bağlı ziyalıların imzaladığı məşhur məktub vardı. Atam həmin məktubların hazırlanmasında, mətnlərinin işlənməsində və imzalanmasında bilavasitə iştirak edirdi. O, bu işlərə rəhbərlik edən şəxs kimi deyil, mətnləri hazırlayan və fikirlərin formalaşdırılmasına kömək edən ziyalı kimi qoşulurdu.

Həm Moskvaya, həm də Bakıda Vəzirovun rəhbərlik etdiyi qurumlara müraciətlər edilirdi. Amma Bakı rəhbərliyinə münasibət getdikcə dəyişirdi. Çoxları Vəzirovun mövcud vəziyyəti həll edə biləcəyinə inanmırdı. Buna görə də daha çox Moskvadakı rəhbərliyə təsir göstərməyə çalışırdılar. Düşünürdülər ki, bəlkə Moskva baş verənlərin qarşısını ala bilər. Çünki Vəzirovun müstəqil qərar qəbul etməyəcəyi, Moskvadan gələn göstərişləri yerinə yetirəcəyi barədə qənaət güclənmişdi.

Atam bu istiqamətdə kifayət qədər ciddi işlər görürdü. Qaçqınlar Ağdama gəldikdən sonra onların Bakıda yerləşdirilməsi, yaşayış yeri tapılması və kömək göstərilməsi məsələləri də gündəmə gəldi. Atam bacardığı qədər bu işlərdə iştirak edirdi.

Qaçqın və məcburi köçkünlərlə bağlı komitə yaradılarkən də onun iştirakı və dəstəyi olub. Həmin quruma yer tapmaq, onu yerləşdirmək və fəaliyyətini təşkil etmək üçün müxtəlif işlər görülürdü.

Atam həm şəxsən öz imkanları ilə, həm də dövlət qurumları vasitəsilə insanlara yardım etməyə çalışırdı. Məncə, bu, kifayət qədər böyük və real nəticələr verən kömək idi. O, baş verənlərə kənardan baxmaqla kifayətlənmirdi.

— Fərhad Bədəlbəyli atanızın onun qucağında can verdiyini deyib. Siz isə ora gələndə atanızın artıq yerdə uzandığını və ona süni tənəffüs verildiyini demisiniz.

— Burada zaman fərqini nəzərə almaq lazımdır. Fərhad müəllimin gördükləri mənim gördüklərimdən əvvəl baş verib. Məkan kiçik və havasız idi. Amma onun əsəbiləşməsi məsələsinin yalnız havasızlıqla bağlı olduğunu düşünmürəm. Nəyin onu əsəbiləşdirdiyini dəqiq bilmirəm. Fərhad müəllim də həmin tədbirdə olub. Onun danışdığı hadisəni özüm görməmişəm, amma dediklərinə əsasən, ehtimal edirəm ki, həmin vaxt orada olub.

— Siz ora gedəndə onu görməmişdiniz?

— Bunu dəqiq deyə bilmərəm. Yalan danışmış olaram. Mən ora çatanda Nurəddin Rzayevin ona süni tənəffüs verməyə çalışdığını gördüm. Həmin vaxt Fərhad bəyi tanımırdım. Görmüş olsam belə, tanımazdım.

— Rafiq Əliyev deyir ki, atanız vəfat etməzdən əvvəl iki dəfə ürək tutması keçirmişdi. Nurəddin Rzayev ona hətta həmin tədbirə getməməyi məsləhət görmüşdü. Rəsmi ölüm şəhadətnaməsində səbəb necə göstərilib? Sonradan bununla bağlı hər hansı araşdırma aparılmasını tələb etmisinizmi?

— Orada çoxlu insan vardı. Buna görə də baş verənlərin başqa səbəblə bağlı olduğunu düşünmürəm.

Amma bir kitabda bu məsələ ilə əlaqəli maraqlı bir xatirə oxumuşam. Atamla bir vaxtlar birlikdə çalışmış rus alimləri hadisələrin gərginləşdiyi dövrdə Azərbaycandan və Ermənistandan narahatedici xəbərlər gəldiyini yazırlar.

Bir erməni həmkarı vardı, o demişdi ki, biz Xudu Məmmədovu ölümə məhkum etmişik. Müəllifin yazdığına görə, həmin adam sonra əlavə edib ki, hadisələrin gedişi elə gətirdi ki, onların bu işə müdaxilə etməsinə ehtiyac qalmadı, çünki Xudu Məmmədov özü vəfat etdi.

— Bəs həmin tədbirdə nə baş verirdi? Bu, hansı yığıncaq idi və iştirakçılar orada nəyi müzakirə etmək istəyirdilər?

— Bu, Xalq Cəbhəsinin yığıncağı idi və baş verən hadisələrlə bağlı keçirilirdi. Sonradan eşitdiyimə görə, orada kifayət qədər ciddi fikir ayrılıqları olub. Bəzi iştirakçılar müzakirə olunan məsələlərə birbaşa aidiyyəti olmayan mövzulara da toxunurdular. Bu da ümumi vəziyyəti daha da gərginləşdirirdi.

Ona görə də hesab etmirəm ki, atama qarşı hansısa fiziki təsir göstərilməsinə ehtiyac vardı. Xudu müəllim artıq yaşlı insan idi, üstəlik, sağlamlığında da problemlər vardı.

Foto: Rüfət Mustafayev

# 137 dəfə oxunub

Oxşar xəbərlər

Londonda "Frieze 2026" müasir incəsənət həftəsi açıldı:  Baş mükafat nəhəng hörümçək heykəlinə verildi

Londonda "Frieze 2026" müasir incəsənət həftəsi açıldı: Baş mükafat nəhəng hörümçək heykəlinə verildi

10:40 15 oktyabr 2026
Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

10:34 15 oktyabr 2026
Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı

Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı

10:30 15 oktyabr 2026
Mükafat qazanan yazıçı süni intellekt  ittihamlarını rədd etdi

Mükafat qazanan yazıçı süni intellekt ittihamlarını rədd etdi

10:14 15 oktyabr 2026
Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər